Doğma yurdda yeni həyat ŞƏRH
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
25 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan, xalqımızın milli qürurunu, ərazi bütövlüyümüzün bərpasını və torpaqlarımıza qayıdış iradəsini təcəssüm etdirən əlamətdar gündür. Kəlbəcər şəhərinin işğaldan azad olunması Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm nəticələrindən biri olmaqla, dövlətimizin gücünü, xalqımızın birliyini və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini nümayiş etdirdi.Kəlbəcər Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi, mineral suları, meşələri, dağları və yaylaqları ilə seçilən qədim yurd yerlərindən biridir. Bu diyarın hər bir guşəsi xalqımızın yaddaşında xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilərin qəlbində ata-baba yurduna qayıtmaq arzusu yaşadı. 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi qeyd edilməsi həmin həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və yeni həyatın başlanmasının rəmzidir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu uzun illər düşmən tapdağı altında qaldı. İşğal dövründə yaşayış məntəqələri, tarixi abidələr, məktəblər və digər infrastruktur obyektləri dağıdıldı, əhalisi doğma yurdlarından didərgin salındı. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı, dövlətimiz ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyini qorudu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi nəticəsində Kəlbəcər 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarıldı. Bu hadisə xalqımızın onilliklər ərzində gözlədiyi tarixi an, milli iradəmizin və dövlətimizin gücünün təntənəsi oldu.
Kəlbəcərin azad olunmasından sonra Prezident İlham Əliyev bu ərazinin bərpasını, inkişafını və sakinlərin doğma yurdlarına qayıdışını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Dövlət başçısının Kəlbəcərə mütəmadi səfərləri burada həyata keçirilən quruculuq işlərinin sürətini, miqyasını və strateji əhəmiyyətini aydın nümayiş etdirir.
Prezidentin 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfəri azad edilmiş torpaqlarda yeni həyatın başlanmasının mühüm mərhələsi oldu. Həmin səfər zamanı Kəlbəcər şəhərində Azərbaycan Dövlət Bayrağı ucaldıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin təməli qoyuldu, “Kəlbəcər” yarımstansiyasının açılışı həyata keçirildi, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanışlıq oldu. Dövlət başçısı, həmçinin Kəlbəcərin gələcək inkişafı, təhlükəsizliyi və infrastrukturu ilə bağlı mühüm məsələlərə diqqət yetirdi. 2022-ci il iyunun 26-da Prezidentin növbəti səfəri zamanı Kəlbəcərdə hərbi hissənin və “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu. Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, Rəqəmsal İdarəetmə Mərkəzinin və “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri rayonun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm addımlar idi.
2023-cü il mayın 27-də və avqustun 25-də həyata keçirilən səfərlər zamanı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, Yanşaq, Zallar və Zar kəndlərinin təməli qoyuldu, yeni kiçik su elektrik stansiyaları istifadəyə verildi, hərbi hospitalın açılışı edildi. Prezidentin bu səfərləri Kəlbəcərin yaşayış, iqtisadi və sosial infrastrukturunun yenidən qurulmasına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi oldu. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı “Yuxarı Vəng” və “Zar” su elektrik stansiyaları, “İstisu” mineral su zavodu və “İstisu” yarımstansiyası istifadəyə verildi. Kəlbəcər şəhərində yeni yaşayış komplekslərinin, inzibati binanın, təhsil müəssisələrinin tikintisi ilə tanışlıq, İstisu qəsəbəsinin təməlqoyma mərasimi bölgənin sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. 2025-ci il avqustun 21-də dövlət başçısının Kəlbəcərə səfəri isə Böyük Qayıdışın real nəticələrinin nümayişi ilə yadda qaldı. Kəlbəcər şəhərində sakinlərlə görüş keçirildi, onlara yeni mənzillərin açarları təqdim olundu, üçüncü və dördüncü yaşayış komplekslərinin, şəhər parkının təməli qoyuldu. “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı, arıçılıq məhsullarının satışına xidmət edən müəssisənin istifadəyə verilməsi bölgədə iqtisadi fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıdı.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın qürur, sevinc və minnətdarlıq günüdür. Bu tarix şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını, Azərbaycan Ordusunun gücünü və dövlətimizin qətiyyətini xatırladır. Kəlbəcərin azadlığı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərin mühüm səhifəsidir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















