Səhnəmizin ilk Leylisi Vasif Quliyev yazır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Vasif QULİYEV
Üzeyir bəy Hacıbəyov çoxdan bəri üzərində işlədiyi “Leyli və Məcnun” operasının sonuncu pərdəsini yenicə tamamlamışdı. Amma əsas məsələ hələ qalırdı: rolların ifaçılarını tapmaq! Bu məsələni həll eləmək üçün gənc bəstəkar yaxından tanıdığı, ərki çatdığı dost-tanışlarını “İslamiyyə” mehmanxanasında kiçik qardaşı Ceyhun bəylə birlikdə yaşadığı mənzilə dəfələrlə məsləhət-məşvərətə çağırmışdı. O, bu nəcib işə, ilk növbədə, xorda oxumaq və orkestrdə çalmaq üçün seminariya yoldaşlarını cəlb eləmişdi. Onlardan beli bağlı idi, bilirdi ki, keçmiş tələbə dostları onu heç vaxt darda qoymazlar. Mənzilinə dəvət elədiyi tanışlarından bəziləri öz xeyirxah məsləhətlərini əsirgəməmiş, bəziləri isə hətta səhnəyə çıxmağa dərhal razılıq vermişdilər. Üzeyir bəyin özü isə skripkada çalacaqdı. Rejissorluğu Hüseyn Ərəblinski, dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev eləyəcəkdi. Baş rollardan birinin - Məcnunun da ifaçısı məlum idi: Hüseynqulu Sarabski! O vaxtlar muğam aləminin ən tanınmış bilicisi və ustadı Mirzə Muxtar Məmmədov məsləhətçiliyi və Məcnunun atası, Cəlil bəy Vəzirov Leylinin anası Ümmüleyli, Ceyhun bəy Hacıbəyov isə İbn-Səlam rollarını oynamağı öz üzərlərinə götürmüşdülər. Xoreoqrafik səhnələrin quruluşu isə Ceyhun bəyin məktəb yoldaşı Bəhram bəy Vəzirova tapşırılmışdı. Epizodik rollarda oynayanlar da tapılmışdı.
Üzeyir bəyin ən yaxın köməkçisi Ceyhun bəy əsərin tamaşaya hazırlıq dövründə özünü oda-közə vurur, əsas işlərin qulpundan yapışaraq qardaşının tapşırıqlarını və göstərişlərini canıyananlıqla və vaxtlı-vaxtında yerinə yetirirdi. O, müxtəlif şairlərin, xüsusilə də, Məhəmməd Füzulinin əsərlərindən uyğun lirik parçaları tapıb, operanın mətninə əlavə eləyir, ayrı-ayrı vokal nömrələri üçün muğam janrları, ya da xalq musiqisindən və orijinal motivlərdən götürülmüş təsniflər seçir, Üzeyir bəy də onları nota köçürürdü.
İşlər öz axarı ilə gedirdi. Dərd bircə Leyli dərdi idi. Müsəlman qızlarının səhnəyə çıxmadıqları bir vaxtda o rolu oynayacaq adamı tapmaq müşkül məsələyə çevrilmişdi. Bakı qoçularının qorxusundan arvad geyimində camaatın qarşısında çıxmaq da hər kişinin işi deyildi. Üzeyir bəyi ən çox narahat eləyən də elə bu idi. Səsi olan neçə tanışının da ağzını aramışdı. Lakin onlar daş atıb, başını tutmuş, hətta biri demişdi ki, sən nə danışırsan, ay Üzeyir bəy?! Balalarımı yetimmi, ata-anamı gözü yaşlımı qoymaq istəyirsən?! Üzeyir bəy onların heç birini qınamamışdı da. Çünki hansı ağılsız bu avam cəmiyyətdə, qoçular dünyasında zənən paltarını əyninə keçirib, mütrüb kimi xalqın qarşısına çıxar?!
Leyli məsələsi Üzeyir bəyi lap dalana dirəmişdi. Bu rolun ifaçısını tapmaqda ona kömək eləyə biləcək ən çox güvəndiyi və etibar elədiyi yeganə adam Ceyhun bəy idi. Gecə-gündüz Leyli axtarışında olan və bu sarıdan çox çətinliklərlə üzləşən sevimli qardaşını ağır və çıxılmaz vəziyyətdən qurtarmaq üçün Ceyhun bəy dəridən-qabıqdan çıxır, nəyin bahasına və hardan olursa-olsun, “Məcnunun Leylisi”ni tapmalı idi. O, Bakıdakı dost-tanışlarını bir-bir gözləri önünə gətirir, lakin bu rolu oynaya biləcək münasib adam tapa bilmirdi. Bu dəfə isə Ceyhun bəy xəyal atını Şuşaya səyirtdi, məktəb yoldaşlarını, məhəllə uşaqlarını bir-bir gözləri önündə canlandırdı. İlk növbədə, qonşuları, uşaqlıq yoldaşı Əbdürrəhim yadına düşdü. Sanki qiymətli bir xəzinə tapmış kimi sevinə-sevinə Üzeyir bəyin yanına yollandı...
Ceyhun bəylə Əbdürrəhim demək olar ki, tay-tuş idilər. Cəmi bircə il yaş fərqləri var idi. Ceyhun bəy bir neçə bayram ondan böyükdü. Hər ikisi bir məhəllədə doğulmuş, bir yerdə böyümüş, uşaqlıqlarını bir yerdə keçirmişdilər. Əbdürrəhimə Allah-Təala gözəl səs, bir az da artistlik qabiliyyəti vermişdi. İncəsənət həvəskarları olan bu dostlar şəhərdə tez-tez keçirilən el şənliklərində, bayramlarda, məktəb tədbirlərində iştirak edir, bəzən də səhnəyə çıxıb, tamaşaların xorlarında oxuyurdular. Lakin bir ildən çox idi ki, Ceyhun bəy təhsilini Bakıda davam etdirir, Əbdürrəhim isə Şuşada qalıb, Xan qızının bağındakı çayxanada çayçı şəyirdi işləyirdi...
Ceyhun bəy evə gələndə Üzeyir bəyin başını əlləri arasına alıb, dərin fikrə daldığını gördü. Gülə-gülə:
- Yenə nə fikrə getmisən, qaqa?! Yüz fikir bir borcu ödəməz deyib atalar! Axtardığımızı tapmışam. Sən də tanıyırsan onu. Şuşada qonşumuz Mürsəl əminin oğludur, mənim uşaqlıq yoldaşımdır. Yaxşı da səsi var, lazımdırsa... - Üzeyir bəy qardaşının sözünü ağzında qoyub, sevincək halda:
- Nə danışırsan, Ceyhun?! Lazımdırsa nədir?! Lap hava, su kimi lazımdır. Elə indi, bu dəqiqə, bu saat dur tərpən Qalaya, dostunu da götür, təcili gətir bura! - deyərək qardaşını qucaqlayıb bağrına basdı...
Ceyhun bəy səfər hazırlığı görüb, dəmiryol vağzalına tələsdi. Qatarla Yevlaxa, ordan da faytonla Şuşaya yollandı. Uşaqlıq dostunun xasiyyətinə dərindən bələd olan və onun şıltaq, vasvası və tərs olduğunu yaxşı bilən Ceyhun bəyi qəflətən fikir götürdü: “Birdən Əbdürrəhim mənim sözümü yerə salar, Bakıya getməyə razılıq verməz. Amma işdi-şayət, sözümdən çıxsa, nə çoxdur Şuşada səsi olan, səhnəyə həvəs göstərən gənclər! Bakıya əliboş qayıtmayacağam ki?!” - deyə, bu bəd fikirləri özündən uzaqlaşdırmağa çalışdı.
Lakin hər şey Ceyhun bəyin fikirləşdiyinin əksinə oldu. Əbdürrəhim tərəddüdsüz-filansız dostunun təklifini qəbul elədi. Və yubanmadan elə həmin gün axşam Bakıya çıxdılar...
Üzeyir bəy Əbdürrəhimin səsini yoxladı, çox razı qaldığını bildirdi, üzünü tamaşanın məsləhətçisi Mirzə Muxtara tutdu:
- Necədir, Mirzə, Əbdürrəhimin səsi xoşuna gəldimi? Leylinin öhdəsindən gələ biləcəkmi?!
Mirzə Muxtar:
- Çox gözəl avazı var, səsini bir az tarazlasa, inanıram ki, rol əla alınacaq. Bir də ki, qardaşın onu tapıb gətirməkdə heç də səhv eləməyib! - deyə Ceyhun bəyə də təşəkkürünü bildirdi.
Mirzə Muxtar Məmmədovun xeyir-duası ilə tamaşaya hazırlıq başlandı. Məşqlər bir aya yaxın davam elədi və nəhayət, o uğurlu əlamətdar gün gəlib-çatdı...
1908-ci il yanvarın 25-i axşamı. Azərbaycanın bütün güşələrindən axın-axın insanlar tamaşaya baxmağa gəliblər. Tağıyev teatrının qarşısında iynə atsan, yerə düşməz. Səs-küydən qulaq tutulur. O qədər adam var ki, içəri keçmək mümkün deyil. Saat 4-ə qədər biletlər satılıb qurtardığından, bilet tapa bilməyənlər də biletsiz içəri doluşurlar.
Tamaşanın başlanmasına dəqiqələr qalırdı. Əbdürrəhim hələ qrim otağında idi. Ceyhun bəy isə səbirsizliklə onun səhnəyə çıxmasını gözləyirdi. Elə bu vaxt içəridən Əbdürrəhimin gur səsi eşidildi. “Bu, nə rəngdir?! Dünya dağıla, mən onu üzümə sürtmərəm!” Bu sözləri eşidən Ceyhun bəy: “Paho, deyəsən, şıltaqlığı yenə tutdu. Biabır olduq!”- deyə tez qrim otağına qaçdı. Əbdürrəhim qrimlənməkdən imtina edirdi. Bu vəziyyəti görən və tamaşa pozulmasın deyə, Ceyhun bəy yalvar-yaxarla onu birtəhər sakitləşdirib yola gətirdi. Qrim otağından çıxandan sonra Əbdürrəhim pərdə arxasından tamaşa salonunu diqqətlə gözdən keçirməyə başladı. Tamaşaçılar arasında çoxlu şuşalı da var idi. Həmyerlilərinə də çox yaxşı bələddi. Bilirdi ki, əgər qalalılar onu tanısalar, Şuşaya qayıdan kimi barmaqlarına dolayacaq, ələ salacaq, şəbədə dalınca şəbədə qoşacaqlar. Ona görə də müdriyyətlə belə bir şərt kəsdi ki, Leylini - qadın rolunu oynadığını heç kəs bilməməlidir!.. Amma gec idi! Ad-familiyası da, oynadığı rolun adı da artıq tamaşaçılara bəlli idi.
Pərdə aram-aram qalxmağa başladı. Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı, elə bil qurbağa gölünə daş atmışdılar. Ağzınacan dolu zal həyəcanla, gərgin maraqla tamaşanı izləməyə başladı. Adətən, teatrda hay-küy salan tamaşaçılar bu gün cınqırıqlarını belə, çıxarmırdılar. Alqış sədaları yalnız pərdələr başa çatanda və bir də tamaşanın sonunda - aktyorlar səhnəni tərk edəndə eşidildi.
Ceyhun bəyin bütün fikri-zikri, bir gözü elə dostunda qalmışdı. Deyəsən, Əbdürrəhimin “dəliliyi” yenə tutmuşdu. Həmin anları Məcnun rolunun ifaçısı Hüseynqulu Sarabski sonralar belə xatırlayırdı: “Bir qışqırıq səsi eşitdim: “Bəs mən üzümdən rəngi necə silim?!” səsindən Leyli rolunu oynayan Fərəcovun qışqırdığını anladım. Gedib gördüm su kranının qabağında durub, üzünü su ilə yuyur. Qaydadır, laka su dəyəndə daha da bərk olar. Biz onun bığlarını görünməmək üçün lak ilə yapışdırmışdıq. O da üzünə su vurduqca lak bərkiyib, qrim getmirdi və lap quruduqca onu incidirdi. İşi belə gördükdə qolundan yapışıb apardım, qrimi vazelin ilə təmizləmək istədim. İyrənə-iyrənə mənim üzümə baxıb dedi: “O donuz yağını qoymaram mənim üzümə sürtəsən!” Çox müsibətlə bunun üzünü təmizlədik və şad-xürrəm hamı öz evinə getdi” (Hüseynqulu Sarabski. “Köhnə Bakı”, “Yazıçı” nəşriyyatı, 1982-ci il, səhifə 47).
İpə-sapa yatmayan Əbdürrəhim isə:
- Birinci-axırıncı dəfə olsun, qələt elərəm dədə-babamla, bir də arvad paltarı geyinib çıxaram səhnəyə! Sizinki sizdə, mənimki də məndə!
Ceyhun bəy isə dostunu səbir və təmkinlə dinləyib, növbəti tamaşalarda çıxış etmək xatirinə onun nazıyla oynamağa başladı. Amma Əbdürrəhim yenə də tərsliyinə salıb, belə bir şərt kəsdi ki, o rəngi-yağı bir də üzünə sürtməyəcək, yəni səhnəyə çıxmayacaq! Vəssalam!
Və beləliklə də, Ceyhun bəylə dostunun arasında inciklik yarandı. Əbdürrəhim Bakıdan o çıxan çıxdı. Gecəykən Şuşaya yola düşdü, daha burda yaşamaq istəmədiyini evlərində bildirdi. Yır-yığış eləyərək Gəncəyə üz tutdu. Yaxından tanıdığı Məşədi Cəmil Əmirovu, Malıbəyli Həmidi, Əsgər Qurbanovu və digər həmyerlilərini tapıb görüşdü. Başına gələn hal-qəziyyəni onlara danışdı, Şuşaya qayıtmayacağını və həmişəlik Gəncədə bənd alacağını bildirdi. Onların vasitəsiylə şəhərdəki çayxanaların birində iş tapdı, özünə gün-güzaran düzəltdi. Amma Bakıdakı o hadisə onu səhnədən, teatrdan ayrı sala bilmədi. Gələcək sənət dostlarının təkidi ilə tamaşalara getdi, arabir epizodik rollarda oynadı, bir sözlə, yavaş-yavaş professional səhnəyə qədəm qoydu...
Yay aylarında Gəncədə mədəni həyat aşıb-daşırdı. Bakıdan vaxtaşırı qastrola gələn tanınmış aktyor və rejissorlar yerli həvəskarlarla birlikdə müxtəlif səpkili tamaşalar hazırlayır, şəhər klubunda göstərirdilər. Əbdürrəhim Fərəcovun da adı teatr proqramlarının afişalarında və qəzet elanlarında tez-tez görünürdü (qızı Sona xanımın dediyinə görə, atası özünə “Şuşinski” təxəllüsü götürmüşdü - V.Q.).
1913-cü ilin yayında məşhur aktyor və rejissor Sidqi Ruhullanın Gəncə qastrolları başlandı (S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivi, Sidqi Ruhullanın fondu, 519.1.56).
Əsasən, Üzeyir Hacıbəyovun əsərlərini tamaşaya hazırlayan görkəmli rejissor sorağını çoxdan aldığı Əbdürrəhimi də yaddan çıxarmadı, dəfələrlə tamaşalarında çıxışa dəvət elədi. Bir-birinin ardınca səhnəyə qoyduğu əsərlərdə Əbdürrəhim Fərəcov da özünə yer aldı. Həmin il iyun ayının 20-də Gəncə şəhər klubunda göstərilən “O olmasın, bu olsun” musiqili komediyasının tamaşasında o, Məşədi Cəmil Əmirov, Azad bəy Əmirov, Abdulla Bağırov, İsrafil Babaxanov, Məhəmməd İbrahimov, Ağalar bəy Qaraşarov, Rza bəy Qaraşarov, Yaqub Cəfərov kimi həvəskarlarla birlikdə səhnəyə çıxdı. Bu tamaşa iki dəfə çox böyük uğur qazandı və Gəncənin ziyalı qadınları da əsərə baxmaq üçün yerli həvəskarlardan təvəqqi elədilər. Onlar da müsəlman qadınlarının istəklərini nəzərə alaraq Sidqi Ruhulladan xahiş elədilər ki, qadınlar üçün “O olmasın, bu olsun”u ayrıca göstərsinlər. Üçüncü dəfə şəhərin küçələrinə afişalar vuruldu, biletlər satıldı. Lakin mövhumatçılar həvəskar aktyorları ölümlə hədələdiklərindən tamaşa baş tutmadı. Bir neçə gündən sonra - iyunun 29-da “Qaranlıqda işıqlar”da epizodik rolda iştirak edən Əbdürrəhim Fərəcov bir həftə sonra “Leyli və Məcnun”da yenə də Məşədi Cəmil Əmirov, Əsgər Qurbanov, Cəmil Əmirov, Nağı Şeyxzamanov, Ağabala İbrahimov, Nəsib bəy Yusifbəyov kimi həvəskarlarla birlikdə səhnəyə çıxdı. Bu tamaşa da çox yüksək səviyyədə oynanıldı.
Əbdürrəhim Fərəcov (1892-1952) Gəncədə aktyorluqla yanaşı, həm də gözəl səsli müğənni, istedadlı tarzən kimi məşhurlaşmışdı. O, ömrünün sonunadək şəhərin mədəni həyatında yaxından iştirak etmiş, muğam, xalq mahnısı və təsniflərin gözəl ifaçısı kimi də tanınmışdı. Əbdürrəhim Fərəcov Sovet hakimiyyətinin ilk illərində Gəncə musiqi məktəbinin tar sinfini bitirmiş, bir müddət tarzən Məşədi Cəmil Əmirovun dram kollektivində, xalq çalğı alətləri ansamlında, Gəncə Dövlət Filarmoniyasında və Gəncədə Dövlət Dram Teatrının Orkestrində müğənni və tarzən kimi fəaliyyət göstərmiş, adı Azərbaycan opera tarixinə Leyli rolunun ilk ifaçısı kimi yazılmışdır.


