Icma.az
close
up
RU
Elektromobil dünyasına səyahət: Çağın dəbi, yoxsa dövrün tələbi? ARAŞDIRMA

Elektromobil dünyasına səyahət: Çağın dəbi, yoxsa dövrün tələbi? ARAŞDIRMA

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Toklu" maşın trendinin perspektivləri, dünəni, bugünu və sabahı...


"Yaşıl nəqliyyatın yol xəritəsi: Səs-küysüz şəhər, tüstüsüz hava"


"Azərbaycanda elektromobil sənayesinə baxış, inkişaf perspektivləri"




"Səssiz və yaşıl gələcəyin adı: - Elektromobil"


Zamanın təkərləri dönməyə davam edir, amma bu dəfə səs-küysüz, tüstüsüz və daha qənaətcil şəkildə hərəkətdədir. Küçələrdəki səssizlik texnologiyanın zərif irəliləyişidir. Elektromobillər konfortlu nəqliyyat vasitəsi olmaqla yanaşı, həm də insanla təbiət arasında körpüyə, tarazlığın simvoluna çevrilir. O səbəbdən yaşıl gələcək üçün atılan hər bir addım seçim yox, zərurət halına gəlir. Elektromobil tam olaraq elektriklə işləyən mühərrikdən ibarət nəqliyyat vasitəsidir. Hibrid avtomobillərdən fərqli olaraq, elektrik avtomobillərinin daxili yanma mühərrikləri ümumiyyətlə olmur. Elektriklə işləyən avtomobillərin əsasən dörd növü var: - Elektrikli Akkumulyator Vasitələri, "Plug-in Hibrid" Elektrikli Avtomobilləri, Hibrid Elektrikli Nəqliyyat vasitələri və yanacaq hüceyrəli elektrik nəqliyyat vasitələri. Hər bir növ müxtəlif ehtiyac və parametrlərə cavab verən unikal xüsusiyyətlər və üstünlüklər təklif edir. 



Elektromobillərin "doğuşu" və enişli-yoxuşlu "ömrü"..

Yəqin, çoxumuz elektrikli maşınların XXI əsrin "möcüzəsi" olduğunu düşünürük. Əslində elektrikli maşınların "doğuşu" bir əsr əvvələ təsadüf edir. 1828-ci ildə Anyos Jedlik adlı macar mühəndis əsas elektrik mühərriki ilə işləyən kiçik model avtomobil icad edib. 1830-cu illərdə şotlandiyalı ixtiraçı Robert Anderson təkrar doldurulmayan batareyalarla işləyən ilk elektrik vaqon yaradıb. 1859-cu ildə fransız ixtiraçısı Gaston Plante qurğuşun-turşu akkumulyatorunu inkişaf etdirib. XIX əsrin sonlarında elektrik avtomobilləri daha çox diqqəti cəlb etməyə başlayıb. 1881-ci ildə fransız ixtiraçısı Qustav Trouve Parisdə keçirilən Beynəlxalq Elektrik Sərgisində üçtəkərli elektromobil təqdim edib. 1888-ci ildə isə dördtəkərli elektrik avtomobilini yaradıb. Elə həmin il alman mühəndis Andreas Flocken ilk elektrik avtomobili düzəldib və sınaqdan keçirib. 1889-cu ildə Uilyam Morrisonun düzəltdiyi elektrikli avtomobil təkrar doldurulan batareyalardan istifadə edirdi və 20 mildən çox gedə bilirdi. XX əsrin əvvəllərində urbanizasiya prosesi şəhər yerlərində elektrikli nəqliyyat vasitələrinin geniş şəkildə qəbul edilməsinə səbəb oldu. "Baker Electric", "Columbia" və "Detroit Electric" kimi şirkətlər meydana çıxdı. Yanacaq qıtlığı, yüksək qiymətlər və ətraf mühitə təsirlərlə bağlı narahatlıqlar elektromobilləri ən yaxşı alternativə çevirdi. Zamanla yeni prototiplər və eksperimental modellər hazırlanmağa başlanıldı. Tədqiqatçılar diqqəti elektrik nəqliyyat vasitələrinin canlandırılmasına, akkumulyator texnologiyasına, doldurma stansiyaları kimi problemləri həll etməyə çalışdılar. 1996-cı ildə "General Motors" xüsusi dizayn edilmiş elektrik avtomobilini təqdim etdi. 1997-ci ildən səhnəyə çıxan "Toyota Prius" elektrik və hibrid avtomobil texnologiyasında böyük mərhələ oldu. 2008-ci ildə "Tesla Motors" elektrik idman avtomobili "Roadster"i meydana çıxardı. Ardınca növbəti modellər - "Tesla model S", "Model 3", "Model X" kimi elektromobillər istehsal edildi.  


Kütləvi istehsal və "yaşıl" hədəflərə doğru..

Qlobal elektromobil bazarı sürətli inkişaf mərhələsindədir. Nüfuzlu avtomobil şirkətləri elektromobil istehsalını əhəmiyyətli dərəcədə artırıblar. Dünya üzrə elektromobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveç kimi ölkələrin payına düşür. Çin, Avropa və ABŞ-də satılan elektromobillər qlobal satışların 95 fazini təşkil edib. Elektromobil bazarında satış payı 29,7 faizlə Çinin, 20,4 faizlə Avropanın, 11.2 faizlə ABŞ-nin üzərinə düşür. Ümumilikdə, elektrik avtomobillərinin qlobal bazarda payının artacağı və bu sektorun gələcəkdə daha da böyüyəcəyi gözlənilir. Avropa Komissiyası 2035-ci ildən benzin və dizellə işləyən avtomobillərə qadağa qoyub. Müxtəlif alman avtomobil istehsalçıları daxiliyanma mühərriklərindən qurtulmaq və 2030-cu ildən yalnız elektromobillərin istehsalına keçmək öhdəliyi götürüblər. “Volkswagen”, “Audi” və “Mercedes-Benz” şirkətləri istehsalı genişləndiriblər. 2030-cu ilə qədər Almaniya hökuməti ölkə avtobanlarında 15 milyon elektromobilin olacağını vəd edib. 2024-cü ildə dünya üzrə elektrik avtomobil satışları 17,1 milyon ədədə çatıb ki, bu da əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Çində 11 milyon ədəd satışla 40 faiz illik artım qeydə alınıb. ABŞ və Kanadada 1,8 milyon ədəd satışla 9 faiz artım əldə olunub. "S&P Global Mobility"nin hesabatına görə, 2025-ci ilin sonunadək elektrik avtomobil satışlarının 15,1 milyon ədədə çatacağı və bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 30 faiz artım nümayiş etdirəcəyi proqnozlaşdırılır. Tesla 2025-ci ilin birinci rübündə 336 min 681 elektrik avtomobili təhvil verib. BYD 2024-cü ildə 4,27 milyon avtomobil satışı həyata keçirib ki, bunun 1,76 milyonu batareya ilə işləyən elektrik avtomobilləridir.  


Elektromobillərin populyarlaşması yönündə hökumətlərin təşviqləri..

Dünyanın bir çox ölkələrində ekoloji cəhətdən təmiz, yanacaq sərfiyyatı az olan elektrik avtomobillərinin əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici addımlar atılır, müxtəlif tipli güzəştlər tətbiq edilir, maddi dəstək göstərilir. Kaliforniyada elektrikli nəqliyyat vasitələri alan insanlara pul mükafatı verən "Təmiz Vasitə Güzəşt Layihəsi" adlı proqram var. Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddır. Elektromobillərin qeydiyyata alınması üçün rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrik doldurma məntəqələri fəaliyyət göstərir. Böyük Britaniyada elektromobil avtomobillər aksiz və yol vergilərindən azaddır. İstehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri 20 faiz əvəzinə 5 faiz vergi ödəyirlər. Qardaş Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, 2050-ci ilə qədər xalis sıfır emissiyaya çatmaq üçün karbon qazı emissiyaları hər il 20-30 faizdən çox azaldılmalıdır. 


Elektromobillərin digər maşınlardan üstünlükləri, müsbət cəhətləri.. 

Elektrik avtomobillərin ənənəvi avtomobillərə nisbətən üstünlükləri çoxdur. Onlar həm ətraf mühit, həm iqtisadiyyat, həm də texnologiya baxımından bir çox fayda təmin edir. Günümüzdə benzin və dizellə işləyən avtomobillərin tək alternativi elektromobillərdir. Elektromaqnit əyləci etibarlılığı, təhlükəsizliyi artırır. Daha az texniki xidmət tələb olunur. Elektrik mühərrikinin səmərəliliyi 95 faizə çatır, səssiz olur, bu da şəhərlərdə səs-küy çirkliliyinin azalmasına səbəb olur. Üstəliik, elektrik enerjisi benzin və dizel yanacağı ilə müqayisədə daha ucuz və uzunmüddətli istifadədə böyük qənaət deməkdir. Elektromobillərin mühərriki sadədir və az sayda hərəkətli hissədən ibarətdir. Bu da onların texniki baxım ehtiyacını və servis xərclərini azaldır. Elektromobillər ölkələrin neft və qaz idxalından asılılığını da azalda bilər. Çünki elektrik enerjisi yerli mənbələrdən, o cümlədən bərpa olunan enerji (günəş, külək və s.) ilə istehsal olunur. Bu, həm enerji təhlükəsizliyini artırır, həm də ətraf mühitə təzyiqi azaldır. 


"Elektromobillərin ekoloji faydaları danılmazdır"

Elektromobillər ekosistemin ən vacib elementi kimi yaşıl gələcəyin sərmayəsidir. Onların populyarlaşması ilə şəhərlərdə "ağıllı nəqliyyat sistemləri", "yaşıl şəhərlər" və "karbonsuz gələcək" kimi təşəbbüslər daha real görünür. Elektrik avtomobilləri sıfır emissiya istehsal edir, yəni havaya zərərli çirkləndiricilər buraxmır. Ənənəvi yanacaqla işləyən avtomobillər isə həm ətraf mühitə, həm də insan sağlamlığına zərər verə biləcək karbonmonoksit, azot oksidləri və digər çirkləndiriciləri havaya  buraxır. 

Ekoloq Natiq Mirzəliyev deyib ki, elektromobillər daxili yanma mühərriki ilə işləyən avtomobillərdən fərqli olaraq, karbon dioksid (CO₂), azot oksidləri (NOx), və digər zərərli qazların emissiyasını minimuma endirir. Ekspert vurğulayıb ki, bu, atmosferin çirklənməsinin qarşısını alır və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir:

 "Elektromobillər, bərpa olunan enerji mənbələrindən yükləndikdə karbon izi çox aşağı olur. Bu, qlobal istiləşməni azaltmağa və təmiz enerji keçidinə töhfə verir. Elektrikli avtomobillər egzoz borusundan sıfır emissiya istehsal edir. Buna görə də elektrikli avtomobillər daha təmiz havaya və daha sağlam planetə əhəmiyyətli dərəcədə töhfə verir. Tədqiqatlar göstərir ki, bir elektromobil hər il təxminən 1.5 milyon qram CO2 qənaət edir. Beləliklə, elektromobillərə keçməklə siz birbaşa karbon izinizi azalda bilərsiniz. Qalıq yanacaqların həddindən artıq istifadəsi də iqlim dəyişikliyinə əsas töhfədir. Elektrikli avtomobillərə keçid həm də qalıq yanacaqlardan asılılığımızı azaldır. Dünya ölkələri bərpaolunan enerji mənbələrinə keçid etdikcə, elektromobillərin ekoloji faydaları artmağa davam edəcək. Yanacaqla işləyən avtomobillər azot oksidləri və hissəciklər kimi zərərli çirkləndiricilər buraxır. Bu çirkləndiricilər astma və ağciyər xəstəlikləri kimi tənəffüs yollarını pisləşdirə bilər. Elektrikli avtomobillər isə egzoz borusundan heç bir tullantı buraxmır, nəticədə daha təmiz hava olur. Tədqiqatlar göstərir ki, elektromobil istifadəsini təşviq edən şəhər sakinlər arasında astma kimi xəstəliklər azalır. 


Elektromobillərin neqativ sayılan tərəfləri də mövcuddur

Elektrik avtomobilləri 100 faiz emissiyasız deyil, çünki hazırda daxili yanma mühərriki ilə işləyən avtomobillə müqayisədə, bir elektrik avtomobilini istehsal etmək üçün havaya daha çox karbon qazı buraxılır. Texniki qulluq və batareyanın tam doldurulması üçün lazım olan elektrik enerjisi də yalnız bərpa olunan enerji mənbələrindən əldə edilmir. İstifadə olunmuş batareyaların ekoloji təhlükəsiz şəkildə utilizasiyası hələ də tam həll olunmamış problemdir. Batareyaların istehsalı və utilizasiyası ətraf mühit üçün müəyyən risklər daşıyır. Digər problem odur ki, hələlik elektromobillər üçün yükləmə (şarj) infrastrukturu yetərsizdir. Bir çox ölkədə, o cümlədən Azərbaycanda ictimai şarj stansiyalarının sayı azdır, xüsusən də regionlarda. Evdə şarj imkanı olmayanlar üçün bu, ciddi problemdir. Elektrik avtomobilini tam doldurmaq bir neçə saat çəkə bilər, xüsusilə ev şəraitində şarj prosesi daha uzun müddət davam edir. Halbuki, benzin doldurmaq 2-3 dəqiqəyə başa gəlir. Bir çox modellər hələ də 300-500 km. məsafə ilə məhdudlaşır. Bu da uzun səfərlər üçün narahatlıq yaradır. Ən əsası isə soyuq iqlimdə batareyanın effektivliyi azalır. Yəni qış aylarında uzun məsafə qət etmək mümkün olmur. Hələ də elektromobillər ənənəvi avtomobillərlə müqayisədə daha bahalıdır. Bəzi ölkələrdə subsidiyalarla bu fərq azaldılsa da, əksər dövlətlərdə qiymət fərqi özünü aşırı biruzə verir. 


Azərbaycanda elektromobillərin mənzərəsi, inkişaf perspektiləri..

Ölkəmizdə elektromobillərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu istiqamətdə müəyyən addımlar atılmaqda, həm dövlət, həm də özəl sektor tərəfindən elektromobil infrastrukturunun inkişafına maraq artmaqdadır. Cəmiyyətin maarifləndirilməsi və elektromobillərə dair məlumatlılığın artırılması da keçid prosesində vacib amillərdəndir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə cəmi 167 elektromobil ölkəyə idxal olunmuşdusa, 2023-cü ildə ölkədə 3,115 ədəd elektrik mühərrikli minik avtomobili qeydə alınıb. 2024-cü ildə isə bu rəqəm 5 min 941-ə çatıb. Bu, bir il ərzində elektromobillərin sayında təxminən 90 faiz artım olduğunu göstərir. 2024-cü ildə Azərbaycana ümumilikdə 91 min 800 nəqliyyat vasitəsi idxal edilib ki, bunların 3,027 ədədi elektromobil, 26 min 197 ədədi isə hibrid nəqliyyat vasitələri olub. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 428 ədəd elektromobil gətirilib. Elektromobillərin idxalının dəyəri 15,6 milyon ABŞ dolları olub. Bu, elektromobillərə olan tələbatın artdığını və bazarda yerini möhkəmləndirdiyini göstərir. Dövlətimiz bu sahəyə xüsusi önəm verir. 2022-ci ildən elektromobillər və 2-ci, 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Elektrik mühərrikli minik avtomobillərinin idxalına tətbiq edilən 15 faiz gömrük rüsumu ləğv olunub, əlavə dəyər vergisindən isə azadolma tətbiq edilir. Bundan əlavə, 2019-cu ildən etibarən bu avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Elektromobillər üçün ayrıca nömrə nişanları və bəzi ödənişsiz parklanma güzəştləri tətbiq olunur. 2025-ci il və sonrasında elektromobil parkının 10 mini keçəcəyi proqnozlaşdırılır. Dövlət səviyyəsində “Yaşıl Nəqliyyat” strategiyası hazırlanır. Bakı Metropoliteni və şəhər nəqliyyatı sistemlərinə də elektrikli nəqliyyat vasitələrinin daxil edilməsi planlaşdırılır. Yerli startaplar və texnoloji şirkətlər elektromobil yığımına və xidmətlərinə maraq göstərirlər. Bu addımlar elektromobillərin ölkəyə daha münasib qiymətlərlə daxil olmasına imkan yaradır. Ən populyar markalar: - BYD, "Nissan Leaf", "Tesla Model 3", "Hyundai Kona", "Kia 6" elektromobilləridir. Azərbaycanda BMW, Mersedes, Audi və başqa markaların elektromobilləri də mövcuddur. 


"Benzin və dizel mühərrikli avtomobillərin sayı azaldılmalıdır"


Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalının və ölkə daxilində istifadəsinin stimullaşdırılması vacib və doğru addımdır. Ekspert vurğulayıb ki, iqlim dəyişikliyi prosesi ilə bağlı hər bir ölkə atmosferə buraxılan CO2 karbon qazının miqdarının azaldılması ilə bağlı işlər görməlidir:


 "İri şəhərlərdə atmosferə buraxılan karbon qazının miqdarını azaltmaq üçün nəqliyyat vasitələri də differensiallaşdırılmalı, şaxələndirilməlidir. Yəni ənənəvi benzin və dizel mühərrikli avtomobillərin sayını azaldıb, hibrid və elektromobillərə daha çox üstünlük vermək lazımdır. Ötən ilki statistikaya nəzər saldıqda görürük ki, ölkəyə idxal olunan avtomobillərin təxminən 30 faizi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri olub. Onun təxminən 27 mini hibrid avtomobillər, 3 mini isə elektromobillərdir. Elektromobillərə görə, çox böyük rəqəm sayılmasa da, düşünürəm ki, getdikcə bu rəqəm artacaq. İlin sonuna qədər idxal edilən ekoloji təmiz nəqliyyat vasitələrinin sayı ümumi sayın təxminən 50 faizini təşkil edə bilər". 


"Zəmanəti və rəsmi nümayəndəsi olmayan modellər Azərbaycana gətirilməməlidir"


E.Cəfərov hesab edir ki, bununla yanaşı, bəzi məsələlər mütləq həll edilməlidir: 

"Azərbaycanda rəsmi servis, diller və distributorlarla, yəni istehsalçıların rəsmi nümayəndəlikləri ilə yanaşı, qeyri-rəsmi idxal olunan, heç bir zəmanəti olmayan, hətta mənşəyi belə bilinməyən elektromobillər və hibrid maşınlar idxal olunur. Belə nəqliyyat vasitələrinin idxalının qarşısı alınmalıdır. Çünki bir müddət sonra belə avtomobillərin akkumulyatorlarının utilizasiya problemi ortaya çıxa bilər. Bu zaman utilizasiyanı kim həyata keçirəcək? Dövlət külli miqdarda zərərə düşəcək. Həmçinin, zəmanəti və ölkəmizdə rəsmi nümayəndəsi olmayan bəzi marka modellərin Azərbaycana gətirilməsi həm istehlakçıların hüquqlarını pozur, həm də ölkə daxilində sahibkarlara böyük ziyan vurur. Ona görə də zəmanəti olmayan hibrid və elektromobillərin alınmasının, ölkəyə gətirilməsinin tamamilə əleyhinəyəm. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri rəsmi qaydada gətirilməli, istehsalçı zəmanəti olmalıdır. Sözügedən problem qısa müddət ərzində dövlət tərəfindən mütləq tənzimlənməlidir. Müvafiq qurumlar bu axının qarşısını almalıdır". 


"Azərbaycan karbonmonoksitin konsentrasiyasını 2030-cu ildə minimuma endirməklə bağlı öhdəlik götürüb"


Nəqliyyat eksperti İlqar Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, ümumiyyətlə elektromobillərə keçid təkcə Azərbaycanla bağlı məsələ deyil. Ekspertin sözlərinə görə, bu məsələ hazırda dünyanın 1 nömrəli prioritetinə çevrilib:


 "Tədricən dizel və benzin yanacaqlı mühərrikli nəqliyyat vasitələrinin elektrikli nəqliyyat vasitələri ilə əvəzlənməsi prosesi sürətlənir. Azərbaycanda COP29 ərəfəsində ictimai nəqliyyatın istifadəsi üçün 100 ədəd elektroavtobuslar gətirildi. Bu, əslində çox yaxşı layihədir. Eyni zamanda elektromobillərin gömrük rüsumundan, aksiz vergisindən azad olunması, paralel olaraq hibrid nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər rəqabətlilik qabiliyyətini artırır. Güzətşlər bu tipli nəqliyyat vasitələrinin qiymətinin digərlərindən ucuz olmasına gətirib çıxarır. Nəticə etibarı ilə həm iqtisadi baxımdan səmərəlilik məsələsi gündəmə gəlir, həm də ekoloji cəhətdən elektromobillər daha faydalıdır. Nəzərə alaq ki, Azərbaycan karbonmonoksitin konsentrasiyasını 2030-cu ildə minimuma endirməklə bağlı öhdəlik götürüb, "yaşıl dünya" naminə hərəkat prinsipinə qoşulmağa başlayıb. Azərbaycan artıq özü ekoloji layihələrin episentrindədir. Bu baxımdan elektromobillərin istifadəsinin stimullaşdırılması qarşısıalınmaz gerçək bir prosesə çevrilib. Şarj stansiyalarının sayı çoxaldılmalıdır. Böyük magistrallar üzərində çox yaxın məsafələrdə elektrik doldurma məntəqələri quraşdırılmalıdır. Bəzi sürücələr narazılıq edirlər ki, Bakıdan rayonlara gedib-gələrkən elektrik ehtiyatları yetərli olmur. Hətta bəzən yolda qalma hadisəsi də yaşanır. Yaxşı olar ki, şarj stansiyaları sıx şəkildə yerləşdirilsin". 


Elektromobillər üçün infrastruktur və şarj stansiyalarının vəziyyəti..

Elektromobillərin yayılmasını stimullaşdıran zəruri elementlərdən biri enerji doldurma məntəqələrinin sayının çoxalmasıdır. Azərbaycanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş “Elektromobillik üzrə Milli Plan”hazırlanıb. Son aylarda Bakıda və digər şəhərlərdə şarj məntəqələrinin sayı artır, bu da elektromobil sahiblərinin rahatlığını təmin edir. Məsələn, Bakıda ticarət mərkəzlərində, restoranlarda və yeni yaşayış komplekslərinin dayanacaqlarında şarj məntəqələri quraşdırılır. Hazırda Bakıda və bəzi regionlarda yüzlərlə elektrik enerjisi ilə doldurma nöqtəsi fəaliyyət göstərir. Regionlarda elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular - Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda quraşdırılıb. Şarj stansiyaları əsasən “Azərişıq”, “SOCAR”, “GreenCard” və bəzi özəl şirkətlər tərəfindən qurulur. Bununla belə, ölkə üzrə şarj stansiyalarının sayı məhduddur, və bu da elektromobil sahibləri üçün çətinlik yaradır. “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, elektrikdoldurma məntəqələrinin Bakı, Qarabağ və Şərqi Zəngəzurda, həmçinin regional-magistral yollarda quraşdırılması həyata keçirilir: "Elektrikdoldurma məntəqələri əsasən iaşə obyektlərinin qarşısında, istirahət parklarında, avtomobillər üçün parklanma yerləri və yarımstansiya və transformator məntəqələrinə yaxın yerlərdə quraşdırılır. Hər bir elektrikdoldurma məntəqəsi xüsusi örtüklə təchiz edilir. Bu örtüklər günəş panelləri ilə təchiz olunur. Bu da tələb olunan enerjinin müəyyən miqdarda bərpaolunan enerji mənbələrindən alınması üçün geniş imkanlar yaradır". 


"Elektromobillər iqtisadi cəhətdən sərfəlidir, 70, 80, bəzən 90 faiz qənaət mümkündür"

Markasından asılı olmayaraq elektromobillərin gediş məsafəsi qış aylarında yay ayları ilə müqayisədə müəyyən qədər az olur. Aşağı temperatur səbəbindən artan enerji istehlakı batareyanın həcmini sürətlə tükədir. 


Nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib ki, daxiliyanma mühərrikli avtomobillərdə isitmə, soyutma sistemləri, ümumiyyətlə bütün funksiyalar məhz daxiliyanma mühərrikinin hesabına əldə olunur:


 "Amma bunda sadəcə bir batareya var və bütün enerjini oradan alır. Qış ayları ərzində salonun, oturacağın isitməsində ciddi enerji tələb olunur. Elektromobildə həmin enerji də batareya hesabına əldə edilir. İnsanlarda belə fikir yaranır ki, qış dövründə elektromobillər daha çox enerji sərf edir. Əslində isə həmin artıq enerji isitmə, soyutma sistemlərinə gedir. Mənfi tərəfi budur. Soyuq aylarda elektromobillərin batareyasında kimyəvi və fiziki reaksiyalar ləng gedir. Bu da onun gücünə təsir göstərir. Bəzən əks təbliğat aparılır ki, guya elektromobillər partlayır, yanır və s. Normalda digər tip avtomobillərdə də alışma, yanma hadisələrinin şahidi oluruq. Elektromobildə çox güclü elektrik enerjisi və cərəyan olduğuna görə, burada yanma ehtimalı da var. Amma hər bir halda istehsalçı şirkətlər bunu nəzər alır və qarşısını almaq üçün tədbirlərini görür. Elektromobillər iqtisadi cəhətdən sərfəlidir, 70, 80, bəzən isə 90 faiz qənaət etmək mümkündür. Belə avtomobillərdə dövrü xərclər və dövrü baxış tələb olunmur. Məsələn, əyləc bəndləri daha tez dəyişdirilir, mühərrik yağları, yağ filterləri olmur". 


"Qışda elektromobillərin antifirist dərəcəsi mənfi 50 olmalıdır"

Usta Talıb Talıbzadə qeyd edib ki, qışda elektromobillərin antifirist dərəcəsini yoxlamaq lazımdır. Mənfi 50 dərəcədə olmasına diqqət yetirilməlidir. Ən düşük səviyyəsi mənfi 10 dərəcəyə kimidir. Ondan aşağı donmağa başlayır. Bu da batareya üçün fəsadlar yaradacaq. Soyutma maneəsi sistemi elektromobillərdə mühərrikin batareyasında yüksək temperatur yaradır. Elektromobillərin təkərlərinin hərəkət sistemini təmin edən reduktor sistemi üçün xüsusi yağlardan istifadə olunur. Bu yağlar sürtünmənin qarşısını alır, reduktorun aşınmasının qarşısını alır". Ustalar məsləhət görür ki, elektromobil sahibləri qışda sürprizlə qarşılaşmamaq üçün avtomobillərini qarajda saxlasa yaxşı olar".  


"Azərbaycanda 46 çin modelinin ehtiyat hissələri mövcuddur"

Elektromobillərə maraq göstərənlərin narahat qaldıqları məqamlar da var. Məsələn, sıradan çıxmış ehtiyat hissələrinin yerli bazarda tapılması və nasazlığı aradan qaldıracaq ustaların mövcudluğu da önəmlidir. Ehtiyat hissələri üzrə satış meneceri Namaz Əhmədov bildirib ki, hazırda ölkəmizdə 46 çin modelinin ehtiyat hissələri mövcuddur: "İşlək hissələr, filter, oynaq, işıq faraları, baqaj hissə və qapıları rahatlıqla əldə etmək mümkündür". 

Satış meneceri Vüsal Tağıyev deyib ki, əgər müştəriyə aşağı qiymətə yüksək keyfiyyət və funksionallıq təklif olunursa, heç kim bahalı maşınlara meyl etməz: "Amerika bazarlarından qəzalı vəziyyətdə gətirilən avtomobillər adətən ya auksiondan alınır, yaxud "ikinci əl" maşınlar olurlar. Çinin elektromobilləri isə təzədir. Yəni müştəri əlçatan qiymətə öz avtomobilin ilk sahibi olur".


Azərbaycanda elektromobillərin, yaxud detallarının istehsalı mümkündürmü? 

Azərbaycanda 3 ildir ki, elektromobil istehsalı haqda müzakirələr gedir, hətta bu sahədə dünya avtomobil nəhənglərinə meydan oxuyan Çin şirkətləri ilə danışıqlar da aparılıb. 2022-ci ilin yayında “Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqının prezidenti və Çinin “Lifan” şirkətinin baş icraçı direktoru arasında görüş keçirilib. Görüş Azərbaycan mətbuatında “Azərbaycanda bir ilk! Naxçıvan Avtomobil Zavodunda ilk elektrikli avtomobillər istehsal olunacaq” başlığı ilə təqdim olunub. Zavodda elektrikli avtomobillərin istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması şəraitinin şərtləri müzakirə edilib, yaxın gələcəkdə 2 növ elektrikli avtomobilin istehsalı üçün razılıq əldə olunub. Hələki, bu layihədən xəbər-ətər yoxdur. Ümumən hesab edilir ki, Azərbaycanda elektromobillərin istehsalı mümkündür, yəni elektromobil sənayesinin inkişafı üçün potensial mövcuddur. İdxalın artması və ictimai marağın yüksəlməsi, yerli istehsal və montaj zavodlarının qurulması üçün əlverişli zəmin yarada bilər. Lakin ölkəmizdə bu proses bir sıra texniki, iqtisadi və infrastruktur çağırışları ilə üzləşir. Azərbaycanda elektromobil istehsalına başlamaq üçün ölkənin avtomobil sənayesi və texnoloji bazasını nəzərə alaraq bu sahədə bəzi üstünlüklər və çatışmazlıqları qiymətləndirmək lazımdır. Elektromobil istehsalı mürəkkəb texnologiyalar tələb edir və Azərbaycan hələ bu sahədə böyük təcrübəyə malik deyil. Xüsusən batareya istehsalı, elektrik mühərriklərinin istehsalı kimi ixtisaslaşmış texnologiyalar ölkədə mövcud deyil. Elektromobil istehsalının təşkili üçün böyük maliyyə investisiyası lazımdır. Elektromobillərdə istifadə olunan lityum, kobalt kimi xammal materiallarının böyük hissəsi Azərbaycanda istehsal edilmir və idxal edilməlidir. O səbəbdən ilk mərhələdə komponentlərin montajına başlamaq və yavaş-yavaş daha çox hissənin yerli istehsalını təmin etmək daha realistik yanaşma ola bilər. 


"Xarici investisiyaların iştirakı ilə istehsala başlamaq mümkündür"


İqtisadçı Natiq Cəfərli "Şərq"ə deyib ki, Azərbaycanda elektrik avtomobillərinin istehsalı ancaq o vaxt mümkün ola bilər ki, yerli şirkətlərlə birgə xarici investorlar da bura daxil olsunlar. Ekspetin fikrincə, xarici investisiyaların iştirakı ilə istehsala başlamaq mümkündür:


 "Amma rəqiblər də çoxdur. Azərbaycan bazarı böyük olmadığına görə, xarici investorlar daha böyük bazarlara üstünlük verirlər. Məsələn, Türkiyəyə ona görə üstünlük verirlər ki, 85 milyonluq bazardan söhbət gedir. Ona görə də bu sahədə rəqabətə xarici şirkətləri cəlb etmək çətindir, lakin mümkündür. Azərbaycan istehsal mərkəzinə çevrilib, emal etdiyi elektromobiləri yaxın ölkələrə ixrac edə bilər. Bunun üçün texnologiyamız, xammalımız yoxdur və o səbəbdən xarici investorlara ehtiyacımız var. Xarici investorlar həm texnolgiya, həm də xammal gətirə bilərlər". 


Nəqliyyat eksperti İlqar Hüseynov isə elektromobillərin, yaxud hansısa detallarının Azərbaycanda istehsalının reallaşacağını düşünmür:

 "Son 30 ildə Azərbaycanda idxal olunan xarici nəqliyyat vasitələrinin detallarının istehsalı praktikasına rast gəlməmişik. Ən yaxşı halda elektromobillərin detallarının ölkəmizdə alçatanlığını təmin etmək lazımdır. Sadəcə bunun servisi yaxşı təşkil olunmalıdır". 


Qarabağda ilk dəfə elektrik şarj avadanlıqları istehsal olunacaq

Azərbaycanda ilk dəfə elektrikli avtomobillər üçün şarj cihazları istehsal ediləcək. Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin artıq 85 faizi yekunlaşıb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək. Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur. Qeyd edək ki, Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.


Elektromobillərin sığortası necə aparılır? 

ASA-nın ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, elektromobillərin sığortalanması ənənəvi elektromobillərdən fərqlənir. Ekspert qeyd edib ki, ənənəvi minik avtomobillərində sığorta haqqının hesablanması mühərrik həcmləri əsasında aparılır. Amma elektromobillərdə sığortalanma mühərrik həcmi yox, at gücü ilə hesablanır: "Sistemdə yeni model avtomaşınların hansı at gücünə sahib olması qeyd olunur. Təminanatlar yenə də qarşı tərəfə görə 55 min manatdır. Bu sığorta növü sığorta bazarında ən çox satılan və zərərli sığorta növüdür. Kifayət qədər hadisələr baş verir. Yeni nəsil avtomobillərin ehtiyatlar hissələri baha olduğuna, işlənmiş ehtiyat hissələri olmadığına görə, zərər artır. Normalda bir hadisəyə görə orta hesabla 2-3 min manat zərər dəyirsə, elektromobillərdə bu zərər 5 mindən çox olur. Könüllü sığorta növü də var, vətəndaşlar əlavə olaraq 20 AZN ödəməklə təminatı 2 dəfə artıra bilərlər". 


NƏTİCƏ 

Elektromobillərin texnoloji üstünlükləri - səssiz işləməsi, aşağı istismar xərcləri və yüksək enerji səmərəliliyi onların gələcəyin nəqliyyatı olacağını göstərir. Mövcud problemlər texnoloji inkişafla zamanla aradan qalxacaq. Azərbaycan üçün də elektromobillərin geniş tətbiqi ekoloji fayda ilə yanaşı, enerji təhlükəsizliyinə və iqtisadi dayanıqlığa da töhfə verə bilər. Bu baxımdan, elektromobillər təkcə texnoloji yenilik deyil, həm də sosial və ekoloji məsuliyyətin təcəssümüdür. Elektromobillərin inkişafı və yayılması gələcəyin nəqliyyat sistemlərinin formalaşmasında mühüm rol oynayacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see148

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see147

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see147

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see138

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see134

Pulsuz vəkillik mümkündürmü? Hüquqşünas aydınlıq gətirir

23 Aprel 2025 19:01see131

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see128

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see127

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see127

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see126

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see126

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see124

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see123

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see121

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

24 Aprel 2025 11:16see119

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

23 Aprel 2025 20:23see117

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see117

Sumqayıtda 15 ağacı kəsən şəxs cərimələndi

23 Aprel 2025 19:21see117

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

24 Aprel 2025 03:03see114

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

24 Aprel 2025 06:33see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri