Ey sevimli, müəllim!
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Deyilənə görə, dünyada 20 mindən çox peşə və sənət mövcuddur. Lakin onların hamısını yetişdirən, cəmiyyətə qanadlandıran tək bir insan var: müəllim! Cəmiyyətin tərəqqisinə, elmi-texniki və mədəni inkişafına xidmət edən hər bir peşə sahibi məhz onların çəkdikləri zəhmətin bəhrəsidir. Vəzifəsindən, tutduğu mövqedən və ya sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşın qazandığı uğurun arxasında müəllim zəkası dayanır.
Bu səbəbdən də onlara duyulan sonsuz sevginin və ehtiramın əyani təzahürü olaraq hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Bu əlamətdar gün UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə qərarı ilə 1966-cı ildən təsis olunub. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması, onların hüquqlarının qorunması ilə bağlı tövsiyə xarakterli mühüm sənəd qəbul edilib. Hər il dünyanın 100-dən çox ölkəsində müxtəlif tədbirlər, konfranslar, mötəbər mərasimlər keçirilir.
Həyatını, bilik və bacarığını xalqın işıqlı gələcəyinə həsr edən müəllimlərin peşə bayramının qeyd edilməsində əsas məqsəd cəmiyyətin inkişafında onların müstəsna rolunu vurğulamaq, əməyinə diqqət çəkməkdir. Çünki keyfiyyətli təhsil həm də dayanıqlı və firavan gələcəyin etibarlı təminatıdır.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə müəllim peşəsinə hər zaman müqəddəs bir missiya, cəmiyyətin mənəvi dayağı kimi baxılır və dövlət səviyyəsində diqqət yetirilir. Xalqımızın milli təfəkküründə müəllim adı ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir.
Xüsusilə, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan təhsilinin inkişafında və müəllim nüfuzunun cəmiyyətdə ucaldılmasında həlledici rola malikdir. Dahi rəhbər müəllimlik peşəsinə olan sonsuz sevgisini və dərin ehtiramını hər zaman dilə gətirərək, “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram” — demişdir. O, müəllimlərin maddi və sosial şəraitinin yaxşılaşdırılmasını, onların cəmiyyətdə hərtərəfli hörmətlə əhatə olunmasını dövlət siyasətinin əsas vəzifələrindən biri hesab etmişdir. Ulu öndər hər zaman qeyd edirdi ki, cəmiyyətin gələcəyi bir çox cəhətdən məhz məktəbin, müəllimin səviyyəsindən asılıdır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektorunun infrastrukturunun yenilənməsinə, minlərlə yeni məktəb binasının tikilməsinə və ya əsaslı təmir olunmasına yol açıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar müəllimlərin peşəkar səviyyəsi və mütəmadi olaraq əməkhaqlarının artırılmasına xidmət edir.
Eyni zamanda, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil sahəsində reallaşdırdığı layihələr müəllimlərin daha rahat, müasir şəraitdə çalışmasına imkan yaradır. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayır. Bütün bunlar müəllim adına verilən ali dəyərin və diqqətin sübutudur.
Artıq Azərbaycan müəllimi bu əlamətdar günü qalib ölkənin qürurlu vətəndaşı kimi qarşılayır. Bu qürurun ən parlaq təzahürü kimi, müəllimlərimiz doğma yurduna qayıdan, işğaldan azad olunmuş ərazilərimizdəki təhsil ocaqlarında da şərəflə fəaliyyət göstərirlər.
Üçrəngli bayrağımızın dalğalandığı torpaqların azadlığı uğrunda tarix yazan 44 günlük Vətən müharibəsində təhsil işçilərimiz də əsl şücaət göstəriblər. Cəbhəyə atılaraq düşmənə qarşı mərdliklə vuruşan yüzlərlə məktəb rəhbəri və müəllim əsl qəhrəmanlıq dastanı yazıb. Təəssüf ki, bu haqq savaşında Vətən uğrunda canından keçən mərd təhsil işçilərimiz də oldu, onlar şəhidlik zirvəsinə ucaldılar. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə qəhrəman müəllim və təhsil işçilərimizin hər biri yüksək dövlət mükafatları və medallarla təltif olunublar.
Bəşəriyyətin mənəvi memarları olan müəllimlər cəmiyyətin gələcəyini, sabahını qururlar. Hər bir uğurlu şəxsiyyətin, peşəkar mütəxəssisin və vətənpərvər vətəndaşın arxasında fədakar müəllim əməyi dayanır. Oktyabrın 5-i – Beynəlxalq Müəllimlər Günü bir daha cəmiyyəti elm və bilik ətrafında birləşdirərək, müəllimlərimizə olan sonsuz sevgimizi, hörmətimizi və minnətdarlığımızı bildirmək üçün gözəl fürsətdir.
Bu gün münasibətilə bütün müəllimləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq. Əziz müəllimlər, peşə bayramınız mübarək!
Elenora HƏSƏNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















