Diaspor biznes dövlət üçbucağı yaradılaraq iqtisadi lobbi potensialı gücləndirilməlidir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
6.3.14 diaspor quruculuğu lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Hər kəsə məlumdur ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə diasporumuzun daha da inkişaf etməsinə böyük əhəmiyyət verilir.
Bakıvaxtı.az bildirir ki, məhz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində diaspor qurumlarımızla səfirliklərimiz arasında sıx əlaqələrə nail olunub. Səfirliklərimiz və digər diplomatik təsisatlarımızla qurulan ciddi əməkdaşlıq əlaqələri diaspor qurumlarımızın öz fəaliyyətlərini daha geniş şəkildə qurmasına səbəb olub.
Unutmaq olmaz ki, müasir dövrdə qloballaşmanın sürətlənməsi xalqlar arasında inteqrasiyanı dərinləşdirdiyi kimi, diaspor və lobbi təşkilatlarının da əhəmiyyətini artırıb. Bu gün bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı güclü diaspor şəbəkəsi və həmin diasporun lobbiçilik fəaliyyətləri ilə ölçülür. Ona görə də Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir.
Bundan başqa, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatının rolu böyükdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporlararası əlaqələri genişləndirmək olub. Azərbaycan diasporu Vətən müharibəsindən öncə də Xocalı soyqırımı kimi qan yaddaşımız olan tariximizin dünya ölkələrinə tanıdılmasında, “Xocalıya ədalət” kimi kampaniyaların təşkilində, erməni yalanlarının ifşasında böyük fəallıq nümayiş etdirib. Müharibə dövründə diaspor təşkilatlarımız xaricdə yaşayan azərbaycanlılara komitə tərəfindən beş dəfə - 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarxilərində müraciət ünvanlayıb.
Komitə tərəfindən edilmiş müraciətlərdə həmvətənlərimizə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırış və xaricdə yaşayan hər bir həmvətənimizin Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb. Yaşadıqları ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlarına həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə mənəvi dəstək olmağa çağırış edilib. Ermənistan ordusunun Gəncə, Mingəçevir, Bərdə və digər cəbhədən uzaq ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumatlandırılan həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilib.
Eyni zamanda müxtəlif ölkələrin prezidentlərinə, rəsmi şəxslərinə (nazir, kansler, ombudsman), Xarici İşlər Nazirliklərinə, yerli idarəetmə orqanlarına, BMT Təhlükəsizlik Şurasına, NATO, ATƏT, Qırmızı Xaç və digər beynəlxalq təşkilatlara bəyanat, məktub və müraciətlər ünvanlanıb. Bundan başqa, dünyanın müxtəlif ölkələrində Qarabağa dəstək kompaniyaları, tədbirləri, aksiyaları və yürüşlər keçirilib.

Yusif Bağırzadə: Doğru qurulmuş lobbiçilik dövlətin strateji tərəfdaşlıqlarının möhkəmləndirilməsində vacib məqamdır
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqla verən politoloq Yusif Bağırzadə bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaxınlaşması, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinin Azərbaycan dövlətinin milli maraqlarının təmin olunmasında oynadığı rolu yenidən gündəmə gətirir.
Onun sözlərinə görə, bu gün böyük qürur hissi ilə müşahidə edirik ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verirlər:
"Soydaşlarımızın əksəriyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində və erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında mühüm rol oynayır. Bu fəaliyyət, təbii ki, dövlətin dəstəyi və dost xalqlarla səmərəli əməkdaşlıq nəticəsində daha təsirli olur. Azərbaycan diasporunun təşkilatlanması və beynəlxalq arenadakı rolunun möhkəmlənməsi uzunmüddətli dövlət siyasətinin nəticəsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə və müxtəlif ölkələrdə azərbaycanlı icmalarının fəallığının artmasına böyük təsir göstərdi. Qurultaydan sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Bu addımlar diasporun milli birliyinin möhkəmlənməsi və qlobal miqyasda təşkilatlanması üçün ciddi hüquqi və institusional baza yaratdı".
Y.Bağırzadə əlavə edib ki, daha sonra Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də keçirilmiş iclası və həmin toplantıda "Dünya Azərbaycanlılarının Xartiyası"nın qəbulu, diaspor potensialının güclənməsini və tarixi Vətənlə əlaqələrin möhkəmlənməsini göstərdi. Azərbaycan Diasporuna Dəstək Fondu isə 2018-ci ildə yaradılaraq diaspor təşkilatlarının maddi-texniki bazasını möhkəmləndirdi, milli-mənəvi dəyərlərin inkişafına töhfə verdi və dövlət dəstəyinin ünvanlılığını təmin etdi.
"Bununla yanaşı, 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilərək diaspor fəallarının peşəkar fəaliyyətini stimullaşdırdı. Hazırda Azərbaycanın diaspor şəbəkəsi dünyanın müxtəlif ölkələrində geniş yayılıb. Bununla belə, fəaliyyət bəzən sistemli koordinasiya çatışmazlığı ilə müşahidə olunur və təşəbbüslər lokal səviyyədə qalır. Qarabağ münaqişəsi və post-münaqişə dövründə informasiya müharibəsinin intensivləşməsi diasporun koordinasiyalı fəaliyyətinin əhəmiyyətini bir daha göstərdi. Bu səbəbdən peşəkar lobbiçilik strukturlarının formalaşdırılması və qərarverici orqanlarla uzunmüddətli əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirəcək", - deyə müsahibimiz qeyd edib.
Politoloqun fikrincə, peşəkar lobbiçilik məsələsi hələ də Azərbaycanın zəif tərəflərindən biridir. Qlobal dövlətlər kimi Azərbaycan da lobbi şirkətləri vasitəsilə xarici ictimaiyyət və hökumətlərlə işləməlidir. Xaricdə yaşayan azərbaycanlı gənclər isə bu prosesdə intellektual resurs kimi böyük potensiala malikdir və onlar sistemli şəkildə layihələrə, təcrübə proqramlarına və beynəlxalq platformalara cəlb edilməlidir:
"Həmçinin, diaspor-biznes-dövlət üçbucağı yaradılaraq iqtisadi lobbi potensialı gücləndirilməlidir. Lobbiçilik yalnız siyasi sahədə üstünlük qazandırmır, bu fəaliyyət investisiya cəlbi, mədəni təsir gücünün artması və informasiya təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Doğru qurulmuş lobbiçilik Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsində, regional layihələrdə iştirak imkanlarını artırılmasında və dövlətin strateji tərəfdaşlıqlarının möhkəmləndirilməsində olduqca vacib məqamdır.
Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan diasporu və lobbiçilik fəaliyyəti son illərdə müsbət dinamika nümayiş etdirir. Bunun daha səmərəli olması üçün institusional yeniliklər, vahid koordinasiya mərkəzləri, peşəkar lobbi strukturları və gənclərin sistemli dəstəyi tələb olunur. Bu fəaliyyətlərin gücləndirilməsi isə təbii olaraq Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində və beynəlxalq mövqeyinin möhkəmlənməsində həlledici əhəmiyyət daşıyır".

Kamran Məmmədli: Effektiv lobbiçilik Azərbaycanın beynəlxalq imicinə, siyasi mövqeyinə konkret töhfə verir
Politoloq Kamran Məmmədli isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın diaspor və lobbiçilik fəaliyyəti ümumi mənzərədə əvvəlki illərlə müqayisədə daha təşkilatlanmış görünür. Xüsusilə müxtəlif ölkələrdə icmaların institutlaşması və əlaqələndirmə mexanizmlərinin yaradılması müsbət haldır:
"Bu, hazırda müharibədən öncəki zamanla müqayisədə xeyli irəlləyişlərin olduğunu görürük. Lakin bununla yanaşı, fəaliyyətin həm miqyası, həm də təsir gücü baxımından hələ də istənilən səviyyədə olmadığını açıq demək lazımdır. İlk növbədə, diaspor təşkilatları hələ də daha çox mədəni tədbirlərlə yadda qalır. Halbuki müasir lobbiçilik müstəvisi artıq təkcə mədəniyyət tanıtmaqla ölçülmür. Siyasi dairələrlə davamlı əlaqələr, analitik məhsulların hazırlanması, informasiya müharibəsində çevik mövqe və beynəlxalq media ilə sistemli iş tələb edir. Bu istiqamətlərdə isə çox təəssüf ki, erməni lobbiçilərindən geri qalırıq. Dünyanın bir çox ölkəsində erməni lobbiçiliyinin onilliklərdir qurduğu şəbəkələrlə müqayisədə bizim fəaliyyətimiz hələ də geridədir. Lakin bu fərqi biz xeyli azaldırıq və doğru addımlar atılarsa, yaxın 10-15 ilə bu göstəricilərdə onları qabaqlaya bilərik".
Planlı strategiyanın vacib olduğunu qeyd edən K.Məmmədli hesab edir ki, ilk növbədə, xaricdə yaşayan azərbaycanlıların potensialından daha sistemli istifadə edilməli, onların bilik və peşəkar çevrələri vahid strategiyaya uyğun səfərbər olunmalıdır. Həmçinin diaspor təşkilatlarının fəaliyyəti təkcə tədbirçilikdən çıxmalı, beynəlxalq ekspertlərlə əməkdaşlıq, analitik hesabatlar, sərt diplomatik mövzuların gündəmə gətirilməsi kimi peşəkar səviyyəyə yüksəldilməlidir.
"Eyni zamanda gənclərin diaspor fəaliyyətinə cəlbi gücləndirilməli, xüsusilə qərb ölkələrində siyasi institutlara yaxınlaşmalarına şərait yaradılmalıdır. Effektiv lobbiçilik Azərbaycanın beynəlxalq imicinə, təhlükəsizlik maraqlarına və siyasi mövqeyinə konkret töhfə verir. Xarici parlamentlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən deputatların, media məkanında ölkəmiz haqqında obyektiv mövqeyin formalaşmasının böyük hissəsi lobbiçilik sayəsində mümkün olur. Həmçinin iqtisadi əməkdaşlıq, investisiya cəlbi, təhlükəsizlik tərəfdaşlıqları kimi sahələrdə də bu fəaliyyət öz töhfəsini göstərir. Yəni, ümumi mənzərə hazırda orta-normaldır, əvvələ nisbətən müəyyən irəliləyişlər var. Amma indiki dünya reallığında bu kifayət etmir. Azərbaycan diasporu daha çevik, daha koordinasiyalı və daha professional fəaliyyət göstərməlidir ki, dövlətin xaricdəki maraqlarının qorunması real təsir gücünə çevrilsin", - deyə Kamran Məmmədli əlavə edib.
Gülşən Şərif
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb
Baxış sayı:99
Bu xəbər 28 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















