Icma.az
close
up
RU
Deputat da hökumət qədər məsuliyyət daşıyır Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar

Deputat da hökumət qədər məsuliyyət daşıyır Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Musavat.com-a geniş müsahibə verib.

Millət vəkili barəsində ağır ittihamlar elan olunmuş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, referendum gözləntisi, gələn həftə Milli Məclisdə müzakirəyə çıxarılacaq dövlət büdcəsi, deputat Elçin Mirzəbəyli ilə yollarının ayrılması və digər aktual məsələlərlə bağlı sualları cavablandırıb, sensasion fikirlər söyləyib, təkliflərlə çıxış edib.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, barəsində dövlətə xəyanət və digər ağır ittihamlar irəli sürülən Ramiz Mehdiyev mövzusunun aktual olduğu bir vaxtda Balakən rayon İcra Hakimiyyətinin başçısının həbs olunması mətbuata əlavə imkanlar verir ki, bu hadisələr arasında əlaqə axtarsınlar. Həbslərin miqyasının genişlənəcəyi haqda fikirlər var. Sizin millət vəkili, partiya sədri, hüquqşünas olaraq fikir-düşüncələriniz və müşahidələriniz nə deməyə əsas verir?

- Sözün doğrusu, ehtimallar əsasında fikir söyləmək doğru olmaz. O baxımdan ki, hələlik bu həbsləri həyata keçirən istintaq orqanı tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməyib. Biz ancaq mətbuata sızdırılan müəyyən məlumatları əldə edirik. Mətbuatın yazdıqlarının istintaq orqanı tərəfindən təkzib olunmaması, əlbəttə, hamıda təqribən nə baş verməsi barədə bir fikir formalaşdırır… Amma qəti fikir söyləmək üçün biz rəsmi açıqlamaları gözləməliyik. Nə baş verib, kimlərin bu işdə əli var? Yəni mülahizələr əsasında kimlərisə ağır cinayətlərdə ittiham etmək doğru olmaz.

- Bu aylar üçün referendum gözləntisi də var idi. Artıq belə görünür ki, ilin sonunadək prosesi başa çatdırmaq mümkün olmayacaq. Bu məsələ ilə bağlı nə kimi məlumatınız var?

- Təcrübədən bilirsiniz ki, iqtidar bacardığı qədər bu məsələləri son ana qədər gizli saxlamağa çalışır. Referenduma çıxarılan məsələlərin ictimai müzakirəsi keçirilmir. Ona görə də belə bir referendum olacaq, ya olmayacaq, tam məlumatsızam. Məsələn, sədri olduğum ƏHD Partiyasının seçki platformasında ölkədə konstitusiya islahatlarının keçirilməsi öz əksini tapıb. Əvvəllər Prezidentin yerli idarəetmə ilə bağlı verdiyi açıqlamalar referendumun nə vaxtsa keçiriləcəyi ilə bağlı müəyyən qənaətə gəlməyə əsas verir. Hazırda yerlərdə icra hakimiyyətini konstitusiyaya görə icra hakimiyyəti başçıları həyata keçir. Bu vəziyyəti dəyişmək üçün mütləq gərək Konstitusiyada dəyişiklik ola.

- Ola bilərmi ki, burada icra başçılarının hakimiyyət səlahiyyətlərini əldən verməməkdən ötrü gizli müqaviməti olsun? Həbs dalğasının icra strukturlarını əhatə etməsi baxımından belə iddianın əsası varmı?

- Bizdə siyasi sistem elə qurulub ki, bu, real görünmür. Ola bilsin ki, kimsə öz qəlbində narazı ola bilər. Yaxud hansısa narazılığını başqa birisi ilə bölüşsün. Amma icra hakimiyyəti başçılarının bir-biri ilə hansısa formada etiraz etmək barədə işbirliyinə girməsi ehtimalı sıfıra yaxındır. İstintaqın gedişi zamanı biz bunu biləcəyik.

- Növbədənkənar parlament seçkilərinə gedilə biləcəyi barədə yenə də iddialar səslənir. Realdırmı?

- Cəmi bir il bundan öncə parlament seçkiləri keçirilib. Bu baxımdan növbədənkənar seçkilərə gedilməsinin ciddi əsasları olmalıdır. O baxımdan mən düşünmürəm ki, bu baş verə bilər. Şəxsən mən bunu az ehtimal edirəm.

Əlbəttə, referendum keçirilsə, ciddi konstitusion dəyişikliklər olsa, bundan sonra seçkilərə gedilməsi barədə qərar qəbul oluna bilər. Misal üçün deyirəm. Tutaq ki, referendum keçirilir və proporsional seçki sistemi bərpa olunur, yaxud deputatların sayı artırılır, iki palatalı parlament formalaşdırılır, yaxud da parlamentli respublika modelinə keçilir və s. Bu halda fikirləşmək olar ki, hökumət də parlamentin səlahiyyət müddətinin başa çatmasını gözləmədən yeni seçkilərə gedir. Amma bizdə o siyasi şərtlər olmadığından iqtidarın da buna gedəcəyi ehtimalı çox azdır. Ona görə də şəxsən mən tezliklə parlament seçkilərinin keçiriləcəyini gözləmirəm.

- Bəs Milli Məclisdə müzakirəsinə başlanılacaq 2026-cı ilin dövlət büdcəsindən gözləntiləriniz nədir?

- Büdcə paketinə daxil olan sənədləri bizə yeni təqdim ediblər. Hələ mən çox da yaxından tanış ola bilməmişəm onunla. Amma bəzi məsələlərə münasibət bildirə bilərəm. 9 ay ərzində ümumi daxili məhsulun həcmində artım 1.3% olub. Bu, qonşu respublikalarla müqayisədə çox azdır.

Neft və qaz hasilatının, onların qiymətlərinin azalmasına rəğmən, hər halda ÜDM-də artım var, azalma yoxdur. İqtisadiyyatı neftdən asılı olan ölkə üçün bu, təsəlli ola bilər.

Bizi ciddi narahat etməli olan məqamlardan biri odur ki, dünyada ərzaq məhsullarının qiyməti aşağı düşdüyü halda bizdə qiymətlərdə 6-7 %-ə qədər artım var. Niyə belə olmalıdır? Bu, ciddi suallar yaradır.

Azərbaycanda dövlət müəssisələri daha rentabelli işləməlidir, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, onlar çox az vergi ödəyirlər, onların özəlləşdirilməsi həyata keçirilməlidir. Mən hər il bunu deyirəm. Heç bir dövlət müəssisəsi vergidən azad olunmamalıdır. Heç bir dövlət müəssisəsinə yüz milyonlarla, tutaq ki, yenidənqurma, bərpa işləri ilə bağlı büdcədən pul ayrılmamalıdır, onların borcları büdcə hesabına ödənilməməliidr.

Bu məsələlər barədə hökumət ciddi düşünməlidir. Əslində hər il büdcənin müzakirəsi hökumət üçün bir şansdır ki, deputatların tənqid və təkliflərini öyrənsin, nöqsanları görsün və sürətli iqtisadi inkişafı təmin etmək üçün çevik qərarlar qəbul etsin.

- Müzakirələrin tənqidi ruhda keçiriləcəyini güman edirsiniz?

- Mən çox istərdim ki, iqtisadiyyatımızın durumu ilə bağlı ciddi müzakirələr olsun. Bəzi həmkarlarım bu müzakirələrə hökumətə öz sevgi və rəğbətlərini ifadə etmək imkanı kimi baxmasın. Deputatlar seçiciləri təmsil edir, amma bütövlükdə onlar ölkənin ali qanunverici orqanının, hakimiyyətin müstəqil qanadının təmsilçisidir, onlar da iqtisadiyyatımızın bugünkü vəziyyətinə görə hökumət qədər məsuliyyət daşıyır.

Bizdə çox vaxt bəzi deputatlar deyirlər ki, hökumət, yaxud hansısa nazir öz vəzifəsini yaxşı yerinə yetirmirsə, bunun mənə nə aidiyyəti var? Amma çox aidiyyəti var. O mənada aidiyyəti var ki, hökumət gəlir hesabat verməyə, demək ondan ciddi hesabat tələb olunmalıdır, hökumət gəlir büdcənin müzakirəsinə, imkan var ki, nöqsanlar ciddi şəkildə tənqid olunsun, iqtisadiyyatımızın inkişafına dair təkliflər verilsin. Parlamentin ora qədər imkanı var ki, ciddi qanunların qəbul olunmasında prinsipial mövqe ortaya qoya bilsin. Ona görə də sən bunu etmirsənsə, sadəcə olaraq “hökumət bu layihəni göndərdi, mən də bu qanunu qəbul etdim, mənim nə məsuliyyətim var”, söhbəti ola bilməz. Ona görə ki, qanunu sən qəbul edirsən. Dövlət büdcəsini də parlament bölüşdürür.

- Vaxtaşırı büdcə vəsaitlərinin xərclənməsinə parlament nəzarətinin vacibliyindən də çox danışılır. Gələcəkdə bu məsələ də müsbət həllini tapa bilərmi?

- Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununa görə, qəbul olunmuş qanunların icrasına parlament nəzarət etməlidir. Sonuncu iclasda yəqin ki, gördünüz, “Daxili qoşunlar haqqında” qanun qəbul olunanda da mən bu məsələni səsləndirdim.

- Bəli, izlədik. Diqqətçəkən həm də bu idi ki, sizin çıxışınıza xanım sədrin adekvat münasibəti oldu və hətta məsələnin komitədə, işgüzar müstəvidə müzakirə olunmasını təklif etdi. Bir sıra hallarda hökumətin fəaliyyəti ilə bağlı deputatların çıxışları, tənqidləri zamanı spiker həmkarlarının mövqeyindən çıxış edir.

- Bu münasibət təqdir olunmalıdır, bəzən mənim də tənqidi fikirlərim olub, iş prosesində yəqin ki, bundan sonra da tənqidlərin olma ehtimalı var, təbii, çox istərdim ki, olmasın. Amma bütövlükdə Sahibə xanım çalışır ki, alternativ fikrin səslənməsinə mane olmasın, sağlam və qərəzsiz tənqidi də süngü ilə qarşılamır. Qaldırılan problemlərin də komitələrdə araşdırılmasını istəyir.

Keçən dəfə mən rüsumlardan əlavə dövlət orqanlarının göstərdikləri xidmətə görə əlavə pul almasının Konstitusiyaya zidd olması ilə bağlı məsələ qaldırmışdım. Sahibə xanım Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllimə (Hüseynli - red.) tapşırdı, sonra bizim komitə rəhbəri ilə müzakirəmiz oldu. Qanunvericilik təşəbbüsü ilə çıxış etmiş subyektlə də əlaqə qurdular. Yəni bu, çox yaxşıdır.

Silahlı Qüvvələrlə bağlı mənim qaldırdığım məsələ də ondan ibarətdir ki, ümumiyyətlə, güc strukturlarının üzərində ciddi mülki nəzarət olmalıdır. Mən parlamentdə də dedim, o adamın ki, əlində silah var, onun üzərində ciddi mülki nəzarət olmalıdır. “Daxili qoşunlar haqqında” qanun layihəsində qeyd olunur ki, daxili qoşunlara ümumi nəzarəti Prezident həyata keçirir, idarədaxili nəzarəti daxili işlər naziri və Daxili qoşunların komandanı həyata keçirir. Amma mən təklif etdim ki, burada bir kənar nəzarət də olmalıdır. Kənar nəzarəti də Milli Məclisin müvafiq komitəsi həyata keçirməlidir.

“Silahlı Qüvvələr haqqında” qanun müzakirə olunanda da bunu söyləmişdim. Misal üçün, bizim Konstitusiyada və Milli Məclisin daxili nizamnaməsində çox təəssüf, bu, nəzərdə tutulmayıb ki, cəmiyyətdə ciddi ictimai rezonans doğuran hadisələrlə bağlı Milli Məclisin Deputat İstintaq Komissiyası, yaxud müvafiq komitələrin bir fakt araşdırıcı qrupu yaradıla bilər.

- Yaxud deputat istintaq qrupu…

- Bəli, deputat istintaq qrupu. Milli Məclisin belə bir səlahiyyəti yoxdur. Bizdə bu olsaydı… İndi görürsünüz, “Tərtər işi” ilə bağlı bir dəfə məhkəmə oldu, insanlar da cəzalandırıldı. Sonra şikayətlər oldu, yenidən bu məsələyə qayıdıldı, yenidən məhkəmə oldu. Həmin iş üzrə narazılıq bu gün də davam edir. Yəni istintaq orqanı və məhkəmə iki dəfə fərqli-fərqli qərarlar qəbul edib. Amma belə hadisələr baş verəndə parlamentin səlahiyyəti olmalıdır ki, həmin faktları araşdırmaq üçün məsələn, Müdafiə və Təhlükəsizlik Komitəsi bir faktaraşdırıcı komissiyasını yaratsın və deputatlar məsələni komitədə müzakirə etsinlər. Baş vermiş hadisəyə siyasi və hüquqi qiymət verilsin. Araşdırmaların nəticələri Prezidentə və hüquq-mühafizə orqanlarına göndərilsin.

- Bu, həm də parlamentin nüfuzunun artması demək olar, elə deyilmi?

- Əlbəttə, bu, parlamentin nüfuzunun artmasına, dövlət quruculuğuna və vətəndaş məmnunluğuna töhfə verərdi. Bu, bütün hüquqi dövlətlərin təcrübəsində var. Mən iclasda da dedim, misal üçün, komitə üzvlərinin mütəmadi olaraq zabit və əsgərlərlə görüşünün olması, hərbi hissələrə, hərbi birləşmələrə getməsi, şəxsi heyətlə görüşməsi, onların fikirlərini öyrənməsi faydalı olardı.

Müəyyən vəzifələrə təyinatın parlamentin müvafiq komitəsinin razılığı ilə həyata keçirilməsi də faydalı olardı. Mən bunu bir neçə dəfə qaldırmışam, bizdə faktiki surətdə Daxili Nizamnamə Milli Məclisin deputatlarının dövlət sirlərinə və kommersiya sirlərinə çıxışını qadağan edir. Yaxşı, indi deyin görək, onda biz büdcəyə necə nəzarət edə bilərik? Tutaq ki, büdcə vəsaiti ilə silah alınır. Komitədə müzakirə etmirsən ki, bu silahın alınmasına nə dərəcədə ehtiyac var, hansı qiymətə alınır, onun keyfiyyəti nədir, hansı ölkələrdən alınır. Vəsaiti ayırdın, çəkildin durdun qıraqda, belə olmaz axı. Yəni bu qanunların icrasına mütləq parlamentin nəzarət funksiyası olmalıdır. Ona görə mülki nəzarəti təmin etmək üçün inkişaf etmiş ölkələrin çoxunda müdafiə naziri mülki şəxs, Baş Qərargah rəisi isə hərbçi olur. Bu da mülki nəzarətin təmin olunmasının bir formasıdır.

- Qüdrət bəy, bu günlərdə kifayət qədər aydınlıq gətirilməyən bir hadisə də baş verdi. Sirr deyilsə, deputat həmkarınız Elçin Mirzəbəyli ilə yollarınızı niyə ayırdınız?

- Biz bu barədə mətbuata açıqlama vermişik. Elçin Mirzbəylinin bu günlərdə sizin saytda məqaləsi getmişdi. O, nə AXC-nin, nə də AXCP-nin üzvü olub. Vətəndaş Həmrəyliyi Partiyasının üzvü idi. Mənim yanıma gəldi, iqtidar-müxalifət münasibətlərinə, ölkəmizin gələcəyinə dair fikirlərimi bölüşdüyünü dedi, bizim partiyaya qoşulmaq istədiyini bildirdi. Onun səmimiyyətinə inandım, partiyanın katibi təyin etdim, partiyanın Ali Məclisi də mənim qərarıma hörmətlə yanaşıb onu bu vəzifəyə təsdiq etdi.

Sonra “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru vəzifəsi vakant olanda yenə yanıma gəldi, qəzetin baş redaktoru olmaq arzusunu bildirdi və mənim tövsiyəmlə həmin vəzifəyə təyin olundu. Partiyada olduğu müddətdə ona həmişə dəstək olmuşam. Parlament seçkilərində də partiya imkanları çərçivəsində ona dəstək oldu, o, deputat seçildi. Amma o, son illər müstəqil siyasi ekspert kimi fəaliyyət göstərirdi. Biz də onun bu istəyini nəzərə aldıq, İdarə Heyətində yekdilliklə onun ƏHD Partiyasının sıralarından xaric olunmasına dair qərar qəbul etdik. İdarə Heyəti həmin qərarının Nizamnaməyə uyğun olub-olmadığına dair rəy verməsi üçün Nəzarət Təftiş Komissiyasına göndərdi. İdarə Heyətinin qərarının Nizamnaməyə uyğunluğuna dair qərar NTK-da da yekdilliklə qəbul olundu. Hər şey sivil qaydada, Nizamnamə çərçivəsində öz həllini tapdı. Biz artıq çoxdan baş vermiş ayrılmanı rəsmiləşdirdik.

Düşünürəm o, bu qərarın həm də onun üçün faydalı olmasının fərqindədir. Bundan artıq deyə biləcəyim bir şey yoxdur. Bəziləri İdarə Heyətində onun iştirakının niyə təmin olunmadığını soruşurlar. Buna ehtiyac yox idi, çünki uzun müddət siyasətdə olan adam kimi o, nə etdiyini, etdiklərinin hansı siyasi nəticələr doğuracağını da bilirdi. Bizim söhbətimiz olmuşdu. Nizamnamədə də bu, nəzərdə tutulmur. Nizamnamədə nəzərdə tutulur ki, əgər partiyanın rəhbər orqanı kimisə partiyadan xaric edərsə, o, bir ay müddətində Nəzarət-Təftiş Komissiyasına müraciət edə bilər və NTK da 20 gün müddətində onunla bağlı qərar qəbul etməlidir.

- Parlamentdə üçüncü ən çox deputat yerinə malik partiya idiniz. Bu qərarı həm də ƏHD Partiyası üçün itki hesab etmək olarmı?

- Deputat yeri və büdcədən maliyyə ayrılması baxımından bəli. Mən həmişə partiyanın rəhbər orqanları qarşısında çıxışımda deyirəm ki, kim uğurlarını başqa yerdə görürsə, başqası ilə xalqımız üçün daha faydalı ola biləcəyini düşünürsə, tərəddüd etmədən bizdən ayrıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see194

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see149

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see145

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see139

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see128

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see124

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri