Ebola epidemiyasının miqyası rəsmi statistikadan daha böyükdür TƏHLÜKƏ
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Konqo Demokratik Respublikasında Ebola epidemiyasının real miqyasının rəsmi statistikada əks olunandan daha böyük ola biləcəyi üzə çıxıb. Reuters agentliyinin peyk görüntüləri və qəbiristanlıqlardakı dəfn qeydləri əsasında apardığı araşdırma ölkənin şərqində yerləşən Bunia və Monqvalu şəhərlərində epidemiyanın səbəb olduğu ölüm hallarının rəsmi göstəricilərdən xeyli çox olduğunu ortaya qoyub.
Bunia şəhərindəki Nyamuronqo qəbiristanlığında çalışan Salomon Muqisa bildirib ki, ilin əvvəlində burada gündə ən çoxu iki-üç dəfn mərasimi keçirilirdi. Lakin aprel ayının sonlarında Ebola epidemiyası şəhərdə yayılmağa başladıqdan sonra dəfnlərin sayı sürətlə artıb. Onun sözlərinə görə, bəzi günlərdə beş, on, hətta on beş nəfər dəfn olunurdu.
Reuters jurnalistlərinin iyul ayında qəbiristanlığa səfəri zamanı Muqisa aprel ayından etibarən burada təxminən 600 nəfərin dəfn edildiyini bildirib. Halbuki həmin dövrdə Konqo səhiyyə orqanlarının məlumatında Bunia şəhəri üzrə qeydə alınmış Ebola ölümlərinin sayı 200-dən az idi.
Agentliyin Bunia şəhərindəki üç əsas qəbiristanlığın peyk görüntüləri əsasında apardığı təhlil yeni qəbirlərin sayının rəsmi Ebola ölüm statistikası ilə izah edilə bilməyəcək qədər çox olduğunu göstərib. Araşdırmada 2026-cı ildə qazılmış yeni qəbirlərin sayı epidemiyadan əvvəlki illə müqayisə edilib. Beləliklə, adi göstəricidən artıq ölüm halları müəyyənləşdirilib. Bu metod səhiyyə mütəxəssisləri tərəfindən böhran dövrlərində, ölüm statistikası natamam və ya gecikmiş olduqda istifadə olunur.
Reuters-in hesablamalarına görə, noyabrın əvvəlinə Bunia şəhərində artıq ölüm hallarının sayı 1000-i ötüb. Bu, rəsmi Ebola ölüm göstəricisi olan 707 nəfərdən 50 faizdən çox yüksəkdir. İyun ayının sonlarında isə fərq daha böyük olub: artıq ölüm sayı rəsmi göstəricidən yeddi dəfə çox qeydə alınıb.
Bununla belə, artıq ölüm hallarının hamısını birbaşa Ebola virusu ilə əlaqələndirmək mümkün deyil. Bu rəqəmlərə xəstəxanalara yoluxmaq qorxusu ilə müraciət etməyən və digər xəstəliklərdən həyatını itirən insanlar da daxil ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı iyul ayında epidemiyanın mövcud məlumatların göstərdiyindən iki-dörd dəfə böyük ola biləcəyini bildirmişdi.
Bunia ilə yanaşı, epidemiyanın başladığı ehtimal edilən Monqvalu şəhərini də əhatə edib. Bura ətraf ərazilərdən çoxsaylı işçilərin gəldiyi qızıl mədənləri ilə tanınır. Monqvaluda da oxşar vəziyyət müşahidə olunub. Avqust ayına qədər şəhərin ən böyük qəbiristanlığında qeydə alınan artıq ölüm halları şəhər və ətraf kəndlər üzrə rəsmi Ebola ölüm göstəricisindən 25 faiz çox olub.
Jurnalistlərin iyul ayında şəhərə səfəri zamanı qəbiristanlıq işçiləri və yerli rəsmilər digər yeddi qəbiristanlıqda da Ebola qurbanlarına aid olduğu bildirilən yüzlərlə məzarı müəyyənləşdiriblər. Monqvalu xəstəxanasının baş həkimi Riçard Lokudu bildirib ki, mayın əvvəlində xəstəxanaya çoxlu sayda xəstə müraciət etməyə başlayıb. Onların simptomları əvvəlcə malyariya və ya tif xəstəliyinə bənzəyib. Lakin xəstələrin vəziyyəti yaxşılaşmaq əvəzinə sürətlə ağırlaşıb və bir çoxu həyatını itirib.
Həkimin sözlərinə görə, ilkin mərhələdə götürülən nümunələr Ebola virusunun yanlış növü üzrə yoxlanılıb. Nadir rast gəlinən Bundibuqyo virusuna dair ilk müsbət nəticələr yalnız mayın ortalarında əldə olunub. Bu virusun müalicəsi və peyvəndi yoxdur. Həkim gec aşkarlamanın çoxsaylı ölüm hallarına səbəb olduğunu bildirib.
Konqo rəsmiləri epidemiyanı mayın ortalarında rəsmən elan edəndə, səhiyyə orqanları artıq əvvəlki altı həftə ərzində Monqvaluda səbəbi müəyyən edilməyən 100 ölüm halı qeydə almışdı. Onların bir çoxunda Ebola ilə əlaqəli simptomlar müşahidə olunmuşdu.
Epidemiyanın elan edilməsindən sonra ölkənin Səhiyyə Nazirliyi test və epidemioloji müşahidə proqramlarını genişləndirib. Dəfn mərasimlərinə nəzarətin gücləndirilməsi də ölüm hallarının qeydiyyatdan kənarda qalmasının qarşısını almağa yönəlib.
Lakin problemlər hələ də davam edir. Bəzi sakinlər xəstəxanaya müraciət etməkdən çəkinirlər. Yerli rəsmilərin sözlərinə görə, insanlar xəstəxanaya gedən şəxslərin orada həyatını itirdiyini gördükləri üçün tibb müəssisələrinə inamlarını itiriblər. Bəziləri isə ənənəvi təbiblərə müraciət etməyə üstünlük verirlər.
Səhiyyə qrupları nəqliyyat vasitələrinin çatışmazlığı, çətin relyef və xəstəliklə bağlı yanlış təsəvvürlər səbəbindən şübhəli yoluxma və ölüm hallarını araşdırmaqda çətinlik çəkirlər. ÜST-nin Səhiyyə Fövqəladə Hallar Proqramının epidemiologiya və analitika üzrə rəhbəri Olivye Le Polen bildirib ki, bəzi yoluxma və ölüm hallarının heç vaxt aşkarlanmadığına dair sübutlar mövcuddur.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin noyabrın 5-də təqdim etdiyi məlumatlar da epidemiyanın hələ nəzarət altına alınmadığını göstərir. Ebola səbəbindən baş verən ölümlərin 60 faizdən çoxu tibb müəssisələrindən kənarda qeydə alınıb. Yeni təsdiqlənmiş yoluxma hallarının isə 15 faizdən azı əvvəlcədən müəyyən edilmiş xəstə şəxslərlə təmasda olanların siyahısından aşkarlanıb.
Bu göstəricilər yoluxma zəncirlərinin böyük hissəsinin hələ də müəyyən edilmədiyini göstərir. Monqvaluda ölüm hallarının qeydiyyatına cavabdeh olan Riçard Larozulo bildirib ki, bəzi dəfnlər barədə yerli hakimiyyət orqanlarına hələ də məlumat verilmir. Onun sözlərinə görə, bəzi hallarda dəfn edilən insanların adları belə məlum olmur.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















