Doğum sayında kəskin azalma
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Son bir neçə ildir Azərbaycanda doğum sayında azalma müşahidə olunur. Statistik rəqəmlər də bunu sübut edir. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib. Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26 faiz) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib.
Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan körpə qeydə alınmışdı. Demoqrafik göstəricilər bu il Azərbaycanda doğulan uşaq sayının təxminən 75-80 min civarında olacağını proqnozlaşdırır. Bu isə ölkədə doğum göstəricilərinin 1947-cı ildən bəri ən aşağı göstərici olacağını deməyə əsas verir.
Sosioloq Üzeyir Şəfiyev deyir ki, doğum səviyyəsinin azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, ailə planlaşdırması və sosial-iqtisadi çətinliklər gənc ailələrin az uşaq dünyaya gətirməsinə təsir edir. Bundan əlavə, şəhərləşmə və karyera hədəfləri də ailə qurmaq və uşaq sahibi olmaq qərarlarına təsir edən mühüm amillərdən biridir: "Son 22 ilin statistikasını təhlil edəndə görürük ki, təbii artımda ləngimə müşahidə olunur. Bu, əhalinin ailə planlaşmasında olan dəyişiklərlə bağlıdır. İnsanlar indi daha çox eqoist, bəncil həyat yaşayırlar. Onlar uşaq məsuliyyəti götürmək yeni özlərinin eqoist həyatını sürdürmək istəyirlər. Müasir dövrdə hər bir azərbaycanlı ailəsində maksimum 2 və ya 3 uşaq olur. Bu, bir tərəfdən sosial-iqtisadi vəziyyətlə əlaqələndirilsə də, həm də müasir ailə planlaşdırmasının reallığıdır. Daha bir məsələ, bu bir faktdır ki, insanların mədəni səviyyəsi artdıqca çoxuşaqlı ailələrin sayı azalmağa başlayır, ailədə uşaqların sayı az olur. Diqqət edəndə də görürük ki, əvvəllər də əsasən kasıb ailələrdə uşaqların sayı çox olurdu. Hətta belə bir deyim də var idi ki, "kasıbın nəyi də olmasa, uşaqdan bol olur". Beləliklə, təbii artımın aşağı düşməsinin səbəblərindən biri də mədəni səviyyənin artması ilə əlaqədardır. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan təbii artım baxımından irəlidədir. Ancaq tədbirlər görülməsə, orta perspektivdə təbii artımda daha da ləngimə ola bilər. Təbii artımın aşağı düşməsi eyni zamanda orta perspektivdə əmək bazarına və səfərbərliyə də təsir edə bilər. Təbii artım aşağı düşərsə, mexaniki artımla əhali sayı arta bilər. Bu da yaxşı nəticə verməz, çünki Avropa mexaniki artım hesabına miqrant ekspansiyası ilə qarşılaşıb. Əgər demoqrafik siyasət dəstəklənməsə, bənzər vəziyyət Azərbaycanda da ola bilər. Güman edirəm ki, bu tədbirlər görülərsə, doğum sayında artım olar, Azərbaycan əhalisinin qocalması probleminin qarşısı alınar. Bildiyiniz kimi, yeni doğulanlar azaldıqca, qocaların sayı artır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Məsələn, ahılların sayı əhali içərisində 8%-dən yuxarıdırsa, bu, qocalma sindromu ola bilər. Güman edirəm ki, Azərbaycanda bu sahədə tədbirlər sayəsində doğum sayı artacaq və əhalinin qocalmasının qarşısı alınacaq".
Səbəblərdən biri də boşanmaların artması ilə əlaqədardır. Əlbəttə ki, boşanmalar artdıqca, təbii artım aşağı düşəcək. Tam ailə olmayanda, uşaq sayının artmasını gözləmək mümkün deyil. Boşanmaların da sayının kəskin artmasının özünəməxsus səbəbləri var. Məlum olduğu kimi, artıq qadınların kişilərdən iqtisadi asılılığı azalmağa başlayıb. Qadınlar artıq ictimai aktivdirlər, iqtisadi baxımdan özlərini təmin edə bilir və ailədə hansısa problemlər ortaya çıxanda dözümsüzlük nümayiş etdirir və rahat şəkildə boşanmaq qərarına gəlir. Əvvəllər isə qadınlar iqtisadi baxımdan kişilərdən asılı olduqları üçün ən ağır xasiyyətli kişiyə dözür, ailənin dağılmasından çəkinirdi. Həmçinin boşanma məsələsinə pis münasibət, cəmiyyət qınağı var idi. İnsanlar bu qınaqdan çox qorxurdu və boşanmaqdan yayınırdı.
Sosioloqun fikrincə, təbii artımın aşağı düşməsi gələcəkdə bir çox problemlər ortaya çıxaracaq: "Bu məsələ gələcəkdə əmək bazarında problem yarada bilər. Eyni zamanda təbii artım aşağı düşdükcə, paralel olaraq miqrantların sayı arta bilər. Hansı ki, bu da genefondumuza təsir edəcək. Azərbaycanda heç vaxt olmadığı kimi təbii artım aşağı düşüb. Bundan əvvəl gənclər Azərbaycan əhalisinin 30 faizini təşkil edirdisə, indi 20 faizini təşkil edir ki, bu da təhlükəli göstəricidir. Demoqrafik artımda regionların rolu çox böyükdür. Adətən böyük şəhərlərdə çoxuşaqlı ailələrin sayı az olur, ən çox çoxuşaqlı ailələrə regionlarda rast gəlirik. Lakin regionlarda gənclər üçün yaşayış şəraiti yaxşı olmadığından onlar paytaxta axın edirlər. Bu səbəbdən regionda məşğulluğu artırmaq, onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq lazımdır ki, gənclər regionlarda qalsınlar, paytaxta axın etməsinlər. Həmçinin yaxşı olardı ki, qardaş Türkiyədə olduğu kimi, bizdə də gənclərə dəstək fondu yaradılsın".
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkədə demoqrafik azalma 2015-ci ildən başlayıb. İqtisadi problemlərin artması, işsizlik, dolanışıqla bağlı çətinliklərin yaranması ailə planlamasına da mənfi təsir göstərib: "Bu problemi aradan qaldırmaq üçün sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmalıdır. Gənc ailələrə dəstək verilməlidir. Bu gün gənc ailələrin mənzilə çıxış imkanları çox məhduddur. Bu, ailə planlaşdırılmasında çox ciddi məsələdir. Uşaqpulu ilə bağlı neçə illərdir müzakirələr gedir. Onun işlək bir mexanizminin tapılması lazımdır. Mən anlayıram ki, çətin məsələdir, böyük vəsaitlər tələb olunur. Amma ən azından ilk mərhələdə heç olmasa, 3 və ya 5 yaşına qədər olan uşaqlara müəyyən maddi yardımın edilməsi gündəmə gələ bilər. Bu kimi problemləri həll etdikdən sonra demoqrafik artım müşahidə edə bilərik".
N.Cəfərli vurğulayıb ki, ailələrə, uşaqlara yardım üçün əlavə vəsait ayrılması üçün yeni proqram qəbul olunmalıdır. Həm doğuşa görə, həm də 18 yaşına çatana qədər birinci uşağı çıxmaq şərtilə sonrakı uşaqlar üçün uşaq pulu verilməlidir: "Ailədə 2 və daha çox uşaq olmalıdır ki, demoqrafik artım olsun. Bir sözlə, uşaq pulunun verilməsinin problemin həllinə müsbət təsirləri ola bilər".
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, doğum sayının azalması həm qısamüddətli, həm də uzunmüddətli dövrdə ciddi sosial və iqtisadi nəticələrə səbəb ola bilər: "Doğum sayının azalması o deməkdir ki, təxminən 15-20 ildən sonra əmək bazarına daxil olan yeni işçi qüvvəsinin sayında ciddi azalma olacaq. İşləyən şəxslərin sayının azalması isə birbaşa iqtisadi böyüməyə və dövlət büdcəsinə ödənilən vergi daxilolmalarına mənfi təsir göstərir. Çünki iqtisadiyyatın inkişaf etməsi və vergi bazasının genişlənməsi üçün ilk növbədə aktiv işçi qüvvəsi tələb olunur".
Ekspert qeyd edib ki, digər tərəfdən, doğum sayının düşməsi cəmiyyətdə əhalinin yaşlanması problemini gündəmə gətirir: "Yaşlı əhalinin və pensiyaçıların payı gənclərin, çalışanların payına nisbətən artır. Bu disbalans isə sosial müdafiə və pensiya sisteminin üzərinə əlavə maliyyə yükü salır".
Xalid Kərimli vurğulayıb ki, məsələnin gündəlik iqtisadi tərəflərinə nəzər salsaq, uşaq sayının azalması birbaşa müəyyən sektorlara təsir edir. Məsələn, təhsil xidmətlərinə, uşaq qidaları və geyim sənayesinə olan tələbat azalır. Uşaqların istehlakçı kimi payının düşməsi bu sahələrlə bağlı bizneslərin fəaliyyətini zəiflədir: "Bütün bu məsələləri tam neqativ dəyərləndirmək doğru olmaz. Hazırda Azərbaycanda təbii azalma müşahidə edilmir, yəni doğum göstəricisi ölüm göstəricisini üstələyir və əhali artımı davam edir. Avropa ölkələri ilə müqayisədə bizim əhalinin strukturunda gənclərin xüsusi çəkisi hələ də yüksəkdir. Hazırda ölkəmiz üçün əsas vacib məsələ 18-20 il öncə doğulmuş gənclər üçün layiqincə iş yerlərinin açılması, əmək bazarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsidir".
İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, bu gün dünyada gedən qeyri-sabit situasiya - həm müharibələr, həm iqtisadi proseslər demoqrafik problemlərə yol açır. Ümumiyyətlə, dünyada ailə institutuna təzyiqlər artıb. İnsanlar daha çox sərbəst yaşamağı seçir, artıq məsuliyyəti özlərinə öhdəlik kimi götürmək istəmir, gənclər karyera qurmağın, təhsillərini artırmağın ardınca gedir və bunun üzərində daha gec ailə qurmağı planlaşdırırlar: "İnsanların artıq prioritetləri dəyişir. Ailə planlanması karyera və təhsildən ikinci, hətta üçüncü plana keçməkdədir. Bu gün ölkəmizdə mental dəyərlərin deformasiyasını və ya hansısa formada dəyişməsini də müşahidə edirik. Daha çox qadınlara, gənclərə sərbəst yaşamaq, asılı olmamaq kimi mental dəyərlərin də təzyiqləri var. Bütün bunlar demoqrafik vəziyyətin mənfi istiqamətdə formalaşmasına gətirib çıxarır".
Təhsil eksperti İlqar Orucovun dediyinə görə, Azərbaycanda hazırda doğum sayında azalma, ümumilikdə demoqrafik, yəni əhali artımı sayının azalması dinamikasını göstərir. Yəni 10 ildən sonra qeyd olunur ki, şagird sayı 1 milyona düşəcək. Bu, kifayət qədər böyük bir fərqdir: "15 il bundan qabaq 1,6 milyon şagird sayı məktəblərdə bütövlükdə təhsil alanları əhatə edirdisə, bunun 1 milyona düşməsi, çox böyük bir fərqdir. Hesab edirəm ki, bu, demoqrafik artımın zəifləməsindən irəli gəlir. Ümumilikdə, biz əvvəlki illərlə müqayisədə görürük ki, çoxuşaqlı ailələrin sayı kifayət qədər azalıb. Sovet dövründə 10 uşaqlı ailələr var idi, yaxud ondan daha çox uşaqlı ailələr var idisə, artıq bu gün ailələrdə uşaq sayı bir-iki nəfər üstünlük təşkil edir. Görünür ki, bütövlükdə bu tendensiya hələ davam edəcək. Bu da, əlbəttə ki, şagird sayının azalmasına gətirib çıxarır".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Avqust 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















