Donbasdan imtina Zelenskinin hakimiyyətinin sonunu gətirər ŞƏRH
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik müzakirələr yeni və diqqətçəkən mərhələyə qədəm qoyur. ABŞ nümayəndələrinin son danışıqlar zamanı Kiyevə Donbasdan hərbi qüvvələrini geri çəkmək müqabilində NATO üzvlüyü məsələsini gündəmə gətirməsi ciddi müzakirələrə səbəb olub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton belə bir yanaşmanı diplomatik təmaslar zamanı ilk dəfə irəli sürüb.
Zelenski Ukraynanın suveren ərazilərindən geri çəkilmək niyyətində olmadığını vurğulasa da, NATO üzvlüyü, hüquqi baxımdan məcburi təhlükəsizlik təminatları və ölkənin bərpası üçün maliyyə dəstəyini əhatə edən konkret təklif olacağı təqdirdə, məsələni cəmiyyətin müzakirəsinə çıxara biləcəyini bildirib. Bununla yanaşı, Kiyev işğal altında olan ərazilərin Rusiyanın tərkib hissəsi kimi hüquqi tanınmasına razı olmayacağını bəyan edir.
Belə bir təklifin gündəmə gəlməsi ABŞ-ın Ukrayna müharibəsinin gələcəyi ilə bağlı yanaşması, Rusiyanın mümkün reaksiyası və Avropada təhlükəsizlik balansı baxımından mühüm suallar yaradır.
Ərazi güzəşti müqabilində NATO üzvlüyü müharibənin başa çatması üçün real çıxış yolu ola bilərmi?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Donbas müqabilində NATO üzvlüyü təklifi Moskvanın mövqeyini dəyişməyə bilər:
"Hesab edirəm ki, bu təklifin Moskvanın müharibənin dayandırılması ilə bağlı mövqeyinə təsiri birmənalı olmayacaq. İlk baxışdan belə görünə bilər ki, Ukraynanın Donbasdan geri çəkilməsi Rusiyanın əsas ərazi tələblərindən birini təmin etməklə danışıqlar üçün müəyyən imkan yarada bilər. Lakin məsələ yalnız Donbas üzərində nəzarətdən ibarət deyil. Kreml daha geniş təhlükəsizlik və geosiyasi tələblər irəli sürür. Moskva Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır və Avropada təhlükəsizlik arxitekturasının dəyişdirilməsində təkid edir. Odur ki, Ukraynanın NATO-ya qəbul edilməsi müqabilində ərazi güzəşti ideyası Rusiyanın bütün strateji narahatlıqlarını aradan qaldırmır. Əksinə, Rusiya üçün daha böyük narahatlıq məhz elə NATO-nun sərhədlərinə doğru irəliləməsidir və ona görə də Rusiyanın belə bir təklifə isti baxacağı inandırıcı deyil".
Politoloqun sözlərinə görə, Donbasdan imtina Ukraynada ciddi siyasi və ictimai narazılıq yarada bilər:
"Digər mühüm məsələ Ukraynanın daxili siyasi və ictimai mühitidir. Donbas sadəcə coğrafi ərazi deyil, Ukraynanın suverenliyi, milli təhlükəsizliyi və dövlətçilik prinsipinin mühüm simvollarından biridir. Bu ərazilərin güzəştə gedilməsi cəmiyyətdə ciddi narazılıq yarada, hakimiyyətin legitimliyi ilə bağlı müzakirələri gücləndirə bilər. Zelenskinin belə bir qərarı təkbaşına verə bilməyəcəyini və məsələni ictimai müzakirəyə çıxaracağını bildirməsi də məhz elə bunun göstəricisidir.
NATO üzvlüyünə gəlincə, bu, Ukrayna üçün ən ciddi kollektiv təhlükəsizlik təminatlarından biri ola bilər. Çünki Alyansın 5-ci maddəsi üzv dövlətlərə qarşı silahlı hücumu kollektiv müdafiə məsələsinə çevirir. Lakin üzvlük avtomatik və birtərəfli qərarla baş vermir, bunun üçün bütün NATO üzvlərinin razılığı tələb olunur.
Odur ki, Donbas müqabilində NATO üzvlüyü ideyası müharibənin dayandırılması üçün diplomatik imkan yaratsa da, onun real sülh formuluna çevrilməsi həm Moskvanın mövqeyindən, həm Kiyevin ictimai razılığından, həm də Qərbin təhlükəsizlik öhdəliklərinin nə dərəcədə konkret olmasından asılı olacaq. Əks halda, bu yanaşma müharibəni bitirmək əvəzinə, gələcək qarşıdurmanın yeni şərtlərini formalaşdıra bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Noyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















