Duqinsayağı siyasi filosofluq , yaxud Rusiya aqressiyasının gizli fəlsəfəsi
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mən Duqinin özü haqqında çox yazmayacam; məlumdur, o, Rusiya prezidenti Vladimir Putinin üstündə tük bitmiş dilidir. Yəni Putinin saqqal basmış versiyasıdır. Özünü filosof adlandıran bu şəxsin ifasında Kreml "Avrasiyaçılıq" xəyallarını səsləndirir. Bu isə "yeni SSRİ" lahihəsinin pərdələnmiş versiyasıdır.
Politoloq, siyasi publisist Elçin Alıoğlu Duqinə açıq məktub yazaraq cavabını necə lazımdır, verib. Ona görə də Duqinin özünə bu qədər diqqət yetərlidir. Əsas mətləbə gəlsək, Kremlin qıcıqlanmasını və ya acıqlanmasını anlamaq olar.
Moskva Azərbaycanın xarici siyastdə qazandığı nəticələri görür və obgektiv qiymətləndirir. Artıq Putinin "ideoloji əkizi" də Cənubi Qafqazın adını Mərkəzi Asiya ilə birlikdə çəkir. Bu, Cənubi Qafqazın və Mərkəzi Asiyanın artıq vahid geopolitik məkana çevrildiyinin etirafıdır. Kreml başa düşüb ki, artıq Cənubi Qafqazı da, Mərkəzi Asiyanı da itirir. Üstəlik hər iki regionda eyni vaxtda və öz günahı üzündən uduzub.
Azərbaycanda belə bir atalar sözü var: "Özü yıxılan ağlamaz". Ancaq Putin "ağlayır". Həm də Duqin cildində.
Rusiya Ukraynada taktiki hərbi uğurlarının qarşılığında Cənubi Qafqazı ABŞ-a, Avropa İttifaqıba və Türkiyəyə, eləcə də, Böyük Britaniyaya uduzur. Yaxud artıq uduzub. Mərkəzi Asiyada isə yenə bu sadaladığım aktorlarla bərabər Çinə də məğlub olur.
Moskva bunu başa düşüb və təşvişə düşüb.
Bu, bir. İkincisi, Rusiya yenə də öz təqsiri üzündən Avropa qaz bazarından, demək olar, tamamən qovulub. 2025-ci ildə Avstriya da Rusiya qazından imtina etdi. Ondan üç il əvvəl Almaniya bu addımı atmışdı. Artıq Azərbaycanın qaz ixrac etdiyi ölkələr arasına Almaniya və Avstriya da əlavə olundu. Bir qədər əvvəl isə Azərbaycan prezidentinin Slovakiyaya da səfəri gerçəkləşmişdi. Hələ 2024-cü il dekabrın 1-dən Slovakiya Azərbaycandan qaz idxal edir. Bakı ilə Bratislava arasında son müzakirələrin də predmeti təqribən bəllidir: Slovakiya Rusiya qazından imtina edərsə, Azərbaycan bu ölkəyə ixracı artıra bilər.
Əlbəttə, bütün bunlar Rusiyanın xoşuna gəlmir. Eləcə də, ABŞ-la Ermənistan arasında "Zəngəzur dəhlizi" ("Tramp yolu") barədə imzalanmış saziş də Moskvanı qeyzləndirib.
Sual verəcəksiniz ki, buna Azərbaycan nə etsin?!
Doğrudur, əgər Rusiya Avropanım neft, qaz bazarlsrından qovulursa, buna Azərbaycan mane ola bilər?!
Yox, təbii ki. Yaxud Avropa Rusiya qazından imtina edib, ABŞ-dan sıxılmış qaz idxalını artırırsa, Azərbaycan etiraz etməlidir və: "Rusiyadan qaz almırsınızsa, mən də sizə qaz satmıram" deməlidir?! Absurddur axı!
Azərbaycan Avropanın qaz bazarına Rusiya orda olanda da daxil olmuşdu. İndi Rusiya ordan çıxırsa və ya çıxıbsa, çıxarılıbsa, Azərbaycan da çıxmalıdır?!
Onsuz da Avropada Azərbaycan qazının idxalı əleyhinə çığır-bağır salanlar da var. Avropa Parlamentinin özü, məsələn. Qətnamə qəbul edib, Avropa Komissiyasına tövsiyə də verib ki, Azərbaycandan neft, qaz almasın. Yaxud Azərbaycanın Almaniyaya qaz ixrac etməsinə Bild nəşrində etiraz məqaləsi dərc olunmuşdu. Almaniya mediası bunu Azərbaycanın daxili siyasəti ilə əlaqələndirmişdi. 2022-ci ilə qədər Almaniyanın ən çox qaz aldığı Rusiya sanki demokratiya cənnəti idi.
Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində yerli televiziyalara müsahibəsində belə demişdi: "Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda, biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu, mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq" .
Azərbaycanda neft hasilatının azalması fonunda qaz hasilatı artırılırsa, bu qazı harasa ixrac etmək lazımdır, ya yox?! Xüsusilə əgər hardasa bu qaza ehtiyac varsa. Onsuz da Azərbaycanın Avropaya satdığı qaz həcmləri müqayisədə elə də çox deyil. Rusiya bacarırsa, gedib, ABŞ-la haqq-hesab çəksin. Çünki rus qazını Avropadan qovduran güc Azərbaycan deyil axı.
Duqinin dili ilə Azərbaycana sovrulan təhdid tək qazla da bağlı deyil. Yenə də Prezident İlham Əliyevin müsahibəsinə qayıdaq. O, ötən ilin oktyabrında Türk Dövlətləri Təşkilatının Qəbələdəki zirvə görüşündə bu formatda birgə hərbi təlimlərin keçirilməsini nahaq yerə təklif etməmişdi. Eyni zamanda məlum müsahibədə də bunu təkrar xatırlatmağı da səbəbsiz deyildi (o haqda sual da təsadüfən verilməmişdi).
Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin rəhbərləri yaxşı bilir ki, Rusiya Ukraynada strateji qələbə əldə etsə, aqressiv siyasətini bu ölkələrə yönəldəcək. Ona görə də Azərbaycan Prezidenti TDT-nin təkcə siyasi, iqtisadi, humanitar tərəfdaşlıq platforması deyil, həm də faktik müdafiə bloku kimi güclənməsi təşəbbüsü ilə çıxış edib. Bundan əvvəl Prezident İlham Əliyev "Qafqaz evi" ideyasını da irəli sürmüşdü. Azərbaycanın ayrıca Mərkəzi Asiya formatına qoşulmasına da nail olub və sair və ilaxır. Azərbaycan diplomatiyasının bütün bu uğurları Rusiyanın məlum dairələrini əməlli-vaşlı həyacanlandırıb. Ona görə də bir-birinin ardınca bir-birindən kəskin, bir-birindən azğın bəyanatlar verirlər.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















