Icma.az
close
up
RU
Dünya mətbuatı Zəfərimizin 5 ci paradından nə yazdı?

Dünya mətbuatı Zəfərimizin 5 ci paradından nə yazdı?

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi noyabr ayının 8-də Bakıda Zəfər Günü münasibəti ilə hərbi parad keçirildi. Paradda qardaş Türkiyə və dost Pakistan dövlətlərinin rəhbər nümayəndələri, yüksək çinli həbçiləri və hərbi heyəti iştirak etdi. Bir neçə gündür dünya mətbuatının gözü Azərbaycandadır. Parad haqqında fərqli mətbu orqanlarda məqalələr dərc edilir, televiziya verilişlərində sujetlər nümayiş etdirilir. Maraqlıdır, dünya mediası Bakıdan nə yazdı?

Anadolu Agentliyi: "Azərbaycan "Zəfər"inin 5-ci ilini qeyd etdi"

Türkiyənin Anadolu Agentliyi Bakıda təşkil olunmuş hərbi parad barədə ətraflı reporaj yayımladı. Ruslan Rəhimovun müəllifi olduğu, foto və videolarla yayımlanan reportajda qeyd edilir ki, möhtəşəm parad 3 ölkənin dostluğunun və qardaşlığının müşaiyəti ilə nümayiş olunub: "Azərbaycan Qarabağ Qələbəsinin 5-ci ildönümünü hərbi paradla qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev, prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif Azadlıq Meydanında keçirilən mərasimi birlikdə izləyiblər. Mərasim üç ölkənin dövlət himnlərinin səsləndirilməsi və 44 günlük müharibədə şəhid olan əsgərlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb."

Agentliyin reportajında bildirilir: "Azərbaycan ordusunun xüsusi əməliyyat bölmələri, dəniz piyadaları, sərhədçilər, daxili təhlükəsizlik bölmələri, Milli Təhlükəsizlik Xidmətinin dəstələri və hərbi məktəbin şagirdləri keçib. İkinci Qarabağ Müharibəsi boyu Türkiyənin dəstəyinin simvolu olaraq Prezident Mühafizəsi Mərasim Birliyinin Komando Batalyonu da paradda iştirak edib. Hər iki ölkənin əsgərləri arasında addımların harmoniyası tamaşaçıların uzun sürən alqışları ilə qarşılanıb. İkinci Qarabağ müharibəsi veteranları da böyük ruh yüksəkliyi ilə meydandan keçiblər. Mərasimdə Pakistan Silahlı Qüvvələrinin bölmələri də iştirak edib. Mərasimdə Azərbaycan ordusunun müasir tankları, zirehli texnikası, uzaqmənzilli raket kompleksləri və artilleriya qurğuları da nümayiş etdirilib."

Hərbi paradda İkinci Qarabağ müharibəsinin gedişatını dəyişdirən pilotsuz uçuş aparatları (PUA), Azərbaycanın inventarında olan Bayraktar TB2 və Akıncı PUA-ların da iştirak etdiyini yaan Agentlik belə yazır: "Xəzər dənizində Bakı sahillərində lövbər salmış hərbi gəmilər və Hərbi Hava Qüvvələrinin təyyarələri də nümayişə qoşularaq Azərbaycan bayrağının rənglərində tüstü buraxıblar. Parad çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri Bakı səmasında uçuşlar həyata keçirib. Türkiyə, Azərbaycan və Pakistan bayraqları ilə bəzədilmiş Azərbaycan helikopterləri də nümayişə qatılıb".

Reportaj Bakı küçələrində əllərində Azərbaycan və Türkiyə bayraqları tutan minlərlə insan meydanda mərasimi izləməsinin təsviri ilə yekunlaşır: "Vətəndaşlar paradı salamlayaraq “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər".

"Minute Mirror": "Bakıdakı paradda iştirakımız üçtərəfli əlaqələri möhkəmləndirdi"

Pakistanın ingilisdilli gündəlik qəzeti "Minute Mirror" da Bakıdakı parad barədə məqalə dərc edib. Məqalədə deyilir: "Baş nazir Şehbaz Şərif Prezident İlham Əliyevin xüsusi dəvəti ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən Qələbə Günü şənliklərində iştirak edib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dost ölkələrin hərbi kontingentləri də iştirak edib. Tədbir Azərbaycan, Pakistan və Türkiyə arasında artan əlaqələri vurğulayan əhəmiyyətli bir diplomatik hadisə ilə yadda qalıb. Şənliklər zamanı hər üç ölkənin dövlət himnləri səsləndirilib. Pakistan Ordusunun xüsusi kontingenti də Pakistanın Azərbaycanla həmrəyliyini simvolizə edən Qələbə Günü paradında iştirak edib".

Məqalədə deyilir: "Prezident İlham Əliyev mərasimdə çıxış edərək Azərbaycanın Pakistan və Türkiyədən aldığı dəstəyi yüksək qiymətləndirib. O, hər iki ölkənin çətin anlarda göstərdiyi yardımın həmişə xatırlanacağını vurğulayıb. İlham Əliyev Baş nazir Şehbaz Şərifi və Prezident Ərdoğanı "qardaş" adlandırıb və onların iştirakından məmnunluğunu ifadə edib.

O, həmçinin paradda iştirak edən bütün xarici hərbi kontingentləri salamlayıb, regional əməkdaşlığın və dostluğun vacibliyini vurğulayıb. İlham Əliyev Baş nazir Şərifə Azərbaycanla həmrəylik göstərdiyinə görə təşəkkür edib və üç ölkə arasında əlaqələrin hər il daha da gücləndiyini bir daha vurğulayıb".

Məqalə belə yekunlaşır: "Baş nazirin iştirakı Pakistanın Azərbaycanla sıx diplomatik və strateji münasibətləri qorumağa olan sadiqliyini əks etdirirdi. Həmçinin, Pakistanın regional sabitliyə dəstəyi və müttəfiqləri ilə ortaq inkişaf məqsədləri vurğulanırdı.Prezident İlham Əliyev çıxışını xalqına Qələbə Günü təbriklərini çatdırmaqla və Azərbaycanın Pakistan və Türkiyə ilə münasibətlərini dərinləşdirmək öhdəliyini bir daha təsdiqləməklə yekunlaşdırdı. Tədbir təntənəli əzəməti, hərbi qüruru və diplomatik əhəmiyyəti birləşdirərək, güclənən üçtərəfli tərəfdaşlığı nümayiş etdirdi".

Hürriyət Qəzeti: "Qarabağ türk dünyasının qürurudur"

Türkiyənin tanınmış qəzetlərindən biri olan "Hürriyet" qəzetində də Bakıdakı paradla bağlı geniş məqalə yer alıb. Məqalə belə başlayır: "Prezident Ərdoğan Azərbaycanda keçirilən Qələbə Günü şənliyindəki çıxışında bildirdi: “Qarabağ qələbəmiz münasibətilə təbrik edirəm. 30 illik işğala son qoyan möhtəşəm bir qələbə qazandıq. Qarabağ qələbəsi tarixə şərəf nişanı kimi yazıldı. Qardaşım İlhamın Əliyevin ağıllı rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi və qəlblərimizdəki 30 illik bir alovu söndürdü. Qələbə Gününün 5-ci ildönümündə sizinlə birlikdə olmaqdan məmnunam. Qardaşım İlham Əliyevin xoş dəvətinə görə minnətdarlığımı bildirirəm. Türkiyədəki qardaşlarınızın salamlarını sizə çatdırıram".

"Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası üçün böyük qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan, Türk dünyası tarixində şərəf nişanı kimi ortaq tariximizə qızıl hərflərlə həkk olunub. Bu gün Azərbaycan əsgərləri Türkiyədən olan qardaşları ilə çiyin-çiyinə dayanırlar. Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi tarazlığı da dəyişdirdi. Aramızdakı müstəsna münasibətlər hər gün konkret və strateji layihələr vasitəsilə güclənir. Əsrin Azəri-Çıraq-Günəşli layihəsini, eləcə də Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəməri, Şahdəniz və TANAP-ı xatırlaya bilərsiniz. İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin bu yaxınlarda istifadəyə verilməsi ilə taclı əməkdaşlığımızı daha da möhkəmləndirdik. Transxəzər Şərq-Qərb Mərkəzi Dəhlizini bölgədəki bütün qardaş və bacılarımıza fayda verəcək investisiyalarla inkişaf etdirməliyik".

Vestikavkaza.ru: "İlham Əliyev: "Biz bu torpaqlarda əbədi yaşayacağıq"

Vestikavkaza.ru yazır ki, 44 günlük Vətən Müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev həmin müharibənin tarixindən və müharibədən sonrakı işğaldan azad edilmiş ərazilərin dirçəlişindən danışıb. O, xatırladıb ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib; təxminən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlara qarşı müharibə cinayətləri, Xocalı soyqırımı və etnik təmizləmə siyasəti törədilib. Sülh danışıqları apararkən eyni zamanda bəyan etdik ki, əgər onlar uğursuz olarsa, Azərbaycan tarixi, əzəli torpaqlarını hərbi yol da daxil olmaqla, istənilən vasitə ilə azad edəcək. Bu uzun sürən danışıqların nəticəsi sıfır oldu, çünki Ermənistanın Azərbaycan torpaqlarını könüllü olaraq azad etmək niyyəti yox idi. Lakin Bakı ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında israr etdi".

Məqalədə daha sonra deyilir: "Biz gücümüzü artırdıq və hər il daha da gücləndik. Beynəlxalq arenada səsimizi ucalda bildik. Bütün beynəlxalq təşkilatlarda ölkəmizin bu münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil etdi. Bir çox qərar və qətnamələr qələbəmizin hüquqi və siyasi əsasını təşkil etdi. Eyni zamanda, ölkə güclü iqtisadiyyat qurmağı bacardı, mahiyyət etibarilə iqtisadi müstəqillik qazandı ki, bu da Azərbaycana siyasi güc verdi. Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirməklə Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz hala gəldi. Eyni zamanda, ordu quruculuğu Bakı üçün prioritet olaraq qaldı. Biz güclü bir ordu, güclü silahlı qüvvələr yaratdıq. Ordumuzun döyüş hazırlığını artırdıq, onu ən müasir silah və avadanlıqlarla təchiz etdik. Bütün bunlar və daha çox şey şanlı Qələbəyə töhfə verdi".

Məqalədə Prezident İlham əliyevin paraddakı çıxışı geniş şərh edilib: "Ermənistan hətta yeni torpaqlar uğrunda yeni müharibə başladacaqlarını və Azərbaycanı tamamilə işğal edəcəklərini bildiriblər. Tanklarının Bakı küçələrində olacağını deyiblər. Deyiblər ki, Bakıda çay içəcəklər. Əslində, onların arzuları gerçəkləşib. Biz onları gerçəkləşdirdik. Tankları indi Müharibə Qələbəsi Parkında nümayiş etdirilir. Erməni müharibə cinayətkarları bu gün Bakıda məhkəmə qarşısına çıxarılıb və istintaq təcridxanasında Azərbaycan çayı içirlər".

Məqalə belə yekunlaşır: "44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhər və kəndi azad edib. 8 noyabrda alınmaz qala hesab edilən Şuşa şəhəri azad edilib. Bir gün sonra - 9-10 noyabr gecəsi İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin üçtərəfli atəşkəs bəyannaməsi imzalayıblar. Ermənistan rəsmi olaraq təslim olub və Təslim Aktını imzalayıblar”.

