D 8 ə üzvlük Azərbaycanın iqtisadi və diplomatik imkanlarını genişləndirir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın son dövrlərdə xarici siyasət kursunda əldə etdiyi uğurlar sırasına İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində yekdilliklə təşkilata üzv seçilməsini qeyd etməliyik. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bunu olduqca böyük nailiyyət kimi qiymətləndirib.
Dövlət başçısı bildirib ki, təşkilat 30 ilə yaxındır ki, yaradılıb və yarandığı gündən yeni üzv qəbul etməyib: “Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olub... Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”.
Qeyd edək ki, bu təşkilat Azərbaycan daxil olmaqla 9 müsəlman ölkəsini özündə birləşdirir. Qurumun təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının zirvə toplantısında D-8-in qurulduğu rəsmən elan edilib. Sammitdə təşkilatın qurulması ilə bağlı İstanbul qətnaməsi qəbul olunub. Təşkilatın Katibliyi İstanbulda yerləşir.
Birliyin bayrağında təsvir olunan 6 ulduz təşkilatın əsas prinsiplərini ifadə edir. Bu müddəalar sülhün təşviq olunmasını, münaqişələrə qarşı dialoqun üstün tutulmasını nəzərdə tutur. Birlik ikili standartları yox, ədaləti əsas götürür. Bərabərlik prinsipi təşkilatın fəaliyyətində mühüm yer tutur. Bayraq eyni zamanda ədalətli beynəlxalq düzənin qurulmasını simvolizə edir. 6 ulduz zülm və hökmranlığa qarşı olaraq insan haqları, azadlıq və demokratiya dəyərlərinə sadiqliyi ifadə edir.
Azərbaycanın üzvlüyünə qədər “İslam Səkkizliyi” kimi tanınan D-8 təşkilatı dünya müsəlman əhalisinin təxminən 1 milyarddan çoxunu əhatə edən ölkələri birləşdirir və əhəmiyyətli iqtisadi potensiala malikdir. Qurumun ümumi iqtisadiyyatı 4 trilyon dollardan çoxdur. Yaradıldığı dövrdə üzv dövlətlərdə adambaşına düşən gəlir 872 ABŞ dolları təşkil edirdisə, hazırda bu göstərici, təxminən, 2 dəfə artıb. Eyni zamanda, üzv ölkələrin ixrac həcmi 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxal göstəriciləri isə 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.
Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasının bariz nümunəsidir. Çünki ölkə əhalisinin sayı və iqtisadiyyatı o qədərdə böyük deyil. Lakin aparılan müstəqil xarici siyasət, dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş statusunun qazanılması respublikanın təşkilata üzv qəbul edilməsində böyük rol oynayıb. Qısa desək, bu etimadın göstəricisidir.
Azərbaycan quruma üzv ölkələr arasında ən yüksək ticarət dövriyyəsini Türkiyə Respublikası ilə həyata keçirir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 200 milyon 811 min 740 ABŞ dolları təşkil edib. Bu dövrdə ixracın həcmi 3 milyard 75 milyon 841 min ABŞ dolları, idxal isə 2 milyard 124 milyon 971 min ABŞ dolları olub.
Təşkilatla bağlı bir vacib məsələ odur ki, D-8 təşkilatı 30 ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, qarşısına qoyduğu hədəflərə tam nail ola bilməyib. Bəzi ekspertlərin fikrincə, bu, əsasən üzv ölkələrin inkişafında təşkilatın digər beynəlxalq strukturlarla müqayisədə daha məhdud rola malik olması ilə bağlıdır. Belə şəraitdə Azərbaycanın üzvlüyü həm ölkəmiz, həm də təşkilat üçün müsbət dinamika yaradır.
Azərbaycan D-8 təşkilatına yeni üzv olmasına baxmayaraq, bir sıra təşəbbüslərlə diqqət çəkib. Ötən ilin oktyabrında ölkəmizdə ilk dəfə D-8 Həftəsi keçirilib. Tədbir çərçivəsində yaradılan D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və Nəqliyyat Mükəmməllik Mərkəzi ilə bağlı üzv ölkələrin iştirakı ilə görüşlər keçirilib. Həmçinin tarixdə ilk dəfə D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə Yüksək Səviyyəli Dialoq təşkil olunub.
Bundan əlavə, Azərbaycanın COP29 sədrliyi çərçivəsində keçirilən tədbirlər D-8 İqlim və Şəhər İnkişafı Nazirlərini, Komissarları və bölgənin böyük şəhərlərindən liderləri bir araya gətirib. Bir çox iştirakçılar əvvəllər Azərbaycanın Üçüncü Milli Şəhər Forumunda iştirak edərək davamlı şəhərləşmə və ətraf mühit sahəsində qlobal dialoqa töhfə veriblər.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Prezident İlham Əliyevin vurğuladığı kimi, D-8 təşkilatı Azərbaycanın iqtisadi uğurlarını yeni mərhələyə çıxarır. Burada əsas məqam sadəcə 1 milyardlıq əhali və 4 trilyon dollarlıq iqtisadi potensial deyil, həm də sürətlə inkişaf edən bazarlardır. Xüsusilə Türkiyə, İndoneziya, Pakistan və Nigeriya bazarları böyük əhəmiyyət kəsb edir və İslam dünyası ilə əməkdaşlıq imkanlarını genişləndirir.
Eyni zamanda enerji, kənd təsərrüfatı, logistika və digər iqtisadi sahələrdə əlavə sinerji imkanları yaranır. Azərbaycanın neftdən kənar ixracının coğrafiyasının genişlənməsi aqrar məhsullar, kimya sənayesi və logistika xidmətlərinin yeni bazarlara çıxışını asanlaşdırır. D-8 təşkilatı həm də qlobal iqtisadi məsələlərdə yeni münasibətlərin formalaşmasına imkan yaradır.
Qeyd edim ki, Azərbaycan həm yerli qaz ehtiyatlarını artırır, həm enerji sahəsində təcrübəli oyunçu kimi gündəmə gəlir, həm də orta və uzunmüddətli enerji potensialını genişləndirir. Bu, həm Asiya ölkələri ilə diplomatik və iqtisadi əlaqələrin, həm də Çin üçün “Bir kəmər – bir yol” təşəbbüsü, Hindistan və digər Asiya ölkələri üçün enerji əməkdaşlığı, kimya və logistika sahələrində əlaqələrin inkişafına şərait yaradır. ABŞ da regional əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından aktiv iştirak edir.
Bütün bunlar Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əlaqələrini möhkəmləndirir. Qarabağın iqtisadi potensialını artırır və investisiya cəlbediciliyini yüksəldir. Nəticədə ölkəmiz yalnız resurs ixrac edən dövlət kimi deyil, həm də regional və qlobal iqtisadi rolu və statusunu gücləndirir, qlobal iqtisadi inteqrasiya prosesində funksional iştirakını artırır.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 08 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















