Əliqulu xan Qacar Vasif Quliyev yazır
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Vasif QULİYEV
Ağa Məhəmməd xan Qacarın səkkiz qardaşı vardı və hamısı da yaşca özündən kiçik idi: Hüseynqulu xan, Cəfərqulu xan, Mustafaqulu xan, Murtuzaqulu xan, Rzaqulu xan, Mehdiqulu xan, Abbasqulu xan və Əliqulu xan. Əliqulu xandan başqa, bu qardaşların hamısı Ağa Məhəmməd şahın sağlığında dünyalarını dəyişmişdi. Hüseynqulu xana 1775-ci ildə Əli xan Qacar tərəfindən sui-qəsd olunmuş, Abbasqulu xan kiçik yaşlarında öz əcəli ilə ölmüş, ömrü boyu saray xidmətçisi olmuş Mehdiqulu xan elə iş başındaca vəfat etmişdi. Qardaşlardan dördü isə İran taxt-tacı uğrunda mübarizədə Ağa Məhəmməd şaha xəyanət etdiklərinə görə ondan öz layiqli cəzalarını almışdı. Rzaqulu xan şahın əlindən qaçıb, Herat şəhərinə getmiş, səfil bir həyat sürərək 1776-cı ildə Məşhəddə ölmüşdü. Mustafaqulu xanın 1787-ci ildə gözləri çıxarılmış, 1790-cı ildə Cəfərqulu xan boğulub öldürülmüş, Murtuzaqulu xan isə Rusiyaya qaçmış, 1800-cü ildə Astraxanda ömrünə son nöqtə qoyulmuşdu. Həmin vaxt Ağa Məhəmməd şah Qacarın qardaşlarından yalnız yeganə sağ qalanı Əliqulu xan isə İran qoşun hissələrinin birinə sərkərdəlik edirdi.
Ağa Məhəmməd şah Qacar doğma qardaşlarını bir-bir aradan götürdüyünə görə gözü qorxmuş sonbeşik Əliqulu xan ehtiyat edərək onun hüzuruna gəlməkdən qaçırdı. Çünki bilirdi ki, qardaşının qəzəbinə səbəb ola biləcək kiçik bir səhv həyatına son qoya bilər. Kiçik qardaşının saraydan uzaq gəzdiyini görən Ağa Məhəmməd şah dəfələrlə onu görüşə dəvət eləmiş, lakin Əliqulu xan gəlməmişdi. Hətta şah ona belə bir məzmunda məktub da göndərmişdi: "... Ey Əliqulu xan! Niyə dəhşətə düşüb, qorxaq oldun?! O qardaşların ki məndən uzaq gəzib, qorxurdular, əziyyət çəkirdilər. Onlar mənim qardaşlarım idi. Ancaq sən mənim ağabacımsan (yəni qız qardaşım). Rəva deyil ki, bacı qardaşdan qorxsun". Bu məktubdan sonra Əliqulu xan daha da qorxuya düşüb, ümumiyyətlə, şahdan gen gəzməyə çalışırdı. Kiçik qardaşından bir səs-soraq çıxmadığını görən Ağa Məhəmməd şah qardaşı Hüseynqulu xanın oğlu Baba xanı (Fətəli xanı) Əliqulu xanın yanına gedib, onu şahın səmimiyyətinə inandırmağı və yanına gətirməyi əmr elədi. Lakin Əliqulu xan şahın elçisinə ürəkaçan cavab vermədi və kiçik əmisinin bu yekəbaşlığı Baba xanı heç açmadı. Həmin gündən də onların arasında gizli bir düşmənçilik yarandı...
İranda öz şahlığını möhkəmlədən Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycan xanlıqlarını da özünə tabe etmək fikrinə düşdü və bu barədə xanlara eyni məzmunda məktub göndərdi. Lakin Qarabağ hakimi İbrahimxəlil xan başda olmaqla bir çox xanlar onun təklifini rədd etdilər. Ona görə də Ağa Məhəmməd şah qəzəblənərək həmin xanlara qulaqburması vermək üçün 1795-ci ilin yazında 60 min nəfərlik qoşunla üç istiqamətdə Cənubi Qafqaza yürüşə başladı. İran qoşunlarının bir qismi Talış tərəfə, digər qismi Qarabağa, üçüncü qismi isə İrəvan xanlığına tərəf hərəkət etdi. Ağa Məhəmməd şah İrəvana hücum edən qoşunların komandanlığını Əliqulu xan Qacara tapşırdı. O, iyirmi minlik qoşunla İrəvan qalasını düz otuz beş gün mühasirədə saxladı. Eyni zamanda ətraf kəndləri talan elədi, əmlaklarını yağmaladı, təsərrüfata böyük ziyan vurdu, onu bərbad hala saldı. İrəvan yaxınlığındakı Üçkilsəni də ələ keçirdi. Amma bic ermənilər, xüsusilə də, monastrın katolikosu şah xəzinəsinə dörd min tümən pul verməyi boynuna götürərək öz camaatını xilas elədi.
Lakin irəvanlılar təslim olmaq istəmir, iranlılara ciddi müqavimət göstərirdilər. Ona görə də Əliqulu xan İrəvan hakimi Məhəmməd xanla danışıqlar aparmaq fikrinə düşdü və bu məqsədlə də İrəvan tərəfə keçmiş gəncəli Cavad xanın nümayəndəsi Yaqub xandan vasitəçi kimi istidafə elədi. Yaqub xan İrəvan hakimini inandırmağa çalışdı ki, bu kiçik qala nizami İran ordusunun qarşısında tab gətirə bilməyəcək. Qala döyüşlə alınarsa, camaata zülm ediləcək, şahın qəzəbindən qurtulmaq onlar üçün çox çətin olacaq. İranlıların təklifi ilə razılaşmaqdan başqa, ayrı əlac yoxdur. Başqa bir çıxış yolu görməyən Məhəmməd xan Əliqulu xanın elçisi ilə razılaşdı. Şərt də belə oldu ki, o, İran xəzinəsinə xərac verəcək, lazım gələndə öz qoşunları ilə şaha kömək edəcək və sair və ilaxır. Üstəlik də, bu razılaşma etibarlı olsun deyə, İrəvan xanı arvadını və kiçik oğlunu Tehrana girov göndərdi. Ona görə də 1795-ci ilin avqustunda Məhəmməd xan otuz beş günlük müqavimətdən sonra İrəvan qalasını Əliqulu xana təslim elədi.
İrəvanı alandan sonra Qarabağdan birbaşa Tiflis üzərinə yürüşə hazırlaşan Ağa Məhəmməd şah Əliqulu xana orda cəmi dörd min nəfərlik qoşun saxlamağı və qalan qüvvə ilə Gürcüstana hücum eləmək üçün onunla birləşəyi əmr elədi. Əliqulu xan deyilənlərə əməl elədi və irəvanlılardan ibarət qoşun dəstəsini də götürüb, Ağa Məhəmməd şahın qoşunları ilə birləşdi və 1795-ci il sentyabrın 12-də Tiflisə birincilər sırasında daxil oldu.
Lakin 1796-cı ildə Valerian Zubovun Qafqaza yürüşü İran qoşunlarını Azərbaycanı tərk etməyə vadar etdi. Ağa Məhəmməd şahın geri çəkilməsi Kartli-Kaxetiya çarı II İraklinin əl-qolunu açdı və o, İrəvanı öz nəzarəti altına götürməyə çalışdı. Bunu görən İran şahı İrəvanın müdafiəsini möhkəmləndirmək üçün Əliqulu xanı böyük bir qoşunla yenidən ora göndərdi.
Elə bu vaxt rus çaricəsi II Yekaterinanın qəfil ölümü ilə əlaqədar qraf Valerian Zubov qoşunlarını Cənubi Qafqazdan geri çəkdi. Ağa Məhəmməd şah Qacar isə şimal xanlıqları üzərinə ikinci yürüşünə hazırlaşmağa başladı. O, İrəvan hakiminə min nəfərlik qoşunla Tehrana gəlməyi əmr elədi. Məhəmməd xan bu əmrdən çıxa bilmədi və öz qoşunu ilə şahın hüzuruna yollandı. Lakin işlər tamamilə tərsinə oldu. Ağa Məhəmməd şah İrəvan hakimini xanlığının bərpa edilməsi üçün çalışmaqda və bunun üçün digər xanlarla, xüsusilə də, Kartli-Kaxetiya çarı ilə əlaqə saxlamaqda günahlandırdı, həbs eləyib, Qəzvin şəhərinə göndərdi. Bundan sonra Ağa Məhəmməd şah Qacar qardaşını yenidən İrəvana yolladı və xanlıq faktiki olaraq Əliqulu xanın əlinə keçdi.
1797-ci ilin yayında Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetirildi. Başlarını itirən İran qoşunları dağınıq halda Cənubi Qafqazi tərk etdilər. İranda isə bir çoxları başsız qalmış İran taxt-tacına yiyələnmək üçün bir-birləri ilə mübarizəyə başladılar. Həmin vaxt İrəvanda hakimiyyətdə olan Əliqulu xan Qacar da qardaşının ölüm xəbərini eşidən kimi hakimiyyət eşqi ilə qoşunlarını götürüb, təcili Tehrana yola düşdü. Xoyu, Marağanı, Təbrizi sürətlə keçib, Tehran yaxınlığındakı Şəhriyar mahalının Əlişah kəndində düşərgə saldı. Əliqulu xan elə düşünürdü ki, artıq o, bu gün - sabah qardaşının yerində oturub, İranı idarə edəcək.
Səltənət iddiaçılarının sayı getdikcə artırdı. Taxt-taca isə artıq Baba xan sahib çıxmışdı və rəqibləri ilə mübarizə aparırdı. Onun ən böyük və güclü düşməni Ağa Məhəmməd şah Qacarın təcrübəli sərkərdələrindən biri və onun ölümündə əli olan Sadiq xan Şəqaqi idi. Baba xan onunla ağır müharibəyə hazırlaşdığı böhranlı bir vaxtda Əliqulu xan da bir yandan çıxıb, dişlərini taxt-taca qıcamışdı. Lakin Baba xan onunla hələlik vuruşmaq istəmirdi, çünki Əliqulu xanı o qədər də güclü rəqib saymırdı. Həm də qoşunu havayı yerdən qırdırmağa ehtiyac yox idi. Bu tərəfdən də əmisi Ağa Məhəmməd şah Qacarın Əliqulu xan haqqında neçə il əvvəl dediyi sözlər də yadından çıxmırdı. "Özün əvvəlcə onunla peyman bağlama və aman xətti vermə. Məndən sonra onu dəf etmək sənə nəsib olacaq". Ona görə də Baba xan bicliyə əl atdı. Əliqulu xanın qoşununu parçalamaq fikrinə düşdü və əmisinin qoşununa müraciət eləyərək belə bir fərman verdi: "Siz indiyə qədər çox əzab-əziyyət çəkmisiniz. Bir neçə günlüyə evlərinizə dağışılıb, yorğunluğunuzu almağınız savab iş olardı. Lazım gələrsə, sizi hüzuruma çağıracağam".
Əliqulu xanın sərbazları evlərinə dağılışdılar və o, yaxın xidmətçiləri ilə tək qaldı. Bu vaxt Baba xan səltənətin kimə mənsub olduğunu müzakirə etmək üçün Əliqulu xanı görüşə dəvət elədi. O isə başqa bir çarə görməyib, qardaşı oğlunun hüzuruna yollandı.
Baba xan bu başabəla əmisinin yanına əvvəlcə xüsusi adamlar göndərdi ki, onu bu sevdadan daşındırsınlar. Lakin elçilərin məsləhətlərini qulaqardına vuran Əliqulu xan ipə-sapa yatmadı, cin atına minib, qəzəblə dedi ki, şahlıq taxt-tacı qanunla mənim olmalıdı, qardaşoğlunun yox. Çünki mən Ağa Məhəmmədin sağ qalmış yeganə qardaşıyam. Elçilər onu yola gətirə bilməyib, Baba xanın yanına qayıtdılar, əhvalatı ona danışıb, əmisinin qan-qan dediyini də söylədilər. Baba xan yenə də güzəştə getdi, indi də böyük həyat təcrübələri olan bir neçə nüfuzlu qadını Əliqulu xanın yanına göndərdi. Söhbət zamanı qadınlardan biri ona dedi: "Sən elə bir sevdaya düşmüsən ki, günahdan başqa, onun bəhrəsi olmayacaq. Məsləhətdir ki, qardaşının vəsiyyətini qəbul edəsən və dövlətin vəliəhdinə tabe olasan". Lakin Əliqulu xanın ayaqları yer aldığından qadınların da məsləhətinə məhəl qoymadı. Qadınlar Əliqulu xanı təhqir edib qovdular. Beləliklə də, Baba xan əmisini yenə yola gətirə bilmədi. Ağa Məhəmməd şahın "məndən sonra onu dəf etmək sənə nəsib olacaq" sözlərini bir də xatırladı. Həm də başa düşdü ki, Əliqulu xana öyüd-nəsihət kar eləməyəcək. Ona görə də qəti qərara gəlib, əmisini aradan götürmək üçün dəqiq bir plan işləyib-hazırladı. Əliqulu xana xəbər göndərdi ki, bu gün qacarları çox böyük bir təhlükə gözləyir. Sadiq xan Şəqaqi böyük bir qoşunla Qəzvin ətrafında dayanıb, Tehrana hücuma hazırlaşır. Ona görə də səltənət məsələsini məsləhət-məşvərət yolu ilə həll etmək üçün mütləq saraya gəlməlisən.
Əliqulu xan Baba xanın sözlərinə inanıb, üç yüz nəfərlik silahlı dəstə ilə dərhal şahın sarayına yollandı. O, saraya daxil oldu, lakin dəstəsini eşikağası içəri buraxmadı və bildirdi ki, Baba xanın əmridir. Əliqulu xan etirazını bildirmək istəyəndə eşikağasının göstərişi ilə sarayın qapıları bağlandı və onun əsgərləri darvazanın o üzündə qaldılar.
Əliqulu xan artıq tələyə düşdüyünü anladı. Bu tələdən çıxmaq isə müşkül məsələ idi. Hər şeyin artıq bitdiyini duyan Əliqulu xan eşikağasının da, Baba xanın da ünvanına təhqiramiz ifadələr işlətdi. Eşikağası onu ölümlə hədələdi, başını aşağı əyərək ayaqqabılarını çıxarmağı və təzim etməyi əmr elədi. Əlacı kəsilən Əliqulu xan eşikağasının dediklərini yerinə yetirdi. Həmin vaxt Baba xan eyvanda oturub, bu mənzərəyə tamaşa edirdi. O, qardaşı oğlunun qənşərinə çatanda Baba xan dedi ki, yuxarı, eyvana qalxsın. Əliqulu xan ayaqlarını eyvanın girəcəyinə basanda qapının arxasında hazır durub gözləyən xidmətçilər ona eyvana girməyə imkan vermədilər və başqa bir otağa apardılar. Burda Əliqulu xanın gözlərinə mil çəkib, onu dünya işığından məhrum etdilər. Daha sonra isə Əliqulu xan Barfruşa sürgün edildi və burda da öldü.


