“Çap mediası, ya onlayn media” seçimi düzgün deyil” Hacıbəy Heydərli
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Media bir ekosistemdir, bu sistemin hər bir elementi bir-birini tamamlayır, zənginləşdirir və gücləndirir
“Ofisdən çıxıb daha çox fərdlərlə işləyən, reportajlar hazırlayan, canlı müşahidələr aparan jurnalistlərə ehtiyac daha da artacaq”
"Peşəkar jurnalistlər heç bir halda süni intellektə məğlub ola bilməz. Jurnalistlərin yaradıcı imkanları, birbaşa ünsiyyət imkanlarını “Chatgpt” əvəzləyə bilməz"
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetindən başlanan bu şərəfli yol bu gün rəqəmsal medianın, süni intellektin və sosial platformaların hökm sürdüyü yeni informasiya çağında davam edir. Zaman dəyişir, texnologiyalar yenilənir, amma peşəkar jurnalistikanın cəmiyyət üçün daşıdığı əhəmiyyət dəyişmir.
Mətbuat tariximizin bu əlamətdar mərhələsində “Şərq” qəzeti olaraq uzun illər media sahəsində çalışan, “Azxeber.com” xəbər portalının təsisçilərindən olan Hacıbəy Heydərli ilə söhbətləşdik. Onunla həm Azərbaycan mətbuatının keçdiyi yol, bugünkü durumu, həm də gənc jurnalistlərin qarşısında duran çağırışlar və süni intellektin medianın gələcəyinə təsiri barədə danışdıq.
-150 illik Azərbaycan mətbuatının yolunu necə qiymətləndirirsiniz? Hazırda mətbuatımızın durumu necə bəs, sizi qane edirmi?

- Azərbaycan mətbuatı 150 illik şərəfli və məsuliyyətli bir inkişaf yolu keçib. Bu tarix, təkcə qəzet və jurnalların yaranma və yayılma prosesi deyil, eyni zamanda xalqın maariflənməsi, milli şüurun formalaşması, dövlətçilik prinsiplərinin təbliği və qorunması istiqamətində atılmış mühüm addımların tarixidir. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzeti ilə başlayan bu yol, ilk gündən maarifçilik missiyasını özünün əsas vəzifəsi seçdi. “Əkinçi”nin açdığı cığır sonralar daha da genişlənərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına ideoloji zəmin yaratdı, 1991-ci ildə isə Azərbaycanın müstəqilliyinin yenidən bərpasına qədər uzanan milli iradənin informasiya dayaqlarını formalaşdırıb.
Azərbaycan jurnalistikası zaman-zaman çətin sınaqlarla üzləşsə də, illərin sınağından üzüağ çıxmağı bacarıb. Mətbuat daim xalqın yanında olub, milli maraqları müdafiə edib, problemləri gündəmə gətirərək onların həlli üçün ictimai və dövlət diqqətini səfərbər etməyə çalışıb.
Azərbaycan mətbuatı həm də dövlətin müstəqillik yolunda və bu müstəqilliyin qorunmasında mühüm rol oynayıb. Xüsusilə son 30 il ərzində ölkəmizin yaşadığı iki müharibə – Birinci və İkinci Qarabağ savaşları zamanı jurnalistlərimiz həm arxa cəbhədə, həm də ön cəbhədə informasiya mübarizəsi aparıblar. Həm döyüş bölgələrindən dəqiq və peşəkar məlumatlar çatdırmaqla, həm də beynəlxalq ictimaiyyəti obyektiv informasiyalarla təmin etməklə mühüm missiya yerinə yetiriblər. 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatları zamanı Azərbaycan mediası informasiya cəbhəsinin ön sıralarında yer aldı, xalqı doğru, təsdiqlənmiş xəbərlərlə məlumatlandırdı, dezinformasiyalara qarşı dayanıqlı mövqe nümayiş etdirdi.
Bütün bu faktlar onu göstərir ki, Azərbaycan mətbuatı yalnız informasiya daşıyıcısı deyil, həm də milli ideologiyanın daşıyıcısı, dövlətçilik təfəkkürünün formalaşmasında və qorunmasında mühüm ictimai institutdur.
- Sosial şəbəkələrdən sonra artıq medianın ikinci plana atılması, ictimai rəyə təsir gücünün zəifləməsi kimi iddialar səsləndirilir? Siz nə düşünürsünüz?
- Sözsüz ki, sosial şəbəkələrin sürətli inkişafı və kütləvi yayılması ilə yanaşı, mediaya münasibətdə də ciddi dəyişikliklər baş verib. Düşünürəm bu problem təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələri üçün aktualdır. Sosial şəbəkələr operativlik baxımından həm ənənəvi, həm də internet medianı üstələyir. Bu reallığı qəbul etmək lazımdır. İnsanlar informasiyanı birbaşa və ani şəkildə almağa üstünlük verdikləri üçün bu platformaların cəlbediciliyi artır. Ancaq burada diqqətdən qaçmamalı əsas məsələ var: sosial şəbəkə istifadəçisi ilə peşəkar jurnalist arasında incə bir xətt, bir o qədər də əhəmiyyətli bir sərhəd mövcuddur. Sosial şəbəkə istifadəçiləri paylaşdığı informasiyanın doğruluğu barədə məsuliyyət daşımaya bilər, amma jurnalist üçün bu məsuliyyət əsas şərtdir.
Peşəkar jurnalistin vəzifəsi gördüyü və ya eşitdiyi hər hansı bir informasiyanı dərhal yayımlamaq deyil, onu müxtəlif mənbələrdən, xüsusən də rəsmi və etibarlı kanallardan dəqiqləşdirərək cəmiyyətə doğru şəkildə çatdırmaqdır. Sosial şəbəkələrdə yayılan məlumatlar çox zaman dəqiqlikdən uzaq olur, manipulyativ xarakter daşıya bilir və ya məqsədli şəkildə dezinformasiya yayıla bilər. Jurnalistin missiyası sosial medianın yaratdığı informasiya xaosunda cəmiyyət üçün etibarlı və aydın istiqamət göstərməkdir.
Jurnalistin missiyası həm də cəmiyyətdə informasiya mədəniyyətini formalaşdırmaq, feyk xəbərləri ifşa etmək, informasiya təhlükəsizliyinə töhfə verməkdir. Operativlikdə uduzsa belə, media dəqiqlikdə və səhihlikdə sosial şəbəkələri üstələməlidir. Sosial şəbəkələr xəbər mənbəyindən daha çox dezinformasiya mənbəydir. “Fakenews” xəbərlər əsasən sosial şəbəkələrdə yayılır. Bu səbəbdən də jurnalistlər həmin informasiyaları süzgəcdən keçirməli, araşdırmalı və yalnız həqiqi məlumatı cəmiyyətə çatdırmalıdırlar. Bir sözlə, medianın sosial şəbəkələrlə rəqabətdə uduzmaması üçün əsas silahı dürüstlük, obyektivlik, peşəkarlıq və etimad olmalıdır. Sosial şəbəkələr anlıq emosiya və paylaşım platformasıdır, amma peşəkar media informasiya təhlükəsizliyinin, cəmiyyətin maariflənməsinin və ictimai şüurun formalaşmasının əsas dayağıdır.
- Onlayn media daha lazımlıdır deyənlərlə çap mediası çox vacibdir, tarixi yaddaşımızdır deyənlər arasında polemika gedir tez-tez. Necə düşünürsünüz? Sizcə, ikisindən biri seçilməlidir, yoxsa ikisi də vacibdir?
- Çap mediası ilə onlayn medianı müqayisə etmək, onları tərəzinin iki gözünə qoyub hansının daha vacib və ya effektiv olduğunu müəyyənləşdirmək, məncə, doğru yanaşma deyil. Bu iki media növü fərqli funksiyaları, auditoriya strategiyaları və təqdimat formatları ilə bir-birini tamamlayan sahələrdir. Hər ikisi medianın ayrılmaz qollarıdır və öz reallıqları daxilində mövcudluqlarını davam etdirirlər.
Onlayn medianın sürətli inkişafı və geniş yayılması istər-istəməz yazılı mətbuata, xüsusilə gündəlik qəzetlərə təsirsiz ötüşmədi. İnsanlar artıq informasiyanı anında və mobil şəkildə almağa üstünlük verirlər. Bu texnoloji transformasiya mətbuatı da dəyişməyə məcbur edib. Ancaq bu o demək deyil ki, çap mediası funksiyasını itirib və ya tamamilə sıradan çıxıb. Sadəcə çap mediası dərin, təhlil yönümlü və daha strateji məzmun təqdim etməklə öz fərqlərini ortaya qoymalıdır.
Əslində, bazar özü müəyyən edir ki, hansı media formatı mövcudluğunu davam etdirə biləcək. Əgər bir onlayn media platforması oxucu auditoriyası toplaya bilmirsə, reklam bazarından pay qazana bilmirsə, dövlətin və ya cəmiyyətin informasiya tələbatına cavab vermirsə, uzunmüddətli yaşamaq şansı çox azdır. Eyni ilə, oxucusu olmayan, yenilənməyən, müasir təqdimat formalarını nəzərə almayan qəzetlərin də uzunömürlü olması çətindir.
Dünyanın aparıcı ölkələrində fəaliyyət göstərən qəzetlər artıq oxucu ilə kontaktı yeni müstəviyə daşıyırlar, innovativ imkanlardan istifadə edirlər. Düşünürəm ki, qəzetləri yaşatmaq üçün onlayn mediada getməyən mövzuları işləmək, müsahibələr, reportajlar tirajlamaq lazımdır. Yoxsa ki hansısa informasiya resursunda yayımlanmış xəbər bir gün sonra qəzetdə çap ediləcəksə, qəzetlərə tələbat olmayacaq. Dediyim kimi, “çap mediası ya onlayn media” seçimi düzgün deyil. İkisinin də özünəməxsus rolu və auditoriyası var. Əsas məsələ hər bir medianın öz funksiyasını düzgün anlaması, müasir çağırışlara uyğunlaşması və peşəkarlıq prinsipindən kənara çıxmamasıdır. Media bir ekosistemdir, bu sistemin hər bir elementi bir-birini tamamlayır, zənginləşdirir və gücləndirir.
- Sosial media, xüsusən də süni intellekt jurnalistlərin işini xeyli asanlaşdırıb, hətta bu yaxınlarda “Chatgpt” jurnalistləri deyilən bir ifadə də trendə çevrilib. Jurnalistlərin rəqəmsal bacarıqlarını necə qiymətləndirirsinz?
- Bəli, bu gün artıq internet əsrində yaşayırıq və texnologiyanın sürətli inkişafı, xüsusilə sosial media və süni intellekt alətləri jurnalistikanın təbiətini əsaslı şəkildə dəyişib. “ChatGPT jurnalistləri” ifadəsinin belə trendə çevrilməsi bir təsadüf deyil, bu, həm çağdaş medianın yeni reallığını, həm də informasiya istehsalında süni intellektin artan rolunu ifadə edir. Ümumiyyətlə, süni intellekt təkcə jurnalistikaya yox, əksər sahələrə təsir edib, işləri asanlaşdıran bir alətə çevrilib. Süni intellektin populyarlaşmasından sonra jurnalistlərin də işi xeyli asanlaşıb. “Chatgpt”nin verdiyi imkanlardan istifadə edərək materiallar hazırlanır, məlumatlar yayımlanır. Lakin peşəkar jurnalistlər heç bir halda süni intellektə məğlub ola bilməz. Jurnalistlərin yaradıcı imkanları, birbaşa ünsiyyət imkanlarını “Chatgpt” əvəzləyə bilməz.
Peşəkar jurnalistika təkcə texniki informasiya toplamaqdan ibarət deyil. Bu sahənin əsasını insan faktorları – yaradıcılıq, emosional zənginlik, sosial duyarlılıq, etik dəyərlərə sadiqlik və hadisələri kontekstual təhlil etmək bacarığı təşkil edir. Süni intellekt bu insani keyfiyyətləri əvəz edə bilməz. Bu baxımdan, texnologiyadan düzgün istifadə edən, lakin jurnalistikanın insani ruhunu qoruyub saxlayan jurnalistlər önə çıxacaq. Ofisdən çıxıb daha çox fərdlərlə işləyən, reportajlar hazırlayan, canlı müşahidələr aparan jurnalistlərə ehtiyac daha da artacaq.
Jurnalistlərin rəqəmsal bacarıqlarına gəldikdə isə onu deyə bilərəm ki, bu, jurnalistlər üçün zərurətdir. Sosial media alətlərini effektiv idarəetmə, interaktiv təqdimat formatları, məlumat vizuallaşdırması və süni intellekt platformalarından peşəkar şəkildə yararlanmaq artıq müasir jurnalistin əsas kompetensiyalarına çevrilib. Azərbaycanda bu istiqamətdə atılan addımlar, o cümlədən MEDİA tərəfindən təşkil olunan təlimlər xüsusi əhəmiyyət daşıyır. Bu təlimlər gənc jurnalistlərin həm peşəkar bacarıqlarını artırır, həm də texnologiyaya düzgün yanaşma formalaşdırır. Əsas məsələ odur ki, texnologiya jurnalistə köməkçi vasitə kimi xidmət etsin, onun yerini almasın. Süni intellektin və rəqəmsal medianın imkanlarından düzgün, məsuliyyətli və peşəkar şəkildə istifadə edən jurnalistlər informasiya məkanında daha davamlı və güclü olacaq. Texnologiya yalnız vasitədir – əsas isə yenə də insanın, jurnalistin düşüncəsi, yanaşması və dəyərləridir.
- Səhv etmirəmsə, 150 ilin təxminən 15-16 ilində sizin də payınız var. Kifayət qədər də aktivsiniz media cameəsində. Gənc jurnalistlərə hansı məsləhətləri verərdiniz?
- Bəli, jurnalistikaya 2008-ci ildən başlamışam və o vaxtdan etibarən media sektorunda aktiv şəkildə çalışıram. Həm yazılarım dərc olunur, həm də “Azxəbər.com” saytının təsisçilərindən biriyəm. 16 illik aktiv jurnalist fəaliyyətim var. Hər gün xəbər istehsalı ilə məşğulam. Bu dövr ərzində Azərbaycan media cameəsində yaşanan hadisələrin canlı şahidi olmuşam.
Gənc jurnalistlərə tövsiyəm odur ki, onlar fəaliyyətlərini zamanın və informasiya cəmiyyətinin tələblərinə uyğun şəkildə qursunlar. Bu gün jurnalistika yalnız xəbər yazmaqla məhdudlaşmır. Süni intellekt texnologiyalarının, sosial medianın, vizual platformaların getdikcə gücləndiyi bir dövrdə çalışmaq üçün həm yaradıcı, həm də texnoloji baxımdan hazırlıqlı olmaq lazımdır.
İnstaqram, tiktok kimi platformalar çağdaş dövrün informasiya bazarının aparıcı gücləridir. Orada təqdim olunan materiallar çox daha geniş auditoriyaya çıxır və qısa zamanda təsir gücü yaradır. Buna görə də gənc jurnalistlər mütləq şəkildə vizual məzmun hazırlamaq, qısa, lakonik və təsirli təqdimatlar etmək bacarığına yiyələnməlidirlər.
Amma bu yeniliklərin fonunda əsas prinsiplər – peşəkarlıq, etika, obyektivlik və məsuliyyət – heç vaxt unudulmamalıdır. Digər vacib bir məqam da fərqlilikdir. Gənc jurnalistlər yalnız xəbər istehsalçısı yox, eyni zamanda kontent yaradıcısı kimi öz fərdi üslubunu formalaşdırmalıdır. Hansı mövzulara toxunduqları, necə təqdim etdikləri, auditoriya ilə necə ünsiyyət qurduqları onları digərlərindən fərqləndirən əsas göstəricilər olacaq. Jurnalistika sahəsində uğur qazanmaq istəyən gənclər daim öyrənməyə açıq olmalı, dəyişən trendləri izləməli və daim öz üzərində işləməlidirlər.


