“Dədə Qorqud”u yenidən oxumaq Azərbaycan eposu qeyri səlis məntiq işığında
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Dünya elmi praktikasında dastanlar və epik mətnlər əsasən filoloji, tarixi-antropoloji, mifoloji və ya struktural metodlarla tədqiq olunub. “İliada”, “Odisseya”, “Mahabharata”, “Nibelunqlar nəğməsi”... kimi klassik eposların araşdırılmasında da əsas diqqət süjet, obrazlar sistemi, mifoloji qatlar və tarixi kontekst üzərində cəmlənir. Bu mətnlər nadir hallarda müstəqil düşüncə modeli kimi, xüsusən də müasir məntiq nəzəriyyələrinin prizmasından oxunub.
Məhz buna görə Kamal Abdulla və Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud”a tətbiq etdikləri yanaşma dünya elmi kontekstində unikal hadisə kimi çıxış edir. Qeyri-səlis məntiqin epik mətndə sistemli və konseptual şəkildə tətbiqi faktiki olaraq yeni tədqiqat istiqaməti yaradır. Dünya elmi ədəbiyyatında qeyri-səlis məntiq əsasən süni intellekt, qərar qəbuletmə sistemləri və texniki modellərlə əlaqələndirilsə də, onun epos kimi arxaik mətnlərə şamil olunması son dərəcə maraqlı və nadir haldır.
Dünya praktikasında eposların çoxu “mifdən rasional düşüncəyə keçid mərhələsi” kimi nəzərdən keçirilir. Lakin bu tədqiqat əsəri göstərir ki, “Kitabi-Dədə Qorqud” heç də rasional düşüncədən əvvəlki mərhələ deyil, dastan özü alternativ rasional model təqdim edir. Dastan burada sadəcə estetik və ya tarixi obyekt kimi deyil, qeyri-müəyyənliklə işləyən düşüncə sistemi kimi təqdim olunur. Qəhrəmanların davranışı, etik seçimlər, münaqişələrin həlli sərt ikili məntiqə deyil, dərəcə və keçid prinsiplərinə əsaslanır. Bu isə müasir qeyri-səlis məntiq nəzəriyyəsinin əsas postulatları ilə səsləşir. Ən mühüm məqamlardan biri də budur ki, bu yanaşma Qərb mərkəzli elmi stereotipi sarsıdır. Belə ki, mürəkkəb məntiqi strukturların yalnız modern Qərb elmi düşüncəsinə aid olduğu fikri sual altına alınır. Dədə Qorqud mətni sübut edir ki, qeyri-səlis düşüncə modeli türk epik mədəniyyətində əsrlər əvvəl mövcud olub və bu model müasir elmlə dialoqa girə bilir. Nəticə etibarilə eposun intellektual statusu dəyişir, “Kitabi-Dədə Qorqud” bu yanaşma ilə folklor abidəsi olmaqdan çıxaraq, universal düşüncə laboratoriyasına çevrilir.
Əsərin dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından biri “Springer” tərəfindən çap olunması və beynəlxalq elmi bazarlarda, o cümlədən Ozon platformasında yüksək qiymətə təqdim edilməsi bu tədqiqatın yalnız yerli auditoriya üçün deyil, qlobal elmi ictimaiyyət üçün də maraqlı və əhəmiyyətli olduğunu göstərir.
Yeri gəlmişkən, “Springer” neçə vaxtdır ki, yalnız konkret sahələr üzrə deyil, elmlərarası (interdisiplinar) yanaşmaları təşviq edən konseptual siyasət yürüdür.
Bu nəşriyyatın diqqət mərkəzində duran əsas prinsipi müxtəlif elm sahələrinin – riyaziyyat, fəlsəfə, dilçilik, ədəbiyyatşünaslıq və mədəniyyət tədqiqatlarının bir-biri ilə dialoqa girməsidir. Məhz bu səbəbdən “Springer” kataloqunda klassik humanitar mövzuların müasir riyazi və məntiqi modellərlə izahına həsr olunmuş bu əsərin əhəmiyyəti xüsusilə vurğulanır. “Springer”in bu cür tədqiqata marağı onu göstərir ki, müasir dünya elmi artıq ədəbiyyatı yalnız estetik obyekt kimi deyil, mürəkkəb bilik sistemi kimi dəyərləndirir. Eyni zamanda bu, Azərbaycan humanitar elminin artıq yalnız mövzu təqdim edən deyil, nəzəri yanaşma formalaşdıran tərəf kimi qəbul edildiyini göstərir.
Dədə Qorqud mətni də bu baxımdan sırf folklor nümunəsi yox, qeyri-müəyyənlik, aralıq vəziyyətlər və çoxqatlı məna strukturları üzərində qurulmuş intellektual model kimi təqdim olunur. Bu tədqiqat bir daha sübut edir ki, “Kitabi-Dədə Qorqud” tükənməz mənalar mənbəyidir. Onu oxumağın yolları bitmir, əksinə, zaman dəyişdikcə yeni metodlar bu qədim mətnin yeni qatlarını üzə çıxarır. Qeyri-səlis məntiq yanaşması isə Dədə Qorqudu müasir dünya elmi ilə eyni müstəviyə gətirərək, Azərbaycan mədəni irsini qlobal intellektual proseslərin fəal iştirakçısına çevirir. Bu mənada Kamal Abdulla və Rafiq Əliyevin əsəri Azərbaycan elminin dünya elminə verdiyi orijinal töhfədir. Müəlliflərin səyi ilə milli mədəni irsimiz qapalı akademik mühitdən çıxaraq, dünya elminin müzakirə platformasına daxil olur. Kamal Abdulla və Rafiq Əliyevin tədqiqatı bu prosesin ən uğurlu nümunələrindən biri kimi diqqəti cəlb edir.
Bu kitab sübut edir ki, Azərbaycan ədəbiyyatşünaslığı və fəlsəfi düşüncəsi qlobal elmi diskursla eyni dildə danışa bilir. Qeyri-səlis məntiq kimi müasir və universal bir metodun milli epik mətndə tətbiqi göstərir ki, yerli mədəni irs qlobal elmi problemlərin həlli üçün məhsuldar material ola bilər.
Azərbaycan elmi fikrinin beynəlmiləlləşməsi eyni zamanda düşüncə miqyasının dəyişməsidir. Bu, elmi tədqiqatın yalnız daxili auditoriyaya deyil, beynəlxalq oxucuya hesablanması, terminoloji və metodoloji baxımdan dünya standartlarına uyğunlaşdırılması deməkdir. Kamal Abdulla və Rafiq Əliyevin əsəri bu yolun mümkün və uğurlu olduğunu əyani şəkildə göstərir.
Yazımızın sonunda bizə yalnız müəllifləri təbrik etmək qalır.
Musa Qaraxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 23 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















