Daşkənddən başlayan YENİ ERA Azərbaycan Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi, noyabrın 16-da Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib.
Təbii ki, bu qərarın çox böyük iqtisadi-siyasi və mədəni əhəmiyyəti var. Nəzərə alaq ki, təşkilatın bütün üzvləri ilə Azərbaycan arasında tarix boyu iqtisadi, sosial və mədəni əlaqələr mövcud olub. Lakin SSRİ dağılandan sonra bu əlaqələr müəyyən qədər zəifləmişdi.
MÖVZU İLƏ BAĞLI:
Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan strateji körpü - Yeni geosiyasi arxitekturanın FORMULU
Noyabrın 16-da baş tutan görüş və qəbul edilən qərarlar isə əlaqələrin ən üst səviyyəyə çatdırılması üçün zəruri idi.
Bu üzvlük Azərbaycana nə qazandıracaq?
İlk növbədə, bu Azərbaycanın regional oyunçu kimi artan nüfuzunun əyani göstəricisidir. Eyni zamanda bu ittifaq ölkəmizin həm geosiyasi rolunu, həm də iqtisadi perspektivlərini genişləndirir. Mərkəzi Asiya dünyanın sürətli inkişafa malik regionlarındadır. 2024-cü ildə Mərkəzi Asiya ölkələri 500 milyard dollardan çox birgə nominal ümumi daxili məhsula (ÜDM) malik olublar. Azərbaycan və Mərkəzi Asiya isə birgə 575 milyard dollarlıq iqtisadiyyata malikdir. Bu ilin sonunda isə sözügedən rəqəmin 700 milyard dollara yaxınlaşacağı gözlənilir.
Təbii ki, ən böyük uğur tarixi əlaqələrin bərpası və ortaq dəyərlərə yenidən sahib çıxmaqdır. Bu ittifaq imkan verəcək ki, Azərbaycan Mərkəzi Asiyada baş verən proseslərin izləyicisindən iştirakçısına çevrilsin. Artıq Azərbaycanın ayrı-ayrı qurumları Mərkəzi Asiya dövlətlərinin birgə tədbirlərində iştirak edəcək, fikir mübadiləsi aparacaq və əlaqələr daha da dərinləşəcək.
İqtisadi-siyasi əlaqələrin dərinləşməsi xalqlar arasında münasibətlərin də şaxələnməsinə səbəb olacaq. Birgə festivalların, mədəni layihələrin təşkili və keçirilməsi bundan sonra günümüzün reallığı olacaq. Bu isə ölkələrin daha da yaxınlaşmasına təkan verəcək. Nəzərə alaq ki, Türk xalqlarının ortaq dəyərləri var. Bu ittifaq imkan verəcək ki, bu dəyərlər daha dolğun və təkmil şəkildə inkişaf etdirilsin və sivilizasiyaya təqdim olunsun.
Üzv ölkələrin iqtisadi potensialı
Qeyd etməliyik ki, Mərkəzi Asiya hazırda dinamik inkişaf edən və dünyanın ən sabit bölgələrindən biridir. Bu region 6.2 faiz ümumi illik iqtisadi artım ilə dünya üzrə orta illik artımı 2 bənd üstəliyir. Son 8 ildə Mərkəzi Asiya dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfəyə yaxın - 2.5 milyard dollardan 12 milyard dollaradək artıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb.
Nəzərə alaq ki, bununla paralel bölgə dünyanın ən zəngin təbii sərvətlərinə malik regionlardan biridir. Bu da o deməkdir ki, regionun inkişafında böyük perspektivlər var. Ona görə də ölkəmizin belə bir regionla ittifaq qurması olduqca əhəmiyyətlidir. Bu ilk növbədə Azərbaycanın gücünə güc qatacaq və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin iqtisadi həmrəyliyi
Bu ilin sonunda Mərkəzi Asiya və Azərbaycanın birgə ÜDM-nin 700 milyard dollara yaxınlaşacağı gözlənilir. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Lakin potensial daha böyükdür. Məsələn Zəngəzur dəhlizinin tikintisi başa çatandan sonra, ilkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın da beynəlxalq daşımalarda xüsusi çəkisi olacaq.
Bundan əlavə, ölkəmizin Mərkəzi Asiya ilə rəqəmsal rabitə sahəsində əməkdaşlığı böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Görüşdə çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür:
“Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır”.
Orta Dəhlizin perspektivləri
Təsadüfi deyil ki, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizinin genişlənməsi, yaşıl enerji sahəsindəki böyük potensial sözügedən region ölkələrinin mövqeyini daha gücləndirməkdədir. Bu mənada böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də daha yaxından töhfə verəcəyi gözlənilir.
Nəzərə alaq ki, Azərbaycan uzun illərdir tranzit mərkəzi olmaq məqsədilə əhəmiyyətli addımlar atır. Bunun üçün xarici iqtisadi əlaqələri gücləndirməklə yanaşı infrastrukturu ən müasir tələblər səviyyəsində qurur. Bu mənada Ələt limanının yenidən qurulması, dəmir yolları və avtomobil infrastrukturunun təkmilləşdirilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun çəkilməsi böyük hadisədir. Təbii ki, bu infrastruktur layihələri ölkəni Orta Dəhlizin əsas komponentinə çevirib və Azərbaycanın regionda moderator rolunu gücləndirib.
Beynəlxalq aktora çevrilmək yolunda növbəti addım
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regional oyunçudan uğurla beynəlxalq aktora çevrilir. Bu da Dövlət başçısı İlham Əliyevin apardığı unikal xarici siyasətin və bütün qütblərlə bərabərhüquqlu danışıqlar aparmaq imkanlarının nəticəsidir.
Məhz İlham Əliyevin uğurlu siyasəti həm Avropa və ABŞ, həm Çin, həm də Rusiya və İranla Azərbaycan normal əməkdaşlıq əlaqələrini qoruyub saxlayır. Son hadisələrsə göstərdi ki, Azərbaycan artıq Orta Asiya Respublikalarının dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayan strateji mərkəzə çevrilir.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayıb:
“Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq”.
Bu fikirlər Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv olmasının böyük siyasi, iqtisadi və mədəni hadisə olmasının daha bir sübutudur.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















