Fətəli xan Qacar Vasif Quliyev yazır
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vasif QULİYEV
Qacarların yenidən dirçəliş çağları on səkkizinci yüzilliyin iyirminci illərində bu sülalənin görkəmli nümayəndəsi, Aşağıbaş tayfasının başçısı Fətəli xan Qacar Qovanlu dövründə oldu. O, Dovalu qacarlarını, yəni Yuxarıbaş tayfasını özünə tabe edəndən sonra Astrabad vilayətinin hakimliyini ələ aldı və özünü xan elan edərək ərazisini sürətlə genişləndirməyə başladı.
Həmin vaxt isə İranda hərc-mərclik baş alıb-gedirdi. Bir tərəfdən qonşu türkmən tayfaları tez-tez hücum edərək ölkə əhalisini soyub-talayır, digər tərəfdən isə rus qoşunları Gilanı tutub, ətraf yerləri zəbt eləməyə hazırlaşırdılar. Üstəlik də, bu qarmaqarışıqlıqdan istifadə edən osmanlılar qərbdən İran ərazisinə girmiş, Təbrizdən Həmədana və Kirmanşaha qədər torpaqlarını işğal altına almışdılar. Bir sözlə, Səfəvi dövləti həm siyasi, həm də iqtisadi böhran içində çabalayır, tənəzzülə doğru gedirdi. Ölkənin hər yerində yadellilərə qarşı ara-sıra üsyanlar qalxsa da, heç bir nəticəsi olmurdu, əksinə, dövlətin vəziyyətini daha da ağırlaşdırırdı.
Əfqanlar da demək olar ki, süquta uğramaqda olan bu "yağlı ölkə"ni əldən buraxmaq istəmirdilər. Və nəhayət, 1721-ci ildə Mahmud Əfqanın iki min beş yüz nəfərlik seçmə qoşunu hücuma keçərək ölkənin böyük bir hissəsini asanlıqla tutub, İranın paytaxtı İsfahan üzərinə yeridi, şəhəri mühasirəyə almaqla ətrafdan kömək gələ biləcək yolları tamamilə kəsdi. Mahmud Əfqanın qoşunları şəhəri demək olar ki, üç ay gecə-gündüz mühasirədə saxladılar, lakin ala bilmədilər.
Həmin vaxt Astrabad qacarlarının başçısı Fətəli xan Qacar iki-üç min nəfərlik bir dəstə ilə İran şahı Sultan Hüseynə köməyə gəldi, gecəykən mühasirə həlqəsini yarıb, İsfahana daxil oldu, əfqanlara qarşı qanlı döyüşlər apardı, şəxsi qəhrəmanlıq göstərdi. Şah Sultan Hüseyn ona kömək gəlməsindən çox sevindi və Fətəli xanla sarayında görüşdü. Şahın göstərdiyi ehtirama, əhalinin onu sevinclə qarşıladığına görə Fətəli xan da öz növbəsində, əfqanların İsfahandan tamamilə çıxarılması üçün əlindən gələni edəcəyini bildirdi. Və ertəsi gün tezdən əfqanlar üzərinə hücuma keçdi, bütün günü döyüş meydanından çıxmadı, min nəfərdən çox düşmən əsgərini məhv elədi və özü də ayağından yaralandı. Mühasirədən əl çəkib, qalib kimi İsfahana qayıtdı, bütün şəhər əhli Fətəli xanın bu uğurunu alqışladı.
Bu döyüş bir tərəfdən Qacar qoşununun qəhrəmanlığını, digər tərəfdən isə əfqanların və onların komandanlığının səriştəsizliyini və bacarıqsızlığını göstərirdi. Fətəli xan Qacar ümid edirdi ki, Şah Sultan Hüseyn əfqanları ölkədən tamamilə vurub-çıxarmaq üçün ona hərbi yardım verəcək. Lakin "kənar bir adam"ın qazandığı qələbələr bəzi saray əyanlarının ürəklərindəki paxıllıq və həsəd hisslərini daha da çoşdururdu. Onlar elə düşünürdülər ki, Fətəli xan bu gün-sabah sarayda kiminsə yerini tutar bilər. Ona görə də saray əyanları Fətəli xanı Sultan Hüseynin gözündən salmaq üçün şaha onun haqqında böhtan dolu yalan məlumatlar çatdırmağa başladılar: guya, Fətəli xan Qacar döyüşlərə olduqca inamlı halda gedir, özünü İranın gələcək şahı kimi aparır və guya, əfqanlarla haqq-hesabı çürüdəndən sonra silahını şaha qarşı çevirəcək.
Şah Sultan Hüseyn əyanlarının sözlərinə inanaraq Fətəli xan Qacarın həbs edilib, zindana atılmasını əmr elədi. Saray xidmətçilərindən olan qacarların biri isə bu xəbəri dərhal ona çatdırdı. Həyatının təhlükədə olduğunu görən Fətəli xan döyüşçülərini də götürüb, İsfahanı tərk eləyərək Astrabada üz tutdu. Bununla da, İsfahanın ağır günləri yenidən başlandı. Fətəli xanın qoşunu ilə çıxıb, getməsini eşidən Mahmud Əfqan İsfahanın mühasirəsini davam etdirməyə başladı.
Şah Sultan Hüseyn əfqan qoşunları qarşısında aciz qalaraq təslim olmaqdan başqa, çıxış yolu tapmadı. 1722-ci il sentyabr ayının 24-də əfqanların ordugahına getdi və İran dövlətinin adına tarixi bir ləkə gətirərək tacını götürüb, öz əli ilə Mahmud Əfqanın başına qoydu. Və həmin gündən İsfahanı əfqanlara döyüşsüz təslim elədi. Beləliklə, Mazandaran vilayətindən başqa, ölkənin mərkəzi və şərq hissələri də əfqan işğalı altında qaldı. Fətəli xan Qacar isə Şah Sultan Hüseynin bu biabırçı hərəkətindən çox məyus oldu və gələcək mübarizələr üçün hakimiyyətini daha da möhkəmləndirməyə başladı (Mehman Süleymanov. "Nadir şah", səh. 82).
Mahmud Əfqan İsfahanda rahatca oturub, hökmranlıq edirdi. Şah Sultan Hüseynin oğlu Təhmasib Mirzə ölkəni əfqanlardan təmizləmək üçün naəlac qalıb, ruslardan və osmanlılardan hərbi kömək istədi. Bunu bilən əfqanlar Əmənulla xanın başçılığı ilə altı minlik qoşunla onun üzərinə yeridi. Təhmasib Mirzə gücsüzlüyünü hiss eləyib, Təbrizə qədər geri çəkildi. Əfqan qoşunları isə Tehranı, Qəzvini, Qumu, Kaşanı tutdular. Onlara qarşı səfəvilərə kömək vermək əvəzinə isə ruslar və türklər bütün Qafqazı Mazandarana qədər işğal elədilər.
Şahlıq kürsüsündə oturan Mahmud Əfqan Təhmasib Mirzəni aradan götürmək üçün Tehran üzərinə qoşun çəkdi. Şah Təhmasib məğlub olub, Mazandarana - Fətəli xan Qacara pənah apardı, Sari şəhərində onunla birləşdi. "Şah Təhmasib Mazandarana çatarkən Astrabad, Mazandaran və türkmən tayfalarının hakimi Fətəli xan Qacar onu qarşılayıb, cürbəcür qonaqlıq təşkil elədi. Bir qədər orda qalan Şah Təhmasib qoşun toplayıb, Fətəli xanın məsləhəti ilə Xorasana yolladı ki, oranı fəth etdikdən sonra əfqan Əşrəfin işini bitirsin. Qoşun yollanıb Məşhədin mühasirəsi ilə məşğul oldu" (Yan Tadeuş Kruşinski. "Xristian səyyahın tarixi", Bakı, "Azərnəşr", 1993-cü il, səh.89-90). Fətəli xan Şah Təhmasibə iki min nəfərlik qoşun da verdi və 1723-cü il noyabrın 25-də şahzadə II Şah Təhmasib adı ilə İran taxtına çıxdı (1723-1732). Ölkənin yeni hökmdarı igidliyinə, dar günlərdə ona köməyini əsirgəmədiyinə və şəxsi keyfiyyətlərinə görə öz ordusunda baş sərkərdəlik vəzifəsini Fətəli xan Qacara etibar elədi.
