Icma.az
close
up
RU
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? Tanrıverdi Əliyev

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Tanrıverdi Əliyevin "Fransız ədəbiyyatının təsirləri" yazısını təqdim edir.

Fransız ədəbiyyatı ədəbiyyat tarixi boyu bir çox yazıçılara və şairlərə ciddi şəkildə təsir göstərmişdir. Cərəyanların və estetik baxışların yaranması, demək olar ki, elə Fransada olmuşdur. Bu yazımızda simvolizm və sürrealizmin Türk və Azərbaycan ədəbiyyatına təsirlərindən danışacağıq.

XIX əsrin sonu XX əsrin əvvəllərində fransız poeziyasında Şarl Bodler, Pol Verlen, Pol Elüar, Lui Araqon ciddi şəkildə dəyişikliyə getmişdirlər. Həmin dönəmlərdə texnologiyanın yüksəlməsi, mədəniyyətin geniş şəkildə inkişaf etməsi və Dünya müharibəsi ilə mədəniyyətin süqutu ədəbiyyata təsir göstərmişdir. Modernizmin ilkin cücərtiləri I Dünya Müharibəsindən sonra öz bəhrəsini vermişdir. Artıq ədəbiyyat müharibənin komandanlarını tərif etmir, əksinə, mübaribənin gətirdiyi mədəni böhrandan və zədələnmiş insan psixologiyasından bəhs edirdi. Bir sözlə, modernizmin ədəbiyyata gəlməsi klassik cərəyanları sıradan çıxardı. Bu, eyni ilə Kvant fizikasının yaranması nəticəsində Nyuton fizikasının tənəzzülə uğramasına bənzəyir. Dünyada baş verən dəyişiklik ədəbiyyatın vərəqlərinə sətir-sətir yazılırdı. Qeyd etdiyimiz kimi, bu dəyişikliyi fərq edənlər simvolistlər, daha sonra isə sürrealistlər olmuşdu.

Şarl Bodler ədəbiyyata rəng, səs və qoxu estetikasını gətirmişdir. Bu üç ünsür epistemoloji emprik idrakın ədəbiyyata yansımasıdır. Yəni rəngin səsi, səsin də qoxusu vardır. Bu ünsürlər poeziyada simvolist bədii təsvir vasitələrinin yaranmasına zəmin yaratmışdır.

Sual meydana çıxır ki, həqiqətən rəngin səsi, ya da səsin qoxusu olurmu?

Bu sualın cavabını məşhur şotland fizika alimi Ceyms Klerk Maksvel "işıq elektromaqnit dalğadır" nəzəriyyəsi ilə izah edir. Belə ki, işığın enerjisi dalğaboyunun tərs mütənasibliyindən aslıdır. Dalğaboyu nə qədər aşağı olsa, işığın enerjisi o qədər yüksək, dalğaboyu yüksək olsa, işığın enerjisi o qədər aşağı olur. Məhz rənglərin yaranmasına səbəb də elə bu dalğaboyudur. Məsələn, ən yüksək dalğaboyuna malik olan rəng qırmızı (620-700 nanometr), ən aşağı dalğaboyuna malik rəng isə bənövşəyi (380-450 nanometr) rəngdir. Bütün rənglərin özlərinə aid dalğaboyu mövcuddur, lakin bizim görə bildiyimiz dalğaboyu ümumi dalğa uzunluğunun kiçicik hissəsini əhatə edir. Onu da rənglər sayəsində görə bilirik. Ümumi elektromaqnit dalğaboyunda ən aşağı dalğaboyu radiasiya şüaları, ən yüksək dalğaboyu isə radio dalğaları, yəni səslərdir.

Maksvel bu nəzəriyyəsi ilə Bodlerin “rəngin səsi var” estetikasını izah edir. Səsin qoxusunun olması isə birbaşa insan təxəyyülünün məhsuludur. Məsələn, yağış səsi eşidəndə yaş torpağın ətrini, dənizin səsini duyanda qum qoxusunu xatırlamaq və s.

Rəng-səs-qoxu üçlüyü Türk ədəbiyyatında Sərvəti-Fünun dövründə Tefvik Fikretin və Cenap Şahabettinin şeirlərində özünü göstərmişdir.

Artık uyan ey mâh;
Ey mâh-ı dilârâm,
Zîrâ geçiyor, âh!
Sâât-i semenfâm!

Şeirin son misrasında saati-semenfam ibarəsi yasəmən rəngli saatlar deməkdir ki, bu da qeyd etdiyimiz simvolist üçlüyə aiddir. Sərvəti-Fünun dövründə bir çox bənzətməni bu üçlüyə aid etmək olar. Məsələn, siyah koku (rəng+qoxu), şeffaf müzik (rəng+səs), gülümsemenin şafak renkli kaderi və s.

Azərbaycan ədəbiyyatında Əli bəy Hüseynzadənin məqalələrinin birində də sözügedən estetika istifadə edilmişdir. Məsələn, sovet( kommunist) təhlükəsi ilə üzbəüz qalan cümhuriyyəti Əli bəy Hüseynzadə bu cür ifadə edir: "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar".

Bu dövrlərdə ədəbiyyata subyektiv baxış bucağı gəlmiş, artıq romandan, şeirdən, povestdən və s. ədəbi janrların məzmunundan ideya çıxarmaq oxucuların ixtiyarına buraxılmışdır. Buna çoxlu baxış bucağı da deyə bilərik. Maraqlısı budur ki, həmin dövrlərdə dəqiq elmlərdə də bu baxış bucağı özünü göstərdi. Məşhur alman fiziki Verner Hayzenberqin fikrincə, bir cisim həm də dalğadır, yəni cisim özünü dalğa kimi göstərdiyinə görə konkret yerini müəyyənləşdirmək müşkül məsələdir. Buna görə də cüt yarıq və ya digər təcrübələr müxtəlif baxış bucaqları və müxtəlif nəzər aspektləri ilə müşahidə edilir. Eyni ilə modernist əsərlərdəki çoxlu baxış bucağı ilə ideya çıxarmaq kimi.

Biz bu dövrdə fizika və rəngsazlıqla paralel təhtəlşüura, eləcə də, digər psixoloji patalogiyalara müraciət edərək əsərləri təhlil edirik. Buna səbəb olacaq məfhumlar isə magik realizm, sürrealizm və dadaizmdir. Məşhur psixoanalitik Ziqmund Freydin təhtəlşüurla bağlı olan fikirləri bizə sürreal, absurd və dadaist poeziyanı izah etməkdə çok kömək edir.

Dadaizm və sürrealizmi bağlayan ortaq cəhət fikirlərin qarşılıqlı və absurd olmasıdır. Dadaistlər daha çox müharibədən çıxmış insanların sarsılan psixikalarını ifadə etmək üçün qəzet parçalarını kəsib, müxtəlif parçalarda olan sözləri birləşdirərək əsərlər ərsəyə gətirirdilər. Bu da xaosu və qarışıq insan zəkasını ifadə edirdi. Sürrealistlərin əsas ilhamı isə qarabasma, dəhşətli yuxular (kabuslar) və təhtəlşüurdur. Artıq ədəbiyyata şüur və hislərin mübarizəsinə təhtəlşüur da əlavə edilir.

Bu cərəyanlar daha çox özlərini türk ədəbiyyatında "Garip hərəkətində" və "II yeniçilərdə" özünü büruzə verir.

Orhan Veli Kanık, Oktay Rıfat və Melih Cevdet öndərliyində hərəkətə keçmiş Garipçilik özündən əvvəlki musiqili, qafiyəli, ədəbi dildə yazılmış türk şeirini musiqisiz, qafiyə və nizamsız, küçə dili və arqolarla yazılmış poeziya ilə əvəz etmişdir. Garipçilər də eyni ilə sürrealistlər kimi, şeirdə məna axtarmağın mənasız olduğu fikrini irəli sürmüş, təhtəlşüurun atmacalarını nəzmə çəkmişdilər. Bu hərəkatda sətir uzunluğu və sətir sayı adətən az olur, qarşılıqlılıq, zarafat və təhkiyə üçlüyündən istifadə edilir.

Orhan Veli Kanıkdan nümunə verək:

Şimdi kılıksızım, fakat
Borçlarımı ödedikten sonra
İhtimal bir kat da yeni esvabım olacak
Ve ihtimal sen
Yine beni sevmeyeceksin.
Bununla beraber pazar akşamları
Sizin mahalleden geçerken,
Süslenmiş olarak,
Zannediyor musun ki ben de sana
Şimdiki kadar kıymet vereceğim?

Şeirdə öyküleme, yəni nağıletmə metodundan istifadə edilir. Belə ki, lirik qəhrəman sevgilisinin evinin önündən keçməsini nağıl edir. Nümunədəki şeirdə qafiyə və nizam pozuntusunu, daha çox nəsr dilinə meyilləndiyini müşahidə edirik. Şeirin son iki misrasında isə qarşılıqlılıq metodu istifadə edilir. Yəni ki, əvvəlki sətirlərdə sevgilisinin onu bəyənməyəcəyini ifadə edən qəhrəman, son iki misrada əvvəlki sətirlərə zidd çıxaraq özünün sevgilisini bəyənib-bəyənməyəcəyi arasında qalır. Və bununla da şeirdə kiçik yumor hissi oyanır.

Garipçilərlə sürrealistlər arasında olan oxşar cəhətlərdən biri də uşaqlıqlarını özləməkdir. Bu da şüuraltının təsirindən irəli gəlir. Orhan Velinin II Dünya Müharibəsinə aid yazdığı şeir türk ədəbiyyatında yeni mövzu olmuşdur və bu şeir uşağın dili ilə, uşaq təfəkkürü ilə verilmişdir.

Hitler amca!
Bir gün bize de buyur.
Kakülünle bıyıklarını
Anneme göstereyim.
Karşılık olarak ben de sana
Mutfaktaki dolaptan aşırıp
Tereyağı veririm.

Şeirdə III Reyxin diktatoru, Alman Nasional-Sosializminin banisi Adolf Hitler uşağın təfəkkürü ilə nəzmə çəkilmişdir. Burda artıq zarafat metodunu müşahidə edirik. Belə ki, yenə şeirin sonlarında zahirən absurd bir fikir ortaya qoyularaq zarafat və yumor effekti yaradır. Həmin dövrlərdə Azərbaycanda olduğu kimi, Türkiyədə də yağ və çörək talonla verilirdi. Yəni yağın istehsalı az olduğu üçün çətin tapılan qida idi ki, Orhan Veli uşağın dili ilə üstüörtülü bu məsələyə də toxunur.

Türk ədəbiyyatında şeirdəki rasionallığın çöküşü isə II Yeniçilər dövründə reallaşmışdır. Belə ki, bu hərəkat Garipçilərin bədii təsvir vasitələrinə qarşı çıxması və küçə dilinə üstünlük verməsinə reaksiya olaraq yaranmışdısa da, sürrealizm, dadaizm və təhtəlşüur istifadə etməklə ortaq cəhətləri paylaşırdılar.

İkinci yeniçilərdən olan Cemal Süreya və İlhan Berk yanıltmaclı şeirlərə, folklora, rasionallığa qarşı çıxmışdırlar. Hətta, İlhan Berk deyir: " Şiir birşey anlatmak zorumda değildir, birşey anlamak isteyen gitsin düz yazı (nəsr) okusun". Bu söz II yeniçilərin ideyasına çevrilərək nağıletməni və dilin qrammatik qaydalarını rədd etməyə imkan vermişdir. Ümumiyyətlə, Garipçilər sadə insanlar üçün şeir yazırdılarsa, II yeniçilər sırf intellektual və savadlı insanlar üçün əsərlər ərsəyə gətirirdilər.

Ben
suymuşum
Thales Söylüyor
avluya düşen gölge

İlhan Berkin bu nümunədəki şeiri intellektual oxucuya xitab edir. Belə ki, şeir sudan bəhs edir. İlkin filosoflardan olan Thales, yəni Falesə görə su Yer kürəsinin elə özüdür. Dünyanın yaranmasında suyun əvəzsiz rolu vardır. Falesi tanımayan oxucu şeiri sadə misra yığını hesab edəcək. Lakin intellektual oxucu isə Falesi tanıdığı üçün şeir onu düşündürəcəkdir.

Troya'da siz sözü güzeldi eskiden
Baktım öpüşündü duran baktım bungun.
Benim şimdi Hitit çağı benim yorgun Benim ey gök çılgın uzaklığın hep ben.
Büyük sularıma sen o hep geç gelen
Beni çıktığınız gecelere tutun.
Beyaz, kağıtlarca gittiniz ya uzun Güzelliğimde bir yarı geceler sen.
Ellerin bir daha sarı ovalarım.
Sesini dönmeyim bütün yalnızlığım
Bütün gök gök gök, o akşamlara kadar.
Güzel yalnızlığım işte dünya kadar.
Ne denizler gördüm hiç anmamışımdır
Bir sesim ben git git o binlerce yıldır.

Şeirdə dil stukturu və qrammatik qaydalar ciddi şəkildə pozulmuşdur. Son üçlüklərin axır misralarındakı təkrar sözlər isə sanki sayıqlamanı özündə birləşdirir. Ümumiyyətlə, dadaist və sürreal şeirlərdə olan absurdluq, sayıqlama psixologiyası pozulmuş xəstələri, sərt dildə desək, dəliləri ifadə edir.

Müasir Azərbaycan ədəbiyyatında Salam Sarvanın heca şeirlərində də absurdluğu müşahidə edə bilərik. Onun şeirlərində frazeoloji birləşmələrin cümlə ilə sintez edilməsi sürreal metaforlar yaradır. Məsələn:

Sənin ad gününə gül dərmək üçün,
Sinəmə çəkdiyin dağa çıxıram

Deyirlər saatda yaxşı vaxt gedir,
gəl gedək oturub saata baxaq

Qeyd etdiyimiz nümunələrdəki frazeoloji birləşmələr qəlib kimi öz rolunu oynamır. Yəni, dilimizə görə frazeoloji birləşmələr sabit söz birləşmələridir, ayrıla, ya da arasına söz daxil ola bilməz. Lakin absurd şeirlərə gəldikdə məsələ dəyişir. Fransız və türk ədəbiyyatda olduğu kimi, bizim ədəbiyyatımızda da absurd şeirlər dilin qrammatik qanunlarını sındırır. Ona görə də Salam Sarvanın poeziyasında frazeoloji birləşmələrin sabitliyinin pozulmasını müşahidə edə bilirik.

Gəl sənə təsəlli verim
Darıxma düzəlməyəcək.

Bu misradakı təzadlar, Garipçilərdəki qarşılıqlılıq metodu ilə eynilik kəsb edir. Salam Sarvanın şeirlərinin sonluqlarına fikir versək görərik ki, garipçilər kimi qarşılıqlığı son misralarda istifadə edir.

Buludlar tozdurmu belə qopular
yağışın yol keçib axdığı yerdən?...
İlahi, indicə bir gül çıxacaq
dağ öz ürəyini sıxdığı yerdən.
Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin…
səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.
Əh… birin bilirsən sən də, birin yox –
daha yıxılıram, heç xəbərin yox…
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.

Nümunənin son bəndinə fikir versək görərik ki, təzadlılıq prinsipi axır iki misrada istifadə olunub. Şeir ümumilikdə isə qaba danışıq dilinə uyğundur. Bu da sürrealizmin təməlində duran xüsusiyyətlərdən biridir.

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə Bu da bayram süfrəsi; yarım araq, şor balıq... - Günün şeiri 34 yaşlı aparıcı faciəvi şəkildə öldü
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1197

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see163

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see109

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri