Deputatlar da dilə gəldi: Vətəndaşlara bölgədə iş, təhsil, ev vermək lazımdır
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bakıda tıxacların hər gün daha da artması, küçələrdə dözülməz vəziyyətin yaranması, sərnişinlərin, sürücülərin, hətta deputatların narazılığı həm də problemin yaranma səbəblərini gündəmə gətirir.
Bəzən tıxac probleminin səbəblərindən danışarkən vətəndaşların daha çox avtomobildən istifadəsi, yolların standartlara cavab verməməsi, ictimai nəqliyyatdan istifadəyə marağın azlığı, şəhər infrastrukturunun bu qədər yükü daşıya bilməməsi kimi amillər göstərilsə də, əslində reallıq tamamilə başqadır.
Doğrudur, bu səbəblərin də Bakıda tıxacın yaranmasında müəyyən rolu var, amma bu rol həlledici deyil.
Bakının artıq bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini nəzərə alsaq, tıxacların həyatı daha da çətinləşdirəcəyini düşünməmək mümkün deyil. Bakıda hər gün hansısa yollar hansısa səbəblərdən bağlanır, sürücülərə adları açıqlanmayan alternativ yollar təklif edilir, həmin alternativlər də heç zaman mənzil başına zamanında çatdırmır. Nəticədə tıxaca daha bir neçə yol əlavə edilir.
Problemə kompleks yanaşma nümayiş etdirilməyənə qədər də vəziyyət indikindən çox fərqlənməyəcək. Kompleks yanaşma isə hazırda Azərbaycanın ən böyük problemlərindən birini - Bakını paytaxt olmaqdan çıxarıb dövlət idarəçiliyinin, mədəniyyətin, sənayenin, təhsilin, iqtisadiyyatın, sahibkarlığın yeganə ünvanına çevirilməsinin qarısını almaqdır. Çoxsaylı idarə və müəssisələrin, ali təhsil ocaqlarının paytaxtda yerləşməsi, iş, təhsil, müalicə üçün insanların məcburi olaraq Bakıya axışması tıxac problemini yaradan səbəblərdən ən birincisidir.
Dövlət qurumları, komitə və nazirliklər, idarə və müəssisələr, biznes subyektləri, ali təhsil müəssisələrinin Bakıda yerləşməsi nəticəsində hər gün avtomobildən məcburi istifadə yollarda tıxacların daha da artmasına şərait yaradır. Universitetlərin bir çoxunun paytaxtda olması onminlərlə tələbənin, müəllim-tələbə heyətinin eyni zamanda Bakı küçələrinə çıxmasına səbəb olur.
Bununla yanaşı, bölgələrdən xüsusilə işləmək üçün paytaxta gələn əhali sayının artması tıxacın yaranmasının əsas amillərindəndir. Əgər bu gün tıxacda saatlarla qalan vətəndaş hansısa bölgədə hətta Bakıda aldığından da daha az əmək haqqı ilə özünə iş taparsa, çətin ki, gününün çoxunu dayanacaqlarda, yollarda keçirməyə çalışsın. Yaxud hansısa tələbə ona gələcək həyatında lazım olan ali təhsili, lap elə diplomu doğulduğu, böyüdüyü bölgədəki universitetdə əldə edə biləcəyinə əmin olarsa, aylar əvvəldənBakıda kirayə mənzil tapmaq dərdi çəkməz.
Deməli, əsas məqam əhalinin bölgələrdən paytaxta köçünün səbəblərini aradan qaldırmaqdır. Məhz bölgələrdə yaranmış mövcud vəziyyət əhalini Bakıya üz tutmağa vadar edir. Bölgələrdə iş yerlərinin olmaması vətəndaşları maddi çətinliklər üz-üzə qoyur.
Nəticədə ailəni dolandırmaq üçün ən azı bir üzv Bakıya üz tutur, bütöv ailə şəklində gələnlər də az deyil. Bölgələrdə mənzil təminatı olmayan, torpaq alıb ev tikdirə bilməyən, hətta olan evini banka girov qoyub sahibkarlıq fəaliyyəti üçün kredit almaqda çətinlik çəkən ailələr paytaxtda kirayə yaşamaq, hansısa işlə məşğul olmaq və ya ipoteka ilə mənzil əldə etmək məcburiyyətindədirlər.
Eyni zamanda, bölgələrdə maaş azlığı onların yaşamını hətta minimal ölçüdə belə təmin etmədiyindən, paytaxta gəlməkdən başqa yol qalmır. Yaxud şagird azlığı, xərc çoxluğu səbəbindən məktəbi, tibb məntəqəsi, kitabxanası, klubu bağlanan kənddə kim niyə və necə yaşasın ki?
Bakının saatlarla davam edən tıxacını aradan qaldırmaq üçün ilk növbədə bu problemlər həll edilməlidir. Vətəndaşa bütün bölgələrdə iş, yüksək maaş, ev, keyfiyyətli və daha ucuz kommunal xidmət təqdim edilərsə, paytaxtdan bölgələrə dönüşü sürətləndirmək olar.
Təsadüfi deyil ki, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Zahid Oruc məhz bu sahədə mövcud problemlərə toxunub. Millət vəkili qeyd edib ki, kənddən gələn insanlar Bakıda tıxacların yaranmasına səbəb olurlar:
“Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına təzyiqlər artır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Əhalinin axını oradan gəlir”.
Problemin həlli yollarını təklif edən komitə sədri deyib:
“Həll yolları sadədirmi? Xeyr, amma buna cəhd eləmək lazımdır. 3, 5, 7 ildən sonra nəticələrini verəcək. Biz hər zaman bunu söyləyirik: Bölgələrdə elektrik enerjisinin tarifini 3 dəfə azaldacaqsan. Qaz – əgər o kənddə mövcuddursa – onu 3 dəfə azaldacaqsan. Onsuz da bu, büdcə üçün böyük bir itki yaratmır.
Əksinə, Bakıda tunellərə və ya əhalinin məskunlaşmasına çəkilən xərclər bundan bir neçə dəfə artıqdır. İpotekanı bölgələrdə verəcəksən. Emal müəssisələrini vergidən tam azad etmək lazımdır. Bu sahədə sıfır vergi siyasəti həyata keçirilməlidir. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əməkhaqqını bir neçə əmsal artıracaqsan. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss edəcək. Bu, dünyada keçilmiş yoldur”.
Z.Oruc əlavə edib ki, əgər bölgələrdə poçtlar, tibb məntəqələri bağlanırsa, bu məktəblərin də qapısına qıfıl vurulması təhlükəsini yaradır:
“Bu halda kəndin özünün varlığı sual altında qalır”.
Göründüyü kimi, bu gün əhalinin bölgələrdən Bakıya üz tutması yalnız tıxac problem ilə məhdudlaşmır. Hazırda yerlərdəki mövcud problemlərlə bağlı əhali doğulub-böyüdüyü yerləri tərk etmək məcburiyyətində qalır.
Bölgələrdə həyatın canlanması, insanların öz doğma yurdlarına qayıdışı həm də tıxac probleminin həllinin təminatçıcı olar.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Deputatlar bölgədə iş
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 21 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















