“Bütün tənqidlər telekanala yönəlir, tamaşaçıdan danışan yoxdur”
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həsən bəy Zərdabinin 1875-ci ildə “Əkinçi” qəzetilə əsasının qoyduğu Azərbaycan mətbuatının bu il 150 yaşı tamam olur...
Biz xəbərlə böyüyən nəsilik. Televizorun qarşısında xəbər saatını gözləyən, qəzet köşklərində növbəyə duran nəsli görə-görə ərsəyə gəlmişik. O zaman informasiya bu qədər əlçatan deyildi, amma dəyəri daha böyük idi. Çünki hər xəbər bir hadisə, hər efir bir bayram, hər qəzet səhifəsi sabahın tarixçəsi idi. Bir sözlə, Kütləvi İnformasiya Vasitələri (KİV) cəmiyyətin güzgüsü hesab edilirdi. İndi həmin güzgü çox dəyişib.
Biz sadəcə KİV deyib keçsək də, o, cəmiyyətin ruh halını tutmağa qadir bir sahədir və həmin sənəti yaşadanlar illərdir ki, bu ölkədə bir məktəb qurmağı bacarıb. Onlardan birilə bu gün oxucularımızın görüşünə gəlmişik. Qəzetimizin şənbə qonağı “Azad Azərbaycan” Teleradio Şirkəti prezidentinin müşaviri, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Etibar Babayevdir.
- Çox zaman insanın yetişdiyi mühit onun gələcək yolunu müəyyən edir...
- Fikrinizlə razıyam. Gözümü açandan ətrafımı saran ədəbi mühit ömür yoluma ciddi təsir göstərib. Ötən əsin 60-70-ci illərində yaradıcılığın bütün sahələrini əhatə edən ziyalılar arasındakı səmimi münasibət onları bir araya gətirməyə, ailəvi dostluq etməyə şərait yaratmışdı. Atamın yaxın dostları, onların ailə üzvləri ilə mehriban ünsiyyəti zamanı gördüklərim, eşitdiklərim ədəbiyyata, incəsənətə marağımı artırırdı. Atam uzun illər Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışdığından, axşamlar onunla tamaşalara baxmağa gedərdim. Aktyorlarla, rejissorlarla tanışlıq çox maraqlı idi. Səhnədə gördüyüm qəhrəmanları yaxından izlədikcə, sənətə marağım artırdı. Və bu maraq məktəbi bitirəndən sonra məni Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsinə gətirib çıxardı. Akademik Cəfər Cəfərov, Xalq artistləri Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib kimi görkəmi şəxsiyyətlərlə hər görüş mənim üçün böyük bir məktəb idi. Tələbəlik illərindən müxtəlif tamaşalara yazdığım resenziyalar, aktyorlar haqqındakı məqalələr dövrü mətbuatda dərc olunmağa başladı. Daha sonra politologiya üzrə ikinci təhsilimi aldım.
- Amma tələbəlik illərindən televiziya adlı bir dünyanın qapısını da çaldınız və artıq uzun illərdir ki, bu yoldan ayrılmamısınız...
- 1972-ci ildən Azərbaycan televiziyasının “Gənclik” Baş redaksiyası ilə əməkdaşlığa başladım. “Tələbə klubu”, “7-ci qitə” və digər verilişlərin müəllifi və aparıcısı oldum. Daha sonralar AzTV-də baş redaktor, “Azərbaycantelefilm”in rəhbəri, dövlət televiziyasının sədr müavini, Teleradio Akademiyasının rektoru kimi fəaliyyət göstərmişəm.
- Həmin illərdə müəllifi olduğunuz “Sözlü-nəğməli İstanbul”, “Kanal 6 təqdim edir” silsilə proqramlarınız tamaşaçıların marağına səbəb olmuşdu...
- Bu işə mürəkkəb bir şəraitdə - müstəqilliyimizin elan edildiyi vaxtda başladım. Qardaş Türkiyədən hazırladığım ilk veriliş 1990-cı il noyabrın 7-də tamaşaçılara təqdim edildi. Sovet dönəmində 7 noyabr dövlətin böyük rəsmi bayramı kimi qeyd olunurdu. Məhz həmin tarixdə dövlət televiziyasının axşam xəbərlərindən sonra saat yarımlıq “TRT-də bir gün” adlı müəllif proqramının efirə çıxması müşkül məsələ idi. Türkiyədə çəkilişlər aparmaq, İstiqlal savaşı ilə bağlı nadir kino kadrları əldə etmək, Türkiyə Böyük Millət Məclisində millət vəkillərilə görüşüb onlarla Qarabağda baş verən hadisələr ətrafında söhbət aparmaq asanlıqla başa gəlmirdi. Türkiyənin görkəmli ictimai-siyasi xadimləri, sənət və nüfuzlu iş adamları ilə tamaşaçılarımız ilk dəfə bu verilişdə tanış oldular. Barış Mançonun Azərbaycan televiziyası ilə ilk çıxışı da həmin proqramda oldu. “Sözlu-nəğməli İstanbul” verilişi silsilə proqramları ilə on il tamaşaçıların görüşünə gəldi.
- İllərinizi verdiyiniz televiziyadan danışaq...
- Gələn il Azərbaycan televiziyasının 70 yaşı tamam olur. Zaman göstərdi ki, bu illər ərzində televiziya insanların həyatında özəl yer tutmağı bacarıb və istər texniki tərəfdən, istər yaradıcılıq istiqamətində təkmilləşərək uzun bir yol gəlib. Ənənəvi olaraq televiziyanın əsas üç vəzifəsi var - maarifləndirmə, xəbər çatdırma və əyləncə. İndi televiziya kanallarının sayı, eləcə də vəzifələri xeyli artıb. İstifadə edilən texniki avadanlıq yaradıcılıq üçün böyük imkanlar yaradır. Yayın vasitələrinin əhatə dairəsi genişlənib, keyfiyyəti yüksəlib. Fəqət bəzən efir siyasətində qeyri-müəyyənlik, etik normaların gözlənməməsi, mövzuya qeyri-peşəkar yanaşma halları diqqəti cəlb edir və təəssüf doğurur. Peyk yayımının, internetin, sosial şəbəkələrin yaranması televiziyalar üçün həm də rəqabət mənbəyidir. Tamaşaçı kanal seçimində sərbəstdir, bir düymə ilə istədiyi kanalda zövqünə uyğun verilişə və ya proqrama baxmaq öz əlindədir. Bu gün dünya xəbərləri daha operativ və asan əldə etmək imkanı qazanıb. Həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar. Daima yanımızdadır və bu da o deməkdir ki, planetin ən ucqar nöqtəsindən belə, istənilən xəbəri əldə edə bilirik. Belə olan halda televiziya xəbərçiliyi öz operativliyini, aktuallığını itirməmək üçün nə etməlidir? Zənnimcə, bu məsələ xəbər yayan televiziya kanalları qarşısında başlıca problemlərdən birinə çevrilib. Günümüzün tələb olunan məsələlərindən biri kimi televiziya maarifçiliyinin özü də günün tələblərinə cavab verəcək ekran həllini tapmadığından, bu istiqamətdə tamaşaçının hələ də gözü yolda, qulağı səsdədir.
- Aparıcılar televiziyanın əsas simasıdır. Günümüzün teleaparıcıları...
- Hər verilişin xarakterinə uyğun öz aparıcısı olmalıdır. Aparıcı təqdim etdiyi verilişdə iştirakçılarla ünsiyyət qurmağı bacarmalıdır. Müzakirə olunan məsələnin üzə çıxarmaq qabiliyyətilə seçilməli, nitqi, geyimi, davranışı, zahiri görünüşü mövzuya uyğun olmalıdır. Kiminsə sözünü kəsmək, fikrinin tamamlamağa imkan verməmək kimi hallar verilişin qonaqlarına, eləcə də auditoriyaya qarşı hörmətsizlik əlamətidir. Belə hallar baş verməsin deyə, efirə qədər gələn yolda aparıcı peşəkar kimi formalaşmalıdır. Azərbaycan dilini bilməyən, nitqi səlis olmayan aparıcının efirdə nə işi var?
- İllərin təcrübəsinə sahibsiniz və Azərbaycan teleməkanlarının bu günü haqqında bir peşəkar kimi söz haqqınız var...
- Bəxtiyar Vahabzadənin bir sözü var: “Dünyada satandan əvvəl alan var”, yəni heç bir tacir tələbat olmayan malı bazara çıxarmaz. Televiziyada da verilişləri hazırlayan tərəf var, bir də ekranın o biri tərəfində gözləyən tamaşaçı var. Təəssüf ki, bu gün televiziyadan söz düşəndə, bütün tənqidlər telekanala yönəlir, tamaşaçıdan danışan yoxdur. Bu gün bütün dünyada televiziyanın istehsal etdiyi məhsul xaricilərin hazırladığı reytinq sistemilə qiymətləndirilir. Reklam verənlər də həmin göstəricilərə əsasən hər hansı bir kanalda öz reklamını yerləşdirir. Özəl telekanallar da bu səbəbdən reytinqləri nəzərə almağa məhkumdur. İllərdir reytinq toplama mexanizminə münasibətimi birmənalı şəkildə bildirməkdə davam edirəm. Bu sistemin obyektivliyinə hələ də inanmıram. Təxminən 500-600 nəfərin rəyini öyrənməklə, milyonlarla Azərbaycan tamaşaçısının rəyini necə əks etdirmək olar? Bir düymənin üç-dörd dəfə basılması baxış sayı demək deyil, çünki dəqiq heç kim bilmir ki, tamaşaçı həmin verilişi həqiqətənmi sona qədər izləyib? Ümumiyyətlə, rəyi öyrənilənlər əhalinin hansı təbəqəsini təmsil edir? Hansı prinsiplərlə bu seçim aparılır? Niyə bu məsələlər ictimailəşdirilmir? Bəzən düşünürəm ki, bu sorğular düşünülmüş bir sistemdir ki, onun sayəsində efirlərdə mənasız, lağlağı verilişlərin sayı artsın, insanların zövqü korlansın, televiziyalar ciddi verilişlər hazırlamaqdan yayınsınlar. Çox istərdim ki, televiziyaların maddi asılılığı olmasın. Tez-tez belə bir fikir səslənir ki, Azərbaycan vətəndaşının əksəriyyəti yerli kanallara baxmır. Belə olan halda yaxın gələcəkdə bu, bizə ciddi problemlər yarada bilər. Yad ölkələrin televiziya proqramlarına baxmaqla, Azərbaycan dilini, onun tarixini, mədəniyyətini öyrənmək olmaz.
- Belə çıxır ki, adı fərqli, məzmunu ilə bir-birini döyən verilişlər, sosial layihələr tamaşaçının görmək istədikləridir...
- Bunu reytinq toplayanlardan soruşmaq lazımdır. Həqiqətənmi tamaşaçının gözlədiyi budur? Dediyiniz sosial layihələr bir-birini təkrarlamaqla yanaşı, müxtəlif kanallarda çox vaxt eyni saatda efirə çıxır. Bu gün əksər televiziyaların proqramları əvvəlcədən tamaşaçıya bəlli deyil. Bir vaxtlar həftəlik televiziya proqramları qəzetdə çap olunardı. Tamaşaçı hansı gün, hansı saatda, hansı verilişin gedəcəyini bilirdi. Uşaqlar öz proqramlarının saatını bilirdi, böyüklər hansısa bir ziyalı, sənətkarla görüşəcəyi saatı gözləyərdi və özünü buna hazırlayardı. Yaxşı təcrübədən niyə bəhrələnməyək?
- Sizin 70-ci illərin ortalarından başlayan siyasi fəaliyyətiniz də olub. İkinci təhsilin səbəbi bu fəaliyyətinizlə bağlıdır yəqin ki...
- 1974-cü ildən başlayaraq Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, Kommunist partiyasının Mərkəzi Komitəsində, Bakı şəhər Partiya Komitəsində məsul vəzifələrdə çalışmışam, dörd çağırış Bakı şəhər Sovetinin deputatı seçilmişəm. Təbii ki, bu işlər üçün ali partiya təhsili almaq labüd idi. Onu da qeyd edim ki, bu təşkilatlarda fəaliyyətim bilavasitə mətbuat, teleradio, ədəbiyyat və incəsənətlə bağlı olub. 2001-2006-cı illərdə “Spase” müstəqil Teleradio şirkətinin prezidenti olmuşam. Hazırda ATV müstəqil Teleradio şirkətində prezidentin müşaviriyəm.
- Etibar Babayev həm də Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində dərs deyir, yəni gənclərin əhatəsindədir...
- Zamanın nəbzini tutmaq baxımından tələbələrim mənim dayağımdır. Keşmişlə bu gün arasında bir növ körpü olmaq üçün onların arasındayam. Gənc adlandırdığımız nəsil müstəqillik dövrünün yetirmələridir. Elə tələbələr var ki, yaxın keçmişimizdən belə, bixəbərdir, görkəmli elm, incəsənət, ədəbiyyat xadimlərini tanımırlar. Əslində bu, onların günahı deyil. Görünür, orta təhsil sistemində müəyyən boşluqlar var. Teatra, muzeyə getmək həvəsi xeyli azalıb. Hər hansı bir məlumatı telefon vasitəsilə əldə etmək artıq dəb halını alıb. Xalqının, dövlətinin dünənini bilmədən, qəhrəmanını, ziyalısını tanımadan bir jurnalist nə yazacaq, necə araşdırma aparacaq? Tələbələrimin maraqlarını nəzərə alaraq, onları görkəmli insanlarla görüşdürür, sərgilərə, rəssam emalatxanalarına aparıram. Teatr tamaşalarına gedir, yaradıcı heyətlə onları tanış edirəm, çalışıram ki, dünyagörüşləri artsın. Sirr deyil ki, bu günün gənci hər şeyə sahib olmaq istəyir, amma buna nail olmağın yolunu tapmaqda çətinlik çəkir. Düşünürəm ki, bu yolda müəllimlərlə valideynlər birlikdə onlara bələdçilik edə bilər.
- Bu il Zəfərimizin beş ili tamam olur. Xalq olaraq yaşadığımız otuz il və 44 günlük müharibə...
- Dünyada yüz illərlə azadlıq həsrətində olanlar, müstəqil dövlət uğrunda mübarizə aparan xalqlar var. Əslində tarix üçün otuz il bir andır, böyük zaman kəsiyi deyil. Lakin torpağını itirən, el-obasından didərgin düşən insan üçün bir saat bir il qədər uzundur. Azərbaycan xalqı mənfur qonşuların xəyanəti ucbatından müvəqqəti də olsa, acı günlərini yaşadı. Ulu öndərin qayıdışı ilə nail olduğu atəşkəs azadlığa gedən yolun ilk pilləsi oldu. İqtisadiyyatın güclənməsi, ordu quruculuğunun əsaslı dəyişməsi, hərbi sənayenin yaranması taleyüklü məsələnin həlli üçün real imkanlar yaratdı. Və nəhayət, ölkə başçısı və Ali Baş Komandan bu illər ərzində ordunu elə bir hazırlıqlı vəziyyətə gətirdi ki, 44 günə bütün torpaqlarını aldı, iki rayon bir güllə atılmadan qaytarıldı. Düşmənin viran qoyduğu Qarabağ bu gün sürətlə abadlaşır, insanlar yavaş-yavaş yurduna qayıdır, torpaq dirçəlir, həyat axarına düşür və Qarabağ rahat nəfəs almağa başlayıb. İnanıram ki, bunlar hələ başlanğıcdır.
- Azərbaycan mətbuatı 150 yaşını qeyd etməyə hazırlaşır. Bir peşəkar, eyni zamanda həmkar arzularınız...
- Sosial şəbəkələr bu gün mətbuatı da elektronlaşdıra bildiyindən ənənəvi mətbuatın vəziyyəti mənə ağır gəlir. Çünki mən vaxtilə iki qəpiyə satılan qəzeti almaq üçün uzun-uzadı sırada növbə gözləyən biri olmuşam. Nə olursa olsun, insanlar qəzet almadan işə getməzdilər. “Bakı-Baku” axşam qəzeti vardı. Evə qayıdanlar yolunu köşkdən salaraq, mütləq qəzet alıb evə tələsərdilər. O zaman bir kiloluq çörək 30 qəpik, bir nüsxə qəzet 2 qəpik idi... Arzu edirəm ki, ənənəvi mətbuat fəaliyyətini təkmilləşdirsin, istiqamətini dəqiq müəyyənləşdirsin, oxucu marağını artırsın və hər kəsə əlçatan olsun.
SÖZARDI: Deyirlər ki, media dördüncü hakimiyyətdir. Unutmayaq ki, bu hakimiyyətin dediyi söz, yaydığı xəbər, yazdığı cümlə bir insan taleyinə, bir xalqın ovqatına toxuna bilər. Gəlin əl-ələ verib Sabirin dediyi kimi: “Pisi pis, əyrini əyri, düzü həmvar” yazaraq, ənənəvi mətbuatımızı qoruyaq və yaşadaq.
Tamilla M-ZADƏ


