Deputat: Alternativ mənbələrdən enerji istehsalında Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq.
Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin son illər daha da dərinləşməsi müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmirdi. Bu ilin ilk 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 147 milyon 490 min dollara çatıb. Bu isə o deməkdir ki, Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi bu ilin ilk 10 ayında bütövlükdə 2024-cü ilə nisbətən 66 faiz artıb.
“BƏƏ ilə ticarətdə Azərbaycan 40 milyon dollarlıq müsbət saldoya malikdir. Bu isə BƏƏ-nin qeyri-neft ixracatımızda yeni destinasiyalardan birinə çevrilməkdə olduğundan xəbər verir. Dövlətlərarası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir. Qeyri-neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bu ilin ilk 10 ayında 2 milyard 988 milyon dollarlıq qeyri-neft-qaz ixracatının 3,1 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb”, - deyə V.Bayramov qeyd edib.
Deputat əlavə edib ki, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir. Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir. Son illər Azərbaycan yaşıl enerji sektoruna 1 milyard dollardan çox sərmayə yönəldib. Bu investisiyaların əhəmiyyətli hissəsi körfəz dövlətlərinin payına düşür. Bu baxımdan, alternativ mənbələrdən enerji istehsalında Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir. BƏƏ Azərbaycanın işğaldan azad olunan ərazilərinə sərmayə yönəltməkdə maraqlı olan dövlətlərdəndir. Bu sahədə əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Bu, Qarabağın iqtisadiyyatın inkişafı və re-inteqrasiyası prosesində BƏƏ-nin rolunu daha da artıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 17 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















