Icma.az
close
up
RU
Ermənistan: “Sülh körpüsü”, seçkilər və konstitusiya

Ermənistan: “Sülh körpüsü”, seçkilər və konstitusiya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir-biri ilə sıx bağlı olan bu 3 məsələyə qonşu ölkədə baxış

Ermənistanda parlament seçkiləri stajlı politoloqların, praqmatik erməni ekspertlərin proqnozlaşdırdığı nəticələri verdi. Hələ seçkiyə qədər əksər sosioloji sorğulardakı uyğunsuzluqlar mahiyyət etibarı ilə mənasız imiş. Ona görə ki, sorğuların böyük qismi qərəzli sosioloji beyin mərkəzləri tərəfindən aparılırdı. Obyektiv və vicdanlı tədqiqatçılar isə ciddi problemlə üzləşdilər: respondentlərin 80 faizi seçimlə bağlı suala cavab verməkdən imtina etdi.

Yerli elektron medianın bu, eləcə də seçkidən sonrakı mərhələ, parlamentdə qüvvələr nisbəti, Azərbaycan və Ermənistan arasında dialoqun irəliləməsi, “Sülh körpüsü” təşəbbüsünün davam etdirilməsi ilə bağlı suallarını İrəvan Mətbuat Klubunun fəxri prezidenti, “Sülh körpüsü” vətəndaş təşəbbüsünün iştirakçısı, politoloq Boris Navasardyan cavabandırıb. Onunla müsahibənin qısa ixtisarla tərcüməsini oxucuların diqqətinə veririk.

– Gəlin, əvvəlcə seçkilərdən sonra Ermənistandakı ümumi siyasi mənzərəyə nəzər yetirək...

– Erməni elektoratın əsas hissəsinin müəyyən liderlərə qarşı münasibəti etimad, simpatiya və ya antipatiya üzərində olub. Seçici həmişə onların xarici siyasət gündəmlərini araşdırıb. Əminəm ki, “Güclü Ermənistan” ana müxalifət blokuna səs verənlərin arasında Aİ ilə yaxınlaşmanın və Azərbaycanla sülhün tərəfdarları da var. Sadəcə, onlar üçün heç bir halda Nikol Paşinyanın hakimiyyəti saxlaması məqbul sayıla bilməzdi və bu səbəbdən ən çox ehtimal olunan alternativə səs verdilər. Digər tərəfdən, hakim “Mülki müqavilə” partiyasına səs verənlərin arasında Paşinyanın xarici siyasətini tam dəstəkləməyənlər da ola bilərdi. Belələri isə keçmişlə bu və ya digər şəkildə bağlı olanların hakimiyyətə gəlməsinin qəti əleyhinə idilər. Əlbəttə, seçicilərin şəxsi maraqları da rol oynayıb. Ona görə də inzibati resurslardan sui-istifadə və ya vətəndaşların rüşvətlə ələ alınması barədə danışılır. Bütün bunlar Ermənistan cəmiyyətindəki mövcud əhvali-ruhiyyəni qiymətləndirərkən nəzərə alınmalıdır. Mən əminəm ki, Azərbaycanla münasibətlərin normallaşdırılmasının tərəfdarı olanlar sülh sazişinin imzalanmasını dəstəkləyən “Mülki müqavilə”çilərin və bir neçə azlıq partiyanın ümumi sayından qat-qat çoxdur. Yəni Ermənistan–Azərbaycan dialoqunun davam etdirilməsi və dərinləşdirilməsi perspektivi kifayət qədər ümidvericidir.

– Sizin də fəal iştirak etdiyiniz “Sülh körpüsü” vətəndaş təşəbbüsü ilə bağlı gələcək planlarınız nədən ibarətdir?

– Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla “Sülh körpüsü” təşəbbüsünü birbaşa dəstəkləyən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında bu yaxınlarda keçirilən görüş seçkilərlə bağlı qısa fasilədən sonra iki tərəf arasında bütün sahələrdə əməkdaşlığın davam etdiriləcəyini nümayiş etdirir. İnanıram ki, hər iki ölkənin ictimaiyyəti tezliklə “Sülh körpüsü” çərçivəsində yeni təşəbbüslərdən xəbər tutacaq. Daha əvvəl qeyd edildiyi kimi, konkret istiqamətlər üzrə konkret layihələr razılaşdırılaraq həyata keçiriləcək. Təşəbbüs iştirakçıları qarşıdakı görüşlərdə həmin layihələri və müddətləri müzakirə edəcəklər.

“Sülh körpüsü” ilə yanaşı, Ermənistan və Azərbaycandan olan ekspertlər, jurnalistlər, ictimaiyyət nümayəndələri arasında qarşılıqlı əlaqələr digər təşəbbüslər vasitəsilə də davam edir. Mənim başçılıq etdiyim İrəvan Mətbuat Klubu Bakı Mətbuat Klubu ilə əməkdaşlığını, ilk növbədə, ortaq media platformamız olan “PressClubs TV”də, iki ölkənin nümayəndələri arasında televiziya dialoqlarını, o cümlədən “Sülh körpüsü”nün koordinatorları Areq Koçinyan və Fərhad Məmmədovun həftəlik seqmentini müntəzəm olaraq yayımlayır.

– Şimal qonşumuzun üzərinə gələk. Niyə Rusiya rəsmilərinin ritorikasında gərginliyin səviyyəsi azalmır? Moskva İrəvana sərt siyasi bəyanatlarla təzyiq göstərməklə, bir sıra məhsullarınıza sanksiyalar tətbiq etməklə Ermənistandan nə əldə etməyə çalışır? Bu vəziyyətin inkişafını necə görürsünüz? Paşinyan Moskva ilə konsensus tapacaqmı?

– Son ayların hadisələri göstərdi ki, Rusiya İrəvanda daha zəif hökumət qurmaq, təsir imkanlarını gücləndirmək üçün parlament seçkilərinin legitimləşdirilməsində son dərəcə maraqlı idi. Kreml seçicilərə ideoloji və iqtisadi təzyiqdən tutmuş, Paşinyanın bəzi opponentlərinə birbaşa dəstəyə qədər geniş vasitələrdən istifadə etdi. Bu isə onsuz da qütbləşmiş siyasi səhnəmizdə böyük əsəb gərginliyi yaratdı. Amma Rusiyanın öz məqsədinə çatdığını söyləmək şişirtmə olardı. Bəli, müxalifət seçkilərin rəsmi nəticələrinə etiraz etmək üçün bütün imkanlardan, o cümlədən Konstitusiya Məhkəməsinə müraciətdən istifadə edəcək ki, bu da cəmiyyətdə müəyyən qarşıdurma mühitini saxlayacaq. Amma çətin ki, bu, yeni hökumətin formalaşmasına mane olsun. Paşinyan artıq beynəlxalq tərəfdaşlarından seçkilərdə qələbəsi münasibətilə təbriklər alıb. Moskva gec-tez bununla hesablaşmalı olacaq, ona görə də tərəflər mövcud fikir ayrılıqlarını, ilk növbədə isə həm ikitərəfli, həm də Aİİ çərçivəsində iqtisadi məsələləri həll etməli olacaqlar.

– Ölkədən kənarda üçüncü tərəflərin maraqlarını təmsil edən iki müxalifət partiyasının nümayəndələri parlamentə daxil oldular. Nikol Paşinyan artıq müxalifətlə, o cümlədən hüquqi müstəvidə sərt mübarizə aparacağını bəyan edib. Aydındır ki, bu qüvvələr ilk növbədə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına və ölkənin inkişafı üçün həlledici qanunların qəbuluna sipər çəkməyə çalışacaqlar. Sizin fikrinizcə, baş nazir bu planlara təsir göstərə, konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilməsini təmin edə biləcəkmi?

– Çox şey hakim partiyadan və müxalifətdən olan deputatların öz işlərinə nə dərəcədə rasional yanaşmalarından asılı olacaq. Onların son 5 ildə parlamentdə hökm sürən və erməni siyasi təbəqəsinin cəmiyyət qarşısında imicinə ciddi zərbə vuran qarşıdurma mühitinin mənasızlığını dərk edəcəklərini istisna etmirəm. Qanunverici orqana daxil olan qüvvələr növbəti seçkidə də uğur gözləyirlərsə, sübut etməli olacaqlar ki, bütün fikir ayrılıqlarına baxmayaraq, milli maraqlar, sülh və regionda inkişaf naminə səmərəli əməkdaşlıq etməli, konstitusiya çoxluğunu tələb edən məsələlərdə güzəştə getməlidirlər. Azərbaycan ictimaiyyəti ölkələr arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və qüvvəyə minməsini böyük ölçüdə müəyyən edəcək Ermənistanın yeni konstitusiya layihəsinə parlament tərəfindən dəstək verilməsinin mümkünlüyü ilə maraqlanır. Bu da təbiidir. Anlamaq vacibdir ki, yeni Əsas Qanunun əhəmiyyəti təkcə Azərbaycanda suallar doğuran preambulaya düzəlişdə deyil, həm də Ermənistanın özündə siyasi və ictimai həyatı tənzimləyən bir sıra institusional islahatlardadır. Xüsusən də yeni konstitusiya layihəsi hələ çap olunmadığı və ictimai müzakirəyə başlanmadığı üçün bu proses uzana bilərdi. Mən inanırdım, indi də inanıram ki, Bakı ilə İrəvan arasında münasibətlərin tədricən normallaşması Ermənistanın daxili siyasi vəziyyətinin girovuna çevrilməməlidir. Artıq bir il əvvəl xəyal edə bilmədiyimiz uğurlar var: müxtəlif formatlarda təmaslar, kommunikasiyaların açılması, ticarət, cəmiyyətlərarası dialoq üzrə qərarlar. Biz diplomatik əlaqələrin olmaması səbəbindən daha da genişlənməyə mane ola biləcək mərhələyə çatmışıq. Yəqin bu məsələ yaxın gələcəkdə prioritet məsələyə çevriləcək. Belə ideyaların və planların həyata keçirilməsində irəliləyiş cəmiyyətimizə və onun Ermənistan parlamentindəki nümayəndələrinə müsbət təsir göstərməyə bilməz. Fikrimcə, Ermənistan siyasətinin dağıdıcı seqmentinin, o cümlədən onun qanunvericilik formatının müqavimətini dəf etmək üçün cəmiyyət taktiki intriqalara deyil, məhz buna arxalanmalıdır.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri