FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2027-ci ildə qlobal taxıl ehtiyatlarının 1,8 faiz artacağını, 2026/2027-ci mövsümündə isə dünya üzrə taxıl ticarətinin 3,3 faiz azalacağını proqnozlaşdırır. Qurum düyü, şəkər və bitki yağları bazarlarında tələb və təklif balansının gərginləşəcəyini bildirir.
AZƏRTAC xəbər verir ki, FAO-nun dərc etdiyi “Ərzaq bazarlarının icmalı” hesabatına əsasən, xüsusilə buğda və digər dənli bitkilər üzrə qlobal kənd təsərrüfatı məhsullarının təklifi ümumilikdə kifayət qədər yüksək səviyyədə qalacaq. Bununla yanaşı, düyü, şəkər və bitki yağları bazarlarında tələb və təklif arasında balansın daha da gərginləşəcəyi gözlənilir. Bununla belə, əmtəə bazarları və ticarət axınları hava şəraitindən, logistika sahəsindəki fasilələrdən və siyasət sahəsindəki qeyri-müəyyənliklərdən təsirlənməkdə davam edir.
İldə iki dəfə dərc olunan hesabatda əsasən qəhvə və kakao qiymətlərinin azalması hesabına 2026-cı ildə qlobal ərzaq idxalı xərclərinin artım tempinin zəifləyəcəyi proqnozlaşdırılır. Hesabatda taxıl, yağlı toxumlar, şəkər, ət, süd məhsulları, balıqçılıq və akvakultura da daxil olmaqla, əsas ərzaq məhsullarının istehsalı, istehlakı, ticarəti və ehtiyatlarına dair yenilənmiş bazar qiymətləndirmələri və proqnozlar təqdim edilir. Sənəddə, eyni zamanda, gübrə istehsalı, istehlakı və ticarətindəki tendensiyalar, Qara dəniz regionunda münaqişə ilə əlaqədar yaranan fasilələrin ticarət marşrutlarına təsiri, eləcə də zərdab, zeytun yağı və heyvan yemlərinin qiymətləri ilə bağlı xüsusi təhlillər yer alır.
2027-ci ilin mövsümünün sonunadək qlobal taxıl ehtiyatlarının 1,8 faiz artacağı gözlənilir. Bu artım əsasən Rusiya Federasiyası və Ukraynada ixracla bağlı yaranan fasilələrin tədarük həcmlərini məhdudlaşdırması nəticəsində buğda ehtiyatlarının yığılması ilə əlaqələndirilir. 2026/2027-ci mövsümündə dünya üzrə taxıl ticarətinin 3,3 faiz azalacağı proqnozlaşdırılır. Bu azalmanın, demək olar ki, tamamilə buğda ticarətinin geriləməsi ilə bağlı olacağı, bütün əsas ixracatçı ölkələrin tədarük həcmlərinin aşağı düşəcəyi gözlənilir. Bununla yanaşı, 2027-ci ildə qlobal düyü, 2026/2027-ci mövsümündə isə qarğıdalı ticarətinin artacağı ehtimal edilir.
Beynəlxalq ticarətdəki məhdudiyyətlər fonunda qlobal ehtiyatların artması ilə əlaqədar 2026/2027-ci mövsümündə dünya üzrə buğda və qarğıdalı istehsalının müvafiq beşillik orta göstəricilərdən yüksək olacağı gözlənilir. Dünya üzrə düyü istehsalının istehsalçıların mənfəət marjasının azalması və “El-Ninyo” hadisəsi ilə əlaqəli əlverişsiz hava şəraiti səbəbindən son 4 mövsümdə ilk dəfə geriləyəcəyi və istehlak səviyyəsindən aşağı olacağı proqnozlaşdırılır. Bununla belə, əvvəlki mövsümlərdən qalan böyük ehtiyatlar dünya üzrə düyü ehtiyatlarının tarixdə ikinci ən yüksək səviyyədə qalmasına imkan verə bilər.
2026/2027-ci mövsümündə yağlı toxumların qlobal istehsalının rekord həddə çatacağı gözlənilir. Eyni zamanda, bioyanacaq sektorundan bitki yağlarına davamlı yüksək tələbatın qlobal yağ ehtiyatlarının daha da azalmasına səbəb ola biləcəyi bildirilir. 2026-cı ildə dünya üzrə ət istehsalının, əsasən quş əti istehsalının artması hesabına mülayim yüksələcəyi, mal əti və qoyun əti istehsalının isə heyvan təklifinin məhdudlaşması səbəbindən azalacağı proqnozlaşdırılır. Quş ətinə idxal tələbatının yüksək olması nəticəsində qlobal ət ticarətinin də artacağı gözlənilir. Qlobal süd istehsalının 2026-cı ildə 1,8 faiz, süd məhsullarının beynəlxalq ticarətinin isə əvvəlki illə müqayisədə 2,1 faiz artacağı, xüsusilə süd tozu tədarükünün genişlənəcəyi ehtimal edilir.
Dünya üzrə şəkər istehsalının 2026/2027-ci mövsümündə azalacağı və gözlənilən qlobal istehlak səviyyəsindən aşağı olacağı proqnozlaşdırılır. Son aylarda beynəlxalq şəkər qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi qlobal bazarda tələb və təklif balansının gərginləşməsi ilə bağlı narahatlıqların artdığını göstərir.
Qlobal balıqçılıq və akvakultura istehsalının 2026-cı ildə 0,3 faiz artacağı, ov balıqçılığının həcminin isə 3,4 faiz azalacağı gözlənilir. Azalmanın əsas səbəbləri sırasında “El-Ninyo” hadisəsi nəticəsində Peruda ançous ovunun əhəmiyyətli dərəcədə azalması və yüksək yanacaq qiymətlərinin balıqçılıq donanmalarının rentabelliyinə mənfi təsiri göstərilir. Akvakultura istehsalının 3,6 faiz artacağı proqnozlaşdırılır. Ançous təklifinin azalması isə xüsusilə krevet və qızılbalıq üçün yem qiymətlərinin yüksəlməsinə səbəb olur.
Hesabatın xüsusi bölməsində gübrə bazarında yaranan fasilələr, onların istehsala və məhsulların əlçatanlığına təsiri araşdırılır. Ammonyak və karbamid də daxil olmaqla, azot gübrələrinin qlobal istehsalının 2026-cı ildə azalacağı gözlənilir. Bu geriləmə əsasən Hörmüz boğazının bağlanması ilə əlaqədar enerji təchizatı, istehsal və ticarətdə yaranan fasilələrlə izah olunur. Məhsul qiymətləri ilə müqayisədə gübrələrin əlçatanlığı 4 əsas kənd təsərrüfatı məhsulu üzrə pisləşib. Bunlara Braziliyada qarğıdalı, Avropa İttifaqında buğda, Cənub-Şərqi Asiyada düyü və ABŞ-da soya daxildir. 2026-cı ilin ortalarında bu göstərici uzunmüddətli baza səviyyəsindən aşağı düşərək aprel-iyun aylarında ən aşağı həddə çatıb. Məhsul qiymətləri ilə müqayisədə gübrələrin bahalaşması fermerlərin onları almaq və əkin sahələrində tətbiq etmək imkanlarını məhdudlaşdıra bilər.
Eyni zamanda, hesabatda Qara dəniz regionundan taxıl ixracında yaranan fasilələrin beynəlxalq ticarət axınlarını necə dəyişdirdiyi də təhlil olunur. Ukraynanın Böyük Odessa limanlarından, eləcə də Rusiya Federasiyasının Azov və Qara dəniz limanlarından ümumi taxıl daşımaları bir il əvvəlki 7,8 milyon ton səviyyəsindən 2026-cı ilin sentyabrında 0,5 milyon tondan aşağı düşüb. İxrac məhdudiyyətləri səbəbindən ehtiyatların yığılması anbar imkanlarına təzyiqi artırmaqla yanaşı, taxılın keyfiyyətinə və satış imkanlarına da mənfi təsir göstərə bilər. Qara dəniz regionunda daşımaların pozulmasına uyğunlaşan ticarət axınları nəticəsində Argentina, Avstraliya və Avropa İttifaqının dünya buğda ixracındakı payı artır.
Hesabatda qlobal zeytun yağı bazarındakı son tendensiyalara da diqqət yetirilir. 2026/2027-ci mövsümündə dünya üzrə zeytun yağı istehsalının 3,7 milyon tona çataraq rekord həddə yüksələcəyi, istehlakın isə 6 faiz artacağı gözlənilir. Dünyanın ən böyük zeytun yağı istehsalçısı olan İspaniyada istehsalın 22,7 faiz artaraq 1,6 milyon tona çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, 2026-cı ilin sentyabrında təmiz zeytun yağının topdansatış qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz aşağı olub. İtaliyanın Bari şəhərində isə qiymətlər illik müqayisədə 50 faizdən çox azalıb.
FAO hesabatında zərdabın (pendir istehsalı zamanı ayrılan süd məhsulu) artan iqtisadi əhəmiyyəti də araşdırılır. Yüksəkzülallı zərdab komponentlərinə tələbatın güclənməsi pendir istehsalının iqtisadi səmərəliliyinə getdikcə daha çox təsir göstərə bilər. Bu, həm insan qidalanmasında, həm də heyvandarlıqda zülala olan tələbatın artması və pendir emalı zamanı əldə edilən əlavə məhsulların ümumi dəyərə töhfəsi ilə əlaqədardır. Bununla belə, bu imkanlardan əsasən zərdabın emalı üçün zəruri istehsal güclərinə çıxışı olan müəssisələrin faydalanacağı gözlənilir.
Hesabatın son bölməsində yem qiymətlərinin artmasının heyvandarlıq istehsalçılarının mənfəət marjasına təsiri təhlil edilir. Əsas yem komponentlərinin beynəlxalq qiymətləri, xüsusilə yağlı toxumların emalından əldə olunan şrotun bahalaşması nəticəsində 2026-cı ilin əvvəlindən artıb. Yüksək enerji qiymətləri ilə birlikdə bu amil heyvandarlıqda istehsal xərclərini yüksəldib. İstehsalçıların mənfəət marjasına təsir məhsulların satış qiymətlərindən, istehsal sistemlərindən və yem rasionunun tərkibindən asılı olaraq dəyişir. İstehsalçılar yem komponentlərini əvəzləmək və məhsuldarlığı artırmaq yolu ilə vəziyyətə uyğunlaşmağa çalışsalar da, qidalanma tələbləri və iqtisadi məhdudiyyətlər bu imkanları məhdudlaşdırır.
FAO-nun yeni hesabatında 2026-cı il üzrə qlobal ərzaq idxalı xərclərinə dair proqnoz da təqdim olunur. Bu göstəricinin 2025-ci ildə qeydə alınan təxminən 8 faizlik artımla müqayisədə 1,9 faiz yüksələrək 2,267 trilyon dollara çatacağı gözlənilir. Artım tempinin zəifləməsi əsasən qəhvə və kakao qiymətlərinin azalması ilə əlaqələndirilir. Bununla yanaşı, taxıl və yağlı toxumların idxalı üzrə xərclərin yenidən artacağı proqnozlaşdırılır. Yüksəkgəlirli ölkələrin ümumi artımın cəmi 13 faizini təşkil edəcəyi gözlənilir. Halbuki 2025-ci ildə bu göstərici 79 faiz olub. Yuxarı ortagəlirli ölkələrin isə artımın təxminən üçdə ikisini formalaşdıracağı ehtimal edilir. FAO bu tendensiyanın uzunmüddətli perspektivdə aşağı və orta gəlirli ölkələrə də yayılacağını gözləyir.
2026-cı ildə qəhvə, çay, kakao, ədviyyat və əlaqəli məhsulların idxalına çəkilən xərclərin 11,9 faiz azalacağı, taxıl üzrə xərclərin 3 faiz, yağlı toxumlar və yağlı meyvələr üzrə 9,9 faiz, ət məhsulları üzrə isə 6,9 faiz artacağı proqnozlaşdırılır. Yüksəkgəlirli ölkələrin ümumi ərzaq idxalı xərclərinin 2026-cı ildə cəmi 0,4 faiz artacağı gözlənildiyi halda, aşağı və orta gəlirli ölkələr üzrə bu göstəricinin 4,9 faiz, ən az inkişaf etmiş ölkələrdə isə 3,9 faiz təşkil edəcəyi ehtimal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Noyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