News.ru: "II Qarabağ müharibəsindəki qələbənin ildönümü münasibətilə Bakıda parad keçirilib"

Rusiyanın bir çox nüfuzlu mətbuat orqanında Bakıdakı hərbi parad barədə məqalə yayımlanıb. News.ru-da yayımlanan məqalədə yazılır: "Parad qələbənin beşinci ildönümünün respublikanın zəfərini simvolizə etdiyini və Azərbaycan xalqının tərəqqi və regional əməkdaşlığı özündə birləşdirən gələcəyə ümidlə baxdığı bir günü təmsil edir, xalqın nümayiş etdirdiyi milli gücün, qətiyyətin və birliyin gələcək nəsillər üçün yol göstəricisi olacağı vurğulanır. Bu gün təkcə qələbəni xatırlamaq üçün deyil, həm də tərəqqi və regional əməkdaşlığı özündə birləşdirən gələcəyə ümidlə baxılan bir gündür".

Gürcüstan mediası: "Azərbaycan qələbəsinin 5-ci ilini qeyd etdi"

Gürcüstanın 24News.ge xəbər saytı da parad barədə məqalə yayımlayıb. 4 dildə Gürcüstanda fəaliyyət göstərən sayt paradın gedişini əks etdirən bir neçə məqalə dərc edib: “Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Bakıda hərbi parad keçirilib" başlıqlı məqalədə bildirilir ki, Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Daha sonra Azərbaycan, Türkiyə və Pakistan liderləri çıxışlar ediblər. Hərbi texnikaların keçidi ilə davam edən paradda Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub."

Business Recorder: "Azərbaycanın Qələbə Günü paradı: "Heç kim suverenliyimizə meydan oxuya bilməz!"

Pakistanın biznes və iqtisadi xəbər portalı olan "Business Recorder" yazır ki, ölkənin baş naziri Məhəmməd Şehbaz Şərifin Azərbaycana olan son səfəri bir daha təkrarladı ki, Pakistan da, Azərbaycan və Türkiyə qardaşları kimi sülh axtarır. Pakistanlı nazirin parad çərçivəsindəki çıxışından sitatlar verən məqalədə bildirilir: "Şübhə olmasın - heç kimə suverenliyimizə meydan oxumağa və ya ərazi bütövlüyümüzü pozmağa icazə verilə bilməz. Pakistan, Türkiyə və Azərbaycan üç qardaş kimidir və ürəkləri bir-biri ilə döyünür. Biz indi çiyin-çiyinə dayanaraq bu əlamətdar hadisəni qeyd edirik".

Məqalədə yazılır: "İllər keçdikcə güclənən və möhkəm dostluğumuzun parlaq simvolu olan JF-17 Thunder təyyarələrinin gurultusu ilə səma canlanarkən cəsur silahlı qüvvələrimizin Azərbaycan və Türkiyə qardaşları ilə birlikdə irəliləməsini görmək necə də qürurverici və parlaq bir mənzərədir. Əlhəmdulillah, bu, illər keçdikcə güclənən davamlı dostluğumuzun səs-küylü simvoludur. Dünya Azərbaycanın cəsur silahlı qüvvələrinin əzəmətli Qarabağ torpaqlarını azad etməsinin şahidi oldu. Bütün bu azadlıq mübarizəsi boyunca Pakistan qardaş ölkəsi olan Azərbaycanla birlikdə qaya kimi dayandı”, -nazir Şehbazın çıxışından belə bir sitat verilib. Baş nazir Azərbaycan Prezidentinin bacarıqlı diplomatiyası vasitəsilə sülh və inkişaf səylərini yüksək qiymətləndirib.

"Akşam" Qəzeti: "İlham Əliyev Prezident Ərdoğana təşəkkür etdi: Bu dəstəyi heç vaxt unutmayacağıq"

Türkiyənin nüfuzlu "Akşam" qəzeti də 8 noyabrda Bakıda keçirilən hərbi paradla bağlı məqalə dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsi zamanı Prezident Ərdoğanın dəstəyindən güc və ruh aldığını söylədiyi yazılır: "İlham Əliyev çıxışında deyir: "Əziz qardaşım Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycanı dəstəkləyib. Onun dəstəyi bizə əlavə güc və ruh yüksəkliyi verib. Ərdoğanın "Azərbaycan tək deyil" sözləri bütün dünyaya bir mesaj idi. Azərbaycan xalqı bu dəstəyi heç vaxt unutmayacaq".

Ermənistanın işğalçı siyasətini, Azərbaycan torpaqlarının işğalını və təxminən 1 milyon insanın didərgin salınmasını vurğulayan Əliyev dedi: "Biz heç vaxt işğalı qəbul etməmişik. Sülh danışıqlarında həmişə demişik ki, danışıqlar uğursuz olarsa, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Ermənistanın arxasında duran bəzi dövlətlər onlara iqtisadi, siyasi və hərbi dəstək verirdilər. Onlar qədim torpağımız olan Qarabağı bizdən ayırıb Ermənistana birləşdirmək istəyirdilər."

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda hərtərəfli yenidənqurma və dirçəliş səyləri həyata keçirdiklərini bildirib və çıxışını belə yekunlaşdırıb: "İndi azad edilmiş torpaqlarda 60 min insan yaşayır. Xalqımı bu nailiyyət münasibətilə təbrik edirəm. Bu beş ili qürurla yaşadıq. Bu torpaqların sahibi olaraq Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan bayrağı burada əbədi olaraq dalğalanacaq. Qarabağ Azərbaycandır".

The Express Tribune: " Yaşasın Pakistan-Azərbaycan dostluğu!"

Pakistanın tanınmış ingilisdilli gündəlik qəzetlərindən biri olan Express Tribune yazır: " 2020-ci ildən bəri hər il 8 noyabrda qeyd olunan Qələbə Günü, Ermənistana qarşı 44 günlük Qarabağ Azadlıq Müharibəsində Azərbaycanın uğurlarını qeyd edir. Yaşasın Pakistan-Azərbaycan dostluğu. Pakistan qoşunları və JF-17 Thunder qırıcı təyyarələri Qarabağın azad edilməsini qeyd edən bugünkü Qələbə Paradında iştirak edir.

Sayt yazır: "Ötən ay təcrübəli hava və quru heyəti ilə birlikdə Pakistan Hərbi Hava Qüvvələrinin (PAF) bir kontingenti birgə hava döyüş təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Nazir Şehbaz günün əvvəlində Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycanın Qələbə Günü şənliklərində iştirak etmək üçün Bakıya gəlib və Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevlə geniş görüş keçirib. Görüşdə Ordu Qərargah rəisi, feldmarşal Seyid Asim Munir də iştirak edib. Danışıqlar ikitərəfli əlaqələrin gücləndirilməsi və müdafiə, ticarət və regional əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini əhatə edib. İki lider siyasət, ticarət və investisiya, enerji, müdafiə və əlaqə kimi sektorlarda çoxşaxəli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəldilər. Şehbaz həmçinin Prezident İlham Əliyevi ən qısa zamanda Pakistana səfər etməyə dəvət etdi - dəvət Azərbaycan lideri tərəfindən məmnuniyyətlə qəbul edildi".

Məqalədə daha sonra yazılır: "Öz növbəsində, Azərbaycan prezidenti Pakistana Qarabağ bölgəsini azad etmək üçün Bakının ədalətli mübarizəsi zamanı göstərdiyi sarsılmaz dəstəyə və regional sabitliyin möhkəmləndirilməsindəki konstruktiv roluna görə təşəkkür etdi.

BƏƏ mətbuatı: "Bakı ilə güclü tərəfdaşlıq qurmuşuq"

Birləşmiş Ərəb Əmirliklərinin mətbu orqanlarında da noyabrın 8-də Bakıda keçirilən paradla bağlı məlumatlar yayımlanıb. Arabian Radio Network (ARN) media qurumunun rəsmi xəbər platformasında yayımlanan məqalədə deyilir: "Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Zayed Əl Nəhyanın adından Bakıda keçirilən Qələbə Günü şənliklərində iştirak edib. BƏƏ-nin Baş nazirinin müavini və müdafiə naziri vəzifələrini də icra edən Şeyx Həmdan tədbiri qeyd etmək üçün sosial media hesablarında paylaşım edib. O, BƏƏ liderlərinin salamlarını Prezident İlham Əliyevə çatdırıb və BƏƏ-Azərbaycan münasibətlərinin birdən çox sektorda sürətlə genişlənməsindən məmnun olduğunu bildirib. O, bunun hər iki ölkənin inkişafa, sabitliyə və rifaha təkan verən güclü beynəlxalq tərəfdaşlıq qurmaq öhdəliyini əks etdirdiyini bildirib".

Maqalədə bildirilir ki, Şeyx Həmdanı Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edərkən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qarşılayıb: "Qələbə Günü hər il 8 noyabrda qeyd olunur və bu, 2020-ci ildə Ermənistana qarşı 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini və 1990-cı illərin əvvəllərindən bəri işğal altında olan ərazilər üzərində nəzarəti bərpa etməsini xatırlamaq üçündür".

A Haber: " Qarabağ Qələbəsinin 5-ci ildönümünü qeyd edən fotolar!"

Türkiyənin www.ahaber.com.tr saytında da Azərbaycanın Ermənistan işğalına son qoyan İkinci Qarabağ müharibəsinin 5-ci ildönümünü paytaxt Bakıda hərbi paradla qeyd etməsi barədə geniş məqalə yayımlayıb. Yazıda qeyd edilir ki, paradda türk əsgərləri, Bayraktar TB-2, AKINCI Silahlı Pilotsuz Uçuş Aparatı (PUA), EREN raket sistemi, TRG-300 Kasırga reaktiv yaylım atəş sistemi və 6 ədəd F-16 döyüş təyyarəsi də iştirak edib.

Məqalədə deyilir: " Azadlıq meydanında keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif iştirak ediblər. Mərasim üç ölkənin dövlət himnlərinin oxunması ilə başlayıb, ardınca 44 günlük müharibədə şəhid olan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük müharibədə istifadə edilən müasir hərbi texnika və zirehli texnikalar da nümayiş etdirilib. “Hero-120” və “SkyStriker Block 4” Taktik Hərəkət Sursatlarının təqdimatı keçirilib, həmçinin beşinci nəsil “IceBreaker” qanadlı raket kompleksi nümayiş etdirilib. Paradda Xəzər dənizində lövbər salmış hərbi gəmilər də iştirak edib, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr isə Azərbaycan bayrağının rəngləri ilə parad meydançasında tüstü izi buraxıb".

Türkiyəni Prezident Mühafizə Alayının Komando Batalyonu, Bayraktar TB-2, AKINCI Silahlı Pilotsuz Uçuş Aparatı (PUA), EREN raket sistemi, TRG-300 Kasırga reaktiv yaylım atəş sistemi və 6 ədəd F-16 döyüş təyyarəsi təmsil edib. Pakistan-Çin birgə istehsalı olan JF-17 döyüş təyyarələrinin nümayiş etdirildiyi mərasimdə Pakistan Silahlı Qüvvələrinin bölmələri də iştirak edib. Mərasimdə İkinci Qarabağ müharibəsinin gedişatını dəyişdirən Azərbaycan inventarında olan pilotsuz uçuş aparatları (PUA) Bayraktar TB2 və Akıncı PUA-ları da iştirak edib".

Daha sonra məqalədə Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad etmək üçün 44 günlük müharibə barədə yazılıb: "44 gün davam edən və noyabrın 10-da başa çatan əməliyyatlarda 5 şəhər mərkəzi, 4 qəsəbə, 286 kənd erməni işğalından azad edilib. Azərbaycanla Ermənistan arasında müharibə Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra başa çatıb. Ermənistan noyabrın 10-da işğal olunmuş Ağdam, Laçın və Kəlbəcər vilayətlərinin boşaldılmasını öhdəsinə götürən müqavilə imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl Mustafa Kamal Atatürkün vəfatı ildönümünə təsadüf etdiyi üçün noyabrın 10-na təyin edilmiş Zəfər Bayramının tarixini dəyişdirmişdi. İlham Əliyevin qərarı ilə Qələbə günü noyabrın 8-i Şuşanın işğaldan azad olunduğu günə köçürülüb".

Yeni Şafak: "Azərbaycan Qarabağ qələbəsinin beşinci ildönümünü paradla qeyd edir"

Türkiyənin Yeni Şafak portalında yayımlanmış "Azərbaycan Qarabağ qələbəsinin beşinci ildönümünü paradla qeyd edir" başlıqlı məqalədə də 8 noyabrda Bakıda təşkil olunmuş hərbi parad barədə yazılıb. Məqalədə yazılır: "Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin beşinci ildönümünü qeyd etmək üçün Bakıda hərbi parada sədrlik etdi. Xatirə tədbirləri zamanı Əliyev vurğuladı ki, onilliklər boyu davam edən strateji hazırlıq, iqtisadi inkişaf və hərbi potensialın artırılması nəticədə Azərbaycana təxminən otuz ildir Ermənistanın işğalı altında olan əraziləri geri qaytarmağa imkan verdi. Azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri vurğulandı".

Sayt yazır: "Azərbaycan lideri Qarabağ və Şərqi Zəngəzurda əhəmiyyətli yenidənqurma nailiyyətlərini qeyd edərək, təxminən 60.000 vətəndaşın azad edilmiş ərazilərə qayıtdığını qeyd etdi. Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, "Biz Qarabağa və Şərqi Zəngəzura qanuni sahiblər kimi qayıtmışıq. Azərbaycan bayrağı burada əbədi olaraq dalğalanacaq. Qarabağ Azərbaycandır". Onun bu bəyanatı millətinin həmin ərazilər üzərində suverenliyini möhkəmləndirir. Prezident İlham Əliyev 2020-ci il münaqişəsi zamanı göstərdikləri qətiyyətli dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Şehbaz Şərifə xüsusi təşəkkürünü bildirdi. O, xüsusilə Ərdoğanın "Azərbaycan tək deyil" ifadəsini beynəlxalq həmrəyliyi nümayiş etdirən mühüm bir məqam kimi xatırlatdı. Hərbi paradda Türkiyə və Pakistan qoşunlarının iştirakı xüsusilə qeyd olundu və bu, üç xalq arasında strateji hərbi əməkdaşlığı simvolizə etdi".

Məqalənin sonunda bildirilir: "Qələbə Günü sülh müqaviləsi ilə başa çatan 2020-ci ilin payızında 44 günlük münaqişə zamanı Azərbaycanın Qarabağ ərazilərinin əksəriyyətini azad etməsi ilə bağlı təşkil edilib. 8 noyabr tarixi Şuşa şəhərinin azad edilməsini ehtiva edir. Zəfər günü 10 noyabra tasadü edirdi, amma bu tarix Mustafa Kamal Atatürkün vəfatının ildönümü ilə üst-üstə düşdüyü üçün Azərbaycan öz qələbə gününün tarixini dəyişdi. Bu da Azərbaycan və Türkiyə arasındakı dərin tarixi əlaqələri əks etdirir".

Kıbrıs Qəzeti: "Bu, tarixi bir qələbə idi"

Bakıda keçirilən əzəmətli hərbi parad barədə "Kıbrıs Qəzeti" yazır: "Azərbaycan ordusunun təxminən 30 ildir Ermənistanın işğalı altında olan Qarabağı və ətraf rayonları azad etməsindən beş il ötür. İkinci Qarabağ müharibəsində Azərbaycan işğal olunmuş ərazilərini cəmi 44 günə geri aldı, nəsillərin gözləntilərinə son qoydu və tarixi bir qələbə qazandı.

Sovet İttifaqının dağılmasından sonra, təxminən 30 ildir işğal etdiyi ərazilərdən Azərbaycan mülki əhalisinə hücum edən Ermənistan, 27 sentyabr 2020-ci ildə sərhəd kəndlərini ağır silahlarla vuraraq müharibəni alovlandırdı. Prezident İlham Əliyevin əmri ilə Azərbaycan ordusu həmin gün əks-hücuma başladı. Daha sonra "Vətən müharibəsi" adlandırılan əməliyyat 44 gün davam etdi. Beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi. Müharibə zamanı Azərbaycan ordusu 2908 şəhid verdi, erməni hücumları nəticəsində 94 mülki şəxs həyatını itirdi".

Məqalədə daha sonra yazılır: "8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə Ermənistan məğlubiyyətini etiraf etdi və 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyannamə imzalandı. Bəyannaməyə uyğun olaraq, Ermənistan ordusu da Ağdam, Kəlbəcər və Laçından geri çəkildi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistan ordusuna qarşı silahlı pilotsuz uçuş aparatlarından (UCAV) effektiv şəkildə istifadə etdi. UCAV-lar tərəfindən çoxsaylı erməni silahları və sursatı məhv edildi. UCAV-lardan yayımlanan görüntülər Azərbaycanda mənəvi dəstək oldu və Ermənistan cəbhəsində ağır psixoloji çöküşə səbəb oldu. Müharibənin ilk anlarından Türkiyə rəsmiləri, xüsusən də Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycanı dəstəklədiklərini açıq şəkildə bəyan etdilər. Türkiyə həmçinin üçüncü tərəfləri Azərbaycanın ədalətli mübarizəsinə müdaxilə etməməyə çağırıb. Azərbaycan rəhbərliyi bu siyasi qətiyyətin müharibənin gedişatına təsir edən ən vacib amillərdən biri olduğunu vurğulayır".

"Azərbaycan 10 noyabr 2020-ci ildən bəri beş ili həm diplomatik masada qazancları möhkəmləndirməyə, həm də bölgələri bərpa etməyə sərf edib. İşğal altında viran qoyulmuş torpaqlar indi ağıllı şəhər və ağıllı kənd layihələri, yeni yollar və hava limanları ilə müasir bölgələrə çevrilir. Beş il ərzində Füzuli, Zəngilan və Laçında üç beynəlxalq hava limanı tikilib. Zəngilan, Füzuli, Cəbrayıl, Şuşa və Laçında təxminən 20.000 insan dövlət tərəfindən tikilmiş mənzillərdə məskunlaşıb. İş üçün gələnlər də daxil olmaqla, bölgədə yaşayan insanların sayı 50.000-i keçib. Azərbaycan hökuməti 2026-cı ilə qədər bölgədə 140.000 insanı məskunlaşdırmağı hədəfləyir"- qəzet yazır.

Məqalə belə yekunlaşır: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistan qoşunlarının bir hissəsini geri çəksə də, Qarabağdakı qanunsuz qondarma rejimə ağır silahlar və sursat verməyə davam etdi. Azərbaycandan dəfələrlə edilən çağırışlara baxmayaraq, bu qurum dağılmadı. Bunun ardınca 19 sentyabr 2023-cü ildə Qarabağda konstitusiya qaydasını bərpa etmək üçün antiterror əməliyyatı başladı. Təxminən 24 saat davam edən əməliyyat zamanı qanunsuz silahlı qüvvələr silahlarını yerə qoyub təslim oldular. Beləliklə, Prezident İlham Əliyevin sözləri ilə desək, "Qarabağda Azərbaycanın suverenliyi tam şəkildə bərqərar olub".

Qələbədən sonra Azərbaycan Ermənistana daimi sülh müqaviləsi təklif etdi. Xarici işlər nazirlikləri arasında danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə edildi və tərəflər sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəldilər. Mətn 8 avqustda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammitdə paraflanıb. Qarabağ qələbəsi təkcə hərbi qələbə deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik qaydasının yaradılmasına səbəb olan tarixi bir dönüş nöqtəsi kimi qəbul edilir. Azərbaycan hökumətinin fikrincə, bu proses həmçinin regionda davamlı sülh və iqtisadi əməkdaşlığa yol açır".

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri