Icma.az
close
up
RU
Əkiz tayı şəhid oldu Şəhidliyi ürəyinə damıbmış...

Əkiz tayı şəhid oldu Şəhidliyi ürəyinə damıbmış...

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az Oxu24.com-a istinadla oxucularına qəhrəman şəhidlərimizi tanıtmaqda davam edir. Bu dəfə təqdim etdiyimiz  şəhid Əli Aydın oğlu Tağıyevin həyatı haqqındadır.

Araşdırmaçı jurnalist Aida Eyvazlı şəhidin ailəsində olub. Onun rəqəm baxımından kiçik,mənaca böyük olan həyat yolunu vərəqləyib.

"Səbaildən Şuşaya qədər gedənlər..." kitabında yer alan  reportajı təqdim edirik:

ƏLİNİN BOYNUNA TOY XƏLƏTİ ATILMADI...

Bayılın evləri bir-birinin içərisində tikilib. Burada əhalinin sıxlığı əsasən 1985-ci ildən – ölkələr yenidənqurma islahatlarına başlayandan sonra yaranıb. Rayonlardan, kəndlərdən özlərinə iş axtarmağa gələnlər burada ya ev kirayələyib, ya da balaca-balaca damların üstünü qaraldıb özlərinə ocaq qurublar. Tağıyevlər ailəsi də bu dar dalanlı məhəllələrdə yaşayırlar. Özüm də indi Bayıl qəsəbəsində yaşadığımdan, tez-tez onların qapısından gəlib keçirəm. Tağıyevlərin evi buradakı başqa evlərdən fərqlənmədiyinə görə, əvvəllər diqqətimi çəkməmişdi. Bu ünvan Vətən savaşı başlayandan sonra qibləgaha çevrildi. Vətən müharibəsinin ortalarında, payızın isti-ilıq havalı günlərinin birində bu qapıya şəhid tabutu gətirildi. Baxmayaraq ki, ölkədə pandemiya qaydaları, fövqəladə vəziyyət elan edilmişdi, insanlar bu məhəlləyə və küçəyə axın-axın gəldilər. Əllərində üç rəngli bayrağımız “Şəhidlər ölməz, Vətən bölünməz!” dedilər. O gündən sonra bu qapıdan keçəndə şəhidimiz Əli Tağıyevin böyüdülmüş portretinin qarşısında dayanıb ona təzim edirdim. Fikirləşirdim ki, bir gün darvazalarını açıb, dərdlərinə şərik olacam. 

Bir gün də yenə həmin qapıdan keçəndə bir yaşlı qadının arıq-çəlimsiz digər qadınla həmin qapıda söhbət edib, ağladığını gördüm. Mən yaxınlaşanda nisbətən yaşlı olan qadın, gözlərinin yaşını yaylığının ucu ilə sildi. Dedim ki, mən şəhidimizin evinə gəlmişəm. Yaşlı qadın, məni içəri dəvət etdi:

- Xoş gəlmisən, şəhidin nənəsi mənəm. 

Şamama bibi nəslindən-kökündən danışdı. Dedi ki, əsil nəcabətləri Kərbəlayi İsmayılın nəslindəndir. İndi də İmişlidə rəhmətlik kişinin kötüyündən yaşayanlar vardır. Oğlu Aydın Tağıyev 1991-ci ildə Xabarovskda hərbi xidmətini başa vurandan sonra, dönüb Vətənə qayıdır. 1992-ci ildən 1994-cü ilədək iki oğlu hərbi səfərbərlik çərçivəsində Qarabağ döyüşlərində – Murovdağ, Ağdərə, Talış istiqamətində iştirak etdilər. Aydın müharibədən qayıdıb gələndən sonra, əmisi qızı Təranə ilə evləndi. 1997-ci il avqustun 7-də əkiz oğlanları dünyaya gəldi. Əkiz uşaqları böyütmək çətin olduğu qədər, həm məsuliyyətli, həm də sevincli bir hadisədir. Əkizlərdən birini Əli, digərini Məhəmməd çağırdılar. Rayon yerində dolanışıq çətin olduğundan 1998-ci ildə İmişlidən paytaxta köç etdilər. O gündən etibarən Aydın yenə xırda-para alverlə məşğul olub ailəsini dolandırmağa başladı. Nənə deyir ki, hər vaxt gəlini Təranəyə kömək oldu. Ailənin qayğılarını çəkmək üçün o da gəlib oğlunun yanında yaşadı. Təranə ilə Aydın baş-başa verib evi dolandırırdılar. Lakin illər sonra, Aydın müharibədə aldığı stresslər səbəbindən, qanında xəstəlik yarandı. Ailənin bütün yükü Təranənin zəif çiyinlərinə düşdü. Bütün uşaqlar kimi, Əli və Məhəmməd də hər gün bir buğda boyu böyüdülər. Məktəbə getdilər, dərs oxudular. Təranə uşaqlar kiçik olanda onları cüt geyindirsə də, böyüdükdən sonra hərəsinə paltarı ayrı-ayrılıqda aldı ki, iki qardaş bir-birinin paltarını geyinsinlər. Belə olanda, geyimlərinin çeşidi çoxalırdı.

Bir dəfə “Axırıncı aşırım” filminə baxanda Şamama nənə əkizlərə demişdi ki, bu kişi Kərbəlayi İsmayıl bizim babamız olub. O zaman əkiz tayın birincisi Əli nənəsini sorğu suala tutmuşdu ki, ay nənə, elə kinoda göstərilən kimi olub Kərbəlayi İsmayıl?! Nənə də dünyagörmüş adam idi. Nəvəsini başa salmışdı ki, yox ay bala, o ermənilərə qan uddurub, böyük nəslin adlı-sanlı kişisi olub. Vedibasarda 1917-1920-ci illərdə erməni daşnaklarına qarşı milli-azadlıq mübarizəsinə qalxanlardan biri olub. İrəvanlıların yaratdığı özünümüdafiə dəstələri yarananda Kərbəlayı İsmayılın 48-50 yaşı vardı. Mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi olan Kərbəlayı İsmayıl ağıllı və bacarıqlı təsərrüfat başçısı idi. Abasqulu bəy Şadlinski ilə isə dost və qohum olublar. Abbasqulu bəy ermənilərə qarşı mübarizə aparanda dağ kəndlərində Kərbəlayı İsmayıl, oğlanları Əsədulla, Firidun, Cəmaləddin və Hüseyn, qardaşı Əli, qardaşı oğlu Məhərrəm də xüsusi fəallıq göstərərək Vedibasarın dağlıq kəndlərini düşməndən qoruyublar. Şahablı, Qaraxaç, Qədirli, Keşişdağ və başqa kəndlərdə erməni vəhşiliyinin qurbanı olmuş camaatın köməyinə ilk çatanlar və düşmənə lazımınca cavab verənlər arasında Kərbəlayı İsmayılın dəstəsinin xüsusi yeri olub. Onlar təcavüzkarlara qan uddururdu. Kərbəlayı İsmayıl və dəstəsi düşmənə ağır zərbələr endirdi. Kərbəlayı İsmayılla Abbasqulu bəy arasındakı qohumluq və şəxsi dostluq münasibətləri onların ailələri arasında da bu günə qədər qorunub saxlanır. Abbasqulu bəylə Kərbəlayı İsmayılın qardaşı Pənah bacanaq idilər: Abbasqulu bəy hər dəfə dağ kəndlərinə qalxanda yaxın dostu Kərbəlayı İsmayılın evində qonaq qalırmış. Moskvada və İrəvanda sovet hakimiyyəti illərində ermənilər “qolçomaqlara qarşı mübarizə” adı altında Vedibasarda azərbaycanlılara qarşı təzyiqləri gücləndirlər. Kərbəlayı İsmayıl babamız da təzyiq və təhqirlərə dözməyərək, 1929-cu ildə 250-300 nəfərlik dəstə ilə Vedibasarın dağ kəndlərinə çəkilib, hökumətə qarşı silahlı qiyam qaldırır. Fürsətdən istifadə edən ermənilər Vedibasarın qəhrəmanlarından qisas almaq qərarına gəlirlər. Zaqafqaziyanın Banditizmə Qarşı İdarəsinin erməni əsilli rəisi Vediyə gəlmir. 1930-cu ildə erməni millətçilərinin qurğusu ilə Abbasqulu bəy Şadlinski Kərbəlayı İsmayılla danışıq aparmaq məqsədilə qiyamçıların düşərgəsinə göndərilir. Kərbəlayi İsmayıl bilir ki, bolşevik dəstələri Abasqulu bəyin barəsində ölüm hökmü çıxarıblar. Ona görə də Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən yayınır. Abasqulu bəy sonradan ermənilərin qurduğu hiylə ilə öldürülür. Kərbəlayı İsmayıl bu hadisədən sonra mübarizəni davam etdirməyin mənasızlığını başa düşərək gecə ikən oğlanları və tərəfdarları ilə sərhədi keçib Türkiyəyə pənah aparır. Deyilənlərə görə, Kərbəlayı İsmayılın arvadı Səkinə bibim, oğlu Həsən və Məhərrəmin ailəsi və daha bir neçə nəfər Əyricə yaylaqlarında həbs edilərək, Kəvər türməsinə salınıblar. Ermənilər dəfələrlə cəhd etsələr də, Türkiyədə Kərbəlayı İsmayılı öldürmək onlara nəsib olmadı. Onun yanına oğlanlarını, qohumlarını göndərib, dilə tutmaqla Vedibasara gətirtməyə cəhd etdilər. Lakin Kərbəlayı İsmayıl Türkiyədə tək qaldı.

1940-cı illərdə Kərbəlayı İsmayılla əlaqə tamam kəsilir, yalnız bu məlum olur ki, o, Türkiyədə İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yaşayır. Kərbəlayı İsmayıl 1948-ci ildə vəfat edir. Son nəfəsində deyir ki, “Vedibasarda oğlum, qardaşım uşaqları var, məzarımı yol kənarında qazın ki, bura yolları düşsə, gəlişlərini hiss edim”. 1941-ci ildə Kərbəlayı İsmayılın arvadı Səkinəni, oğlu Həsəni, qardaşı İsrafili, qaynı Paşanı və başqalarını Qazaxıstana sürgün etdilər. Bu vaxt yalnız qızı Zəhra ərdə olduğundan sürgündən xilas oldu. Kərbəlayı İsmayılın sürgün olunan doğmaları bir də 1953-cü ildə sürgündən azad olub,bəraət alıb Azərbaycana qayıtdılar və İmişli, Bərdə, Tərtər rayonlarında məskunlaşdılar.

- Mən əkizlərə bu hekayəni danışanda 13-14 yaşları var idi. Əli tez-tez Kərbəlayi İsmayıl haqqında məndən soruşurdu. Deyirdi ki, əsil kişi elə olar. Mənim də əlimdə imkan olsa, erməniləri öldürərəm ki, ulu babalarımın qisasını alım. Nə biləydim ki, nəslimizin bu yaraşıqlı balası arzusuna çatacaq. Nə biləydim ki, Allah dediyi sözü eşidib, onun arzusunu həyata keçirəcək. Elə bircə deyirdi ki, torpağımızı alsaydıq sakit olardıq. Deyirdim ki, ay bala, sən oraları görməmisən. Sənin orda nə işin var, qoy o yurdun oğulları, varisləri narahat olsunlar. Deyirdi ki, nənə mən əsgərlik çəkmişəm, mən bilirəm ki, Vətənin o başı bu başı olmur. Bu iki əkizimlə eyni otaqda yatardım. Hərəsinin öz yeri var. İndi Məhəmməd darıxır. Mən hər gün yatağına baxıram, yatağını boş görürəm. Nənən qurban, daşa dönmüşəm. Mən səni laylalarla böyütdüm. Üstünü tez-tez açardı. İndi səksəkədəyəm, gecələr səhərə qədər oyanıb yüz kərə baxıram... Görürəm ki, Məhəmməd də narahat yatır...

Sonra Şamama bibi nəvəsini yola saldığı günü nağıl edir:

--Əvvəlcə 27 sentyabrda getdi səfərbərlik idarəsinə. Sonra qayıtdı gəldi ki, bu gün də aparmadılar. Səhər tezdən 5 olardı, komissarlıqdan zəng gəldi. Telefonu özüm götürdüm. Təəccübləndim ki, bu səhər açılmamış kim olar evə zəng edən. Sordum kimsən? Dedi ki, hərbi komissarlıqdandır. Dedim bu səhər o başdan hərbi komissarlıq nə axtarırsan? Elə bu vaxt Əlinin səsi gəldi. Dedi ki, nənə, telefonu yerə qoyma, gəlirəm. Baxdım ki, sevinə-sevinə gəlib dəstəyi götürdü. Nə dedilər, nə danışdılarsa, cavab verdi ki, “baş üstə gəlirəm”. Bir az keçdi külək kimi çıxıb qaçdı evdən. Elə sevinə-sevinə, tələsə -tələsə getdi ki... Əkiz qardaşı Məhəmməd də onun dalınca getdi. Çıxanda dedim ki, bala, harada olsan İxlas surəsini oxu. Qapıdan çıxanda özüm də arxasınca oxudum:  “Bismilləəhi-r-rah'məənir-rahiim. Qul huva-llaahu əhəd.  Əllaahu-s-saməd. Ləm yəlid va ləm yuuləd. Va ləm yəku-l-ləhuu kufuvan əhəd.” (Mənası: Mərhəmətli, Rəhmli Allahın adı ilə! - De: “O Allah Təkdir!, Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (əl-İxlas, 1-4).- red.).

Nənə qurban silahı əlinə götürəndə “Allah-Məhəməd, ya Əli” - de! Bu dəfə etdiyim dualar havada qaldı. Baxdım ki, əynində heç nə yoxdur. Bir yüngül köynəklə çıxır. Birtəhər gödəkçəsini verdim, geyindi. Atası Aydın da dedi ki, qoy təzə paltarlarını geyinsin. Balam bəy kimi bəzənib çıxdı evdən, elə bil ki, toya gedirdi. Sonra da o təzə paltarlarla, o bayraqla həyətdə bir şəkil çəkdirdi. 

Həmin gecə aparmadılar onu. Dedilər ki, 28 sentyabra qaldı. Səhər tezdən atası, qardaşları ilə evdən çıxanda o gördüyünüz üçrəngli bayrağı da özü ilə götürdü. Düşdülər yola. Dostları da onunla birlikdə getdi. Balam elə dostcanlı, elə mehriban idi ki... – deyib, gözlərinin yaşını axıdır nənə.

80-nə yaxın yaşı olan Şamama bibinin göz yaşları adamın ürəyini dağlayır. O ağladıqca mən diqqətlə Əlinin şəkillərini nəzərdən keçirirəm. Bu şəkillərdə onun qardaşı Məhəmməd ilə uşaqlıqdan bu günə qədər olan qoşa şəkilləri, böyük qardaşı Ramillə olan şəkilləri, gözəl bir qız ilə xoşbəxt anlarını göstərən şəkillər, əsgərlik şəkilləri...  Onu da deyim ki, Əli ilə qardaşı Məhəmməd bir-birinə o qədər oxşayır ki, ilk baxışda onları bir-birindən heç kim ayıra bilməz. Diqqətlə baxanda görürsən ki, Əlinin üzünün sol tərəfində burnunun yanında balaca bir xal var. Məhəmmədin üzündəki həmin balaca xal isə sağ tərəfdə dodağının altındadır. Fotoların hamısında donub qalan təbəssümlər və gülüşlərdir. Və bir də ki, sevdiyi qızın, nişanlısının ona aldığı hədiyyələr var. Minatür fiqurların içərisində gözüm bir Boz qurda zillənnir. Nənəsindən bu fiquru Əliyə kimin verdiyini soruşuram. Nənə deyir ki, o elə uşaqlıqdan bu canavarları sevirdi. Mən anlayıram, anlayıram ki, bu Əlinin içərisində böyütdüyü Boz qurddur. Əlinin inanılmaz gözəlliyi var. Üzündən işıq axır. Bütün şəkillərində adamın üzünə gülür. Yazımın yuxarısında qeyd etdiyim kimi, hər dəfə bu qapıdan keçəndə Əli Tağıyevin gözəlliyinə heyran-heyran tamaşa etmişəm. Ancaq Əlinin sol yanağındakı xalı sezəndən  sonra, gənc yaşlarımda yaşlı bir qadından eşitdiyim fikiri xatırladım: “Sol yanağında xalı olanlar tez ölürlər. Yaşamırlar ki...”. Nə bilim vallah, el içində gəzən inancdır, söhbətdir də...  Bəlkə də heç belə deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 İyun 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see133

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see126

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see118

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see116

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri