Icma.az
close
up
RU
COP29: Dünya 2024cü ili “Bakı dönüşü” kimi xatırlayacaq

COP29: Dünya 2024cü ili “Bakı dönüşü” kimi xatırlayacaq

Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi başa vurmaqdadır. Ətraf mühitin qorunmasına həssaslıqla yanaşan ölkələr sırasında olan nadir təbiətə məxsus Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Təsadüfi deyil ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Bütün bunların nəticəsi olaraq Azərbaycan həm də COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etdi. Və bu tədbirin təşkilatçılığı, keçirilən panel iclaslarda iştirakı, ideyaları və dünyadakı kiçik və ada dövlətlərinin yanında olması ilə bir daha sübut etdi ki, ölkəmiz iqlim dəyişikliyinə qarşı mübarizədə birincilər sırasındadır, bu məsələyə öz töhfəsini verməyə hər zaman hazırdır.

Belə böyük bir tədbirin Azərbaycanda keçirilməsi həm də ölkəmizə dünyanın böyük dövlətlərinin nüfuzunu, münasibətini də ortaya qoymuş oldu. Baxmayaraq ki, onların bir neçəsi paxıl mövqelərini göstərdilər, lakin elə bunun özü də onlardan dəfələrlə kiçik olan Azərbaycanı özləri ilə bir sırada gördüklərini təsdiqləyən amil idi.

2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamında da deyildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan ev sahibliyini yüksək səviyyədə bacardı

Dünyanın hər yerindən nümayəndələr qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin birgə müzakirəsi üçün Azərbaycana gəldi. Noyabrın 11-dən 22-dək Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan yüksək səviyyədə ev sahibliyi etdi və yaradılan hər bir şərait onu göstərdi ki, ölkəmiz üçün bu kimi tədbirlərin keçirilməsində heç bir problem yoxdur. Və Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinin dediyi kimi, bu tədbir həm də Cənubi Qafqazda ilk olaraq Azərbaycanda keçirildi. Bu isə onu təsdiqlədi ki, Azərbaycan regionda, eləcə də dünyada böyük gücə və nüfuza malikdir.

COP-un keçirildiyi 28 ölkədən fərqli olaraq biz bu tədbirə qısa zaman ərzində hazırlaşmışdıq. Və belə qısa bir zaman kəsiyində bu qədər hərtərəfli hazırlığın həyata keçirilə bilməsi, sözün həqiqi mənasında, heç də qonaqların hamısının gözlədiyi hal deyildi. Və bu möhtəşəm hazırlığın özü dünya dövlətlərindən bir neçəsinin qıcıqlanmasına da şərait yaradan amil oldu.

Dövlətimizin başçısı İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovaya verdiyi müsahibədə onun “Bu yaxınlarda Azərbaycan nəhəng iqlim sammitinə ev sahibliyi etdi. Hansı çətinliklərlə üzləşməli oldunuz və bu sammitin əsas nəticələri nədən ibarətdir?” sualını cavablandırarkən də tədbirə qısa zamanda hazırlıqla bağlı maraqlı faktları dinlədik: Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

“Petrostate” adlandırılmağımız paxıllıqdan başqa bir şey deyil

COP29-un Azərbaycanda keçiriləcəyi məlum olandan sonra bunu gözügötürməyən qüvvələr Azərbaycanı qazı və nefti ilə suçlayır, neft ölkəsinə belə bir tədbirin keçirilməsini yaraşdırmırdılar. Onların hər birinə dövlətimizin başçısının COP29 Liderlər Sammitinin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər gözəl cavab oldu: Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.

Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.

Həqiqətən də, biz günahkar deyilik ki, bu torpaqlarda doğulmuşuq. Neft, qaz ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyanın iqlim dəyişmələrinə narahat olmayan nəhəng ölkələrlə müqayisədə daha çox narahatıq. Deməli, biz neftimizi də, qazımızı da dünyaya zərər verəcək dərəcədə istifadə etmirik. Əgər etsəydik, bu, qlobal səviyyədə bilinər və COP29-un ölkəmizdə keçirilməsinə qarşı hər kəs etiraz edərdi.

Müsahibədə dövlətimizn başçısı bu məsələ barədə də ətraflı danışdı: İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, - mən ABŞ-ı nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar.

Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1, ABŞ-da 12 faiz, Avropa İttifaqında daha çoxdur...

Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Hazırda isə ölkəmizdə hasilata görə biz iqlimə təbii ki, ABŞ-nin tanıdığı və qonşuluğunda yerləşən dövlətlərdən az zərər veririk. Lakin onları göz qarşısında görə-görə məhz bizim adımızın hallandırılması və dünyanın bir neçə media subyektinin üzərimizə qaldırılması yenə də yalnız ədalətsizliyin göstəricisi idi. O ədalətsizlik ki, Azərbaycan bunu 30 il torpaqları işğal altında olarkən də görmüşdü. Dəfələrlə dünyanın nəhəng ölkələrini Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olamasında yardıma çağırsa da, heç bir mənası olmamışdı. Görünür, bütün bunların fonunda deməyə əsas verən bir amil var ki, nədənsə nəhənglər kiçik dövlətlərin inkişafını, tərəqqisini heç də birmənalı qarşılamır.

Dövlətimizin başçısı da müsahibədə bu məsələyə dəyərli fikirləri ilə öz münasibətini bildirdi: Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax, bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12, Avropa İttifaqında daha çoxdur... Azaldırlar. Onu dəfələrlə azaldırlar. Bu, ayrıca mövzudur.

Bəli, kimin iqlimə hansı zərəri vurduğu göz qarşısındadır. Lakin bunu müəyyən niyyətlər altında gizlətmək, dünya iqliminin dəyişməməsinə töhfəsini vermək istəyən bir dövlətin nüfuzuna xələl gətirməyi görəsən belə nəhəng dövlətlər özlərinə necə sığışdırır? Yox, görünür, mənim səhvim var. Onların ta qədimdən siyasətləri məgər məkr üzərində qurulmayıb?..

İqlim xərci 100 idi, 300 milyard oldu

COP29 bir çox məqamları ilə tarixin səhifələrinə yazıldı. Onlardan biri də iqlim məsələlərinə ayrılan xərclə bağlı oldu. Məhz Bakıda bu rəqəm 100 milyarddan 300 milyarda qaldırıla bildi. Bunun özü böyük uğur deyilmi?

Dövlətimizin başçısı verdiyi müsahibədə bu məsələni hərtərəfli təhlil etmişdir: Bəzilərinin uğursuz adlandırdıqları ikinci bənd üzrə, - amma mən hesab edirəm ki, bu, uğurdur, - biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik. Bu məbləğ 300 milyard dollardır. Məqsəd trilyon idi. Amma aydın idi ki, trilyonu verməyə hazır deyillər. Lakin onu nəzərə alsaq ki, bundan əvvəlki razılaşdırılmış rəqəm 100 milyard idi, burada isə 300 oldu, bunu uğursuzluq adlandırmağa dilim gəlmir. Başqa məsələlər də var idi. Orada Azərbaycan tərəfindən 14 təşəbbüs irəli sürüldü. Ölkələrin mütləq əksəriyyəti bu təşəbbüslərə qoşuldu, Fransa və Lüksemburq kimi dövlətlər istisna olmaqla. Fransa ilə bağlı məsələ aydındır. Lüksemburqun Fransanın ardınca getməsi yəqin ki, məlumdur. Bax, bu konfransı mən təxminən belə xarakterizə edərdim. Əlbəttə ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı. Həm də bu, boykot cəhdlərinin fonunda oldu. Bu, bir növ ölkənin təqdimatı idi.

“Baku dönüşü” bəyanatı dünyaya təqdimatımız oldu

Noyabrın 28-də COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yaydı: “100-dən çox ölkədən 500-ə yaxın vətəndaş cəmiyyəti təsisatını özündə birləşdirən COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyəli təşkilinə görə Azərbaycan dövlətini təbrik edir, Azərbaycanın COP29 Sədrliyi altında yeni iqlim maliyyəsinin müəyyən olunması, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər fondunun işə başlaması kimi vacib əhəmiyyət kəsb edən qərarların qəbul edilməsini mühüm irəliləyiş hesab edir.

COP29 QHT Koalisiyası üzvlərinin 84%-i ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir. Təbii ki, yeni iqlim maliyyəsi ilə bağlı sənəddə əksini tapmış məbləğin daha yüksək olmasını istəyərdik. Lakin biz, müxtəlif rəyləri olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər və gərgin müzakirələr hesabına ərsəyə gəldiyini dərk edirik. Hesab edirik ki, bu razılığın əldə olunması kollektiv səylərin nəticəsidir və Bakı üçün tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış COP prosesində gələcək danışıqların mühüm istinad nöqtəsi olacaq.

Biz post-COP29 dövründə də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal iş aparacaq, COP29 mirasından bəhrələnəcək, bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi əsirgəməyəcəyik”.

Dövlətimizin başçısı müsahibəsindəki dəyərli fikirləri ilə COP29-la bağlı bu məsələyə də münasibətini bildirdi: …Biz bütün diplomatik təcrübəmizi işə saldıq, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəmizi. Hər halda orada 120 ölkə var. İslam Əməkdaşlıq Təşkilatında fəal üzvlük də körpülər qurmağa və nəticə əldə etməyə kömək edir. Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən “Bakı dönüşü” adlandırmırıq, çünki Paris Sazişinin 6-cı maddəsini razılaşdırmaq mümkün oldu. O, 2015-ci ildən müzakirə olunurdu. Yəni, təxminən 10 il karbon bazarları məsələsi razılaşdırılmamışdı. Biz burada - Bakıda buna nail olduq və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək.

Məhv etməsələr, bütün dünya cənnətdir

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində beynəlxalq gündəlikdə mühüm məsələlərdən olan neokolonializm və iqlim dəyişmələrinə münasibət bildirən dövlətimizin başçısı kiçik ada dövlətlərindən olan nümayəndələr qarşısında faktlarla çıxış etmiş, vəziyyətin təhlilini vermişdir: Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi.

Dövlətimizin başçısı bütün bunları siyasi riyakarlıq adlandırmışdı, siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşdüyünü qeyd etmiş və Fransadakı bütün siyası məhbusların dərhal azad olunmasını bildirmişdi.

Samitdə dövlət başçısının çıxışının yaddaqalan və insan hüquqlarına yönəlmiş əsas məqamlarından biri isə bu olmuşdu: Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Bəli, nəhəng dövlətlər anlamalıdır ki, tək Avropa deyil, bütün dünya cənnətdir, bağdır, gülüstandır. Hər kəsə öz Vətəni cənnətdir. Lakin Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyası görünür, ya dünyanın gözəlliklərini görə bilmir, ya da bunu görən gözləri yoxdur. Lakin insanlara sayğı ilə yanaşmağın nə qədər insani bir hiss olduğunu unutmamaq gərəkdir. Elə bunun başlıca göstəricisi də dünyanın iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi töhfə ola bilər. Lakin çəkişmək-didişməklə bunu həyata keçirmək olmaz.

Kiçik bir dövlət-Azərbaycan onların hər birinə nümunə gücündədir. Baxsınlar, insanlara və insanın ayrılmaz hissəsi olan iqlimə münasibətin necə olduğunu bizdən öyrənsinlər. İqlim ona qayğı göstərilmədiyi təqdirdə hər kəs üçün eyni “hədiyyəni” təqdim edəcək.

2024-cü il “Bakı dönüşü” ilə dünya iqliminə öz töhfəsini verdi. Hər bir dövlət iqlimə bizim verdiyimiz qədər töhfə verə bilərsə, nə iqlim dəyişər, nə də kimsə onunla mübarizə aparmalı olar.

Biz, Azəbaycan olaraq ötən 28 ildəkindən fərqli bir missiyanı yerinə yetirdik. Və tarixin səhifələrinə də olduğumuz kimi yazıldıq. Gələcəkdə isə bunun davamının gəlməsini arzulayırıq. Çünki bütün dünyanın bir araya gəlməsi elə bir məsələ üçün gərəkdir ki, bu, bütün bəşəriyyətin nəfəsidir. Nəfəq varsa, insan var, həyat var.

Mətanət Məmmədova

seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri