Cənubi Qafqazda geosiyasi gərginliyi səngiməyə qoymurlar
Sülh sazişini imzalamamaq üçün İrəvanın fəndləri tükənib
İl başa çatır, amma Cənubi Qafqazın uzunömürlü münaqişəsinə sülh nöqtəsi hələ də qoyulmayıb. Təxminən, bir il bundan əvvəl Azərbaycan və Ermənistan hərbi əsirlərin mübadiləsini həyata keçirdilər. Sonra İrəvan Bakının xeyrinə COP29-a ev sahibliyinə namizədliyini geri götürdü. Bu addımlar iki ölkə arasında sülh sazişinin tezliklə imzalanacağına ümidləri artırdı. Amma...
Ermənipərəstlərin “yuvası”ndan səslənən şikəstə
Azərbaycan kənar aktorların müdaxiləsinə yol verməməyə, sülh prosesi ətrafında süni şəkildə yaradılan geosiyasi gərginliyi azaltmağa çalışsa da, Paşinyan iqtidarının atdığı addımlar, “kollektiv Qərb”in Ermənistana göstərdiyi dəstək, onu militarizmə sürükləməsi ikitərəfli dialoqa davamlı problemlər yaradır. Açıq görünən odur ki, ümumən bölgəni bürümüş geosiyasi fon sülh prosesinə mənfi təsir göstərməkdədir. Bəs, Cənubi Qafqazın başı üzərində xoşagəlməz və zərərli geosiyasi fonun əmələ gəlməsində kimlər maraqlıdır? Avropa İttifaqı, Fransa və Vaşinqton. Bu “üçlüy”ün ən “mötəbər tribunası” rolunda isə Avropa Parlamentinin çıxış etdiyi heç kəsə sirr deyil. Burada ermənipərəstlərin “yuvası” formalaşıb.
“Qərbi Azərbaycan” və ya “dəhliz” rəvayətlərinin (?) sülh danışıqlarında yeri olmamalıdır”. Avropa Parlamentinin üzvü Natali Luazo bu sözləri “Armenpress”in müxbiri ilə söhbətində bildirib. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda “Qərbi Azərbaycan” və ya “dəhliz” məsələləri kənara qoyulmalıdır.
Ermənipərəst mövqeyi ilə çoxdan tanıdığımız Avroparlamentin deputatı daha sonra ərz edir ki, heç bir ilkin şərt irəli sürülmədən, Ermənistanın suverenliyinə hörmət edən sülh sazişinin müsbət nəticəsi ola bilər. Sonra sözlərinə əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sabit sülh hər iki ölkənin mənafeyinə uyğun olmalıdır: “Ermənistan və Azərbaycan arasında davamlı sülh hər iki ölkənin ümumi məqsədi olmalıdır. İndiyə qədər Ermənistan xoşməramlılığını (?) və güzəştə getməyə hazır olduğunu (?) nümayiş etdirib. Azərbaycan buna dərhal adekvat şəkildə cavab verməlidir”.
Natali Luazonun fikrincə, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır. Deputat hay mediasına açıqlamasında “Bakıda qanunsuz və qondarma (?) ittihamlarla həbsdə olan erməni məhbuslarını” da xatırlatmağı unutmayıb: “Bütün hərbi əsirlərin azadlığa buraxılması və mədəni irsə hörmət məsələsini də yaddan çıxarmamalıyıq”.
Reallıqdan və siyasi məntiqdən uzaq, gözəgirən faktları təhrif edən “şikəstəvarı” açıqlamasında bir qədər də irəli gedən Avroparlamentari bu dəfə “ermənişünaslığın” hərbi qanadının təmsilçisi kimi də çıxış edir. Bakının İrəvanı hücüm xarakterli hərbi texnika əldə etməkdə ittiham etməsinə də toxunan avropalı deputat qeyd edib ki, bu, hər bir müstəqil ölkənin daxili işidir: “Hərbi texnikanın alınmasına gəlincə, hər bir müstəqil ölkə özünü müdafiə etməyə və bədxahlarını hərbi təcavüzdən çəkindirməyə borcludur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Avropa Parlamentinin deputatlarının böyük əksəriyyəti anti–Azərbaycan mövqelərindən əl çəkmir: “Artıq dörd ildir ki, Azərbaycan torpaqlarını erməni işğalından azad edib, Qarabağ üzərində suverenliyinə nail olub. Amma ermənipərəst qüvvələr bu mövzunu gündəmdə saxlamağa çalışır, ermənilərin Qarabağa qayıtmaq hüquqlarından dəm vururlar. Məgər onların hüquqlarını pozan olub? Azərbaycan bu gün də deyir ki, Qarabağda yaşamış etnik ermənilər geri qayıda bilərlər. Sadəcə olaraq, onlar Azərbaycan vətəndaşlığını qəbul edərək, bizim qanunlarımızla yaşamalıdırlar. Bu şərt Avropa ölkələri üçün də keçərlidir. Təsəvvür edin ki, Avropanın hansısa ölkəsində kimsə yerli qanunlarla yaşamaq istəmir. Bu zaman nə baş verir? Həmin adam ölkədən departasiya edilir. Deməli, bu, həm də Azərbaycanın təbii haqqıdır. Amma Avropa Parlamentinə yeni seçkilərdən sonra da ölkəmizə qarşı bu tribunadan yenə şər-böhtan yağdırılmaqdadır. Çünki Fransanın dominantlıq etdiyi Avroparlamentdə ermənipərəst qüvvələr yenə çoxluq təşkil edirlər. Eynilə Avropa Komissiyasının icraedici orqanı Azərbaycanla əməkdaşlıqda özü maraqlı olmalıdır. Ən azı ona görə ki, Azərbaycan Cənubi Qafqazın əsas açar dövləti olmaqla yanaşı, həm də Aİ üzvü olan 11 ölkənin enerji təhlükəsizliyində aparıcı rola malikdir”.
İkibaşlı oyunlara son qoyulacaqmı?
Avropa parlamentarisi Natali Luazonun çıxışını riyakarlıq, ikiüzlülük, Aİ-nin məkrli planlarını ört-basdır etmək cəhdi kimi qiymətləndirmək daha doğru olardı. Bakı onsuz da Avropa Parlamentindən məlum münaqişənin həlli ilə bağlı heç vaxt ədalətli yanaşma, konstruktivlik görməyib, Azərbaycanın daxili işlərinə qarışmamaq kimi davranışını müşahidə etməyib. Sadəcə olaraq, ümid hay sevdalıların, xristian “təəssübkeşlərinin” riyakar bəyanatlarının tükənəcəyi günü gözləməyə qalıb. Necə ki, sülh sazişini imzalamaqdan yayınmaq üçün rəsmi İrəvanın uydurduğu bəhanələrin də sona çatacağına inanmaq istəyir.
Bu məqamda hay “çete”sinin okeanın o tayındakı üzvünün “sülhpərvər xidmətlərini” yada salmamaq mümkün deyil. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə evsahibliyi edən Vaşinqton münasibətlərin normallaşmasının son mərhələyə çatdığını bəyan etmişdi. Amma üstündən bir il keçsə də, sülhün taleyi hələ də sual altındadır. Siyasi ömrünə 25 gün qalmış demokrat Bayden administrasiyası, deyəsən, Azərbaycanla bütün körpüləri yandırmaq qərarına gəlib. Əgər rəsmi Vaşinqtonun belə bir niyyəti olmasaydı indi Bakının üzərinə heç vaxt görünmədiyi qədər gəlməzdi. ABŞ Senatı, Konqresi, Dövlət Departamenti, ayrı-ayrı sorğu mərkəzləri, reytinqçilərin bütün maskalarını kənara atıb aşkar anti–Azərbaycan fəaliyyəti azlıq edirmiş, indi də supergücün Bakıdakı səfirliyi suyu dərindən bulandırmaqla məşğuldur. Vaşinqton bir tərəfdən Bakı–Tbilisi– Ceyhan neft kəmərini və Cənub Qaz Dəhlizinin konsepsiyasını dəstəklədiyini bəyan edir, digər tərəfdən bu layihələr olmadan Azərbaycanın daha az inkişaf edəcəyini nəzərə çatdırır. Yəni, boynumuza minnət qoymağa çalışır. Bu tezisi gündəmə gətirən ABŞ-ın Bakıdakı səfirliyidir.
Bir il əvvəl və sonra...
Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Bakı da bunun qarşılığında Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi. Beləliklə, Azərbaycan və Ermənistan ilk dəfə vasitəçi olmadan, öz iradələri ilə birgə bəyanat verdilər. Həm də iki ölkə SSRİ dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə bir-birinə doğru addım atdılar. Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş diplomatları tərəfindən imzalandı. Tərəflər əsirlərin dəyişdirilməsinə razılaşdılar. Razılaşmaya görə, 2 azərbaycanlının azad edilməsi müqabilində 32 erməni hərbçi Ermənistana təhvil verilib.
Birgə bəyanatda öz əksini tapan müddəalar sülhün tezliklə əldə olunacağına ümidləri xeyli artırdı. “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür”. Bəyanatda deyilir: “Daha sonra qeyd olunur ki, iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Ən önəmlisi isə İrəvan və Bakı qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini bəyan etdilər. Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər. Tərəflər beynəlxalq ictimaiyyəti “iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə” çağırıblar.
Məmnunluq, alqışlar və ...silahlanma
Reaksiyalar özünü çox gözlətmədi. Həm Ermənistanın, həm də Azərbaycanın sosial media platformalarında birgə bəyanatın imzalanmasından məmnunluq və alqışlarla müşayiət olunan paylaşımlar edildi. Sadə azərbaycanlılar və erməni internet istifadəçiləri “Sülh!”, “Müharibəyə son!”, “Alqışlar!” kimi şərhlərlə bir-birini təbrik edirdilər. Qərbin aparıcı dövlətlərinin rəsmiləri, beynəlxalq qurumların başçıları da Bakı və İrəvanın bu addımını dəstəklədiklərini bildirdilər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “X” sosial media hesabında Azərbaycan və Ermənistanın birgə bəyanatını “böyük irəliləyiş” adlandıraraq, onu alqışladığını bildirdi, tərəflər arasında görünməmiş dialoq qurulmasından məmnunluğunu ifadə etdi. Bütün bunların ardınca sülh müqaviləsinin harada imzalanacağı ətrafında müzakirələr başladı. Qərbdə, yoxsa Rusiyada? Bakı ortaq məkan kimi Tbilisini təklif etdi. Sonra iki ölkənin xarici işlər nazirləri Astanada görüşdülər və Qazaxıstan neytral mövqeli aktor kimi tarixi sülh sazşinin bağlanmasına ev sahibliyi etməyə hazır olduğunu açıqladı. Sonra isə...
Məhz Brüssel – Vaşiqton– İrəvan (Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan) “üçlüyü”nün imzaladığı psevdo-razılaşmadan sonra sülh danışıqlarında “durğunluq” mərhələsi başlandı. Bakının Brüssel görüşündən narazılığını hiss edən Antoni Blinken sözügedən görüşün əsas mahiyyətini, guya, Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil etdiyini diqqətə çatdırdı. Azərbaycanın diqqət yönəltdiyi gerçəklik isə Ermənistanın Vaşinqtonun və Parisin xeyir-duası ilə silahlanmasıdır.
Beləliklə, sülh havası ilə keçən son bir ilə qısa nəzər yetirməyimiz kifayətdir ki, hadislərin hansı məcrada davam edəcəyi barədə nikbin proqnozlardan vaz keçəsən. Siyasi ekspertlər də iki ölkənin hələ bir müddət “nə sülh, nə müharibə” şəraitində yaşayacağını təxmin edirlər.
İmran BƏDİRXANLI
XQ