Elm sevdalısının ömür salnaməsi: sözlə düşünür, qələmlə yol gedir...
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri, professor İsmayıl Oruc oğlu Məmmədlinin 80 illik yubileyi onun elmə, Azərbaycan dilinin qorunmasına və inkişafına həsr olunmuş zəngin fəaliyyətini bir daha diqqətə çatdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli deyib. O bildirib ki, İsmayıl Məmmədlinin 80 illik ömür yoluna nəzər saldıqda Azərbaycan dilinin və dilçiliyinin müəyyən bir dövrünün canlı mənzərəsi ilə qarşılaşırıq. Alim ömrünü sözə həsr edib, sözlə işləyib, ona xidmət edib və onun keşiyində dayanıb. Söz yalnız ifadə vasitəsi deyil, xalqın yaddaşı, tarixi, düşüncəsi və dünyagörüşüdür. Bir sözün mənasını düzgün müəyyənləşdirmək, məna çalarlarını dəqiq açmaq və lüğətdə təqdim etmək böyük zəhmət və məsuliyyət tələb edir. İsmayıl Məmmədlinin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini məhz lüğətçilik sahəsi təşkil edir. Onun adı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Yeni sözlər və yeni mənalar lüğəti”, “Azərbaycan dilinin məcazlar lüğəti” kimi mühüm nəşrlərlə yanaşı, “Ekran, efir və dilimiz”, “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Qəzet dilinin leksikası”, “Axtarışlar, yozumlar, anımlar” kimi əsərlərlə bağlıdır. Dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin hazırlanmasında iştirakı, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”, “Cəfər Cabbarlının bədii dilinin lüğəti” və digər leksikoqrafik əsərlərin tərtibindəki əməyi onun Azərbaycan lüğətçiliyinin inkişafına verdiyi töhfələrin mühüm göstəricisidir.
İnstitutun direktoru vurğulayıb ki, lüğət hazırlamaq olduqca ağır və məsuliyyətli işdir. Bu sahə yalnız dərin bilik deyil, həm də böyük səbir, dəqiqlik və zəhmət tələb edir.
İsmayıl Məmmədlinin Azərbaycan dilçiliyində xidmətlərini səciyyələndirən mühüm cəhətlərdən birinin də onun dilə münasibəti olduğunu bildirən Nadir Məmmədli alimin televiziya fəaliyyətinə diqqət çəkib. Qeyd edib ki, İsmayıl Məmmədli 1980-ci illərdə Azərbaycan dilinin ictimai həyatımızda bugünkü mövqeyə və imkanlara malik olmadığı bir dövrdə “Azərbaycan dili” verilişinin aparıcısı olub. “Dil xalqın mənəvi sərvətidir” televiziya proqramı ilə yanaşı, bu veriliş də minlərlə tamaşaçının diqqətini ana dilimizin zənginliyinə, gözəlliyinə və düzgün işlədilməsi məsələlərinə yönəldib.
Beləliklə, alimin fəaliyyəti iki mühüm istiqaməti - dilin elmi şəkildə araşdırılması və qorunmasını, eləcə də dil haqqında biliklərin geniş ictimaiyyətə çatdırılmasını özündə birləşdirir. Bu mənada İsmayıl Məmmədli həm alim, həm müəllim, həm də ana dilimizin təbliğatçısıdır.
Nadir Məmmədli alimin elmi fəaliyyətinin əhəmiyyətinin yalnız yazdığı əsərlər və gördüyü işlərlə məhdudlaşmadığını da bildirib: “Onun yetişdirdiyi alimlər, tədqiqatçılar, məsləhət və rəylərindən bəhrələnən insanlar da bu elmi fəaliyyətin davamı və irsinin mühüm hissəsidir. İsmayıl Məmmədlinin elmi rəhbərliyi ilə çoxsaylı fəlsəfə və elmlər doktorları yetişib. Əsl müəllimlik də elmi əsərlər yazmaqla yanaşı, başqalarının elmi yolunu və tədqiqat istiqamətini müəyyənləşdirməsinə kömək etməkdir. O, həmçinin dilçilikdə sözün hər bir incəliyinin, məna çalarının diqqət və dəqiqlik tələb etdiyini vurğulayıb. İsmayıl Məmmədlinin uzun illər lüğətçilik sahəsində çalışması, çoxsaylı elmi və publisistik əsərlərin redaktəsində, müzakirəsində və qiymətləndirilməsində iştirakı, müxtəlif tədqiqatlara rəhbərlik etməsi onun tələbkarlığının bariz nümunəsidir”.
Professor Nadir Məmmədli İsmayıl Məmmədlinin 80 illik yubileyinin yalnız bir insanın əlamətdar gününün qeyd olunması deyil, Azərbaycan dilinə həsr edilmiş böyük bir ömrün bayramı olduğunu bildirib. Vurğulayıb ki, alim sözləri toplayıb, izah edərək lüğətlərdə yaşadıb, dilimizi efirdən səsləndirərək onun zənginliyini və gözəlliyini geniş auditoriyaya çatdırıb, dilimizin elmi sərvətini gələcək nəsillərə ötürmək üçün uzun illər yorulmadan çalışıb: “İsmayıl müəllim Azərbaycan dilinə xidmətin yalnız bir peşə deyil, həm də mənəvi məsuliyyət olduğunu öz elmi fəaliyyəti ilə göstərib. 80 yaş insan ömründə böyük bir mərhələdir. Lakin onun timsalında bir daha görürük ki, elmə və sözə xidmətin yaşı yoxdur. Söz yaşadıqca, dil yaşadıqca, elm yaşadıqca onun əməyinə, təcrübəsinə və müdrikliyinə ehtiyac olacaq”.
Baxış sayı:82
Bu xəbər 16 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















