Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Əmir Teymurun ucaltdığı qənirsiz şəhərdə bir gün

Əmir Teymurun ucaltdığı qənirsiz şəhərdə bir gün

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Başdan-başa memarlıq mərkəzi və mənəvi zirvələr ünvanı olan bu şəhəri gördüyümə görə, ilk növbədə “Xalq qəzeti”nin Türküstan üzrə müxbiri Qulu Kəngərliyə minnətdaram. O, mənim ancaq Daşkənddə olacağımı biləndə dedi ki, Özbəkistana gəlib Səmərqəndi görməmək nəinki jurnalistə, heç sadə turistə də yaraşmaz. Ona görə də mən elə o günlərdə martın 7-də “Əfrasiyab” adlı Daşkənd – Səmərqənd sürət qatarına bilet aldım.

Əvvəlcə qatarın adı barədə. Əfrasiyab Səmərqəndin əvvəlki adlarından biridir. Afro – şəhər, siyah – qara, ab isə su deməkdir. Yəni qarasu şəhəri. Yeri gəlmişkən, mən Səmərqənddə Siyab (özbəklər Siyob deyirlər) küçəsini, o adda ticarət və iaşə obyektlərini də gördüm.

Qeyd edilir ki, Əfrasiyab şəhəri bizim eradan əvvəl 500-cü ildən eramızın 1220-ci illərinə qədər indiki Səmərqəndin şimalında mövcud olmuş qədim yaşayış məntəqəsidir. İndi Əmir Teymurun xanımının adı verilmiş Bibixanım məscidi Əfrasiyab şəhərinin qalıqları yaxınlığındadır. Müdafiə məqsədi üçün yüksək bir yerdə inşa olunmuş həmin şəhər 1220-ci ilin mart ayında Çingiz xanın ordusu tərəfindən tamamilə dağıdılmışdır.

***

Daşkənd – Səmərqənd yolunun uzunluğu, təqribən, 280 kilometrdir. Bu qədər məsafədə cəmi bir yerdə dayanan qatarın hərəkətinə kiminsə və ya nəyinsə mane olmadığı mənə maraqlı idi. Qatar düz gedirdi. Bu məqamda istiqlal şairimiz Xəlil Rzanın 1953-cü ildə yazdığı poemadan yadımda qalan misraları zamanın hökmü ilə bir az fərqli şəkildə dilə gətirdim. Şair yazmışdı ki, “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Mən isə ürəyimdə oxuyurdum: “Səmərqənd yolunda qatar düz gedir, ləngimir, təntimir, xətərsiz gedir”. Üstəlik, türkün bu gününə şükür eləməyi də unutmurdum.

***

Səmərqəndə yaxınlaşanda yoldan bir az aralıdakı təpələrin yamacında otlayan, həmişə gördüyümüz həmcinslərindən boy-buxununa, şah qamətinə görə kifayət qədər fərqlənən atlar diqqətimi çəkdi. İstər-istəməz “Əmir Teymurun atları” rəvayəti yadıma düşdü.

Danışırlar ki, bir gün əmirin 13 yaşlı nəvəsi itir. Saray əhli bir-birinə dəyir. Uşaq tapılmır. Hamı vahimə içərisindədir. Axşamdan xeyli keçəndən sonra uşaq özü gəlir. Əmir soruşur:

– Oğlum, harada idin?

– Saraydan kənardakı uca ağacın başında.

– Orada neyləyirdin?

– Ulduzlara baxırdım. Bilmək istəyirdim ki, görəsən, oralarda da insanlar yaşayırmı?

– Oğlum, əvvəla, sarayda hamı inanmalıdır ki, sən hər şeyi bilirsən. İkinci, əgər ulduzların üstündə həyat olsaydı, Əmirin atları çoxdan oralarda toz qoparardı.

...Həmin uşaq sonralar İslam dünyasının çox görkəmli alimi, astronomu olmuş Mirzə Uluq bəy idi. Elə mənim Səmərqənddə ilk ziyarət etdiyim ünvan da məhz Uluq bəyin rəsədxanasının yerində yaradılmış muzey oldu.

***

...Artıq on dəqiqə idi ki, yağış vaqonun pəncərələrini döyürdü. Qatarın dayanması ilə bizim çıxış qapısında növbə tutmağımız bəlkə də saniyələr çəkdi. Ancaq yağış altındakı taksi sürücüləri və bələdçilərin qapının ağzını kəsdirməsi də an məsələsi oldu. Hamı öz şansını gözləyirdi. Mənim şansımı isə sanki Allah yazmışdı. Orta yaşlı bir nəfər əkə, abi, “dyadya” deyərək mənə yaxınlaşdı və təkcə taksi sürücüsü yox, həm də bələdçi olduğunu söylədi. Razılaşdığımız məbləğ müqabilində o məni Səmərqənddəki altı məşhur ünvana aparmalı və sonda dəmir yolu vağzalına qaytarmalı idi. Çünki elə həmin axşam Daşkəndə qayıtmalı idim.

Onu da xatırladım ki, Qulu Kəngərlinin dediyinə görə Səmərqənddə iki mindən artıq tarixi abidə, görməli yer var. Onun dediyi “Bu bir gündə neçəsini görə bilsən, qazancdır” – fikri isə məni daha çox tələsdirirdi.

***

Sərvər adlı bu özbək qardaşımızla tanış olduğumu ona görə şans adlandırıram ki, o, türk tarixinə, mədəniyyətinə və ədəbiyyatına yaxşı bələd idi. Söhbət əsnasında öyrəndim ki, dörd qız atası olan 40 yaşlı Sərvər Aqrar Universitetinin məzunudur. “Hansı ünvandan başlayaq? – deyə soruşdum. – Ən yaxındakı Mirzə Uluqbəy rəsədxanasının yerində tikilmiş muzeydir. Orada qədim bir daş görəcəksiniz, onu diqqətlə izləyin – dedi və əlavə etdi ki, Uluqbəyin rəsədxanası darmadağın ediləndən sonra ələ keçən ancaq həmin daş sütunlardır.

Mən o muzeydə üç nəfər özbək (bələdçilər idi) iki çinli və xeyli sayda avropalı gördüm. Dilini bilmədiyim avropalılar Sərvərin dediyi daşın fotosunu çəkməyə mənə imkan vermirdilər. Xatırladım ki, Mirzə Uluqbəy bir təpənin üstündə (mən həmin təpəyə leysan yağış altında, Sərvərin maşında gəzdirdiyi çətirlə qalxdım) tikdirdiyi rəsədxanada primitiv ölçü alətlərindən istifadə edərək 1437-ci ildə 1018 ulduzun təsviri ilə ulduzlu səmanın ilk kataloqunu tərtib edibmiş. XVI əsrin ortalarında Uluqbəy öldürüldükdən sonra rəsədxana sökülüb və bu unikal kompleksi qoruyub saxlamaq mümkün olmayıb. İndi muzeydə qədim rəsədxananın maketi, astronomik cədvəllərin fraqmentləri, sekstant və Uluqbəyin özünün həyat yolunu əks etdirən qədim freskalar var.

***

Muzeydən çıxandan sonra Sərvərdən eşitdiklərim məni mat qoydu: “İttifaq əkə, indi sizi müstəqil Özbəkistanın ilk Prezidenti İslam Kərimovun məqbərəsi də olan bir ünvana aparıram. Səmərqənddə doğulub böyümüş İslam Kərimovun prezidentliyi dövründə Özbəkistan MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Hətta Daşkəndlə Yerevan arasında heç bir rəsmi səfər olmamışdır. Siz onun məqbərəsini ziyarət edin, mən isə namaz qılım”.

Mən İslam Kərimovun məzar- kompleksini məmnuniyyətlə və rəhmət oxuyaraq ziyarət etdim.

***

Sərvərin namazdan sonrakı sualı: – Əkə, indi Gur Amirə (Gur Amir əmirin məzarı deməkdir) gedək, yoxsa Şaxi Zinda kompleksinə?

Dedim, Əmir Teymurun məzarını görməyi illərlə gözləmişəm. Ancaq Şaxi Zinda Kompleksində İslam Peyğəmbəri Məhəmməd salavatullahın səhabələrindən birinin də dəfn olunduğunu deyirsən, əvvəlcə ora gedək. Getdik. Orada elə bildim ki, mən həqiqətən orta əsrlərdəyəm. Özbəklərə “afərin” düşür ki, həmin kompleksi məhz tikildiyi şəkildə qoruyub saxlaya biliblər.

Orada öyrəndim ki, XI –XII əsrlərə aid məqbərələr və dini tikililərin daxil olduğu Şaxi Zinda (“yaşayan hökmdar” deməkdir) kompleksi müsəlman Şərqinin ən urvatlı ünvanlarından biridir. Məhəmməd peyğəmbərin (s.) əmisi oğlu Qutam ibn Abbasın burada dəfn edilməsi ilə bağlı deyilənlər isə ancaq rəvayətə əsaslanır. Hər halda məzarlardan birinin üstündə Peyğəmbər salavatullaha istinadən özbək, rus və ingilis dillərində yazılmışdı: “Qutam ibn Abbas həm xarici görünüşlə, həm də daxili aləmi ilə mənə ən çox oxşayan səhabəmdir”.

***

Gur-Amir kompleksinə gedəndə isə yol-üstü Bibixanım məscidinə də baş çəkdik. Əmirin məzarı önündə isə mən, sadəcə, çaşbaş idim. Çünki bu möcüzə xarakterli memarlıq nümunəsinin heç bir texniki vasitələr olmadığı dövrdə ərsəyə gətirilməsi... inandırıcı görünmürdü.

Mən orada başqa bir fakta da şahidlik etdim. Buxaradan gəlmiş turistlər qrupuna bələdçilik edən xanım Əmir Teymur məqbərəsi haqqında nə danışırdısa, mən onların hamısını Sərvərdən eşitmişdim. Eşitdiyim fərqli fikirlər isə bələdçi xanımın tez-tez “Atamız Amir” sözünü təkrar etməsi və əmirin Səmərqəndi qurub-yaratmaq üçün türk dünyasının müxtəlif yerlərindən çox sayda memar gətirməsi, həmin memarların xeylisinin azərbaycanlı olduğu barədə dedikləri idi. Ertəsi günü isə Qulu Kəngərli Səmərqəndə aparılmış azərbaycanlı memarların sayını da dedi: beş yüz nəfər.

Xatırladım ki, Əmir Teymurun məzarının yanında övladları – Şahrux və Miran şah, nəvələri Uluqbəy və Məhəmməd sultan, Mir Səid Baraka və Teymurilər sülaləsinin bir neçə başqa nümayəndəsi də dəfn olunub.

***

Nəhayət, Registan barədə. Registan qumluqlar məskəni deməkdir. Türk tarixinə böhtan atmaq istəyənlər yazıblar ki, guya həmin ərazidə çox insan öldürülüb və qanın dərhal yerə hopması üçün tamamilə qumlu ərazi seçilib. Ancaq bu kompleksdə mədrəsələrdən başqa heç bir tikinti yoxdur. Mədrəsədə isə heç kəs edam edilmir, orada təhsil verirlər.

Özbəklərin meydan adlandırdığı bu kompleksə Türk, İslam və Şərq memarlıq nümunələrinin möhtəşəm sərgisi də demək olar. Amma bu sərgini kiminsə tam gəzib-dolaşdığına inanmadım. Olduqca böyük ərazidir. Səmərqəndin simvolu kimi qəbul edilən bu məkanda XV-XVII əsrlərə aid üç böyük təhsil ocağı – Uluqbəy, Şerdor və Tilya-Kari mədrəsələri var. Burada tarix boyu İslam dini təbliğ edilib. Mədrəsələrdə bəzi bərpa işləri aparılsa da, elə hissələr var ki, onlar tikildiyi illərdə olduğu kimi saxlanılıb.

***

Sərvər məni Registandan xeyli aralıda gözləyirdi. Yorulduğuma görə bir oturacaqda əyləşdim. Sonra bir qoca özbək kişi də yanımda əyləşdi. Azərbaycanlı olduğumu biləndə gülümsündü: “– Maqsud Şeyxzadənin yerlisisən. Mən ədəbiyyat müəllimi olmuşam. Şeyxzodanın (onlar Şeyxzadə demirlər) əsərlərini çox sevmiş və tədris eləmişəm”.

Sonra da əlavə etdi ki, Səmərqəndə gəlib özbək plovu yeməmiş getməyin: “Özbəkistanda ən yaxşı plov Səmərqənddə, ən yaxşı laqman isə Daşkənddə bişirilir. Bu yaxında “Əslinin aşxanası” var. Orada çox yaxşı özbək plovu bişirilir”.

Sərvər oruc olduğuna görə həmin aşxanaya mən tək getdim. Məlum oldu ki, Əsli 65-70 yaşlı nurani bir özbək kişisidir. Amma soyutma bişirilmiş sığırçın yumurtası və at əti ilə hazırlanmış plov çox dadlı idi. Laqmanı isə Daşkənddə yemişdim.

***

Dəmir yolu vağzalına qayıdanda Sərvər mənə böyük, ucu-bucağı görünməyən, bəzi yerlərində mağara, oyuq kimi yerlər olan təpəni göstərdi: “Əfrasiyab şəhərinin xarabalıqlarıdır. Dünya xəritəsində bu qədər xarabalıqlar ola-ola yenidən kiminsə müharibə törətmək istəyi cəhənnəmi arzulamaqdan başqa bir şey deyil”.

***

Sərvərin 15 yaşlı ilk qızının adı Fərqanə, ikincisinin adı Dürdanə, üçüncünün adı Mərdanə, sonuncunun – iki aylıq körpənin adı isə Asmondur. Asmon özbəkcə Asiman deməkdir. Həmin körpəyə Səmərqənd şirniyyatı göndərdim. Bəxtimə Asimana şirinlik göndərmək də yazılıbmış. Elə Səmərqənddə onlarca foto-şəklimin çəkilməsi də bəxtimə yazılanlardan imiş.

İttifaq MİRZƏBƏYLİ
Bakı–Səmərqənd–Bakı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri