Icma.az
close
up
RU
Eçmiədzinin yolu ədalət məhkəməsindən keçir

Eçmiədzinin yolu ədalət məhkəməsindən keçir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paşinyan–kilsə qarşıdurmasının yeni fazası

Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurmanın mərkəzində bütün ermənilərin katalikosu II Qaregin və Ali Ruhani Şuranın üzvləri olan altı yepiskop və arxiyepiskopa qarşı açılmış cinayət işi dayanır. İş üzrə ilkin məhkəmə iclası bu gün keçirilməlidir. Katalikos və digər ruhaniləri məhkəmə iclasında vəkilləri təmsil edəcək.

İlk baxışdan konkret hüquqi mübahisə təsiri bağışlayan məsələnin kökündə kilsənin sabiq yepiskop Gevorq Saroyanı ruhani rütbəsindən məhrum etməsi dayanır. Amma məsələnin mahiyyəti daha dərindir. Söhbət bir yepiskopun taleyindən deyil, dövlətlə Kilsə arasında səlahiyyət sərhədlərindən gedir. Katalikosun vəkili Ara Zoqrabyanın ortaya qoyduğu sual da məhz budur: yepiskopun ruhani rütbəsindən məhrum edilməsi cinayət məsuliyyətinə səbəb ola bilərmi? Bu sualın cavabı təkcə II Qareginin və digər ruhanilərin hüquqi taleyini müəyyənləşdirməyəcək. Əslində, bu iş Ermənistan dövlətinin Apostol Kilsəsinə münasibətinin gələcək çərçivəsini müəyyən edəcək.

Kilsənin arqumenti sadədir: yepiskopun təyin edilməsi, onun ruhani statusunun qorunması, intizam məsuliyyəti və rütbədən məhrum edilməsi kilsənin daxili və kanonik həyatının ayrılmaz hissəsidir. Dövlət yepiskop təyin etmir, ona ruhani rütbəsi vermir, din xadiminin davranışının kilsə qanunlarına uyğun olub-olmadığını müəyyənləşdirmir. Elə isə dövlət hansı əsasla kilsənin qərarının dini mahiyyətinə qiymət verə bilər? Qarşıdurmanın düyün nöqtəsi burada yaranır.

Əgər dünyəvi məhkəmə kilsənin ruhani rütbədən məhrumetmə qərarını məhkəmə aktının icrasına maneçilik kimi qiymətləndirirsə, kilsənin mövqeyinə görə, dövlət yalnız hüquqi nəticəyə deyil, həmin ruhani qərarın mahiyyətinə müdaxilə etmiş olur. Bu isə Ermənistanın dünyəvi dövlət prinsipi ilə Apostol Kilsəsinin kanonik müstəqilliyi arasında həssas bir sərhədi gündəmə gətirir.

Avqustun 26-da II Qareginin sədrliyi ilə keçirilən Ali Ruhani Şuranın iclasından sonra yayılan bəyanat qarşıdurmanın hansı həddə çatdığını göstərir. Kilsə rəhbərliyi hakimiyyətin son addımlarını açıq şəkildə tənqid edir və parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasını kilsəyə qarşı məqsədyönlü hücumda ittiham edir. Eçmiədzinin bəyanatında xüsusilə diqqətçəkən məqam odur ki, kilsə baş verənləri ayrı-ayrı hüquqi və inzibati qərarlar kimi deyil, daha geniş siyasi kampaniyanın tərkib hissəsi kimi təqdim edir. Kilsənin mövqeyinə görə, Ermənistanın qarşısında çoxsaylı problemlərin dayandığı bir vaxtda hakimiyyət ölkənin əsas vəzifələrinə diqqət yetirmək əvəzinə, yenidən Apostol Kilsəsini hədəfə alır. Belə siyasət yalnız hazırkı gərginliyi artırmır, həm də Ermənistan daxilində və diasporada yeni parçalanmalar üçün zəmin yaradır.

***

Əgər bu qarşıdurma məhkəmə zalında hüquqi mübahisə kimi başa çatarsa, məsələ müəyyən hüquqi çərçivədə həllini tapa bilər. Lakin qarşıdurma kilsənin daxili idarəçiliyinə, onun kanonik strukturuna və cəmiyyətin milli-mənəvi həyatındakı roluna müdaxilə müstəvisinə keçərsə, nəticələri ağır olacaq. Çünki Eçmiədzin üçün məsələ yalnız bir ruhaninin statusu deyil. Paşinyan hakimiyyəti üçün də məsələ yalnız bir cinayət işi deyil.

Tərəflərin hər ikisi öz mövqeyini daha böyük prinsip üzərində qurur: biri dövlətin hüquqi səlahiyyətlərini, digəri isə kilsənin kanonik müstəqilliyini müdafiə etdiyini bildirir. Bu vəziyyətdə məhkəmənin veriləcəyi qərar yalnız bir iş üzrə hüquqi nəticə doğurmayacaq, Ermənistanın dövlət-kilsə münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacaq.

Ali Ruhani Şuranın etiraz etdiyi digər məsələ Kilsə islahatlarının hökumət proqramına daxil edilməsidir. Kilsənin mövqeyinə görə, hökumətin onun islahatını dövlət proqramına salmağa və ruhanilərə müəyyən tələblər irəli sürməyə konstitusion səlahiyyəti yoxdur. Parlament də kilsədaxili məsələlərin müzakirəsi üçün səlahiyyətli platforma hesab edilmir. Bu iddianın arxasında, əslində, daha fundamental sual dayanır: dövlət kilsənin daxili idarəetmə sisteminə nə qədər müdaxilə edə bilər? Hakimiyyət bunu islahat və dövlətin qanuni nəzarəti kimi təqdim edə bilər. Kilsə isə eyni addımları öz muxtariyyətinə müdaxilə kimi qiymətləndirir. Tərəflərin mövqeləri arasındakı əsas uçurum da məhz budur.

Kilsənin bəyanatında hakimiyyətin anti-kilsə siyasətinin digər göstəriciləri də sadalanır. “Erməni kilsəsinin tarixi” fənninin məktəblərin ümumtəhsil proqramından çıxarılması, Ermənistan Silahlı Qüvvələrində ruhani xidmətin ləğv edilməsi, cəzaçəkmə müəssisələrində din xadimlərinin xidmətinin dayandırılması və kilsənin üzərinə əlavə maliyyə öhdəliklərinin qoyulması bu sırada göstərilir.

Bu addımların hər biri ayrıca müzakirə mövzusu ola bilər. Lakin kilsə onları vahid siyasətin tərkib hissəsi kimi təqdim edir. Bununla da hakimiyyətin məqsədinin yalnız ayrı-ayrı inzibati və maliyyə məsələlərini həll etmək deyil, kilsənin cəmiyyətdəki rolunu dəyişdirmək olduğu qənaətini formalaşdırmağa çalışır.

Nikol Paşinyanın mövqeyinə cavab olaraq din xadimi Sebeos Kalaçyanın sərt bəyanatı da diqqətdən kənarda qala bilməz. O, II Qareginin Ermənistan məhkəməsində müttəhimlər kürsüsündə olmasını “kədər və utanc” kimi qiymətləndirir. Keşiş Paşinyanın kilsə ilə bağlı mövqeyini ziddiyyətli sayır və dövlət resurslarından istifadə etməklə kilsənin “islah edilməsinə” cəhd göstərildiyini bildirir.

Əslində, bu qarşıdurmadan bir neçə nəticə çıxır. Hakimiyyət kilsənin nüfuzunu zəiflətməklə siyasi rəqiblərinin təsir imkanlarını məhdudlaşdıra və idarəetmədə islahat çağırışlarına müəyyən ictimai dəstək qazana bilər. Lakin sərt siyasi-hüquqi kampaniyanın əks nəticə verməsi də mümkündür. Kilsənin rəhbərliyinə qarşı addımlar dini və milli dəyərlərə müdaxilə kimi qəbul edilə, nəticədə, Paşinyanın siyasi rəqibləri üçün yeni səfərbərlik imkanları yarana bilər.

Digər tərəfdən, təzyiq kilsənin daxilində parçalanma riskini artırır. Hakimiyyətin islahatlarını dəstəkləyənlərlə II Qaregin və ənənəvi kanonik iyerarxiyanın mövqeyini müdafiə edənlər arasında fikir ayrılığı dərinləşərsə, hətta ikili ruhani legitimlik problemi yaranar. Belə bir ssenari Ermənistan daxilində uzunmüddətli dini və ictimai qarşıdurmaya yol açar. Bu prosesin ölkə hüdudlarından kənarda, xüsusilə erməni diasporasında da əks-səda doğurması mümkündür.

Bu baxımdan II Qareginə qarşı məhkəmə prosesi adi hüquqi prosedurdan daha geniş məna daşıyır. Hakimiyyət onu qanun qarşısında bərabərlik prinsipi ilə əsaslandırır, kilsə isə öz daxili və kanonik işlərinə müdaxilə kimi qiymətləndirir. Tərəflərin mövqeləri bu qədər kəskin olduğu halda, qarşıdurmanın yaxın vaxtlarda səngiməsi çətin görünür.

P. ƏFƏNDİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri