DOSTLARI ADNAN ƏHMƏDZADƏNİ “PEYĞƏMBƏR ELAN ETDİ” “Adnan kiminsə oyununda çox ciddi intriqanın qurbanı olub!”
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Neft milyarderi, “Global Media Group”un və bir çox iri marketlər şəbəkəsinin sahibi Adnan Əhmədzadənin həbsinə ölkə daxilində dirənişlər artır. “Hürriyyət” bundan əvvəl də məlumat vermişdi ki, “Global Media Group”a daxil olan media subyektləri ilə yanaşı, bir çox informasiya agentlikləri və saytlar A.Əhmədzadənin həbsi haqda bir cümlə də yazmadılar.
Bu zaman ortaya çıxdı ki, neft satışı ilə məşğul olan Adnan Əhmədzadə “Global Media Group”un tərkibindəki media qurumları da daxil olmaqla, kənardakı onlarla saytı da maliyyələşdirirmiş. Bu da iş adamının təkcə iqtisadi maxinasiyalar səbəbindən həbs olunmadığını, ortada siyasi çalarların da olduğu ehtimalını irəli sürməyə imkan verir.
Son günlər A.Əhmədzadənin “günahsız yerə həbs olunduğu haqda” iddiaların gündəmə gətirilməsi isə onu deməyə əsas verir ki, bağlı olduğu siyasi qüvvələr “yatan hücrələri” oyadır...

Yeri gəlmişkən, A.Əhmədzadənin qeyri-rəsmi sahibi olduğu "Rahat" Marketlər Şəbəkəsinin daxil olduğu ANC Şirkətlər Qrupunun təsisçilərindən olan Calal Babakişiyev də özünün “İnstagram” səhifəsində dostunun həbsinə açıq etiraz nümayiş etdirib. Onun sözlərinə görə, Adnan kiminsə oyununda çox ciddi intriqanın qurbanı olub.
Ən maraqlısı isə odur ki, Calal Babakişiyev Adnan Hacızadəni peyğmbərlərlə müqayisə edib. Onun rus dilində paylaşdığı statusun müəyyən hissəsini tərcümə edərək, oxucularımıza təqdim edirik:
“İndi baş verənlər çox şeydən xəbər verir. Ən əsası isə Adnan başqalarının oyununda çox ciddi intriqaların qurbanına çevrilib!
Şəxsən mən onun dostu kimi əminəm ki, o, heç vaxt, heç bir şəraitdə ölkəsinə qarşı çıxmayacaq!
Ümid edirəm ki, tezliklə hər şey aydınlaşacaq və burada anlaşılmazlıq olduğu ortaya çıxacaq. Onun nə qədər vətənpərvər olduğunu, Azərbaycanın mədəniyyət, idman, iqtisadi sahələrdə inkişafında oynadığı rolu hər kəs bilir.
Mən hələ onun xeyriyyəçiliyini qeyd etmirəm:
Xilas etdiyi uşaqları və ağır xəstəliyə düçar olmuş minlərlə insanı ixtisaslaşdırılmış tibb mərkəzlərinə müalicəyə göndərdi. Hamı bilir ki, o, bunu şəxsi maraqları üçün etməyib.
Mən onu mehriban ürəkli bir insan kimi tanıyıram və ona görə də inanıram ki, bu vəziyyətdən daha da güclü çıxacaq.
Həyatdakı hər sınağın bir mənası var - o ya mühüm bir dərs, ya da böyük xeyir-dua ehtiva edir. Bu da keçəcək! Bəli, onu hələ qarşıda çoxlu xeyirxah işlər və nailiyyətlər gözləyir!
Bəşər tarixində hətta peyğəmbərlər də həbs olunub. Bu, insanın özü, sevdikləri, eləcə də kin bəsləyənlər, səxavət və cəsarət göstərənlər üçün müvəqqəti bir sınaqdır.
Onun Cote d'Azurda bir təyyarəsi, yaxtası və ya villası yoxdur”.
KƏNAN
Hurriyyet.az