Təhmasib Mirzə Səfəvi hakimiyyətini bərpa eləməyə çox cəhd göstərirdi, ancaq buna real imkan tapa bilmirdi. Lakin Fətəli xan Qacarla birləşib güclənəndən sonra dədə-baba dövlətinin bərpası uğrunda mübarizəyə başladı. Təhmasib Mirzə baş sərkərdəsini yenidən əfqanlarla döyüşə göndərdi. Fətəli xan Tehran yaxınlığındakı İbrahimabadda düşmənlə döyüşə girdi, amma bu dəfə ağır məğlubiyyətə uğrayıb geri - Mazandarana çəkildi və ordan da Damğana yollandı. Bu məğlubiyyət şahla onun arasında inciklik yaratdı, münasibətləri kəskinləşdirdi. Təhmasib Mirzə Zülfüqar bəy adlı sərkərdəsini qoşunla Fətəli xanın üzərinə göndərməyə hazırlaşdı. Bunu eşidən Fətəli xan Qacar şah qoşununu qabaqlayıb, onun üzərinə hücuma keçdi, Təhmasib Mirzənin qoşununu geri oturdandan sonra Damğanı tamamilə nəzarəti altına alaraq Mazandarandakı şah qüvvələrinə zərbə endirmək və oranı da ələ keçirmək üçün yola düşdü.
1726-cı ilin may ayında Əşrəf adlanan məntəqə yaxınlığında Təhmasib Mirzənin və Fətəli xanın qoşunları qarşılaşdı. Və bu dəfə qacar qoşunu üstünlüyü ələ alaraq döyüşdən qalib çıxdı. Bu məğlubiyyətdən sonra Təhmasib Mirzə vəziyyəti öz xeyrinə dəyişdirmək üçün qullarağası Məhəmmədəli xanın başçılığı ilə bir neçə sərkərdəsini Astrabadın şimal-şərqində məskunlaşmış türkmən tayfalarından kömək almağa göndərdi. Lakin bundan xəbər tutan Fətəli xan havayı yerdən döyüşməkdənsə, barışığa üstünlük verdi. Təhmasib Mirzə ilə görüşüb, barışmağı və bağışlanılmasını xahiş elədi. Atası kimi yumşaq xarakterli və qətiyyətsiz bir adam olan Şah Təhmasib Mirzə Fətəli xan Qacarı və onun yaxınlarını bağışladı, onlara toxunmayacağına and içdi...
Fətəli xan Qacarı Təhmasib Mirzə ilə yenidən birləşməyə məcbur eləyən amillər daha çox onun gələcək planları ilə bağlı idi. O, yaxşı dərk edirdi ki, əfqanlar tərəfindən devrilən Səfəvi xanədanını istəyənlər daha çoxdur. Özü də Səfəvi tərəfdarı olan Fətəli xan Qacar yaxşı başa düşürdü ki, bu tərəfdarları şahın ətrafına asanlıqla toplayıb, düşmənə qarşı mübarizəni genişləndirməklə və səfəvilərin hakimiyyətini bərpa etməklə əvvəlki nüfuzunu qaytarmaq olar. Belə olan halda, sarayda onun da nüfuzu və imkanları xeyli genişlənə bilər.
Kifayət qədər bacarıqlı, təcrübəli, öz tayfası arasında nüfuz sahibi olan Fətəli xan Qacarla birləşmək, əlbəttə, Təhmasib Mirzəyə əl verir və onun imkanlarını xeyli artırırdı. Ona görə də şah ona qacarlar, gəraylılar, hacılılar, kətullular içərisindən qoşun toplamağı tapşırdı və Fətəli xan az müddət ərzində döyüşçülərinin sayını on səkkiz minə çatdırdı. Təhmasib Mirzə xidmətlərinə görə onu "vəkilüddövlə" titulu ilə təltif elədi və digər qacar başçıları daha yaxşı vəzifələrə irəli çəkildilər. Fətəli xan Qacar artıq həmin vaxtdan dövlət vəkili, yəni, dövlətin şahdan sonra ikinci şəxsi hesab olunurdu. Eyni zamanda o, şah qoşunlarının sipəhdarı - baş komandanı vəzifəsinə təyin edildi. Bütün bunlardan sonra Təhmasib Mirzə Məlik Mahmudun üstünə getmək üçün Fətəli xanı dilə tutmağa başladı və onlar qüvvələrini birləşdirib, Məşhədə doğru yollandılar.
Fətəli xan Qacar tutduğu bu vəzifədən istifadə edərək çox çəkmədən Təhmasib Mirzəni öz təsiri altına altı. O, artıq şah sarayında söz sahibi idi və onun fikri həmişə Təhmasib Mirzə tərəfindən qəbul olunurdu. Fətəli xanın şahın yanında böyük hörmət-izzət, nüfuz sahibi olması bəzi saray adamlarının heç də ürəyincə deyildi. Onlar bu qacar övladını gələcəkdə özlərinə böyük təhlükə hesab edirdilər. Ona görə də saray adamları ilə Fətəli xan arasında gizli çəkişmələr gedirdi.
Həmin vaxt İranın gələcək şahı, vaxtilə özbəklərin əsir götürdüyü Nadirqulu onların əlindən qurtulub qaçdı. Başına kiçik bir dəstə toplayıb, əfqanlara qarşı vuruşaraq Xorasan əyalətinin bir hissəsini ələ keçirdi. O vaxtdan da Təhmasib Mirzə ilə Nadirqulunun əlaqələrinin başlanğıcı quruldu. Bu, həmin dövrdür ki, Təhmasib Mirzə məcburiyyət qarşısında qalaraq Mazandarana çəkilib gələcək döyüşlər üçün Fətəli xanla birlikdə qoşun toplayırdı. Elə həmin vaxtlarda da Nadirqulunun igidliyinin səsi-sorağı İranın şimal əyalətlərinə də yayılmışdı. Ona görə də Təhmasib Mirzə məirbaşı Həsənəli bəyi Xorasana hücum etmək ərəfəsində Nadirqulunun yanına göndərib, onu öz xidmətinə dəvət elədi. Nadirqulu bu təklifi məmnuniyyətlə qəbul eləyib, şahın Fətəli xanla birlikdə Şahrud və Bəstam ətrafında Mahmud Əfqana qarşı yürüş etdiyi vaxt əfşarlardan və kürdlərdən ibarət üç minlik dəstəsi ilə gəlib-çıxdı. Elə bu köməyinə və şücaiyətinə görə Şah Təhmasib ona "Səltənətin naibi" titulunu verib, Əbivərdə hakim təyin elədi. Bundan istifadə eləyən Nadirqulu düşmənlərini böyük məharətlə bir-bir aradan götürməyə başladı. Eyni zamanda şahın yanında böyük hörmət qazandı, tez bir zamanda onun şəxsi müşaviri oldu. Bu da düşmənlərinin başını yemək üçün ona yeni bir şərait yaratdı.
Nadirqulu görürdü ki, Təhmasib Mirzə də atası Sultan Hüseyn kimi karsız, zəif, verdiyi vədə əməl eləməyən, başqalarının sözü ilə oturub-duran bir adamdır. Eyni zamanda onu da bilirdi ki, əfqanlarla döyüşlərdə böyük şücaət göstərmiş Fətəli xan Qacar get-gedə şahın gözündə ucalır və onun Təhmasib Mirzəyə təsir qüvvəsi artır. Üstəlik, bir çoxları kimi Fətəli xanın da səfəvilərin taxt-tacında gözü var və o, hakimiyyəti ələ almaq üçün əlverişli fürsət gözləyir. Bütün bunlar Nadirqulunu bərk narahat edirdi, özünün gələcəyə gedən hakimiyyət yollarında xüsusilə Fətəli xan Qacarı böyük bir maneə kimi görürdü. Ona görə də o, əsas rəqibini aradan götürmək üçün dəridən-qabıqdan çıxıb, müxtəlif yollar və fürsət axtarırdı. Belə bir fürsət isə tezliklə ələ düşdü...
Nadirqulu ilə Fətəli xan arasında gərginlik getdikcə artırdı. Bu münasibət liderlik uğrunda artıq ölüm-dirim mübarizəsinə çevrilmişdi. Məlum idi ki, zəif xarakterli Təhmasib Mirzəyə kim daha çox təsir göstərə bilsə, o da mütləq qalib olacaq. Görünür, Fətəli xanın bəzi hərəkətləri şaha xoş gəlmirdi və elə buna görə də onun rəqibinə münasibəti daha yaxşı idi. Nadirqulu isə bu vəziyyətdən ustalıqla istifadə edərək şahı inandırmağa çalışırdı ki, Fətəli xanla Məlik Mahmud birlikdə ona sui-qəsd hazırlayıblar. Hətta inandırıcı çıxmaq üçün özündən bir tarix də quraşdırıb, dedi ki, bu iş yaxınlarda - oktyabr ayının 11-də baş tutmalıdır.
Elə həmin vaxt Fətəli xan Qacar kürd qoşunlarının başçısı Nəcəfqulu bəy Şadlıya öz əsgərləri ilə birlikdə Məşhəd üzərinə hücuma keçməyi əmr eləmişdi. Qoşun başçısı isə Nadirqulunun qurması ilə bu tapşırığı yerinə yetirməmişdi. Ona görə də Fətəli xan onu edam etdirdi. Nəcəfqulu bəyin qoşunları Nadirqulunun dəstəsi ilə birləşdi və Nadirqulu Fətəli xan Qacarı kürdlərin də gözündən salmaq üçün hər yana çar çəkdirdi ki, Nəcəfqulu bəyi Fətəli xan öldürtdürüb. Bununla da, hər iki tərəf arasında düşmənçilik toxumu səpdi və kürdləri ona qarşı qaldırdı.
1726-cı il sentyabr ayının 21-də Təhmasib Mirzə Xorasana hücuma hazırlaşmağa başladı. Hücum ərəfəsində Məşhəddə Xacə Rəbi məqbərəsinin yaxınlığında Fətəli xanla Nadirqulu arasında kəskin narazılıq yarandı və bu da xoşagəlməz ixtilaflara səbəb oldu. Döyüşlərin qızğın çağında uduzacağını görən Fətəli xan Qacar təzə qoşun toplayıb gətirməyin vacibliyi fikrini şaha bildirdi. Yaranmış bu şəraitdən yenə də məharətlə istifadə edən Nadirqulu Təhmasib Mirzənin qulağını elə doldurdu ki, o, deyilənlərin hamısına inandı. Şah Təhmasib də götür-qoy etmədən, Nadirquluya Fətəli xanı öldürməyi əmr elədi. Şahın bu qərarı Nadirqulunun ürəyincə oldu, amma o, yenə hiyləyə əl atıb, yalandan dedi ki, Fətəli xan öldürülsə, Qacarlar qızılbaşlara qarşı çıxarlar və bu da ölkə üçün yaxşı nəticə verməz. Yaxşısı budur ki, onu həbs eləyib, zindana salsınlar...
Şah Nadirqulunun bu təklifini qəbul elədi. Ancaq Nadirqulu əl altından gizli və məkrli niyyətini həyata keçirdi. 1726-ci il oktyabrın 12-də elə Xacə Rəbi adlanan həmin yerdə Yuxarıbaş qacarlarından olan və Fətəli xana düşmənçilik eləyən Yuxarıbaş qacarlarının başçısı Məhəmməd Hüseyn xanın oğlu Məhəmməd Zaman xan adlı bir nəfərin yaxından iştirakı ilə Fətəli xan Qacar qətlə yetirildi. Qacarlar üsyan eləməsinlər deyə, Nadirqulu tayfanın başçılarından Qasım ağanı, Rəhim xan Gəraylını, Niyazqulu bəyi, Yusif bəyi, Şərafətdin bəyi həbsə aldırdı. Xidmətinə görə isə Məhəmməd Zaman bəyi Astrabada hakim təyin elədi...

