Icma.az
close
up
RU
Elmin plagiat bəlası

Elmin plagiat bəlası

Başqasının əsərini öz əsəri kimi qələmə vermək və ya başqasının əsərini icazəsiz olaraq öz adına çap etmək - plaqiat hesab edilir və ədəbi oğurluq hadisəsi kimi uzun müddət ədəbi əsərlərə aid edilib. Bu gün daha geniş məna daşıyır. Plagiat hal-hazırda hüquqi hadisədir və dövlət qurumları tərəfindən norma və standartlarla müəyyənləşdirilir.

Plagiat latın dilində plagiātus – oğurlanmış mənasını verir başqasının yaradıcı işinin qorunan nəticələrinin fiziki şəxs tərəfindən bilərəkdən mənimsənilməsi, qeyri-qanuni istifadə və ya bu barədə  qərarlar verməsidir. Plagiat hadisəsi müəllif hüququ və patent qanunlarının pozulması kimi də qarşıya çıxır və bu səbəbdən həm mülki, həm də bəzi hallarda hətta cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Plagiat hadisəsinə birmənalı baxaraq onu vahid standartlara təslim etmək çətindir, çünki fərqli şəkildə qarşıya çıxır və müxtəlif sahələrdə fərqli yanaşmalar tələb olunur. Bu fikrimizi şahmat oyununda iki peşəkarın davranışları ilə ifadə edək. Bir şahmat ustası oyun strateqiyasını məlum olan bir metodla başlayır və 26-cı gedişə qədər gedişləri təkrar edir. 27-ci gedişdə yeni hərəkətlə dəyişiklik edir və 35-ci gedişdə oyunun taleyi onun xeyrinə dəyişir, 42-ci gedişdə tərəf müqabil təslim olur. Bu oyunda şahmatçı hərəkətlətinin 64 faizini plagiat təşkil edir. Ancaq o “plagiatla” davam etmiş olsaydı oyunu uduzmuş olmalı idi. Əhəmiyyətli olan neçə faiz təkrar olması deyil, qələbəni təmin edən hərəkətlətin müəyyənləşdirilməsidir.

Plagiat nədir? - Kimsə başqa yazıçının və ya sənətkarın əsərindən lazımi hüququ əsası və ya icazəsi olmadan istifadə etdikdə, bu plagiat hesab edilir. Buna görə də plagiatın nə olduğunu bilmək və əsərinizi yoxlamaq və qorumaq üçün plagiat yoxlama vasitələrindən istifadə etmək vacibdir. Sənət əsərlərində bir çox hallarda bilmədən də belə hadisələr baş verir. Bu kimi plaqiat hadisələri barədə ilk mədəni insanlardan “rəqəmsal köməkçilərə qədər” keçən tarixdə çox sayda nümunələr mövcuddur.

Qədim Yunanıstanda plagiatları tutmaq üçün bütün kitabxana kitablarını əzbər bilmək lazım idi. Plagiat hadisələri antik dövrlərə gedib çıxır, lakin hər zaman ifşa olunub. Bu gün antiplagiat tarixindəki ən orijinal və yəqin ki, ən qədim hadisə Bizans Aristofanının hekayəsidir. O, Qədim Yunanıstanda eramızdan əvvəl 200-185-ci illərdə məşhur İsgəndəriyyə Kitabxanasına rəhbərlik etmişdir. Kitab fonduna gətirilən bütün kitabları qəbul etmək, diqqətlə öyrənmək və lazımi yerə qoymaq onun məsuliyyətində idi. Təbii ki, Aristofan çox hörmətli bir vətəndaş olduğu üçün padşahın rəhbərliyi ilə keçirilən şeir müsabiqəsində də münsif kimi çıxış edirdi. Bu söz döyüşlərinin birində Aristofan qəzəblə demək olar ki, bütün iştirakçıları öz əsərlərini başqalarınkı ilə əvəz etməkdə ittiham etdi. Bunu sübut etmək üçün o, kitabxananın rəflərindən bir qalaq əlyazma gətirmişdi. Sonda yalnız bir qalib müəyyənləşdi.

Antiplagiat Qədim Romada da eyni humanistləşdirmə prinsipinə uyğun işləyirdi. Ehtimal olunur ki, ilk plagiat orada “orijinal mənbəyən” özü tərəfindən tutulub. Bu, eramızın 80-ci illərində məhdud bir poetik dairədə baş verdi. Şair Martial biləndə ki, şair Ferdinand onun şeirlərini oxuyur, öz şeirləri kimi təqdim edir, onu bacardığı qədər cəzalandırmaga çalışdı. O vaxt müəllif hüququ yox idi və məhkəmə belə işlərlə məşğul olmurdu. Şair sadəcə ilk dəfə olaraq “plaqiat edəni” intellektual əməyinin məhsullarından istifadə etmək üçün pul ödəməyə çağırdı.

Bu, bir neçə min il davam etdi. Brahms ilk simfoniyasını yazarkən onu Bethovenin Doqquzuncu Simfoniyasının böyük bir hissəsindən istifadə etməkdə ittiham etdilər. Bəstəkar cavab verdi: "Bunu istənilən axmaq görə bilər" və əslində deyilənləri qəbul etdi. Martin Lüter Kinqin doktorluq dissertasiyasının bir hissəsini başqalarından köçürdüyü elan edildi. Bununla belə, uzun əsrlər boyu plagiat pisləndi və kəskin münaqişələrə səbəb oldu. Əsərlərin uygunluq dərəcəsini axtarıb tapmaq çətin, uzun zaman və əmək tələb edən iş idi. İnformasiyanın kütləsi çoxaldıqca bu proses daha da çətinləşirdi.

Diqqəti cəlb edən odur ki, orta əsrlərdə dəqiq və təbiət elmləri sahəsində plaqiat hadisələri müzakirə olunmur. Eləcə də şərq elmi və mədəniyyətinin nümunələri ilə əlaqədar da müqayisələr edilməyib. Məsələn, Mirzə Şəfi Vazehin əsərlərinin tərcüməsinin bir alman şairin adına çap olunması və ya Mirzə Kazım Bəyin tərcümələri ilə Nəsrəddin Tusinin fikirlərinin Lobaçevski adına çap olunması kimi hadisələr gündəmə gəlməyib və müzakirə obyekti olmayıb. 

Dünyada rəqəmsallaşma ilə sürətli dəyişikliklər baş verdi. Təxminən 70-ci illərdə kopyala-yapışdır funksiyasının yaranması ilə plagiat yeni səviyyəyə çatdı. 90-cı illərdə ev internet provayderləri işə başladıqda, plagiat istifadəçilərinin demək olar ki, qeyri-məhdud böyüklüdə kontentə çıxışı yarandı. İnternetdə 1995-ci ildəki 23.500 veb-sayt 2000-ci ildə 17 milyona çatdı və bununla birlikdə mövcud məlumatların həcmi də sürətlə artdı. Bu, akademik dairələrdə xüsusilə böyük problemə çevrilib. Tələbələr rəqəmsal məkanın aktiv iştirakçısı olaraq tez başa düşdülər ki, internetdən sadəcə olaraq lazım olanı köçürsələr,  müstəqil yazı yazmaqdan qaça bilərlər. Lakin əsəs problem yalnız tələbələr deyildi.

Eyni zamanda texnologiya da inkişaf edirdi. Tələbələr kiminsə məqaləsinin bir hissəsini kopyalayıb yapışdıra bildiyi kimi, müəllimlər də antiplagiatdan istifadə edərək asanlıqla həmin resurslara keçid tapa bilərlər. Bu imkanlar da  təkcə müəllimlər üçün deyil. Bu proses əksikliklərin vəhdəti və mübarizəsi qanunu ilə işləyirdi. Ən bədnam hadisələrdən biri “The New York Times” qəzetinin müxbiri Ceyson Bleyerin başına gəlir. Dörd ilə yaxın müddətdə o, həmkarlarını aldadıb, yalan məlumatları və başqalarının materiallarını özününkü kimi redaksiyaya ötürürdü. Nəticədə aldatma üzə çıxdı, “vicdansız işçi” işdən çıxarıldı və internetin verdiyi xidmətlər nəhayət hamını bərabərləşdirdi.

Azərbaycanda elmi materialların plaqiat tərkibini müəyyənləşdirmək prosesinə Azərbaycan Prezidenti Yanında Ali Atestasiya Komisiyası tərəfindən başlanıldı. Bu problemlə əlaqədar ilk texniki prosedurlar və hüquqi normalar müəyyənləşdirildi.

Plagiat əqli mülkiyyətin oğurlanması və ya əqli mülkiyyətdə saxtakarlıq olaraq da anlaşılır. Mətnin və ya sənət əsərinin bir hissəsini müəllifdən və ya onun sahibindən  icazə almadan istifadə etdikdə, əsər plagiat sayılır. Plagiat sözünün mənası və necə təyin olunması dövr və zamanla tədricən dəyişdi. Müəllifin əsərindən bir parça mənimsəmə və daha çox mənimsəmə hadisələrini hüquqi normalar ilə tənzimləmə subyektiv yanaşma tələb edir. Məsələn, Azərbaycan Prezidenti yanında Ali Atestasiya Komissiyasının tələblərinə görə plaqiat, yəni başqa müəlliflərdən mənimsəmə səviyyəsi 5 faizdən az olmalıdır. Niyə beş faiz? Məgər beş faiz olanda mənimsəmə hesab edilmir?

Hazırki dövrdə plagiatı müəyyənləşdirmək və üzə çıxarmaq çətin deyil. Bir çox tələbə fərdi tapşırıqları yerinə yetirərkən əsərin mətnin hissələrini dəyişir və ya sözləri sinonimlərlə əvəz edir. Bu, plagiatın bir formasıdır. Bir çoxu anlayır ki, yeni ideyalar üzərində işləmək daha yaxşıdır və əgər fikrinizi əsaslandırmaq istəyirsinizsə, düzgün olan, dırnaq arası işarələrindən və sitatlardan (uyğun sitat üslubunda) istifadə etməklə bu problemdən yayınmaq olar.

Üstəlik, plagiat yalnız yazıda baş vermir. Bu, musiqi, şəkillər, videolar və hətta rəqs xoreoqrafiyası kimi əqli mülkiyyətə də aiddir. Buna görə də plagiat haqqında məlumat əldə etmək vacibdir ki, bu kimi hadisələrlə qarşılaşmayasınız. Azərbaycanda bu istiqamətdə nə texniki nə də ekspert təhlili ilə əlaqədar rəylər, fikirlər ictimai müzakirələrə daxil olmur. Belə olan halda, qiymətləndirilmənin subyektiv üsullarla həyata keçirilməsi bu növ intellektual məhsulların beynəlxalq arenaya çıxmasına mane olur. Plagiatın baş verə biləcəyi bütün yolları bilmədiyimiz halda, istəmədən plagiat etmək mümkündır.

Plagiat özünü necə göstərə bilər və süni intellektlə işləyən proqram təminatında plagiatı aşkar etmək üçün hansı hallar qarşıya çıxır.

1. Birbaşa plagiat şəklində - Bu açıq-aydın plagiat formasıdır. Bu, lazımi sitat və ya icazə təqdim etmədən başqasının əsərini kopyalayaraq onu öz əsəri və öz fikri kimi təqdim erməyə çalışdığı zaman baş verir.

2. Mozaik plagiatı şəklində - Mozaika plagiatı, birinin başqa mənbələrdən müxtəlif parçaları götürüb, onları birləşdirərək yeni bir əsər yaratması və onu öz orijinal əsəri kimi təqdim etməsi zamanı baş verir. Bir sıra sahələrdə bunu plaqiat saymırlar.

3. Təsadüfi plagiat olaraq - Sadə dillə desək, təsadüfən, kiminsə bilmədən səhv müəllifdən sitat gətirməsi və ya mənbəyə düzgün istinad etməyi unutmasıdır. Hətta sitatlardan istifadə etməyi unutmaq qədər sadə ola bilər.

4. Selfi plagiat olaraq - Kimsə özünə aid olan köhnə əsərindən təkrar istifadə edərsə, bu, özünə plagiat hesab ediləcək. Nəşr edildikdə, müəllif yadda saxlamalıdır ki, arayış eyni müəllifin əvvəlki əsəri olsa belə, istinad kimi istifadə etdiyi bütün əsərləri daxil etməlidir. Əks halda, özlərini plagiat hesab edə bilərlər.

5. Plagiat hadisəsinin dəyişdirilməsi - Başqasının əsərini götürüb, onun bir qədər ifadələrinə dəyişiklik edib, sonra mənbəyə istinad etmədən öz əsəri kimi təqdim etmək plagiat hesab edilir. Qeyd etmək vacibdir ki, mənbəyə istinad etdiyiniz müddətcə parafrazın özü plagiat deyil.

Təsviri sənət əsərləri, Videolar və Musiqi materiallarından istifadə edərkən plagiat necə aşkar edilir? Əgər siz mənbəni tanımadan və ya bəzi hallarda rəssamdan icazə almadan işinizdə şəkillər, video və ya musiqidən istifadə edirsinizsə, bu, plagiat hesab olunacaq. Şəkillərdən, videolardan və musiqilərdən istifadə edərkən plagiat sayıla biləcək bəzi hallar baş verir: Mənbəni göstərmədən hər hansı şəkli kopyalayıb işinizdə istifadə edirsinizsə. Bir çox halda bu proseslər müəllif hüququ ilə tənzimlənir və kommersiya maraqları olduğu hallarda qanunvericiliklə qorunur.

Mətinlərin uygunluq dərəcəsini öyrənmək baxımından plagiatı yoxlamaq çox asandır. İşinizdə plagiat olub-olmadığını yoxlamağa kömək edə biləcək bir çox pullu və pulsuz onlayn plagiat yoxlama vasitələri var. Proqramlar bunu ən yaxşı şəkildə həyata keçirir. Sadəcə olaraq materialı plagiat detektoruna yükləyin. Alət plagiat faizini müəyyən edəcək və həmçinin sizin üçün hər hansı plagiat kontentini təqdim edəcək. Mürəkkəb süni intellekt texnologiyası sayəsində siz real vaxtda və inanılmaz sürətlə plagiatı aşkar edə bilərsiniz. Qeyd edək ki, müxtəlif proqram xidmətlərindən istifadə zamanı kiçik bir faiz fərqinin olduğunu görəcəksiniz. Bu vəziyyət həmin proqram şirkətlərinin istifadə etdikləri məlumat bazalarına əlçatanlığı ilə əlaqədardır.

Azərbaycanda plaqiat yoxlamaları üçün StrikePlagiarism.com sistemindən istifadə olunur. Plagiat.pl StrikePlagiarism.com sisteminin sahibidir və 2002-ci ildə Polşada yaradılıb. Şirkət Azərbaycanda 61 qurum, o cümlədən universitetlər, Elmlər Akademiyasının institutları, eləcə də bir neçə nəşriyyatla əməkdaşlıq edir. StrikePlagiarism.com sisteminin verdiyi nəticələr Elm və Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi, eləcə də AAK tərəfindən dəstəklənir.

2018-ci ildə Plagiat.pl Azərbaycan Ali Attestasiya Komissiyası ilə bir neçə il müddətinə müqavilə imzalayıb ki, bu da Ali Attestasiya Komissiyasına StrikePlagiarism.com məlumat bazasında bütün dissertasiyaları və elmi məqalələri yoxlamaq imkanı verir.

StrikePlagiarism.com 2002-ci ildən etibarən akademik plagiatlığa münasibətin dəyişdirilməsi və texnoloji, hüquqi və prosessual həllərin işlənib hazırlanması ilə də fəal şəkildə məşğul olur. Plagiat.pl 46 ölkədə - Polşa, Almaniya, İspaniya, Portuqaliya, Rumıniya və s. ölkələrdə fəaliyyət göstərir və 1500-dən çox təhsil müəssisəsini, o cümlədən Berlindəki Humboldt Universiteti, Sofiya Universiteti, Varşava Universiteti və bir çoxlarına informasiya xidmətləri göstərir.

Plagiat.pl şirkəti yalnız antiplagiat sistemi deyil, həm də plagiatın yoxlanılması prosesini və mətnin imtahan qiymətləndirilməsini birləşdirən sistem yaratmışdır. 2010-cu ildə onlarla universitetin gözlədiyi ASAP (Advanced system of academy) yaratmağa imkan verən Avropa İttifaqından qrant alındı. Bu sistem universitetlərə imtahan prosesi ilə bağlı sənəd dövriyyəsini əhəmiyyətli dərəcədə avtomatlaşdırmağa, müxtəlif kağız formatlardan, protokollardan imtina etməyə, imtahanın qiymətləndirilməsi prosesini, o cümlədən əks əlaqə yaratmaq, elektron formata keçirməyə imkan yaradıb. Müəllimlərə də öz növbəsində işin təkcə elektron versiyası ilə deyil, həm də işin digər hissələri ilə, məsələn, tələbələrin yüklədikləri videofayllar, qrafiklər, rəsmlərlə tanış olmaq imkanı verir.  

Şirkət StrikePlagiarism.com beynəlxalq elmi jurnallarda plagiatı yoxlamağa imkan verən aparıcı Avropa məlumat bazaları və aqreqatorları ilə əməkdaşlıq edir. Əsas məqsəd fəaliyyət göstərdiyi hər bir ölkədə milli kontent (məzmun) yaratmaqdır. Avropada, həm də Asiyada geniş verilənlər bazası şəbəkəsi qurulub ki, bu da qeyri-ingilis dilini bilməyən istifadəçilər arasında sistemə marağı xeyli artırıb. StrikePlagiarism.com sistemində 200-dən çox dilin tanınması üçün təkmilləşmiş alqoritm tətbiq olunur.

Bu antiplagiat sistemi dünyanın qabaqcıl sistemləri ilə müqayisədə İngilis, Rus, Alman, İspan, Portuqal, Ukrayna, Qazax, Azərbaycan, Gürcü, Özbək, Tacik, Ərəb, Çin, Çex, Slovak, Türk, Qırğız kimi dillərdə plagiat axtarışında yaxşı nəticələr göstərir.

Ali məktəblərdə də tədris prosesində tələbələrin fərdi iş tapşırıqlarının və müxtəlif məruzə və çıxışlarının, konfranslara təqdim edilən məruzələrinin plagiat yoxlamasından keçirilməsi təhsilin və elmi tədqiqatların keyfiyyətinə müsbət təsir edə bilər. Lakin bütün hallarda plagiat tərkibinə standart yanaşma metodu özünü doğrultmur. Məsələn, dəqiq elmlər sahəsində təqdim olunan tədqiqat işində mətnin uyğunluq dərəcəsi dissertasiyanın əsas obyektini və yeniliyini əksər hallarda müəyyən etmir. Əsas  elmi yenilik eksperimentlərin nəticəsində, təqdim olunan model və ya formulaların təqdimatında özünü göstərir. Belə olan halda beş faiz limiti daha da artıq hesab edilə bilər. Filolojı tədqiqatlarda mətnin uygunluq dərəcəsinə daha həssas yanaşmaq mümkündür, çünki, filoloqlar bir çox hallarda yeni kontent yaratmaqla yeniliyi təqdim edir. Elm sahələrinə bütün hallarda plaqiat tərkibinin müəyyənləşdirilməsi işində diferensial yanaşmaq daha düzgün olar. 

Göründüyü kimi müasir texnologiyaların vermiş oldugu imkanlarla plagiat hadisəsini müəyyənləşdirmək mümkündür. Bu zaman təqdim olunan mətnin mövcud olan digər mətnlərlə uyğunluq dərəcəsi müəyyənləşdirilir və proqram mənimsənilmiş parçaları qeyd edərək sorğuya cavab verir və nəticənin statistik təhlilini də təqdim edir. Mətn daxilində verilmiş istinadlar, internet resurslarından istifadə faizi, elmi əsərlərdən istifadə olunan parçalar da faizlə göstərilir. Lakin son nəticədə bu materialın unikallığı haqqında qərarı “tapşırığı verən müəllim” və əgər elmi tədqiqat işidirsə sahə mütəxəssislərindən ibarət “elmi şura” verməlidir. 

Pərviz Kazımi,

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri