Icma.az
close
up
RU
Cəmilə Həşimova: Miniatür ənənəvi müsəlman türk sənətimizin köklərindəndir MÜSAHİBƏ

Cəmilə Həşimova: Miniatür ənənəvi müsəlman türk sənətimizin köklərindəndir MÜSAHİBƏ

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Miniatür rəssamın seçdiyi səthdən asılı olmayaraq, həmişə incə əsərdir. İstər kiçik hazırlanmış lövhədə, istər mis, istər fil sümüyü, istərsə də perqamentdə olsun, hər bir təsvir rəssamların kiçik detalları çatdırmaq və vurğulamaq səyini özündə daşıyır. Miniatür sənəti əsrlər boyu və müxtəlif qitələrdə inkişaf edərək, əsasları İran, Qərbi Azərbaycan və Mərkəzi Asiya məktəblərində qoyulmuş orijinal təməlləri qoruyub saxlamışdır. Miniatürlar onilliklər ərzində yüksəliş və eniş dövrlərini yaşasa da, sənətkarları daim cəlb edib. Bu gün miniatürlar müasir incəsənətin mühüm bir seqmentidir və tamaşaçıları daha yaxından baxmağa və özü üçün miniatür formada yeni dünyalar kəşf etməyə dəvət edir.

2020-ci il dekabrın 16-da “Miniatür sənəti” Özbəkistan, Türkiyə, Azərbaycan və İranın birgə nominasiyası olaraq UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

AZƏRTAC-ın müsahibi rəssam, Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəmilə Həşimovadır. Onun əsərləri Belçika, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan, Türkiyə və digər ölkələrdə fərdi sərgilərdə nümayiş etdirilib. Son illərdə o, yaradıcılığı ilə yanaşı, müsəlman incəsənəti ilə bağlı tədqiqatlar aparır. Söhbət miniatür sənətinin müasir rolundan başladı…

- Onun vizual tərəfi bizə məlum olmayan sirlərlə doludur…

- “Doğru və yanlışın hüdudları kənarında sahə var. Mən səni orada qarşılayacağam”, - deyə Rumi bildirir. Böyük mistikin bu sözləri, bəlkə də, miniatürün mahiyyətini ən dəqiq şəkildə izah edir. “Doğru” və “yanlış” insan zehninin kateqoriyalarıdır. Ruminin “sahəsi” isə saf varlıq məkanı, daxili birlik yeridir: sevgi və işıq sahəsi, “mən” və “sən” arasındakı sərhədlərin kənarında olan bir vəziyyətdir. Sufi ənənəsində ona “həqiqət” - əsl reallıq deyilir.

“Mən səni orada qarşılayacağam” sadəcə iki insan arasında görüş vədi deyil. Bu, ruhun həqiqətlə, insanın ilahi ilə, sənətkarın forma və məna mənbəyi ilə görüşüdür.

Miniatür də təbiətinə görə ənənəvi standartlardan “o tərəfdə” yaşayır: o xətti perspektivə tabe olmağa məcbur deyil, dünyanı “əsas” və “ikinci dərəcəli” sərt iyerarxiyaya endirmir, müxtəlif zamanları və məkanları sərbəst şəkildə birləşdirir. Sufi “sahəsi” kimi, o da varlığın müxtəlif planlarını tək bir obrazda toplayır, dünyəvi və səmavini birləşdirir və təsvirdən çox simvolizm vasitəsilə danışır... tamaşaçını seyr etməyə dəvət edir...

- Miniatür sənəti həyatınıza necə gəldi?

- Miniatür həyatıma birdən-birə və ya təsadüfən gəlmədi. Mən obraz, simvol, abstraksiya ilə işləyirdim, hətta buna bu və ya digər ad vermədən. Amma bir gün aydın şəkildə hiss etdim ki, etdiyim işin arxasında daha qədim, fərdi bədii axtarışlardan daha dərin bir şey dayanır. Özümü bu axında hiss etdim...

Mən heç vaxt kopiyalamağa çalışmamışam, amma miniatür dilini, onun bizə nə dediyini hiss etmək mənim üçün vacib idi... Tədricən dərk etdim ki, miniatür bir üslub və ya texnika deyil. Bu, bir düşüncə üsuludur. Bu, sərt iyerarxiyasız, dominantlıqsız, perspektiv zorakılığı olmayan bir dünyadır. Zamanla gördüm ki, bütün əsərlərim, istər rəsm, istərsə də qrafika olsun, demək olar ki, bütün yaradıcılığım bu və ya digər şəkildə miniatür ənənəsi ilə əlaqəlidir.

Odur ki, miniatür həmişə mənim daxilimdə, mədəni yaddaşımın bir parçası, genetik kod, düşüncə quruluşu kimi olub. Yeri gəlmişkən, bu, digər sənətkarlarımızla da bu və ya digər dərəcədə də baş verir.

- Miniatür sənəti Şərqin dünyaya bəxş etdiyi möcüzələrdən biridir. O, ArtEl qrupunun diqqət mərkəzindədir. Bu yaradıcı birlik haqqında bizə danışın.

- Bu birliyi mən, miniatürun müasir interpretasiyası ilə məşğul olan rəssam və tədqiqatçı Cəmilə Həşimova və Şərq mədəniyyətini araşdıran, uzun illər ərəb ölkələrində yaşayan və Şərq ənənələrini dərindən bilən tarixçi Afaq Məmmədova yaratmışıq. Bizim görüşümüz təsadüfi deyildi. Hər birimiz miniatür sənətinə yolu ilə gəlib.

ArtEl bu iki yolun, bədii və tədqiqat yolunun kəsişməsində yarandı. Bizim məkanımızda miniatür keçmiş kimi deyil, canlı bir ənənə kimi; illüstrasiya kimi deyil, insanları birləşdirə bilən bir dil kimi qəbul edilir. Bu, Şərqin və onun müasirlik nöqteyi-nəzərindən dərk edilməsi ilə bağlı müəyyən təcrübə, sənət vasitəsilə ümumi məqamlar barədə danışmaq cəhdidir.

- Bu gün artıq başqalarını da dəvət edirsiniz...

- 2022-ci ildə Afaq Məmmədova ilə birlikdə ArtEl birliyini təşkil edərək, nisbətən qısa müddətdə ideyadan onun canlı mədəni təcəssümünə keçdik. Biz bəyanatlardan deyil, işdən, miniatür sənətini canlı bir ənənə kimi anlamaqdan və müasir mədəniyyət sahəsindəki yerini geri qaytarmaq cəhdindən başladıq. Bu dövrdə biz aşağıdakılara nail olduq: eyni düşüncəli rəssamlar, tədqiqatçılar, kuratorlar və sənətkarlardan ibarət bir icma yaratmaq; ortaq mədəni irs kimi türk miniatür sənəti mövzusunda ictimai və peşəkar dialoqa başlamaq; və Fəlsəfə və Sosiologiya İnstitutunun dəstəyi ilə İçərişəhərdə müxtəlif ölkələrdən tədqiqatçıları və praktikləri bir araya gətirən beynəlxalq konfrans keçirmək; miniatüru ənənəvi türk incəsənəti kontekstində təqdim edərək iki beynəlxalq sərgi keçirmək; rəssamlar və geniş ictimaiyyət üçün açıq olan dəvət olunmuş mütəxəssislə ustad dərsi təşkil etmək; tamaşaçıları türk miniatürlərinin fəlsəfəsi və coğrafiyası ilə tanış edən “Kölgəsiz dünya” sənədli filmini çəkmək; (Türk Fondunun dəstəyi ilə); bilik, dialoq və ilham məkanı kimi İçərişəhərdə Azərbaycan Miniatürləri Muzeyinin yaradılmasında və açılışında iştirak etmək (İçərişəhər Meriyası və ART GROUP şirkətinin dəstəyi ilə).

Bizim ən vacib nailiyyətimiz miniatür sənətinin keçmişdə qalmadığını nümayiş etdirməyimizdir. O, indiki zamanda yaşayır və insanları, mədəniyyətləri və zamanları birləşdirmək gücünə malikdir. ArtEl üçün bu, yalnız başlanğıcdır.

- Azərbaycan miniatür sənəti ilə haradan tanış olmağa başlamaq lazımdır?

- Düşünürəm ki, burada sadəcə əsaslardan başlamaq vacibdir. Buna görə də, Azərbaycanda ənənələri dirçəltməli və ən azı əsas səviyyədə miniatür sənəti məktəbləri açmalıyıq. Bir istiqamət olaraq, bu sahədə milli irsin diqqətlə qorunub saxlanıldığı, ciddi şəkildə öyrənildiyi, inkişaf etdirildiyi və müasirləşdirildiyi Özbəkistan təcrübəsinə müraciət etmək olar. Xüsusilə miniatür sənəti ilə məşğul olan ixtisaslaşmış bir qurumun çalışdığı Türkiyənin təcrübəsi də eyni dərəcədə ibrətamizdir. Buna görə də, mən tam əminəm ki, ənənəvi sənət olan və mədəniyyətimizin bir hissəsi olan bu sənətə xalçaçılıq, kəlağayı, muğam kimi eyni hörmət və məsuliyyətlə yanaşmaq lazımdır...

- Məhz buna görə də “Kölgəsiz dünya” filminin meydana çıxması əvvəlcədən müəyyən edilmişdi?

- Bizim üçün miniatürün nə olduğunu, niyə “kölgəsiz dünya” adlandırıldığını tamaşaçıya izah etməyimiz vacib idi. Bu, bacarıq çatışmazlığı və ya “sadəlövhlük” barədə deyil, reallığı fərqli şəkildə görmək barədədir: miniatürdə işıq fiziki fenomendən çox məna əlamətidir. O, optika qanunlarına tabe olmaq məcburiyyətində deyil; o, hekayə və simvolizm qanunlarına tabedir. Buna görə də, fərqli zamanlar, fərqli məkanlar və fərqli miqyaslar yanbayan mövcud ola bilər: rəssam dünyanı “gözün gördüyü kimi” deyil, “ürəyin anladığı kimi” birləşdirir.

Biz türk miniatür sənətinin tək bir üslub deyil, bütöv bir qarşılıqlı əlaqə sistemi olduğunu nümayiş etdirməyə çalışdıq: rəssamın marşrutları, oxşar ornament naxışları, ortaq mövzular, vahid rəng zövqü və xətt ritmi. Səmərqənd və Buxara məktəbləri plastikliyi, dekorativ quruluşu, şəhər mühitinə və gündəlik həyata diqqəti ilə maraqlıdır; Uyğur ənənəsi tarixi dərinliyi ilə. Təbriz miniatür sənəti isə müxtəlif yerli variasiyalarda özünü göstərən bir oxdur: Bakı-Şirvan, Osmanlı və müasir interpretasiyalarda.

Filmin ayrı bir təbəqəsi miniatürun heç vaxt “muzey dili” olmadığı fikridir. O formalarını dəyişib: əlyazmalardan tutmuş molbert qrafikasına, kitab illüstrasiyasına, dizayna, animasiyaya və rəqəmsal mediaya qədər, lakin mahiyyətini və fəlsəfəsini qoruyub saxlayıb. Məhz buna görə də o müasir insan üçün anlaşılan ola bilər: miniatür realizmlə mübahisə etmir, o fərqli bir diqqət tərzi təklif edir - yavaş, seyrçi və mənalı.

Daha bir məqam: vurğulamaq istərdik ki, bu irs həqiqətən də Türk dünyasını şüarla deyil, “maddi mədəniyyət dili” ilə birləşdirir. Tamaşaçı kompozisiyanın, ornamentin, məkana münasibətin ümumi məntiqini öyrəndikdə, ayırıcı fərqləri deyil, oxşarlığı görməyə başlayır. Bu mənada “Kölgəsiz günya” filmi sadəcə “öyrənmək” üçün deyil, görməyi öyrənmək üçün dəvətdir.

- Film üzərində iş zamanı hər hansı bir kəşf oldumu?

- Film üzərində işləyərkən şəxsən mən özüm üçün bir çox kəşflər edirdim, çəkilişlər zamanı bizi müşayiət edən təəssüratları demirəm. Daşkənddə, Səmərqənddə, Buxarada, İstanbulda və Bakıda miniatür təəccübləndirə və valeh edə bilən bütöv bir dünya kimi açılırdı.

Getdikcə daha aydın hiss edirdim: bu gün dövlət sərhədləri ilə ayrılan mədəni məkan bir vaxtlar vahid bir bütöv kimi qəbul edilirdi. Dünya indiki qədər parçalanmış deyildi və məhz incəsənət vasitəsilə xalqların yaxınlığı xüsusilə aydın şəkildə görünür. Belə ki, Səmərqənd və Təbriz məsafəyə baxmayaraq, dekorativ-tətbiqi sənətdə bir çox oxşarlıqlar ortaya qoyur və İpək Yolunun təsiri hətta əsrlər sonra da oxunur.

Mənim üçün ayrıca bir kəşf Təbriz ənənəsinin çiçəklənməsinə mədəni qovuşuğun - köçəri türk və oturaq fars mədəniyyətlərinin qarşılıqlı əlaqəsinin nə dərəcədə təsir etməsi oldu.

Bu sintez xüsusilə Təbriz məktəbinin formalaşdığı bölgədə hiss olunur və mənim fikrimcə, onun bədii gücünü və cəlbediciliyini əsasən məhz o izah edir.

- Əsasən miniatürün klassik qavrayışı bəzi mətnlərin müşayiət edilməsidir…

- Miniatür sənəti öz təbiətinə görə kitab sənətidir. Müstəqil, “molbert” sənəti kimi, ona uzun müddət daha az tələbat var idi və çox vaxt əlyazmanın içərisində, mətnlə yanaşı və mətn naminə mövcud olan illüstrativ funksiyanı yerinə yetirirdi. Bu, əsasən mədəni və dini mühitlə bağlıdır: İslam dünyasında canlı varlıqların təsvir edilməsinə münasibət birmənalı deyildi və rəssam qadağalar və gözləntilərlə birbaşa ziddiyyət təşkil etmədən vizualın incə şəkildə mövcud ola biləcəyi bir forma axtarmağa məcbur idi. Kitab - əlyazma, şeir, salnamə, traktat - rəssamlığın özünün “qanuni” yerini tapdığı məkana çevrildi: bəzək, şərh, sözün rəng və xətt baxımından davamı kimi.

Buna görə də, mətn və miniatür simbiozu sadəcə bir janr vərdişi deyil, insan ruhunun təzahürüdür: eyni zamanda, anlamaq və seyr etmək istəyi. Daxili məna axtaran və hərfi, dar dini və etnik mənalar üzərində yüksələn bir baxış kimi sufizm də məhz bundan ibarətdir. Nəticədə metafizika da budur: obraz “göstərdiyindən” çox işarə edir, aparır, görünməyənənlərin arxasında görünənləri açır.

- Ali idraka birbaşa “qoşulma?”

- Rumi, Hafiz, Sədi, Nizami və digər sufi müəlliflərinin poeziyasına diqqət yetirin: onların mətnləri artıq “miniatür” kimi qurulmuşdur. Onlarda dünya bağ, qızılgül və bülbül, saqi və fincan, şam və pərvanə, yol və karvan, dəniz və damla kimi tutumlu detal-simvollara yığılır. Bu obrazlar dünyəvi təsvirlər kimi deyil, daxili təcrübənin işarələri kimi işləyir, xarici süjetin arxasında isə həmişə ikinci plan ortaya çıxır. Ruhun yolu, sevgi və həqiqət axtarışı kimi.

Məhz buna görə də, bu cür poeziyanı miniatür rəssamlığına “keçirmək” çox asandır: o, artıq rəssama hazır vizual dramaturgiya, kompozisiya, rəng vurğuları və simvolik dil təqdim edir, burada əsas illüstrativ dəqiqlik deyil, çoxqatlı mənadır.

- Maraqlı “oxunuş”...

- Etiraf edirəm ki, sufiliyə böyük sevgim var. Hətta dissertasiyamın mövzusu “Müasir müsəlman Şərqin incəsənətində İslamın əxlaqi və etik məcəlləsi” idi. Burada mən İslam etikasının bu gün müsəlman ölkələrinin incəsənətində necə təzahür etdiyini araşdırırdım.

Nəyin etik, nəyin isə əsas olduğu maraqlı və dərin idi. Nəticə isə birmənalı idi: müsəlman incəsənəti ilk öncə etik, sonra isə özündə vizual estetikanı daşıyır. Eyni zamanda, qarşılıqlı əlaqələr görünür, həmin vaxt müsəlman incəsənətinin özü etik kodeks formalaşdırır.

- Yəni “şəxsi xüsusiyyətlərə əlaqə”dən kənarda qalaraq?

- Mən qeyd edərdim ki, İslam bədii ənənəsində ornament, xəttatlıq, xətt ritmi, həndəsə və simvolizm şəklində qeyri-məcazi, şərti dil tarixən çox güclüdür. Bu mənada Şərq, həqiqətən də, incəsənətdə abstrakt düşüncə mədəniyyətini daha erkən və daha dərindən inkişaf etdirib, Avropa isə radikal qeyri-obyektivliyə müxtəlif tarixi səbəblərə görə xeyli sonra, artıq XX əsrin əvvəllərində gəlib çatıb.

Bu, bir çox cəhətdən sadə izah edilir: İslam mühitində canlının təsvir edilməsinə münasibət məhdudlaşdırıcı, lakin birmənalı deyildi və sənətkar gözəllik və məna barədə fərqli şəkildə - siqnal, işarə, ölçü və daxili tarazlıq vasitəsilə ifadə etməyin yollarını axtarmağa məcbur idi. Sufi həssaslığı xüsusilə belə bir dili tələb edirdi: ən vacib şeyləri birbaşa ifadə etmək heç də həmişə mümkün deyil, ona görə də gözəllik “diqqətlə” - metafora, simvol və harmoniya vasitəsilə ifadə olunurdu.

Yalnız fərqləndirmək vacibdir: keçmiş əsrlərin Şərq “mücərrədliyi” əsassız deyildi. O, düşünülmüş, bir sistemə, sənətkarlıq kanonuna, simvolizmə və mənəvi intizama tabe idi. Hətta məcazi mənanın mövcud olduğu yerlərdə (miniatürlər də daxil olmaqla) belə, o, çox vaxt şərti olaraq qalırdı: daha vacib olanı reallığı kopyalamaq deyil, onun mənasını və ruhunu çatdırmaq idi. Məhz buna görə də orta əsr Şərq miniatüru bu qədər düşünülmüş hiss olunur: onda nə kompozisiyada, nə rəngdə, nə də detalların ritmində təsadüfilik yoxdur.

- Bəs müasir müsəlman incəsənətini necə müəyyən etmək olar?

- Müasir müsəlman incəsənəti, həqiqətən də, müxtəlifdir. Postsovet məkanından danışsaq, burada bir çox ənənələr vaxtilə əsasən itirilmiş və ya kütləvi istehsal və ideologiya, həmin məşhur sosialist realizmi tərəfindən əvəz edilmişdir. Lakin bu gün əks proses gedir: rəssamlar getdikcə öz orijinal mənbələrinə, yerli məktəblərə, dekorativ və tətbiqi mədəniyyətinə qayıdırlar və bu qayıdış artıq müasir dil və köklərinin yeni bir şəkildə anlaşılması ilə zənginləşdirilmiş “təcrübə ilə” baş verir.

Bir sıra ərəb ölkələrində vəziyyət fərqlidir: bədii mühit çox vaxt ciddi dini normalarla məhdudlaşdırılır və hər hansı bir sapma pozuntu kimi qəbul edilə bilər. Lakin orta əsr əlyazmalarını açsaq, tarixi rəsmlərin daha mürəkkəb və daha sərbəst olduğunu görərik: miniatürlərdə fərdi səhnələr də daxil olmaqla olduqca cəsarətli rəsmlərə rast gəlinir, “Min bir gecə”dən illüstrasiyalı səhnə versiyalarını xatırlamaq kifayətdir. Topqapı sarayı da daxil olmaqla, muzey kolleksiyalarında miniatürçü-rəssamların düşüncə tərzinin genişliyini və məqbul olanlar haqqında təsəvvürün müxtəlifliyini nümayiş etdirən çoxsaylı nümunələr qalıb.

Aydın olur ki, məsələ təkcə “dinin özlüyündə” deyil, həm də konkret mədəni kontekst, təhsil səviyyəsi, təfsir ənənəsi və sərhədləri kimin dəqiq müəyyən etməsi ilə bağlıdır. Paradoks ondadır ki, bəzən keçmiş hökmdarlar obrazı, onun dilini və mədəni funksiyasını başa düşmədən mühakimə edən bəzi müasir əxlaqçılardan daha açıq və cəsarətli olurdular.

Həmçinin Fars körfəzi bölgəsində daha bir tendensiya müşahidə edirik: güclü maddi bazaya arxalanaraq Dubay, Əbu-Dabi və Qətər incəsənət infrastrukturlarını fəal şəkildə inkişaf etdirir və böyük tədbirlərə ev sahibliyi edir, İslam dəyərlərini və müasir incəsənət dilini birləşdirməyə çalışır, təcrid olunmuş vəziyyətdə yaşamaq əvəzinə sintez tapır. Məhz burada miniatür sənəti həm ənənənin daşıyıcısı, həm də müasirliklə əlaqə qura bilməyə qadir olan çevik vizual dil kimi mühüm rol oynaya bilər.

Bu, Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir - miniatür ənənəvi müsəlman türk sənətimizin köklərindən gəlir və onun qayıdışı təkcə keçmişin bərpası deyil, həm də kökünə hörmətlə yanaşmanın təcəssümü ola bilər.

- … indi yeni açılmış Azərbaycan Miniatür Sənəti Muzeyinin tağları altında toplanmışıq.

- Bu yaxınlarda qapılarını ziyarətçilərin üzünə açan Azərbaycan Miniatür Sənət Muzeyindən danışarkən, ilk növbədə, İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu rəhbərliyinin, xüsusən də Rüfət Mahmudun dəstəyini qeyd etmək istərdim. Muzey üçün unikal XIV əsr memarlıq tikili təqdim edilmişdir. Xüsusilə Azərbaycan miniatürlərinə yönəlmiş bir muzeyin yaradılması Azərbaycan üçün çoxdan gözlənilən idi. Türk miniatürlərinin canlı və dərin müasir bir sənət kimi ortaya çıxdığı belə bir bilik və ilham məkanının meydana çıxması miniatür sənətimizin təbliğində böyük bir addımdır…

Sufi şairi Sədi Şirazinin XIII əsrə aid “Gülüstan” poemasından bir cümlə ilə yekunlaşdırmaq istərdim: “İnsanlar bir bədənin üzvləridir”.

Bu ifadə bu gün BMT binasında həkk olunub və miniatürun bəşəriyyətin ortaq mədəni orqanizminin ayrılmaz parçası olduğunu vurğulayır. Dünyanın və sivilizasiyamızın ona ehtiyacı var…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see229

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see213

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see143

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri