Icma.az
close
up
RU
“Ərənlərə zaman olmaz...”, yaxud “Ərmişlərin söhbəti”nin sorağında...

“Ərənlərə zaman olmaz...”, yaxud “Ərmişlərin söhbəti”nin sorağında...

Əhməd Kabaklı – 100

Türk dünyasının gələcəyi naminə, milli-mənəvi tərəqqisi uğrunda, ədəbiyyatımızın tədqiqi, təbliği yolunda qələmi, sözü, əməliylə yorulmadan mücadilə edən böyük bir türk ziyalısıdır Əhməd Kabaklı. Adını yaşadan, ona ölməzlik gətirən böyük işlərə imza atıb. Hələ sağlığında “Şeyxul-mühərririn” – yazarların şeyxi, mənəvi rəhbəri adlandırılan, “yazarların xocası və ucası" (A. Rüstəmli) Əhməd Kabaklı “özünəməxsus ədəbiyyatşünaslıq məktəbi yaratmış böyük elm xadimi (İ.Həbibbəyli), “ümumtürk milli mədəniyyətinin sütunu olan abidə şəxsiyyət” (C. Feyziyev) kimi də dəyərləndirilir. “Əhməd Kabaklı” adı çəkiləndə hər şeydən öncə, mənim İstanbulda “Türk Ədəbiyyatı Vəqfi”nə gəldiyim ilk gün yadıma düşür... İllər öncə məni bu vəqfə o vaxt İstanbulda çalışan əziz dostum araştırmaçı-yazar Sevil Abbasova-İrəvanlı gətirmişdi. Kitabxanayla, orda bərabər çalışdığı dəyərli insanlarla - Göksal xanımla, Halid bəylə tanış etdi. Axşam isə Mövlana Cəlaləddin Ruminin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Konyaya yola düşəcəkdik. Gedərkən rəfiqəm mənə bir kitab da hədiyyə etdi. Əhməd Kabaklının “Mövlana” kitabını...

Uzun illərdən sonra Türk Ədəbiyyatı Vəqfinə yenə Sevil xanımla gəldik. Bu dəfə o, önəmli bir konfransda iştirak etmək üçün (İstanbul Universitetinin doktorantı kimi), mənsə kitabxana və arxivlərdə araşdırma aparmaq üçün İstanbuldaydıq. Bu doğma məkanda bizi yenə Halid bəy gülər üzlə qarşıladı. “Türk ədəbiyyatı” dərgisinin bir neçə sayını və dəyərli kitablardan bir neçəsini aldıq. Bu dəfə də Vəqfdən ayrılanda əlimdə yenə Əhməd Kabaklının çoxdandır alıb oxumaq istədiyim bir kitabı vardı – “ Ərmişlərin söhbəti”. Alim-yazarın vaxtilə “Tərcüman” qəzetində dərc olunmuş “Ərmişlərlə söhbət” sərlövhəli silsilə yazılarının toplandığı bu dəyərli kitabı uzun müddət Əhməd Kabaklının yanında çalışmış, köməkçisi olmuş Halit Baykal nəşrə hazırlayıb.

Bir neçə gün sonra Vəqfin ənənəvi “Çərşənbə söhbətləri”ndən birində də iştirak etmək nəsib oldu. Dəyərli insan, ötən il dünyasını dəyişmiş Türk dünyasının gözəl övladı, əziz insan Qənirə xanım Paşayevaya həsr olunmuş bu tədbir başlamazdan əvvəl Vəqfin rəhbəri Serhat Kabaklıyla, dərginin baş redaktoru İmdad Afşarla da tanış olduq. Müsahibə götürmək üçün də söz aldıq. Alim qardaşımız Prof.dr. Ramazan Qorxmazla, Qənirə xanımın doğmaları (Tehran xanımla, Kəmalə xanımla), dostlarıyla görüşdük. Tədbirdə Qənirə xanımın yeni nəşr olunmuş kitablarından da hər iştirakçıya biri (“Yitirdiğim Mutluluk”, “Turan Yolcusu”, “Kuma Yazılan Acılar”, “Sahipsiz Sanılan Nağmelerimiz”, “Gül Ömürler Solmasın”) təqdim edildi. Mənim payıma da “Sahipsiz Sanılan Nağmelerimiz” düşdü. Tədbirdən bir neçə gün sonra vədələşdiyimiz kimi Serhat bəylə görüşüb həmsöhbət olduq. İmdad bəy isə Sakaryada olduğu üçün söhbətləşmək nəsib olmadı. Bu dəfə Vəqfə üç dəyərli insanla bərabər qonaq olduq. Gözəl insan, dəyərli alim Dr.Yusif Gədikli, “Post” Yayınevinin rəhbəri Hayrı Ataş və gözəl xanımı Kadriyə xanımla əvvəlcə Türk Dünyası Araşdırmalar Vəqfini ziyarət edib sonra Türk Ədəbiyyatı Vəqfinə gəlmişdik. Həmsöhbətim isə Vəqfin başqanı, Əhməd Kabaklının mənəvi davamçısı, onun və yaratdığı vəqfin adını şərəflə yaşadan hörmətli Sərhat Kabaklıdır.

- Sərhat bəy, Əhməd Kabaklı adı çəkiləndə mənim bu vəqfə gəldiyim ilk gün yadıma düşür. İllər öncə məni bu vəqfinizə o vaxt İstanbulda çalışan əziz dostum araştırmaçı-yazar Sevil İrəvanlı gətirmişdi. Kitabxananızla, Göksal hanımla, Halid bəylə tanış etdi. Axşam Konyaya uçacaqdı təyyarəmiz. Mövlana Cəlaləddin Ruminin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Konyaya yola düşəcəkdik. Gedərkən rəfiqəm mənə bir kitab da hədiyyə etdi . Əhməd Kabaklının “Mövlana” kitabını... Əhməd Kabaklı adı böyük bir addır. Bilmək istərdim, bu ad çəkilərkən sizin ilk ağlınıza gələn nədir? Onu tanımayan insanlara bir-neçə kəlməylə necə tanıdardınız?

- Əhməd Kabaklı adı gələndə mənim ilk ağlıma gələn söz, sözsüz ki, əmidir. Və mənim həyatımda çox böyük rol oynamış bir əmi. Yəni, mənim atam az bir maaşla dörd uşaq oxudarkən o, “Sərhat mənə aiddir, o, İstanbula gəlsin, onun bütün xərcləri mənimdir” - deyib məni burda oxudan və həm fikri, həm də fiziki inkişafımı – hər şeyi mənə bəxş edən bir insandır Əhməd Kabaklı. O vaxtlar Türk Ədəbiyyatı Vəqfi yoxdu, Türk Ədəbiyyatı Cəmiyyəti vardı, Yaşılay binasında. Biz orada kiçik gəmiçi oturacaqlarında oturub böyük-böyük adamları beləcə qürurla dinləyərdik... Əhməd Kabaklı, özü də ifadə etdiyi kimi, tarixin içində yaşamış, tarixi yaşamış, bugünlərə gəlmiş və bu günlərə texnikaya olan sayğısı ilə birlikdə tarixi daşımış bir adam olaraq bilinir. Yəni, Türkiyədə heç bir zaman qruplaşmalara uymayıb, tamamilə bitərəf (partiyasız) olmuş, hər kəsi doğru yol hardadırsa, o tərəfə yönləndirməyə çalışmış bir adamdır. Buna görə də qurmuş olduğu bu vəqfdə çox böyük işlər görmüşdür. Biz də bu işlərin davamçısı olmaqdan həm xoşbəxt, həm də qürurluyuq.

- Hocam, Türk dünyası, Türk ədəbiyyatı üçün rəhmətlik hocamızın gördüyü işlər məlumdur. Haqqında da cox yazılmış, biz də onu bu yazılar, xüsusən də, tədqiqatları, gördüyü işlər, kitablarıyla tanımışıq... Əhməd Kabaklının Azərbaycan barədə düşüncələrini, Azərbaycanla əlaqədar hansı önəmli işlər gördüyünü bir də sizin dilinizdən eşitmək istərdik.

- Biz özümüzü tanımağa başladığımız vaxtlarda,15-16 yaşlarındaykən əmim qardaş oğullarını, məni, Sərvəti, Əsədı yanına çağırdı və bizə bu cümləni söylədi. Dedi ki, “uşaqlar, Türkiyə Qarsdan Ərdəhana, Ərdəhandan Ədirnəyə uzanan bir yer deyil, bizim Türkiyənin xaricində də soydaşlarımız, qardaşlarımız var. Türkcə danışan və hal-hazırda əsarət altında yaşayan, bəlkə də bizim onlara əl uzatmağımızı gözləyən qardaşlarımız var. Bunu əsla unutmayın!”. Kabaklı hocanın bu sözlərindən sonra bizim Türk dünyasına baxışımız artıq çox fərqli oldu. Yəni artıq öz-özlüyümüzdə hər işə, “demək ki, bizim Şərqdə, Qərbdə bizim əməyimizə, çalışmamıza, bizim himmətimizə ehtiyac duyan qardaşlarımız var” məntiqiylə baxdıq. Kabaklı hocanın, xüsusilə, Bəxtiyar Vahabzadəyə qurduğu dostluq əlaqəsini xatırlayıram...Bəxtiyar Vahabzadə o zaman sovet dönəmində buraya hər hansı bir yazı, məktub göndərə bilmirdi. Yazılarını, şeirlərini Şərqi Almaniyada Əhməd Şmide vasitəsilə göndərirdi, təxəllüsdən istifadə edirdi. Mən o zaman əmimin yanındaydım və gələn məktubları da mən açardım. O zamanlarda biz Azərbaycanı, Azərbaycan ədəbiyyatını Kabaklı hocayla Bəxtiyar Vahabzadə arasındakı qardaşlıq münasibətilə görməyə, tanımağa başlamışdıq. Təbii ki, Azərbaycan azadlığına qovuşduqdan sonra Kabaklı hoca Azərbaycanı ziyarət etdi. Oradakı dostlarıyla görüşüb-söhbətləşdi. Orada ona dostcasına davrananlar olduğu kimi, hələ də kommunist düşüncəsindən qurtula bilməyib düşmən kimi davranan tiplərlə də qarşılaşdı. Amma artıq Azərbaycanla Türkiyə arasında qurulan körpülər dağılamayacaq, yıxılamayacaq nöqtəyə gəldi. Kabaklı hoca rəhmətə gedəndən sonra qardaşım Sərvət (o da Allah rəhmət eləsin, gənc yaşda getdi), sonra mən bu körpülərdən çox sıx-sıx istifadə etməyə başladıq. Azərbaycanla, Qırğızıstanla, Özbəkistanla, Qazaxıstanla, hətta sadəcə oralarla deyil, Balkan coğrafiyasında Kosovayla, Bosnayla, Makedoniyayla, Qərbi Trakyayla, hətta Kiprlə bu körpülər cox sağlam bir hala gəldi. Və biz bu gün də Türk dünyası ən azından, başqa bir şey istəmirik, mədəniyyət anlamında, mədəni cəhətdən, ədəbiyyat cəhətindən bir-birini anlayan və bir-biriylə qardaş olan bir dünya halına gəlsin deyə mücadiləmizi davam etdiririk.

- Əslində, ədəbiyyatımız, qardaş ədəbiyyatlar beləcə birləşirsə, ədəbiyyatlarımız bir-birini anlarsa, elə ruhumuz da, düşüncəmiz də bir olar. Çünki ədəbiyyat millətin ruhunu özündə əks etdirən mənəvi sərvətimizdir. Hocam, bu günlərdə Vəqfinizdə keçirilən önəmli bir tədbirdə iştirak etmək mənə də nəsib oldu. Türk dünyasının dəyərli insanı Qənirə xanım Paşayevanın anım günü keçiriləcəyini öyrənəndə mən də iştirak etmək istədim. Bu gözəl insanı şəxsən tanıyırdım, ona çox böyük hörmətim vardı. Bərabər həyata keçirəcəyimiz kitab layihələrimiz də vardı onunla... Allah rəhmət eləsin. Siz nə vaxtdan tanıyırdınız Qənirə xanımı? Tədbirdə danışarkən də çox təsirləndiniz, duyğulandınız... Sanki çox sevdiyiniz bir bacınızı itirmişsiniz, hocam. Əslində, əziz Qənirə xanımı yaxından tanıyan, bilən hər kəs sevərdi... Necə tanıdınız Qənirə xanımı? Və bu itki sizinçün nə deməkdir?

Məncə, Qənirəni tanımaq bir məziyyət, tanımamaq isə bir utancdır. Biz Türkiyədə Qənirədən bəhs edərkən birisi “ o kimdir ki?” – deyərkən, “Ay, bu adam nə qədər cahil, nə qədər manqurtdur!”, - deyə düşünürik...

Tanımaq istəməmişdir, bəlkə də...

Elədir. Qənirəylə, təbii ki, Azərbaycana gediş-gəlişlərimizdə tanış olduq, onun bizə qarşı çox səmimi münasibətini gördük. O da Türkiyəyə gələrkən, Elazığa gələrkən qonaq etdik. Və aramızda bir qardaşlıq münasibəti yaranmağa başladı.Yəni, onun mənə “ Abi”, - deyə xitab tərzi, səslənməsi heç yadımdan çıxmaz. Bir də mənimçün çox önəmli bir şey də söyləyim, bəzən gecələr yuxudan onun “Sərhat abi”- kəlməsiylə oyandığımı xatırlayıram... Qənirənin Türk dünyasına xidmətləri ortada, göz önündədir və bu xidmətlər əsnasında bizim də ona dəstəyimiz bəllidir. Təbii ki, ən böyük duyğusal bağı mən Qənirənin bir jestiylə yaşadım. Bir gün mənə zəng elədi, dedi ki, “abi, Milli Məclisdə işlərim çoxdur, mən gələ bilmirəm, amma sizdən ötrü də darıxıram, bilet göndərirəm, xanımını da götürüb gəl!”. Bir az qəfil olsa da, “Oldu”- dedim. Bizim biletimizi Qənirə göndərib, mən də oğlumla nişanlısına bilet aldım. Hətta bu bileti İmdad bəy aldı, hamımız birlikdə Bakıya getdik. Orada aeroportda çiçəklərlə qarşılandıq, bizi qarşılamağa bir qrup adam gəlmişdi, çaşdım qaldım...Sən demə, məni Bakiya 70 illik yubileyimi təbrik etmək üçün dəvət edibmiş...

Çox gözəl, incə bir davranış...

Bunu ora gələndə anladım. Milli Məclisdə, Yazıçılar Birliyində, Sumqayıtda tədbirlər keçirtdi, bu tədbirlərdə məni çox yüksək səviyyədə təqdim etməsi könlümü oxşadı və mən orada o səmimiyyəti yaşarkən oğlumla nişanlısını göstərərək “Toy nə vaxtdır?”- deyə soruşdu, mən də bu yaxınlarda edərik, inşallah”, - dedim, “amma oğlan Türkiyəli, qız Güney Azərbaycanlı və mən bu toyu Bakıda eləyəcəyəm”. Ertəsi gün belə söylədiyimə məni bir az peşiman etdi... Zəng edib “Abi, axşama toyumuz var”,- dedi və axşam toy elədi. Doğrusu, mənim maddi olaraq gücümün yetməyəcəyi bir toy elədi “Turan” restoranında. Çox gözəl bir toy oldu və mən ona bu toydan sonra təşəkkür edərkən “Abi, o nə sözdür, onlar mənim qardaş övladlarım, doğulacaq oğullarının sünnət toyunu da burada edəcəyəm”,- dedi. Və... Qənirənin vəfat etdiyi gün bir oğlan nəvəmin olacağını öyrəndim...

Bir böyük üzüntüylə, bir müjdəni bir yerdə yaşamışınız, hocam...

Elədir... Amma Allah nəsib edərsə, ona olan sözümə əməl edib nəvəmin sünnət toyunu Bakıda edəcəyəm.

İnşallah, hocam.

Təbii, bu dostluq, bu yoldaşlıq getdikcə daha da artaraq qardaşlığa çevrildi və belə davam edərkən onun məndən bəzi istəkləri də olurdu. Bir gün “Türkiyədə bəzi işlər görmək istəyirəm”, - dedi. Elnurə Kazımova vardı, ssenarist, “onunla gəlib şəhərləri gəzərək çəkilişlər edəcəyik”, - söylədi.

Bəli, bu onun “Addım-addım Türkiyə” layihəsiydi.

Elədir. Mən də maşını, sürücünü onuncun ayırırdım. Məsələn, bir səfərində 54 gün heç İstanbula gəlmədən gəzib-dolaşdılar. Və mən o 54 günü bəzən bələdiyyə avtobusuyla, bəzən də bu yaşda piyada gəlib-getdim. Çünki ürəyimdə bir sevinc hissi vardı ki, o, bir iş görür, mən də ona dəstək oluram. Sonra dedi ki, yorulmuşam, cəkmək istədiyim iki yer qaldı, gedib sonra yenə gələcəyəm. Allah qoymadı, nəsib olmadı. Allah rəhmət eləsin.

Amin.

Amma onun işlərini davam etdirəcəyəm... Mən hər zaman, hər yadıma düşəndə Fateh Sultan Mehmeti misal çəkirəm. Yəni, Fateh Sultan Mehmete italyan rəssamı Bellini “tarixdə kimə bənzəmək istərdiniz”- deyə soruşarkən o, Böyük İsgəndərə deyir. O da deyir ki, Böyük İsgəndər 25 yaşında öldü, Fateh Sultan Mehmet de cavabında “Siz bütün dünyanı fəth etməyə yetəcək bir həyatı qısamı hesab edirsiniz?” –söyləyir. Məncə, Qənirə 48 yaşında vəfat etsə də, hər halda 148 yaşında, 248 yaşında olacaq insanların edə biləcəklərinin qat-qat artığını etdi. Buna görə də biz də onu həm könlümüzdə, həm çevrəmizdə, həm də ədəbiyyatımızda yaşatmağa davam edəcəyik.

İnşallah, hocam. Anım günündə iştirakçılara Qənirə xanımın yeni nəşr olunan kitablarından hədiyyə edildi. Hər iştirakçıya bir kitab paylandı.

Bəli, onun 5 kitabı nəşr olundu. Qənirənin kitabları əziz Kəmalə bacımız tərəfindən bizə Türk dünyasından gələcək gənclərə təqaüd vermək üçün hədiyyə edildi. Biz də sadəcə kitablardan birini gələn yoldaşlara payladıq. Buraya gələn insanlar Qənirə xanımı könüldən hiss edib gələn tanınmış ziyalı insanlar, hörmətli adamlardır. Burda hər birinə o kitabların 5-dən də paylasaq, o kitabları sadəcə həmin adamlar oxuyacaq. Onun əsl məqsədinə isə faydası olmayacaq. Ona görə də həmin kitablar Türk dünyasından, Azərbaycandan gələcək gənclərə təqaüd vermək üçün satılacaq.

Hocam, eşitdik ki, bu yaxınlarda Azərbaycanda Əhməd Kabaklı ili qeyd olunacaq. Bu il onun anadan olmasının 100 illiyi tamam olur. Yubileyi Yazıçılar Birliyimi keçirəcək?

Bəli, Yazıçılar Birliyi. Bu yaxınlarda da bizi dəvət edəcək, Bakıya gedəcəyik. Orada Əhməd Kabaklı ilini birlikdə qeyd edəcəyik. Sonra onlar gələcəklər, burada da Cəfər Cabbarlıya həsr olunmuş tədbir keçirəcəyik. Mən Xızıda Cəfər Cabbarlının evində olmuşam. Və orada mən, həqiqətən, çox mistik bir hava yaşadım, hətta o hava üçün darıxdım da... Bir dahakı gedişimdə mən yenə o məkanda o mistik havanı yaşamaq ümidindəyəm...

Orda, Xızıda bizim Müşfiqimiz də var, hocam. Repressiya qurbanı gözəl şairimiz Mikayıl Müşfiq.

Bəli, Mikayıl Müşfiq... “Deyirsən ki, burda qalacağam mən, Çox gözəl fikirdir, qal, sənə qurban”...

Ötən yüzillikdə repressiyanın qurbanı olmuş o qədər böyük insanlarımız var ki, hocam. Bilirsiniz, hamısını həbs etdilər, güllələdilər... Mən onlardan ikisi ilə əlaqədar araşdırmalar aparıram. Biri görkəmli alim-yazar, Azərbaycan Xalq Cümhuriyyətinin ilk İstanbul səfiri Yusif Bəy Vəzirov – Yusif Vəzir Çəmənzəminli, digəri böyük ədəbiyyatşünas, kitabşünas, şair Salman Mümtazdır. Repressiya qurbanlarının həyat və yaradıcılığının tədqiqi çox önəmlidir.

Elədir. Bu mövzu yazılmalıdır. Yəni, Azərbaycanın azadlıq mücadiləsi edənlərin həyatda nələr yaşadıqları və Azərbaycanda xalqı oyandırmaq üçün ayağa qalxan insanların necə vəziyyətlə üzləşdikləri mütləq yazılmalıdır. Çünki yeni nəsil bunlardan dərs, ibrət alacaqdır.

Elədir, ən çətin zamanlarda onlar millət üçün, Türklük uğrunda can vermişlər. Hocam, ötən həftə Kitab evinizdən, Halit bəydən bir neçə kitabla bərabər “Türk ədəbiyyatı” dərgisinin bir neçə sayını da aldım. İçərisində Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi sayları da var. Dərginizin Azərbaycanla əlaqədar yeni layihələri, özəl sayları gözlənilirmi?

Bizdə özəl saylar bitməz. Azərbaycan da bizim ədəbiyyatımızın mənbəyi, qaynağıdır. Elə hörmətli Hayrı bəy də (otaqda bizi maraqla dinləyən qonaqlardan birini - Hayrı Ataşı göstərir – Ş.A.H.) Azərbaycanda çox böyük xidmətlər göstərmiş bir dostumuzdur. Mən bunu hər zaman söyləyirəm: Türk ədəbiyyatının mənbəyi, mərkəzi Azərbaycandır, Bakıdır, Gəncədir. Yəni, ideya atası o bölgədir, Şərqə də, Qərbə də oradan yayılmışdır. Şərqə gediş bir az az olmuş, amma Qərbə, Türkiyəyə təsiri daha artıq olmuşdur. Doğrusu, Azərbaycanın mən bir şeyinə heyranam. Azərbaycan Türk dünyası içərisində, Türkiyə də daxil olmaqla milli şüuru ən gözəl şəkildə formalaşmış bir ölkədir. Nədən? Bir gün Qənirə bacım mənə bu şey söylədi. Dedi ki, “Kərkükə getmişdim. Orda heç müxtəlif qrupların hamısıyla eyni vaxtda bir yerdə ola bilmədim. Ayrı-ayrı, bir qrupla, sonra o biri qrupla görüşdüm. Türk topluluqları bir yerə yığılmadılar... Çünki bunlar məzhəb ayrılığına görə parçalanmışlar. Kərkükdə olarkən bir qrupla görüşdüm, onlara mədəni fəaliyyətlərində faydalanmaq üçün maddi yardım etmək istədim, “ehtiyacımız yoxdur”, - dedilər. Bir az sonra başqa bir qrupla görüşəcəyimi, onlara maddi yardım edəcəyimi söyləyəndə isə “olmaz”- deyə etiraz etdilər”. Yəni, Güney Azərbaycan, Kərkük belə bir məzhəb dalğası içində çalxalanarkən bizim Azərbaycanımızda mən sınamaq məqsədilə hansı məzhəbdən olduqlarını soruşduqda üzümə təəccüblə baxıb, “qardaş, mən Azərbaycan türküyəm”,- dediklərini gördüm. Buna görə də Azərbaycan Türk dünyası içərisində milli şüurunu yaratmış, formalaşdırmış bir ölkə olaraq, inşallah, daha da həm şərqinə, həm də qərbinə işıqlar saçacaqdır. Biz Azərbaycandan məmnunuq, Allah da məmnun olsun.

Hocam. Biz də sizlərdən məmnunuq. Allah sizlərdən də razı olsun. Bu yaxınlarda yenə Zəfər bayramını qeyd etdi Azərbaycan. Bu zəfər təkcə Azərbaycanın deyil, qardaş Türkiyəmizin, Türk dünyamızın da bayramıdır.

Türkiyəmiz, Türk dünyamız və qardaşlığımız var olsun! Həmsöhbət olduğunuz üçün də təşəkkür edirəm. Sağ olun.

***

Sərhat bəylə söhbətimizdən sonra Türk Ədəbiyyatı Vəqfindən ayrılarkən bu dəfə xatirə şəkillər çəkdirməyi də unutmadıq. Fotolarımızda Əhməd Kabaklı da “vardı”, divardakı fotoşəkildən qonaqlarını gülərüzlə yola salırdı sanki... Bu məqamda, “Türk dünyasının vurğunu, Azərbaycan sevdalısı, böyük ədəbiyyat adamı” (Ə. Şamil), dərviş ruhlu 100 yaşlı Əhməd Kabaklının sanki “Ərənlərin məclisində” yazısının ilk sətirlərini xatırladım: “ “Dünya - axirət bir addım – Eşq ərinin yolunda” demişlər. Ərənlərə zaman olmaz, məkan olmaz. Onlar istədikləri anda bir araya gələrlər, söhbət edərlər”....

Dos.Dr. Şəlalə Ana Hümmətli

seeBaxış sayı:38
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri