“Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Dekabrın 9-da Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Əqli mülkiyyət və süni intellekt” mövzusunda birgə keçirdiyi beynəlxalq konfrans işə başlayıb.
525.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov süni intellektin insan sivilizasiyasının ən böyük texnoloji nailiyyətlərindən biri olduğunu söyləyib.
“Yeni texnologiyalara əqli mülkiyyət sipər çəkməməlidir, əksinə uyğunlaşmalıdır”, - deyən Kamran İmanov Azərbaycanda süni intellektlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu söyləyib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın iqtisadiyyat, dövlət idarəçiliyi, təhsili, infrastrukturu və s. sahələri əhatə etdiyini söyləyib. Kamran İmanovun sözlərinə görə, bu Strategiya süni intellektin inkişafını dəstəkləyən qanunvericilik bazasının yaradılmasını, təbii ki, əqli mülkiyyət qanunlarında da dəyişiklikləri gündəmə gətirir.
Agentliyin rəhbəri bu gün süni intellektin sadəcə bir vasitə və ya alət deyil, həmçinin iqtisadiyyata, mədəniyyətə və idarəetməyə inteqrasiya olunmuş bir infrastruktur olduğunu bildirib. Qeyd olunub ki, süni intellekt rəqəmsal suverenliyin əsas hərəkətverici qüvvələrindən biridir. Gələcəyin prinsipi insan və süni intellektin birgə fəaliyyət göstərməsinə əsaslanır. Süni intellekt, həmçinin yeni kommunikasiya və media formalarının yaranması deməkdir ki, generativ süni intellekt jurnalistikanı dəyişdirir, yeni məzmun formatlarını formalaşdırır və s. Nəhayət, süni intellekt həm də sosial inklüzivlikdir.
Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə (dekabr ayına qədər) sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin sayında (2024-cü illə müqayisədə) 42 faiz artım müşahidə olunur (378 sənəd 267-yə qarşı). İxtiralar üzrə 41 faiz, faydalı modellər üzrə 9 faiz və sənaye nümunələri üzrə 132 faiz artım mövcuddur.
Beynəlxalq patentlərin alınması sahəsində isə Patent Əməkdaşlığı Sazişi (PCT) sistemi üzrə 33 faiz, Avrasiya patentləri üzrə 66,7 faiz və Haaqa sənaye nümunələri üzrə 146 faiz artım mövcuddur. “Qlobal İnnovasiya İndeksi – 2025” hesabatında patent sistemi Azərbaycanın güclü tərəfləri kimi göstərilib (53-57-ci yerlər), faydalı modellər üzrə isə ölkəmiz 38-ci yerdədir.
Agentliyin rəhbəri vurğulayıb ki, bütün bu artımlar ölkə rəhbəri tərəfindən Azərbaycanda həyata keçirilən innovasiya tipli institusional dəyişiklərin nəticələri, habelə Agentlikdə Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sisteminin, Açıq Reyestrin, Çağrı Mərkəzinin fəaliyyətinin, potensial ixtiraçılar ilə çoxlu görüşlərin, hazırlanmış metodik sənədlərin nəticələridir.
K.İmanov məmnunluq hissi ilə qeyd edib ki, ÜƏMT tərəfindən dünyanın 204 əqli mülkiyyət ofisləri arasından seçilmiş 15 ölkə ofisi sırasında Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin strukturu və fəaliyyəti ilə bağlı sorğu aparılıb və onun nəticəsi ÜƏMT-nin 2025-ci ildə “Gələcəyə baxan liderlər” adı ilə dərc etdiyi kitabda əksini tapıb.
Konfransın açılışında, həmçinin Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev, ÜƏMT-nin Əqli Mülkiyyət və Qabaqcıl Texnologiyalar departamentinin direktoru xanım Ulrike Till, Yaponiya Patent İdarəsi, Fransa Patent və Əmtəə Nişanı İdarəsi, Koreya Respublikasının Əqli Mülkiyyət İdarəsinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Həsən Həsənli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov və başqaları çıxış ediblər.
Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Süni intellektin əqli mülkiyyətdə istifadəsi: riyazi köklərdən praktiki və fəlsəfi-hüquqi aspektlərədək” mövzusunda geniş məruzəsi dinlənilib.
İki gün davam edəcək beynəlxalq tədbirdə, həmçinin xarici ekspertlərin “Ümumi baxış: süni intellekt və əqli mülkiyyət siyasəti”, “Süni intellekt ilə əlaqəli ixtiraların patentləşdirilməsi (Süni intellekt vasitəsilə və süni intellekt tərəfindən yaradılan əqli mülkiyyət obyektləri predmetləri)”, “Patent sistemində süni intellektin alət kimi tətbiqi: ekspertiza və idarəetmə proseslərində süni intellektdən istifadə”, “Süni intellekt üzrə əqli mülkiyyət siyasəti: patent müəllifliyi (ixtiraçılığı) və hüquq sahibliyi məsələləri” mövzularında məruzələri dinləniləcək, “Süni intellekt və əqli mülkiyyət obyektləri” mövzusunda açıq müzakirələr üzrə dəyirmi masa təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 09 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















