Əfqanıstan ruhlar ölkəsinə çevrilir TƏHLİL
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Yaşadığımız dünyanın gerçəklikləri, müxtəlif tarixi hadisələri o dərəcə zəngin və ziddiyyətlidir ki, onları tam şəkildə araşdırmaq və ziddiyyətləri səthi də olsa aydınlaşdırmaq mümkün deyil. Çünki baş verən hər bir tarixi hadisə özü ilə müxtəlif yanaşmaları və şərhləri əks etdirir. Bu baxımdan dünyada baş vermiş və ya baş verən hadisələri tam şəkildə üzə çıxarıb, dünyaya təqdim etmək mümkün deyil. Öyrənilməyən və ya açılmayan sirlər də kifayət qədərdir. Sadəcə tarixçilər, salnaməçilər, hətta arxeoloqlar tarixi gerçəkliyi təfərrüatı ilə deyil, ümumiləşmə, abstraktlaşma səviyyəsində təqdim edə bilirlər. Bu isə təbii ki, kifayət etmir. Xüsusilə də, tarixdə mövcud olmuş dövlətlərarası müharibələr, vətəndaş qarşıdurmaları və bu kimi münaqişələrin bəşəriyyətin inkişafına vurduğu zərbələr barədə ümumiləşmiş mövqelərin ifadə olunması faktları ilə rastlaşırıq. Halbuki, açıq və real gerçəkliklər növbəti fəlakətlərin qarşısını ala bilər. Elə götürək bizə dost dövlət olan Əfqanıstanda baş vermiş və bu gün də cərəyan edən arzuolunmaz hadisələri. Bu ölkənin ərazisində bəlkə də 500 ildən çoxdur ki, qarşıdurmalar, münaqişələr səngimir. Acı təəssüf hissi ilə bidirmək lazımdır ki, baş verən müharibələrdən əfqan xalqı əziyyətlər çəkib, məşəqqətli bir həyat yaşamağa məhkum edilib. Hələ eramızdan əvvəl, 330-cu ildə Böyük İskəndər bugünkü Əfqanıstanı işğal edib, 1206-cı ildə Çingiz xan fəlakəti başlayanda ilk təcavüzə məruz qalan dövlətlərdən biri Əfqanıstan olub. Sonrakı tarixi proseslər zamanı Əfqanıstan ərazisi Hunlar, Kuşan İmperiyası, Samanilər, Səfərilər sülaləsi, Qəznəvilər dövləti, Qurilər, Xələclər sülaləsi, Hotakilər, Durranilər, Böyük Moğol İmperiyası və digər böyük imperiyaların tərkib hissəsi olmuşdur. Əfqanıstanda sonunca ədalətli hakimiyyət Nadir şahın zamanında qurulub. 1737- ci ildə Nadir Şah Əfşar Kabul və Kandaharı tutaraq Əfqanıstanda öz hakimiyyətini qurur. 1747-ci ildə Nadir Şah öldürüldükdən sonra Əfqanıstanda Dürrani tayfasının lideri olan Əhməd xanı Şah hakimiyyəti əlinə alır. Bu hakimiyyətin sülaləsi 1823-cü ilə qədər öz mövcudluğunu qoruyub saxlaya bilir. Bundan sonra həmin ərazilərdə Əfqanıstan Əmirlik, Krallıq, Respublika, Demokratik Respublika və Taliban İslam Respublikası mövcud olub.
Sovetlərin Əfqanıstana qəfil hücumu
Ötən əsrin 70-ci illərində ABŞ və Avropa ölkələri Əfqanıstan xalqının iradəsini qırıb, öz oyuncaq hakimiyyətlərini qurmaq üçün daxildə vətəndaş qarşıdurması yaratmışdılar. Əfqan xalqı isə xarici istilaya qarşı qətiyyət göstərir və öz müstəqil dövlətlərini qurmaq üçün müqavimət göstərirdilər. Belə bir vaxtda ABŞ hiyləgərcəsinə Əfqanıstanda baş verən vətəndaş qarşıdurmasına SSRİ-ni də cəlb etməyə çalışırdı. ABŞ-ın keçmiş prezidenti Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinski öz etraflarında demişdir: “Biz rusları məcbur etmirdik, amma onların müdaxilə ehtimalını bilərəkdən artırırdıq”. ABŞ-ın Karterin hakimiyyəti hesab edirdilər ki, sovetlər Əfqanıstana ordu yeritməklə beynəlxalq aləm də mövqeyini itirəcək və nüfuzdan düşəcək. ABŞ-ın qurduğu və Avropa ölkələrinin dəstək verdiyi plan nəhayət baş tutdu. 25 dekabr 1979-cu ildə sovetlər cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Əfqanıstana qoşun yeritdi. Əslində, SSRİ Əfqanıstana qanuni şəkildə - ölkənin siyasi rəhbərliyinin xahişi ilə daxil oldu. Üstəlik, bütün tarixi boyu Əfqanıstan heç vaxt SSRİ qoşunlarının müdafiəsi altında olana qədər sərbəst yaşamamışdı. 1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meyilliliyi ilə tanınan Nur Məhəmməd Tərəki rəqibi Həfizulla Amin tərəfindən qətlə yetirildi. Hakimiyyət Həfizulla Amininin rəhbərliyi altında olan ƏXP-nin "Hezb" qanadının əlinə keçdi. Həfizulla Amin ölkədə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar iri mülkədarlar tərəfindən müsbət qarşılanmadığından Əfqanıstanın müxtəlif əyalətlərində mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verməkdə idi. Bu çıxışlar Pakistan, həmçinin ABŞ da daxil olmaqla, bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi. 25 dekabr 1979-cu ildə Sovet İttifaqının 40-cı ümumqoşun ordusunun hissələri Əfqanıstan sərhədini keçdi və paytaxt Kabula daxil oldu. Dekabrın 27-də “Fırtına-333” adı verilən əməliyyatla Tacbəy sarayına hücum təşkil edildi. Saraya hücum müsəlman batalyonu ilə yanaşı “Qrom” və “Zenit” xüsusi qruplarına, eləcə də bir desant rotasına həvalə olundu. Müdafiəçilərə kənardan kömək gəlməsini önləmək üçün iki tədbir görüldü: telefon xəttinin keçdiyi yeraltı qovşaq partladıldı, nəticədə bütün Kabulda telefon əlaqəsi kəsildi və Baş qərargah rəisi, Hafizulla Aminin bacısının əri, Ryazan hava-desant ali hərbi məktəbinin məzunu Məhəmməd Yaqub öldürüldü. Hücum intensiv xarakter aldığı bir vaxtda ölkə prezidenti Hafizulla Amin hücum edənlərin islamçılar, ya pərçəmçilər, ya da Təraki tərəfdarları olduğunu güman edərək yavərinə ruslara zəng edib kömək istəməyi tapşırır. Yavər hücum edənlərin ruslar olmasını söyləyəndə ona külqabını tullayaraq “yalan deyirsən, ola bilməz” cavabını verir.
“Fırtına-333” adı verilən əməliyyat 43 dəqiqə çəkir. Əvvəlcə şiddətli müqavimət göstərən əfqanlar hücum edənlərin ruslar olduğunu biləndə təslim olurlar. Hafizulla Amin və iki azyaşlı oğlu, eləcə də sarayın 200-ə qədər mühafizəçisi öldürülür. Öldürülənlər arasında xarici işlər nazirinin arvadı da olur. “Fırtına-333” əməliyyatı zamanı sovet hərbçiləri 14 nəfər itki verir. Sovetlərin yetişdirdiyi orta məktəb müəllimi Bəbrək Karməl 1979-cu dekabrın 28-nə keçən gecə Baqramdan Kabilə gətirilir və onu ölkə prezidenti elan edirlər. Bəbrək Karməl sovetlərin dəstəyi ilə 7 il hakimiyyətdə qala bilir. Lakin bütün cəhdlərə, yerdəyişmələrə, sərt hərbi qərarlara baxmayaraq ölkədə əmin-amanlığı təmin etmək mümkün olmayır.
Zbiqnev Brzezinski: “Bu məxfi əməliyyat parlaq bir ideyadır! Biz rusları əfqan tələsinə saldıq”
Dünya ictimaiyyət sovet qoşunlarının Əfqanıstana ordu yeritməsini və ölkə prezidentini qətlə yetirməsinə kəskin etirazını bildirdi. BMT-nin Baş Məclisi SSRİ silahlı qüvvələrinin tezliklə Əfqanıstandan çıxarılmasını tələb edən qətnamə qəbul etdi. Bəzi ölkələr Sovet İttifaqı ilə əlaqələrini kəsdiyini bəyan etdilər. Sovetlərə ən böyük zərbə isə 1980-ci ildə Moskvada keçirilən dünya olimpiadası oyunları zamanı vuruldu. Ölkələrin olimpiya oyunlarını boykot etməsi səbəbindən cəmi 80 ölkənin idmançıları Moskvaya gələ bildi. ABŞ taxılının SSRİ-yə satılmasına qadağa qoyuldu. Strateji silahların məhdudlaşdırılması haqqında Sovet-Amerika sazişinin Senatda ratifikasiyası dayandırıldı. ABŞ və Qərbi Avropa ölkələri SSRİ-yə qarşı döyüşən əfqan mücahidlərinə külli miqdarda silah-sursat verməklə müharibəni daha da qızışdırdılar. Keçmiş MKİ direktoru və ABŞ Müdafiə katibi Robert Qeyts “Kölgədən çıxış” adlı xatirə kitabında Amerika kəşfiyyat orqanlarının Sovet Ordusunun Əfqanıstana girməsindən altı ay əvvəl mücahidlərə kömək etməyə başladığını etiraf edir. ABŞ prezidenti Karterin keçmiş Milli Təhlükəsizlik müşaviri və görkəmli siyasətçi Zbiqnev Brzezinski də əlavə edir: “Bu məxfi əməliyyat parlaq bir ideyadır! Biz rusları Əfqan tələsinə saldıq”.
On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak etmişdir. Onların 208-i müharibədə həlak olub, 7 nəfər isə itkin düşüb
Vəziyyəti sabitləşdirmək, vətəndaş müharibəsini dayandırmaq, xarici müdaxiləyə son qoymaq üçün ƏXDP “Əfqanıstanda milli barışıq haqqında” bəyannamə qəbul etdi. 1987-ci il yanvarın 15-dən ölkənin hər yerində hərbi əməliyyatlar dayandırıldı. İqtidar və müxalifət qüvvələrinin iştirakı ilə Koalisiya hökuməti yaratmaq haqqında təklif irəli sürüldü. Milli barışığın əldə edilməsi üçün yeni Konstitusiya qəbul edildi. Konstitusiyada bütün vətəndaşların hüquq bərabərliyi, qanun çərçivəsində çoxpartiyalılıq prinsipi təsbit edildi. ƏXDP-nin baş katibi Nəcibulla respublikanın prezidenti seçildi. Əfqanıstanla Pakistan arasındakı münasibətləri normallaşdırmaq üçün 1988-ci ildə Cenevrədə BMT-nin vasitəçiliyi ilə saziş imzalandı. Saziş bu dövlətlərin bir-birinin daxili işlərinə qarışmamasını, qaçqınların geri qaytarılmasına şərait yaradılmasını, hərbi müdaxilədən imtina edilməsini və Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını nəzərdə tuturdu. SSRİ və ABŞ sazişin yerinə yetirilməsinin təminatçısı kimi çıxış etdilər. 1988-ci ilin mayında Sovet qoşunlarının mərhələ-mərhələ Əfqanıstandan çıxarılmasına başlandı. 1989-cu il fevralın 15-də qoşunların çıxarılması başa çatdı. 1979-cu il dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmət edib. Müharibə də 30 minə yaxın sovet əsgəri həlak oldu. Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak etmişdir. Onların 208-i müharibədə həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb. Müxtəlif statistikalara görə, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. Amerikalılar isə əfqanların itkisinin 2,5 milyon nəfər olduğunu yazırlar. Sovet ordusunun Əfqanıstanda texniki itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. On illik müharibə nəticəsində SSRİ Əfqanıstana təxminən 800 milyon ABŞ dolları yardım göstərdi. 40-cı ordunun saxlanılması və əməliyyat xərcləri 3 milyard dollardan çox oldu. Bir sözlə Sovet sistemi Əfqanıstanda tamamilə məğlub oldu və bu müharibə SSRİ-nin süqutunu tezləşdirdi. Müharibənin başa çatmasından cəmi iki il sonra SSRİ parçalandı.
Aclıq və səfalətin hökm sürdüyü Əfqanıstan
Əfqanıstan Şərq və Cənubda Pakistan, Qərbdə indiki fars-molla rejimi, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı Kabil şəhəridir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir. 35 milyona yaxın əhalisi olan Əfqanıstanda bir sıra qədiriyyə, nəqşbədiyə, qələndəriyyə sünni cəriyanları fəaliyyət göstərir. Əhalinin çox az hissəsi (0,5 %) əhmədiyyə təriqətinə münsubdur. Ölkədə şiə təriqətindən olan insanlarda var.. Onlar xəzər-bərbərlər, eləcə də teymurlar, qızılbaşlar və əfqan-dzadzlar, Sistada nisbətən qarışmış əfqan-fars qrupu və farslardır. Şiələrə həm də Kabul, Herat, Qəznə ərazisində də rast gəlmək olar. Bədəxşan xalqı və tacikləri bir hissəsi ismailiyə təriqətinə ibadət edirlər (ismaililər ölkə əhalisinin təqribən 3 %-ni təşkil edirlər). Bundan başqa, Əfqanıstanda 20 min induistlər, eləcə də siqxlər, zərdüştilər yaşayır.
Təzyiq və ardıcıl hücumlara tab gətirməyən prezident Əşrəf Qəni 15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyəti Taliban hərəkatına təhvil verməyə məcbur oldu. Taliban Əfqanıstanı ələ keçirdikdən sonra ölkənin terror mərkəzi olmayacağını və qadınlara Şəriət qaydalarına uyğun azadlıq veriləcəyi vədini vermişdir. Lakin həyat normallaşsa da Taliban verdiyi vədlərinin heç birinə əməl etmədi. Taliblərin sərt idarəetmə üsulu və əlavə olaraq sosial-iqtisadi durumun ağırlığı əhalinin yaşayışını acınacaqlı vəziyyətə salıb. Ölkə əhalisinin az qala 90 faizi kasıblıq həddindən də aşağı səviyyədə yaşayır. Halbuki Əfqanıstanda gümüş, qızıl, platin, palladium kimi qiymətli metallar mövcuddur. Nadir maddələrə isə litium, tantal, niobium, sezium, rubidium, berilyum və kadmium daxildir. ABŞ Geoloji Tədqiqatlarına əsasən, Əfqanıstandakı təbii sərvətlərin təxmini dəyərinin 3 trilyon dollar oluğu təxmin edilir. Neft, qaz yataqları ilə də zəngindir. Lakin xam nefti daşımaq üçün dəmir yolu xətləri bərbad vəziyyətdədir və ya bəzi ərazilər üzrə ümimiyyətlə mövcud deyil. Əgər bu sərvətlərdən ağıllı və düşünülmüş şəkildə istifadə olunsa Əfqanıstan müasirləşər və sivilizasiyanın tələblərinə uyğun bir dövlətə çevirirlər. Qazanan isə 40 ildən çoxdur ki, müharibələrdən əziyyət çəkən əfqan xalqı ola bilər. Buna getmək üçün siyasi iradəyə və qətiyyətli liderə ehtiyac var. Hələlik nə bu siyasi iradə, nə də xalqı sosial -iqtisadi fəlakətdən xilas edə biləcək lider yoxdur. Lakin əminəm, çox zaman keçməz ki, Əfqanıstan dövləti müasirləşər və əfqan xalqı sakit, rahat, sosial-iqtisadi cəhətdən təmin olunmuş həyatını quracaq. Çünki əfqan xalqı zəhmətkeş xalq olduğu qədər, qarşısına qoyduğu hədəflərinə çatmaq üçün qətiyyətli mübarizə aparmağı da bacaran xalqdır.
İLHAM ƏLİYEV

