Icma.az
close
up
RU
Elçin Muxtarov: Vətən mənim üçün coğrafi məsələ yox, mənəvi anlayışdır

Elçin Muxtarov: Vətən mənim üçün coğrafi məsələ yox, mənəvi anlayışdır

Icma.az, 525.az saytına istinadən bildirir.

Kanadanın Toronto şəhərində yaşayan rejissor Elçin Muxtarov vətəndən uzaqda hər zaman doğma Azərbaycanın milli-mədəni dəyərlərini yaşatmağa və təbliğ etməyə çalışan həmyerlimizdir. "ELTV Production"ın rəhbəri, Kanadanın Omni Televiziyasında Azərbaycan dilində yayımlanan "ELTV presents" proqramının yaradıcısı olan Elçin Muxtarovu mənə azərbaycanlı alim, Əməkdar elm xadimi Məsud Əfəndiyev tanıtdı. Hörmətli alimimizin Torontoda Azərbaycan evini ziyarət edərkən tanış olduğu və "Azərbaycan üçün sözün əsl mənasında canı yanan bir yoldaş" deyə tanıtdığı Elçin bəyi daha yaxından tanımaq üçün günümüzün bizə sunduğu imkanlardan - sosial şəbəkələrdən istifadə edərək uzağı yaxın etdik və çox maraqlı müsahibəyə nail olduq. Söhbətimiz də elə Elçin bəyin rejissorluğa, televiziyaya olan marağından başladı:

"Mən Cəbrayılda anadan olmuşam, orta məktəbi də orada bitirmişəm. 6-7-ci sinifdə oxuyanda artıq foto ilə məşğul olmağa başlamışdım. Valideynlərim riyaziyyat müəllimi olsalar da, atam foto ilə maraqlanırdı, özünün fotoaparatı vardı. Elə özü məni öyrətdi və mən də başladım o yaşlardan şəkillər çəkib çıxarmağa. Həyətdə, evdə, məktəbdə fərqli-fərqli şəkillər çəkirdim. 8-ci sinifdə oxuyanda kinooperator olmaq həvəsinə düşmüşdüm. Hətta evdəkilərdən mənə kamera almaqlarını xahiş edirdim. Düzdür, o zamanlar kamera çox baha idi, ala bilmədilər. Sonra riyaziyyat təmayüllü sinfi medalla bitirdim və Memarlıq və İnşaat Universitetinə qəbul oldum. Universiteti bitirdikdən bir müddət sonra bir şirkətdə işə düzəlmişdim. Həmin şirkətdə videokamera var idi və rəhbərlikdən xahiş etdim ki, ondan istifadə etməyə mənə icazə versinlər. İcazə verdilər və mən videokameranı işlətməyin qaydasını öyrənib yenə də başladım həyətdə, evdə, kiçik məclislərdə çəkilişlər etməyə. Televiziyaya marağım böyük idi və özümdən asılı olmadan, çəkilişlərimin formatını da televiziya formatında edirdim. Bunun nəticəsində "Bravo studio" adlı bir prodakşın məni işə dəvət etdi. Orada öncə operator, sonra video montajor və rejissor kimi çalışdım. 2000-ci illərin əvvəllərində bizim studiya artıq professional işlərlə məşğul idi. Şirkətlər üçün reklam çarxları hazırlayırdıq, konsert, klip çəkilişləri ilə məşğul olurduq. Sonra verilişlər də hazırlamağa başladıq. İlk verilişimiz 2007-ci ildə "Space" televiziyasında yayımlanan "Dubl-bom" verilişi oldu. Mən həmin verilişin rejissoru və videomontajçısı idim. Sonra "Davam, ya tamam" verilişini də çəkdik. Eləcə də dövlət tədbirlərinin də rejissoru olmuşam. 2015-ci ilə qədər bu sahələrdə çalışdım və həmin il Kanadaya köçdüm". 

E.Muxtarov Kanada kimi Azərbaycandan çox uzaq, fərqli bir ölkəyə üz tutmağının, əslində, keçmişdən şüuraltında bu ölkəyə qarşı formalaşmış uşaqlıq marağından qaynaqlandığını deyir:

"Öz həyatım haqqında mühüm qərarlar verməzdən öncə çox düşünüb-daşınan, hər şeyi götür-qoy edən adamam. Məncə, həmin dövrdə, yəni qlobal dəyişiklik öncəsi "götür-qoy" prosesində insanın şüuraltı informasiyaları aktivləşir. Bu o informasiyalardır ki, uşaqlığımızdan başlamış yaranır və özümüzdən də xəbərsiz alt şüurumuzda özünə yer edir. Mən orta məktəbdə oxuyarkən Kanada ilə bağlı məlumat ala biləcəyim sosial şəbəkələr, internet yox idi. Kanadaya deyəndə mənim yadıma ancaq həmin ölkənin hokkey komandası düşürdü. O dövrdə hokkey oyununa qəribə bir simpatiyam vardı və həmin komandaya azarkeşlik edirdim. Komandanın formasındakı ağcaqayın yarpağını çinar yarpağına oxşadırdım və həmişə çinar yarpağı qırıb köynəklərimin üstünə yapışdırırdım. Sən demə, bu, şüuraltımda yerləşib, amma heç zaman Kanadada yaşamaq haqda düşünməmişdim. 2013-2014-cü illərdə bir müddət xaricdə yaşamaq fikrinə düşdüm və Avropa, Amerika ilə maraqlanmağa başladım. Ən əsası da öz sahəmlə maraqlanırdım ki, bu sahədə orada çalışa bilərəmmi, biliklərim imkan verərmi. Köhnə iş yoldaşlarımdan biri Amerikada, digəri isə Kanadada yaşayırdı. Onlarla əlaqə saxlayıb müzakirələr edirdim. Tam məlumatlar aldıqdan sonra qərara gəldim ki, Kanadaya gedim. 2015-ci ilin yay aylarında Kanadaya gəldim".

Lakin nə qədər uzaqda olmasına baxmayaraq, müsahibimin Azərbaycanla, öz kökləri ilə bağları heç zaman qopmayıb, bəlkə də tam əksinə, daha da güclənib. Hansı məsafə Vətən sevgisinə mane ola bilər ki?!

"Azərbaycanla bağlarımı heç vaxt itirməmişəm, çünki mənim üçün vətən həm də həyatın özüdür. Ən əsası, dilimizi, adət-ənənələrimizi və mədəniyyətimizi qorumağa çalışıram. Azərbaycan musiqisini dinləyirəm, evdə Azərbaycan yeməkləri hazırlanır, Azərbaycan restoranlarına gedirəm, həmçinin yerli Azərbaycan icması ilə əlaqələrimiz var. Azərbaycanla əlaqələrim həmişə var. Onlayn olaraq Azərbaycan xəbərlərini izləyir, Vətəni hər zaman özümə daha yaxın hiss edirəm. Bu hiss xüsusilə xaricdə yaşayarkən özünü daha çox büruzə verir".

Təbii ki, uğur birdən-birə qazanılmır. Özü də yad məmləkətdə, bilmədiyin mühitdə. Elçin bəyin də çətinlikləri, üzləşdiyi problemlər az olmayıb:

"Yeni ölkəyə gələndə dil və mədəniyyət fərqləri insana çox mane olur. Buna görə adaptasiya müəyyən müddət alır. Ailəndən uzaq qalmaq, tək olmaq, iş tapa bilməmək və sair kimi məsələlər insana psixoloji təsir edir. Bütün bunları nəzərə almışdım, müəyyən qədər hazır idim. Amma yenə də həmin çətinlikləri yaşadım. Rusdilli saytlarda öz işimlə bağlı elanlar verdim, azərbaycanlılarla tanış olmağa başladım, kontaktlarımı artırdım. Burada yayımlanan, İsrailin "Doqquzuncu kanal"ında operator və videomontajçı kimi işləməyə başladım. Bir müddət sonra oradakı rəhbərliyə müraciət etdim ki, Azərbaycan dilində bir proqram üçün mənə 15 dəqiqəlik efir vaxtı verərsinizmi? Mənə dedilər ki, burada icazə verilməz, amma "Omni" televiziyası Kanadada yaşayan etnik qruplara efir vaxtı verir. Demək olar ki, bir ilə yaxın oranın rəhbərliyi ilə yazışmalarımız oldu və nəhayət, icazə ala bildim. Bunun üçün "Canadian Radio-television and Telecommunications Commission" (CRTC) adlı dövlət orqanından yayım lisenziyası da aldım. Beləcə, həftədə 3 dəfə yayımlanan "ELTV Presents" verilişi ilə 2019-cu ilin sentyabrından efirə çıxdım və bu günə kimi davam edirik. Proqramın əsas məramı Azərbaycan icmasının Kanadada fəaliyyətinin işıqlandırılması, elm, təhsil, mədəniyyət, incəsənət və biznes sahələrində çalışan həmvətənlərimizin icma arasında tanıdılması, Azərbaycan mədəniyyətinin və mətbəxinin təbliği, mahnı, rəqs və digər diaspor təşkilatları haqqında məlumatların televiziya proqramı vasitəsi ilə yayımlanmasıdır.

Əvvəlcə "ELTV" prodakşın kimi fiziki şəxs olaraq qeydiyyatdan keçdim. 2021-ci ildə hüquqi şəxs kimi qeydiyyatdan keçdim və "ELTV Media Qrup" formalaşdı. Çətinliklər daha çox verilişin hazırlanmasında ortaya çıxdı. Təbii ki, verilişə icazənin alınması prosesində müəyyən bürokratik əngəllər çıxırdı qabağımıza, amma hamısını yoluna qoya bildim. Verilişin hazırlanmasında isə bir komanda yığmaq lazım idi. Onlar da bu sahədən xəbərdar şəxslər olmalı idi ki, o da burada yoxdur. Üstünlüklərdən biri o idi ki, həm operator, həm montaj, həm rejissor, həm də musiqidən anlayışımın olması müəyyən müddət hər işi özümün görməyimə kömək oldu. Zamanla isə komandanı formalaşdırdıq. Ona görə də hazırda veriliş yüksək səviyyədə hazırlanaraq yayımlanır.

Proqram ilk yayımlanan zamanlarda öncə öz ətrafımdan reaksiyalar aldım, insanlar bunun ola biləcəyinə inanmırdılar, təəccüblə qarşılayırdılar. Sonralar isə Azərbaycan icmasının nümayəndələri çox sevinclə qarşıladılar, mənə zəng edib təbriklərini çatdırırdılar. Çünki bu, təkcə televiziyada getmirdi, həm də sosial şəbəkələrdə fraqmentlər yayımlayırdım. Televiziya formatında yayımlanan verilişlərin bir üstünlüyü də ondadır ki, cəmiyyət tərəfindən daha ciddi qəbul olunur.

Haqqında danışdığımız verilişdən başqa, bizim həm də kommersiya tərəfimiz də var ki, Kanada bazarında fəaliyyət göstəririk. Bura reklam çarxlarının, sənədli filmlərin, hansısa şirkətlər haqqında promo-videoların hazırlanması, bütün növ çəkilişlər daxildir. Son illərdə video sahəsində süni intellektin tətbiqi böyük bir inqilaba səbəb olmuşdu. Bu gün süni intellekt bu sahənin hər bir qoluna sirayət edir və biz bununla da ayaqlaşmalıyıq. Komandamız bu işlə də məşğul olur, yeniliklərlə tanış olub tətbiq etməyə çalışırıq. Çünki süni intellekt həm də bir baxımdan işləri asanlaşdırır, video keyfiyyətin yüksəldilməsinə kömək edir. Həmçinin, hazırladığımız, ya da hazırlamaq istədiyimiz videoların, layihələrin hansı auditoriyaya çatdırılmasını analiz edir və səni istiqamətləndirir".

Həmsöhbətimiz bütün bu fəaliyyətlərdən başqa Azərbaycan tarixinin, həqiqətlərinin ingilisdilli auditoriyaya çatdırılması üçün də bir sıra mühüm işlər həyata keçirir. Onlardan biri də Azərbaycan tarixinə dair hazırladıqları sənədli filmlərdir. Özü deyir ki, bu filmlər Azərbaycanı tanımayan, onun haqqında heç bir məlumatı olmayan xarici vətəndaşlar tərəfindən də böyük maraqla qarşılanır: "Vətən mənim üçün coğrafi məsələ yox, mənəvi anlayışdır, çox fərqli, yüksək bir hissdir. Harada yaşamağımızdan asılı olmayaraq, biz azərbaycanlıyıq, Azərbaycanı layiqincə təbliğ və təmsil etməliyik. Bunun mənada medianın rolu böyükdür və hazırda bizim də əlimizdə o imkanlar var. Bu, 2021-ci ildə başlanan "Azərbaycanın tarixi" adlı bir layihə idi. Bu layihə Kanadada fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova tərəfindən təklif olundu. Layihənin əsas hədəfi ingilisdilli auditoriya idi. Azərbaycanın tarixini əks etdirən qısa filmlər hazırlanmalı idi. Filmlər Azıx mağarasının tarixindən, eləcə də Azərbaycanda var olmuş qədim dövlətlərdən üzü bəri tariximizin mühüm dövrlərini mövzu alır. Onlar arasında Qarabağ hadisələrinə aid "Xocalı", "Dəmir yumruq" və Milli Qəhrəmanımız Albert Aqarunova, Şuşanın tarixinə həsr olunmuş filmlər var.

2023-cü ilin aprel ayında Toronto şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan evi açıldı. O zamandan etibarən orada çoxlu tədbirlər keçirilir. Azərbaycan evinin media işini isə "ELTV Production" həyata keçirir. Orada müxtəlif kliplər hazırlanıb, musiqi nömrələri çəkilib. Eyni zamanda Azərbaycan evinin "Həftə sonu məktəbi" var ki orada rəsm, musiqi, rəqs, teatr, dram, şahmat, Azərbaycan dili dərsləri keçirilir. Həmçinin, Azərbaycan üçün əlamətdar günlərə aid tədbirlər keçirilir ki, studiyamız həmin tədbirləri işıqlandırır, reportajlar hazırlayır. Həmin Azərbaycan evinin direktoru da Lalin Həsənovadır.

Azərbaycanın mühüm tarixi hadisələrinin, dövlət əhəmiyyətli günlərin demək olar hamısına aid filmlərimiz var və həmin günlərə aid tədbirlər keçirəndə biz o filmləri də təqdim edirik ki, oraya gələn ingilisdilli qonaqlarımız, parlamentin deputatları, siyasətçilər, digər xalqların nümayəndələri məlumatlansın. Filmlərin müəlliflik hüququ bizdə olsa da, dünyanın istənilən ölkəsindəki diaspor təşkilatlarımız istənilən filmdən istifadə edə bilər. Çünki sırf tarixi faktlara əsaslanmış yüksək səviyyəli filmlərdir. Gələcəkdə də bu cür filmlərin çəkilişlərini davam etdirəcəyik. Qarşımızda duran layihələrdən biri də Qərbi Azərbaycanla bağlıdır ki, bu haqda da film çəkəcəyik".

Qərbi Azərbaycan demişkən, Kanada dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdən biridir. Əlbəttə, E.Muxtarov və onun komandasının vətənpərvər üzvləri də Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq uğrunda gördükləri bu işlərdə erməni müdaxiləsi ilə qarşılaşmamış deyillər. Bəs bu müdaxilələr nələrdir, onlar bunların öhdəsindən necə gəlirlər? Ən əsası isə 2020-ci ildə baş verən və Azərbaycanımızın böyük zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsində haqq səsimizin eşidilməsində, həqiqətlərimizin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımız da çox fəal iştirak etdilər. Onların ön sırasında gələnlərdəndir Elçin bəy. Bu dövr də maraqlıdır, müharibə zamanında hansı çətinliklərlə rastlaşdılar, ermənilərlə toqquşmalar yaşandımı? Bütün bunlar haqqında da ətraflı, özü də böyük qürurla danışdı müsahibim: "Təbii ki, burada ermənilər çoxdur, saysız-hesabsız kilsələri, məktəbləri var. Çox uzun zamandır burada yaşadıqlarından yaxşı təşkilatlanıblar. Kanada hökumətinin Azərbaycanla soyuqluğunda çox böyük rolları var. Biz də çalışırıq ki, öz işlərimizlə onlara qarşı həm müqavimət göstərək, həm də öz məqsədlərimizi həyata keçirək.

44 günlük Vətən müharibəsindən danışmazdan öncə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Cənab Prezidentimizə isə minnətdaram ki, qürurumuzu bərpa etdi, adımızı ucaltdı. Xaricdə bu qələbə daha da qürurverici bir haldır. İndi biz hər yerdə qürurla "Mən azərbaycanlıyam" deyirik. Mən və ailəm də Cəbrayıldan məcburi köçkün kimi gəlmişik. Bütün bu qanlar, acılar mənim gözümün qabağında baş verib. Ailəmdə, sinif yoldaşlarım arasında şəhid olanlarımız var. Allah hamısına rəhmət eləsin!

Yadınızdadırsa, 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrindən sonra ermənilərin xaricdə bizə qarşı təxribatları artmağa başladı. Azərbaycan icmasının da ilk böyük nümayişi məhz həmin dönəmdə keçirildi. Üç mindən çox azərbaycanlı yürüş keçirdik, "Erməni işğalına son!" deyib səsimizi qaldırdıq. Bütün bu proseslərin hamısını öz kameramla lentə aldım və həmin materiallardan sonralar çox geniş şəkildə istifadə etdik. Ermənilərin təxribatları ara vermirdi. 44 günlük Vətən müharibəsi dövründə azərbaycanlılardan ibarət "Qaynar xətt" adlı votsap qrupu yaratmışdıq və demişdik, erməni təxribatı ilə üzləşən hər kəs dərhal o qrupda yerini, adını qeyd etsin ki, yaxında olanlar oraya getsinlər. Belə bir hadisə baş verdi. Bir gün evdə idim və gördüm votsapdan bir təxribat xəbəri paylaşdılar, yer isə mənim Torontoda evimə 5-6 dəqiqəlik məsafədə idi. Tez durub hadisə yerinə getdim. Deməli, iki nəfər azərbaycanlı öz maşınlarında Azərbaycan musiqisi səsləndirdiklərinə görə ermənilər yaxınlaşıblar və insident yaranıb. Orada ermənilər qaz tapançasından atəş açıb soydaşlarımızdan birini yaralamışdılar. Polislər də orada idilər. Deməli, 15-20 dəqiqənin içərisində 150-dən çox azərbaycanlı yığıldı oraya. Hətta polislər də heyrətləndilər ki, siz hardan xəbər tutub gəldiz, bu qədər millət haradan yığıldı bura. Yəni həmin dövrdə çox yüksək səviyyəli bir təşkilatlanma var idi, hamı bir-birindən xəbərdar idi. Eləcə də gözümüz, qulağımız Azərbaycanda idi, torpaqlarımızın günbəgün azad olunması bizdə ruh yüksəkliyi yaratmışdı. Ən böyük mitinqimiz isə 17 oktyabrda keçirildi. Beş minə yaxın azərbaycanlı iştirak edirdi. O qədər kütləvi hal aldı ki, artıq Kanadanın məşhur xəbər televiziyalarında da işıqlandırıldı. Orada mənim çəkdiyim kadrlardan da istifadə olunurdu. Hamımız Azərbaycanın haqq səsini çatdırmağa çalışırdıq və buna nail də olduq. Hətta Xarici İşlər Nazirliyində görüşlər keçirildi, müsahibələr alındı, televiziyada Hikmət Hacıyevin azərbaycanlılara təxribatdan uzaq durmaları ilə bağlı çağırışı yayımlandı. Bu icma bir yumruq kimi birləşdi və müharibə dövründə uzaqda olmağımıza baxmayaraq, xalqımızla birlikdə idik, bütün proseslərin iştirakçısı olduq. Bununla da qürur duyuruq".

Söhbətimizin sonunda planlarından danışan E.Muxtarov dedi ki, Qarabağla, xüsusən, doğulub, boya-başa çatdığı Cəbrayılla bağlı da sənədli film çəkmək fikri var. Hətta bu istiqamətdə müəyyən addımlar da atılıb: "Bir ildən çoxdur ki, beynimdə bu layihəni planlaşdırıram. 2024-cü ilin sentyabr-oktyabr aylarında Azərbaycana gəldim, Qarabağda oldum. Doğulduğum, boya-başa çatdığım Cəbrayıl haqqında ingilisdilli auditoriya üçün sənədli film çəkmək fikrim var. Bu film işğaldan əvvəl, işğal və işğaldan sonrakı dövrləri əhatə edəcək. Ssenari demək olar ki, hazırdır. Bu filmdən gözləntilərim böyükdür. Təşkilati və maliyyə məsələləri həllini taparsa, nəzərdə tutmuşam ki, bu ilin yayında filmin çəkilişlərinə başlayım.

Eyni zamanda birbaşa Qarabağla bağlı olmasa da, ümumən bu mövzularda bir qısametrajlı bədii film çəkmək planımız var. Onun Azərbaycanda çəkilməsi nəzərdə tutulub".

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

22 ildən sonra ikinci Oskar ını qazandı Gecənin digər qalibləri

03 Mart 2025 09:34see172

Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR

03 Mart 2025 23:41see148

ABŞ nin maliyyə naziri: Kiyev iqtisadi sazişi qəbul etmək üçün sülh müqaviləsini imzalamalıdır

03 Mart 2025 01:15see144

Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

03 Mart 2025 00:13see132

Miroslav Kloze: “Mahirə qarşı kin saxlamıram”

03 Mart 2025 01:39see131

Nüvə təhlükəsi azalır, amma Rusiyanın Avropa ilə müharibə riski artır

03 Mart 2025 00:26see128

Buz bağlayan şəlalələr Nağıllar dünyasına bənzəyən Laza kəndi

03 Mart 2025 01:13see126

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see125

ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA

03 Mart 2025 09:41see124

“Barselona” mövsüm sonuna qədər doğma stadiondan məhrum qalacaq

04 Mart 2025 00:58see123

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see123

Ceyhun Bayramov Qui Yeop Son ilə görüşüb

03 Mart 2025 21:27see121

Messi niyə son matçda oynamayıb? Baş məşqçisi səbəbi dedi

03 Mart 2025 13:31see119

Emosional sarsıntılar və çaşqınlıqla üzləşməyə hazır olun...

04 Mart 2025 02:00see117

Volodimir Zelenski Kral Çarlsla görüşdü

03 Mart 2025 00:21see113

Cənubi Qafqazda sülh üçün səylərimkzi artırdıq

03 Mart 2025 21:16see110

Ronaldosuz “Əl Nəsr” Tehranda heç heçə oynadı

04 Mart 2025 00:34see110

Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər

04 Mart 2025 03:00see108

Somali ordusu “Əş Şəbab” qruplaşmasının 40 dan çox üzvünü zərərsizləşdirib

02 Mart 2025 22:27see107

Universitetlərdə rektorun fəaliyyətinin təşkili məsələlərini tənzimləyən əsasnamə təsdiqlənib

03 Mart 2025 14:12see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri