Icma.az
close
up
RU
Əlshəzrət Sözün əsgərləri

Əlshəzrət Sözün əsgərləri

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Biz təltif yarışında deyil, Həqiqət savaşında varıqBu yaxınlarda əslən Naxçıvandan olan bir həmkarımız lətifə danışdı.

Deyir, yayın cırhacırında məsciddə molla qabaqda dayanıb, kənd camaatı arxasında, Allaha dua eləyirlər ki, quraqlıq tezliklə sona çatsın, yağış yağsın. Molla deyir: "Ya xudavəndi-aləm, əkin-biçin, mal-qara susuzluqdan yanır, ailə-uşaq, hər kəs pərişandır. Səni and verirəm öz izzəti-cəlalına, kəndimizə, mahalımıza yağış əta elə, öz bəndəni çörəklə imtahan etmə, ya Rəbb!"

Camaat da xorla təkrar edir. Sonra molla yenidən başlayır eyni duanı başqa cümlələrlə təkrar deməyə. Bu minvalla molla deyir, camaat xorla təkrarlayır. Saatlarla dua edirlər. Amma yağış yağmır ki yağmır. Axırda kəndlilərdən birinin səbri çatmır, hövsələdən çıxır, mollanı da itələyib lap qabağa keçir. Dizini yerə atır, əllərini göyə qaldırıb, var gücü ilə qışqırır:

- Ya Rəbb, yağış yağdırmırsan, neynək, canın sağ olsun. Bəs qara nə deyirsən?! Heç olmasa, qar yağdır da bə!

Bir həmkarımız mətbuat bayramı münasibətilə zəng edib, adının təltif siyahısında olmamağından gileylənəndə, necə həyacanlandısa, dedi, "Tərəqqi" vermir, başa düşdük, bəs "əməkdar"a nə söz?!

Ona bu lətifəni danışdım. Hirsini soyutdum. Çox həyəcanla zəng etmişdi, könlünü almaq, emosiyalarını sakitləşdirmək üçün bir para sözlər dedim, acıqlı gileylə danışmağa başlamışdı, axırda deyə-gülə sağollaşdıq.

Bu aralar bu mövzu ilə mənə zəng edən, yazan, "dərd"ini bölüşən bir deyil, iki deyil... Hamısına da bir sözüm var: əsas insanın öz adıdır. Öz adınla özün fəxr edə bilirsənsə, ən yaxın çevrən - ailən, doğmaların, dostların, həmkarların fəxr edə bilirsə, hesab elə ki, fəxri ad almısan.

Deyə bilərsiniz ki, özün təltif olunmusan, ona görə belə deyirsən.

Vallah-billah, yox. Təltif, mükafat, bunlar, əlbəttə, insana xoş təsir bağışlayır, əlavə motivasiya olur. Ancaq, ümumilikdə bu cür təltiflər insanın həyatında ciddi bir dəyişiklik yaratmır. Söhbət, əlbəttə, çox yüksək mənəvi və maddi dəyəri olan mükafatlardan getmir. Bir jurnalistin qələmi varsa, onun adında "əməkdar" sözünün olması heç nəyi artırmır, yaxud azaltmır. Qələmi yoxdursa, ümumiyyətlə, bu haqda danışmağa dəyməz. Medal gəlib sənin əvəzindən yazı yazmayacaq, film çəkməyəcək, süjet hazırlamayacaq ki!

Mən özüm heç vaxt, heç bir təltifə, mükafata can atmıram. Əgər bir mükafatı sənə verəcəklərsə, onsuz da gec-tez verəcəklər. Yox, verməyəcəklərsə də, buna can atmaq lazım deyil.

Əvvəlcə jurnalist olmaq lazımdır, sonra "əməkdar". Əvvəl "əməkdar" olub, sonra jurnalist olmaq mümkün deyil. Ya da həmişə mümkün deyil. Əvvəl xalqın yazıçısı olmaq lazımdır, sonra "Xalq yazıçısı" olmaq da olar, olmamaqda. Olmamaq faciə deyil.

Əgər mən öz sənətimdə heç bir tərəqqiyə nail ola bilmirəmsə, "Tərəqqi" medalı alsam, nə dəyişir, almasam, nə dəyişir?! Yox, əgər belə bir tərəqqi - inkişaf, proqress varsa, uğurlar varsa, ortada bir iş, bir nəticə varsa, onu görüb, qiymətləndirəsi şəxslər, qurumlar mütləq görəcəklər. Heç kim görməsə də, cəmiyyət görəcək, dəyərləndirəcək. Ən azı bizdən sonra gələn nəsillər var. Bir də ki elə görülən işin özü özlüyündə mükafatdır da!

Mən bu haqda bir dəfə də yazmışam: Jan-Pol Sartr Uilyam Folkneri "bədii sözün Allahı" adıandıranda - Folknerin əsərləri Avropalıları heyran qoyanda, yazıçının öz Vətəni Amerikada onu tanıyan, oxuyan, dəyər verən yox idi. Yazıçı, sadəcə, öz yaradıcı tənhalığına çəkilib, yazıb yaradırdı. Hətta tənqidçilər onun hansısa əsərinin zəif olduğunu irad tutanda: "Gedin bir də oxuyun" deyirdi.

Folkner əsərlərini şan-şöhrət, tərif, təltif üçün yazmırdı; yazmaq Folknerin öz daxili ehtiyacı idi. Heç kimdən heç bir mükafat da istəmirdi və gözləmirdi. Nəticədə... Nobel mükafatına layiq görüldü.

İnanın: göz qabağında nə qədər çox olsanız, o qədər az görünəcəksiniz. Elə davranmaq, elə yaxşı yazmaq-yaratmaq lazımdır, öz adınızı, yaradıcı kimliyinizi öz gücünüzlə, zəhmətinizlə elə uca nöqtələrə qaldıra bilməlisiniz ki, kim hardan baxır-baxsın, mütləq sizi görsün.

Həmkarlarıma ərkim var, bu sözü ərklə deyirəm. Ümid edirəm, yanlış anlamayacaqsınız. Elə edin ki, siz mükafatı axtarmayasınız, mükafat sizi axtarsın.

Bax, bu günlərdə çox qələm yoldaşımız təltif olundu. Onlardan bir neçəsinin adını çəkəcəm. Azər Rəşidoğlu, Hüseynbala Səlimov kimi usta publisistləri deyəcəm. Müsəllim Həsənovu da həmçinin. Onları həmişə oxumuşam, bacardığım qədər yaradıcılıqlarını izləyirəm. Heç vaxt, heç bir təltif üçün can atan insanlar deyillər. Sakitcə öz işlərini görüblər.

Vallah, sakitcə öz işini görənləri dövlət də, cəmiyyət də daha yaxşı görür. Sözün hər mənasında. Eləcə də, Mintac Elsevər. Çox da göz önündə olan yaradıcı bir profil deyil. Ancaq yaradıcılığı həm anfasdan, həm profildən görünür və qiymətini alır. Mən Afaq Vasifqızının da adını siyahıda axtardım, görmədim. Çünki o da səssiz-səmirsiz öz işini görür, maraqlı və faydalı filmlərdə imzası var. Ancaq əminəm ki, onu da bir gün görəcək dövlət.

...Mən hələ orta məktəb illərimdən - şəxsi təcrübəmdən bilirəm ki, forma arxasınca qaçmaq uğur qazandırmır. Məktəbdə müəllimlər uşaqlara hər dərs ilinin əvvəlində dərslikləri paylayırdı (o zaman pulsuz idi, indini bilmirəm). Kitabların bir qismi təzə, bir qismi isə köhnə olurdu. Uşaqların, demək olar, hamısı təzə kitab almaq üçün basabas salırdı, müəllimə dil tökürdü. Hətta sinifdən sinifə çətinliklə keçənlər təzə kitab ala bilmək üçün daha çox çalışırdı. Mən isə əlaçı olsam da, şəklim məktəbin "Şərəf lövhəsi"ndən asılsa da, arxa sırada, sakitcə oturub, gözləyirdim. Bilirdim ki, o təzə kitablardan birini müəllim mütləq mənə verəcək - buna insafı, ədaləti çatacaq. Hətta o müəllimlər mənə köhnə kitab versəydilər belə, mən onlardan inciməyəcəkdim. Çünki mənim üçün kitabın üzü deyil, içi əsas idi. Başlıcası, bütün səhifələr yerində olsun ki, mən dərsimi öyrənə bilim. Qoy lap heç cildi də olmasın.

Odur ki, bax, bura qədər bütün yazdıqlarım kimi, bunu da tam səmimiyyətimlə deyirəm: ölkə prezidenti mənə 2010-cu ildə "əməkdar jurnalist" fəxri adını verməsəydi belə, 15 il sonra isə, yəni dünən fəxri diplomla təltif etməsəydi də, mənim öz sənətimə və dövlətimə münasibətim dəyişməyəcəkdi. Mən, əlbəttə, o zaman da, indi də dövlətin başçısına minnətdarlığımı bildirmişəm. Bu, öz yerində. Ancaq dövlət bu təltifləri etməsəydi belə, mənim ölkəmə bağlılığıma, dövlətə sevgimə, öz yaradıcı məsuliyyətimə, vətəndaş mövqeyimə bunun heç bir mənfi təsiri olmayacaqdı.

Bir az əvvəl Uilyam Folkneri misal çəkmişdim, bu dəfə isə başqa bir Nobel ödüllü Amerikalı yazıçıdan - Sinkler Luisdən sitat gətirəcəm. O deyirdi: "Mən insanlardan heç nə gözləmirəm, ona görə də gözləntilərimdə heç vaxt yanılmıram".

Bəli, uman yerdən küsərlər. Amma, məncə, heç vaxt heç kimdən heç nə ummayın. O zaman heç kimdən küsməli olmayacaqsınız. Bu Sənətdə hər şeyi biz özümüzdən - varsa, öz yaradıcı potensialımızdan, varsa, öz talantımızdan və öz əməyimizdən ummalıyıq. Alınanda, bunu hər kəs görüb, qiymətləndirəcək. Alınmayanda da, biləcəyik, alınmadı - qıraqda günahkar axtarmalı olmayacağıq. Umacağımız da, küskünlüyümüz də özümüzdən olacaq, öz içimizdə həll edəcəyik hər şeyi.

Bir də ki Azərbaycan dövləti, ölkə prezidenti Qarabağı - doğma torpağımızı düşmənin əlindən alıb, bizə hədiyyə edibsə, daha nə olsun ki?! Şəxsən mənim üçün öz evimdən, kəndimdən, yurdumdan böyük mükafat ola bilməzdi ki, prezident və ordumuz onu beş il əvvəl mənə yenidən verib, məni və hamımızı Qarabağ kimi çox yüksək mükafatla təltif edib. Biz əyilmiş qəddimizi yerdən qaldırmışıq, boynumuza medal asılmasa, dünya dağılmaz ki! Biz yerlərdə sürünən milli qürurumuzu özümüzə qaytarmışıqsa, fəxri ad bunun yanında nədir ki?! Pafos kimi qəbul etməyin: əgər bu gün dövlət bayrağımız Şuşada, Xankəndidə dalğalanırsa, bu, hamımızın fəxridir də, fəxri adıdır da.

Odur ki, adımız təltif edilənlərin siyahısında olmayanda, bu, bizi ruhdan salmasın, əlimizi qələmdən, dilimizi Sözdən soyutmasın. Biz Əlahəzrət Sözün əsgəriyik; hələ varıqsa, təltif yarışında deyil, Həqiqət savaşında varıq.

Sözün bu günkü bayramında Həqiqət savaşçılarına təbriklər!

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri