Icma.az
close
up
RU
Əlilliyi olan şəxslərin “İkinci ev”i

Əlilliyi olan şəxslərin “İkinci ev”i

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şağan Reablitasiya Pansionatında müalicə alan şəxs: 25 ildən sonra ilk addımlarımı burada atmışam

Bakı, 26 may, AZƏRTAC

Bəzən insan üçün ən böyük möcüzə yenidən ayağa qalxmaq üçün daxili gücünü kəşf etməsi olur. Çünki həyat insanı gözləmədiyi anlarda ağır sınaqlara çəkə bilir. Elə 17 yaşında pəncərənin şüşələrini silərkən yıxılıb onurğası zədələnən və 25 ildir gəzə bilməyən Ramilə Ağayeva, ana olandan sonra hərəkət qabiliyyətini itirən Günay Əzizli, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı sağlamlıqlarını itirən hərbçilər Elvin Abbasov və Zahid Əliyev kimi. Onların hər biri üzləşdiyi çətin sınaqlarda gücünü, səbrini və yaşamaq istəyini yenidən kəşf edib. Fərqli tale yaşayan bu insanları birləşdirən həm də bir məkan var. Sağalmaq üçün mübarizə apardıqları və bu yolda irəliləyiş əldə etdikləri Şağan Reablitasiya Pansionatı.

AZƏRTAC-ın əməkdaşları Cənubi Qafqazın ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reablitasiya Pansionatında olub və əilliyi olan şəxslərin müalicə prosesinə şahidlik edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən pansionatın təməli 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qoyulub. İlkin dövrdə müəssisə müharibə veteranları və əlilləri üçün nəzərdə tutulsa da, sonra ümumi səbəbdən əlilliyi olan şəxslərin də müəssisədə müalicə almaları təmin edilib. Şağan Reabilitasiya Pansionatında əsasən nevroloji problemli əlilliyi olan şəxslər qəbul edilirlər. Lakin pansionatda digər zədə almış şəxslərin qəbulu da həyata keçirilir. Burada stasionar, ambulator, icma, telereabilitasiya müalicələri aparılır. Əlilliyi olan şəxslər əvvəlcə multidisiplinar komandanın baxışından keçirilir, sonra psixoloji və fizioloji amillər dəyərləndirilir.

Reabilitasiya proqramı individual təyin olunur

Şağan Reablitasiya Pansionatının müalicə bədən tərbiyəsi üzrə təlimatçısı, fizioterapevt-reabilitoloq Murad Nəzərli dörd ildir ki, burada fəaliyyət göstərir. Ötən müddətdə hər növ reabilitasiya xidmətlərini icra edib. Azərbaycanda ilk reabilitasiya təhsili alan tələbələrdən olan Murad Nəzərli Başkənd Universitetində əlavə təhsilə də sahib olub. O, gün ərzində təxminən 14 nəfərlə fərdi reabilitasiya proqramını icra edir.

Murad Nəzərli pasiyent, I qrup əlil, 42 yaşlı Ramilə Ağayevanın aldığı prosedur barədə də məlumat verib. Bildirib ki, pasiyent TH12 (döş fəqərəsi 12) və L1 (bel fəqərəsi 1) fəqərələrinin kompression sınığı prosedurunu qəbul edir: “Ramilə xanımın bel fəqərələrində zədələnmələr olub. Buna görə də onurğaətrafı əzələlərin gücləndirilməsi, eyni zamanda da aşağı ətrafların əzələlərinin bərpası proqramı icra edilir. Reabilitasiya uzun müddət davam edən prosesdir və az vaxtda nəticə almaq çətindir. Pasiyent 25 ildir ki, əlil arabadasındadır. Əvvəllər hərəkət edə bilmirdi. Artıq üç ildir ki, davamlı reabilitasiya proqramı əsasında pasiyent şəxsi ehtiyaclarının 70-80 faizini rahat icra edə bilir. Hər diaqnoza görə reabilitasiya proqramı individual təyin edilir. Belə proqramların icrası müəyyən zaman tələb edir. Müalicədə ən vacib məqam isə psixoloji faktordur. Çünki pasiyentin motivasiyası olmasa reabilitasiyada uğur əldə etmək qeyri-mümkündür”.

Əlilliyi olan şəxslərə tövsiyə

Ramilə Ağayeva isə 25 ildən sonra əldə etdiyi uğur hekayəsini bölüşərək bildirib ki, 17 yaşında mənzillərinin pəncərəsinin şüşəsini silərkən yerə yıxılıb və onurğası zədələnib: “Artıq müəyyən hərəkətləri özüm etdiyim üçün hisslərimi heç nə ilə ifadə edə bilmirəm. 25 ildən sonra ilk addımlarımı da burada atmışam. Heç cür addım ata, özümü tək idarə edə bilmirdim. Hazırda özümü tək idarə edə bilirəm. Bura gəlməmişdən əvvəl heç bir reabilitasiya mərkəzinə getməmişəm. Əvvəl onurğadan əlavə, ayağımda daha çox problem var idi, ayağa qalxa bilmirdim. 3 il əvvəl əməliyyat olundum və buraya gəldim. Dəyişiklikləri görürsünüz”.

O, əlilliyi olan şəxslərə sonadək mübarizə aparmağı tövsiyə edib: “Düzdür, insan yorulur, mən də yoruluram, amma yenə də davam edirəm, ümidimi də itirmirəm”, - deyə Ramilə Ağayeva diqqətə çatdırıb.

Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı

Şirvan şəhərindən olan, 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu qazi Elvin Abbasov 4 ildir ki, Şağan Reabilitasiya Pansionatına gəlir. O, Füzulidə gedən döyüşlərdə ağır yaralanıb. Orqanları rezeksiya olunub. “Buranın kollektivi Vətən müharibəsi iştirakçılarına övladları kimi can yandırır. Ağrılarımız olanda dərhal yaxınlaşırlar, kömək edirlər. İldə 2-3 dəfə buraya gəlirəm. 14 günlük müalicə proseduru səhhətimə müsbət təsir edir”, - deyə o diqqətə çatdırıb.

2023-cü ildən 5-ci dəfədir ki, reabilitasiya pansionatında müalicə alan digər hərbçi, I qrup əlil, 1984-cü il təvvəllüdlü Zahid Əliyev antiterror əməliyyatında onurğa və kəllə-beyin travması aldığını bildirib. O, pansionatda göstərilən xidmətdən razı olduğunu diqqətə çatdırıb. Dediyinə görə, pansionatda mövcud olan bütün müalicə üsulları onun üçün tətbiq olunub, xeyli irəliləyiş əldə edib.

Müasir müalicə metodları və aparatlar

Qeyd edək ki, pansionatda müasir müalicə metodları müxtəlif aparatlar vasitəsilə tətbiq olunur. Traksiya aparatı vasitəsilə onurğanın servikal və lumbal hissələri dartılır. Bütün parametrlər ekranda göstərilir və çəkiyə uyğun olaraq dartma verilir. Traksiya aparatından osteoxondroz, skolioz, disk yırtığı, protruziya xəstələri daha çox yararlanırlar. Cihazdan, əsasən, qan dövranını yaxşılaşdırmaq, sinir sıxılmalarını azaltmaq, limfa durğunluğunu yaxşılaşdırmaq üçün istifadə olunur. Limfodrenaj aparatı isə bədəndəki zərərli toksinləri xüsusi manjetlərin köməyi ilə xaric edir. Neyroforma aparatı fiziki və zehni aktivliyi artıran, koordinasiya balansını quran müalicə metodudur. Həkim təyinatı ilə ən çox kəllə-beyin travması almış, əlilliyi olan, iflic, insult keçirmiş, şəxslərə tətbiq edilir. Prosedur 15 dəqiqə, müalicə müddəti 10 gün davam edir.

Robotik əl aparatından əldə kiçik motorika bacarıqlarının, özünəxidmət bacarıqlarının inkişafı üçün istifadə olunur. Bu aparat ən çox insult keçirmiş və uşaq serebral iflici diaqnozu qoyulmuş pasiyentlər üçün istifadə edilir. Əldə tutma, sıxma, bükmə funksiyaları məhdud olduğu halda bu aparatın köməyi olur.

Müalicələrin nəticəsi var

Robotik əl aparatının köməyindən faydalanan və 2014-cü ildən pansionatda müalicə alan Biləsuvar rayon sakini Günay Əzizli xeyli müddətdir ki, əlil arabasındadır. O, ağırlaşmış formada revmatoid artrit diaqnozundan əziyyət çəkir, diz oynağına implant qoyulub: “Əllərimdə şişkinlik var. Demək olar ki, əl oynaqlarımda deformasiya gedib. Bir əşyanı götürməyə gücüm çatmırdı. İndi bu aparat mənə kömək edir. Şağan Reablitasiya Pansionatı mənim “İkinci ev”imdir. Buradakı müalicələrimdən nəticə görürəm. Kollektiv çox mehribandır, bizə pozitiv ruh verə bilir. Bu, sağalmayan xəstəlikdir, amma mübarizə aparıram və müəyyən irəliləyişlər əldə edirəm. Ana olandan sonra xəstəlik məndə artmağa başladı. 2002-ci ildən bu xəstəliklə mübarizə aparıram. İki övladım var. Boş vaxtımızda otaq yoldaşlarımızla filmlərə baxırıq, söhbət edirik. Mən kitab oxumağı çox sevirəm. Bu yaxınlarda Xəzər rayonundakı “Gənclər Evi”ndə toplantı oldu. Orada gənclərə həyatım, mübarizəm və güclü qadın obrazı barədə danışdım”.

Stasionar, ambulator və səyyar xidmət

Pansionatın direktoru Təranə Quliyeva 250 çarpayılıq müəssisədə elektrokardioqramma, laboratoriya və ultrasəs müayinəsindən sonra ixtisaslı həkimlərin fizioterapevtik müalicə üsullarını tətbiq etdiyini deyib. Bildirib ki, fizioterapevtik müalicə üsulundan əlavə, mərkəzdə sosial-psixoloji yardım təşkil olunub. O, bu metodların son illərdə əlilliyi olan şəxslərin ən çox sevdikləri yardımlardan biri olduğunu vurğulayaraq, bu yardımdan sonra onların cəmiyyətə inteqrasiya üçün qüvvə topladığını deyib.

Direktor pansionatda müalicə alanların asudə vaxtlarının da səmərəli keçdiyini qeyd edib: “Adi həyatlarında gedə bilmədikləri müəssisələri əməkdaşlarımızla birgə ziyarət edirlər, görüşlərə, muzeylərə, teatrlara gedirlər. Burada əlilliyi olan şəxslər rəqs terapiyası, yoqa, ebru sənəti ilə də məşğul olurlar”.

Təranə Quliyevanın sözlərinə görə, Şağan Reabilitasiya Mərkəzində ötən il 8727 nəfərə xidmət göstərilib. Bildirilib ki, pasiyentlərin 3000-dən çoxu stasionar, 2000-dən çoxu ambulator xidmət alıb: “Səyyar xidmət isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin son illər təşkil etdiyi xidmət üsullarından biridir. Belə ki, əlilliyi olan bəzi şəxslər ailə şəraitinə və yaxud hərəkət məhdudiyyətinə görə müəssisəyə gələ bilmirlər. Bu səbəbdən keçən il 116 nəfərə evdə xidmət göstərilib. Bu səyyar xidmət prosesində multidisiplinar komanda əvvəlcə həkimlə birlikdə əlilliyi olan şəxsin evinə gedir, onun vəziyyəti barədə ilkin məlumatlar toplayır, sonra həmin şəxs üçün reabilitasiyanın hansı formada təşkil edilməsinə dair gündəlik tərtib olunur. Evdə reabilitasiya xidməti həftədə 2 və yaxud 3 dəfə təşkil edilir, proses 1 və ya 2 ay davam edə bilər. Evdə səyyar xidmətə həm masaj, loqoped, psixoloq, həm də mümkün olan fizioterapevtik üsullar daxildir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə müəssisədə ödənişli əsaslarla fizioterapevtik üsullarla müalicə həyata keçirilə bilir”.

Həmsöhbətlərimiz onu da bildiriblər ki, insanın iradəsi ən ağır sınaqlardan daha güclü ola bilər. Onların pansionatda əldə etdikləri isə fiziki irəliləyiş olmaqla yanaşı, həm də gələcəyə və həyata olan inamın yenidən bərpasıdır.

Müxbir - Günel Türksoy

Fotoqraf - Orxan Kərimov

Videooperator - Vüsal Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri