Murtuzaqulu xan Qacar Vasif Quliyev yazır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vasif QULİYEV
Məhəmmədhəsən xanın oğlanlarının hakimiyyət uğrunda bir-birləriylə münaqişələri başlananda Cəfərqulu xan, Mustafaqulu xan və Murtuzaqulu xan Ağa Məhəmməd xanın tərəfinə keçdilər və ona qarşı nankor çıxmış kiçik qardaşları Rzaqulu xana qarşı mübarizəyə hazırlaşmağa başladılar. Belə qərara gəldilər ki, Rzaqulu xanı hakimiyyətdən uzaqlaşdırıb, Ağa Məhəmməd xanı şahlıq taxtına çıxarsınlar. Cəfərqulu xan təcili olaraq Laricanda əsgər toplayıb, Murtuzaqulu xanı qoşun başçısı təyin elədi. Murtuzaqulu xan isə qoşun yığmaq məqsədilə Astrabada yollandı. O, Aşağıbaş tayfasından xeyli əsgər topladı və birlikdə Rzaqulu xanın üstünə getdilər. Bir tərəfdən astrabadlılar, o biri tərəfdən isə Murtuzaqulu xanın qoşunları Mazandaranı mühasirəyə aldılar. Bu qəfil hücumu gözləməyən Rzaqulu xan özünü itirib, döyüşsüz təslim oldu. Hər üç qardaş qələbə xəbəri ilə Bəndpeyə gəlib, Ağa Məhəmməd xanı təbrik etdilər və 1782-ci ildə onu Mazandaranda hakimiyyət başına gətirdilər.
Çox çəkmədi ki, Astrabad, Gilan və Mazandaran camaatı yenicə hakim təyin olunmuş Ağa Məhəmməd xanın qoyduğu bəzi qanun-qaydalara öz etirazını bildirib, ona qarşı çıxdı. Qacarların qatı düşməni olan Əlimurad xan Zənd bundan istifadə edərək oğlu Şeyx Veys xanın başçılığı ilə Mazandarana qoşun göndərdi və onların əhalisini Ağa Məhəmməd xana qarşı üsyana qaldırdı. Xalq da yeni hakimdən incik düşdüyündən Şeyx Veys xanın tərəfinə keçdi. Zəndiyyə qoşunları Mazandaranı tutub, həmin vaxt Ağa Məhəmməd xanın olduğu Sari şəhəri üzərinə yeridi. Ağa Məhəmməd xan döyüşsə, uduzacağını görüb, şəhəri tərk edərək Astrabada getdi. Şeyx Veys xan isə sahibsiz şəhəri ələ keçirdi. Ağa Məhəmməd xan Astrabadda qoşun toplamaqla məşğul olarkən Rzaqulu xanın təkidi ilə Murtuzaqulu xan Şeyx Veys xanın hakimiyyətini qəbul elədi. Zənd qoşunlarının başçısı isə bunun müqabilində hər iki qardaşa vəzifə verdi.
Lakin bir müddətdən sonra Ağa Məhəmməd xan bütün qüvvəsini toplayaraq Şeyx Veys xanı məğlub elədi və Mazandaranı geri qaytardı. Sari şəhərini isə Murtuzaqulu xan ələ keçirib qardaşı ilə yenidən ixtilafa başladı. Ağa Məhəmməd xan Murtuzaqulu xanı məğlub edəndən sonra rəhmdillik göstərib, qardaşını razı salmaq üçün Qorqanın və Astrabadın idarəsini ona verdi. Lakin Murtuzaqulu xanın iştahası daha çox idi. Ona görə də o, yaranmış şəraitdən istifadə edərək tez-tez Ağa Məhəmməd xana qarşı çıxır, onu birdəfəlik məğlub etmək üçün münasib məqam gözləyirdi.
1785-ci ildə Ağa Məhəmməd xan düşmənlərinin əksəriyyətini siyasi meydandan uzaqlaşdırandan sonra Tehranı özünə paytaxt seçdi. Qardaşının uğurları Murtuzaqulu xanın canına vəlvələ saldı, ondan qorxusu daha da artdı. Yaxşı bilirdi ki, Ağa Məhəmməd xan onun cəzasını gec-tez verəcək. Ona görə də Murtuzaqulu xanla məsləhətləşib, belə bir qərara gəldi ki, Ağa Məhəmməd xanla arası olmayan xanlıqların birində sığınacaq tapsın, onlardan kömək alsın. Çünki başqa nicat yolu yox idi.
1786-cı ildə Murtuzaqulu xan gizlicə Salyana qaçdı və kömək gözləyə-gözləyə təxminən bir il burda qaldı. Həmin vaxt Quba hakimi Fətəli xanın nüfuz dairəsi daha da genişlənmiş, ərazisi xeyli böyümüşdü. Azərbaycanın bütün şimal-şərq hissəsini artıq öz hakimiyyəti altına alan Fətəli xan çox çəkmədən cənub xanlıqlarına da yürüşə çıxdı, heç yerdə müqavimətə rast gəlmədən Ərdəbil və Meşkin şəhərlərini döyüşsüz aldı. Onun bu uğurlarını görən Murtuzaqulu xan 1787-ci ilin dekabrında Salyanda Fətəli xanla görüşdü, Ağa Məhəmməd xana qarşı yürüşlərdə iştirak etmək arzusunda olduğunu bildirdi. Quba xanı onu talış qoşunlarının başçısı təyin edib, Gilan üzərinə yolladı. Bunu bilən Ağa Məhəmməd xan isə Süleyman xan Qacarın başçılığı ilə beş min nəfərlik qoşun göndərdi. Murtuzaqulu xanın və talış hakimi Mustafa xanın başçılıq etdiyi qoşunlar 1788-ci ilin oktyabr ayında Süleyman xanı məğlub etdilər. Bundan bərk qəzəblənən Ağa Məhəmməd xan talış qoşunlarını nəyin bahasına olursa-olsun, Gilan ərazisindən çıxarmaq üçün qardaşı Cəfərqulu xanı böyük bir qoşunla onların üzərinə göndərdi. Lakin Cəfərqulu xan xəyanət edərək Murtuzaqulu xanla döyüşə girmədi, əksinə, onunla Ağa Məhəmməd xana qarşı müqavilə bağladı. Müqaviləyə əsasən, Gilan hakimliyi Cəfərqulu xanın istəyi ilə ona verildi. Murtuzaqulu xan isə öz qoşunlarını Lənkərana və Salyana çəkdi və Rəştə hücum edib, oranı tutdu.
Bununla qəti barışa bilməyən Ağa Məhəmməd xan 1791-ci ilin martında bir çox qanlı döyüşlər apararaq Murtuzaqulu xanın qoşunlarını vurub, Rəştdən çıxardı. Murtuzaqulu xan Talışa çəkildi və Mustafa xanla birləşdi. Bu dəfə Ağa Məhəmməd xan Murtuzaqulu xana qarşı on iki min nəfərlik qoşun göndərdi, lakin güclü müqavimətə rast gəlib, geri çəkilməyə məcbur oldu. Qardaşının bu məğlubiyyətindən dişində şirə qalan Murtuzaqulu xan Ağa Məhəmməd xanın üzərinə hücum edib, məsələni birdəfəlik çürütmək istəyirdi. Ona görə də o, əlavə kömək üçün Qafqazda olan rus qoşunlarının komandanı, qraf Qudoviçdən Rəştə üç hərbi gəmi, üç yüz əsgər və iki top göndərməyi xahiş elədi. Lakin rus komandanlığı onun bu istəyini yerinə yetirmədi və Ənzəliyə getmək üçün ona ancaq bir tacir gəmisi təklif elədi. Qudoviç tərəfindən hərbi kömək verilməməsinin səbəbi isə Murtuzaqulu xanın Rusiya təbəəsi olmaması idi. Ona görə də 1792-ci ilin yayında o, həmişəlik rus təbəəliyinə keçmək üçün özünün Ağa Məhəmməd adlı elçisini Peterburqa göndərdi.
Ağa Məhəmməd xan Qacar hakimiyyət uğrunda bir neçə cəbhədə, o cümlədən, Lütfəli xan Zəndlə mübarizə apardığından ilk vaxtlar dalbadal uğursuzluqlara məruz qaldı. Onun bu vəziyyətindən istifadə edən Murtuzaqulu xan yenidən Gilan üzərinə hücuma hazırlaşmağa başladı. Artıq bu dəfə Rusiya ona qoşunla kömək edirdi. Murtuzaqulu xan Astaraya qədər rus yelkənli gəmisində gəldi. Gilana hücum edəcəyini bildirmək üçün Ənzəliyə 60 nəfər göndərdi. Rəştlilər isə Murtuzaqulu xanın adamlarının üzərinə qəflətən hücum edərək onları Ənzəlidən vurub çıxardılar. Murtuzaqulu xan talışlardan kömək istədi, ancaq rədd cavabı alaraq məcbur olub, 70 əsgərlə yenidən Ənzəliyə gəldi. Lakin Gilan qoşunlarının Xəzərin cənub sahilini tutub, Ənzəli yaxınlığında döyüşə hazır vəziyyətdə olduqlarından və batareya düzəltdiklərindən onun xəbəri yox idi. Bütün bunları yalnız Ənzəli limanını kiçik bir dəstə ilə qoruyan poruçik Yevdakimov hiss etmiş və orda möhkəmlənib, müdafiəyə hazır vəziyyətdə dayanmışdı.
1792-ci il sentyabrın 1-də gilanlılar Murtuzaqulu xanın onlara verilməsini ruslardan tələb etdilər. Rus qoşununun komandanı, donanma kapitan-leytenantı Akleçeyev onun burda olmadığını, Bakıya getdiyini bildirdi və dərhal Murtuzaqulu xanı bir tacir gəmisinə mindirib, gizlicə Bakıya yola saldı. Eyni zamanda müdafiə olunmaq üçün göstəriş verib, gilanlıların hücumunu gözləməyə başladı. Gəmi limandan aralanan kimi körfəzin lap girəcəyində yerləşən İran batareyalarından qəflətən atəş açıldı və gilanlılar süvari və piyada qoşunla rus müdafiəçilərinin üzərinə atıldılar. Ruslar cavab atəşi açaraq hücumun qarşısını aldılar. Döyüşlər iki gün davam elədi...
1793-cü il aprelin 30-da Murtuzaqulu xan rus freqatında - üçdorlu hərbi gəmidə ailəliklə Astraxana yola düşdü. O, gilanlılarla döyüş zamanı əsir götürülmüş Abbas xanı da özü ilə birlikdə girov apardı. Aradan xeyli müddət keçəndən sonra, 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Abbas xanı azad etmək üçün Hacı Mitraq və Ağa Mirzə Mehdi adlı nümayəndələrini elçi sifətilə Astrabada yollandı... Həmin vaxtlar isə Murtuzaqulu xanı Gilanda bərpa etmək üçün rus hökuməti çox çalışırdı. Ona görə də II Yekaterinanın əmri ilə Dərbənddən Gilana əlavə qoşun hissələri göndərildi.
1796-cı ilin fevral ayında general, qraf Valerian Aleksandroviç Zubovun başçılığı ilə "Rusiyanın İran yürüşü" başlandı. Plana görə ruslar əvvəlcə Xəzərsahili rayonları tutmalı, sonra isə Ənzəli və Astrabad sahillərinə çıxmalı idilər. Xəzərin cənubuna gedən ekspedisiyanın məqsədi isə Gilanı, Mazandaranı və Astrabadı tutmaq üçün Murtuzaqulu xana kömək etmək idi. II Yekaterina çar İrakliyə, bəzi Azərbaycan xanlarına və Qarabağ məliklərinə məktubla müraciət edib bildirdi ki, Rusiya İranla onlara görə vuruşur və xanlardan hərbi kömək gözləyir. Bu məktublar həmin vaxt Peterburqda olan Murtuzaqulu xan vasitəsilə Dərbənd, Bakı, Talış və Qarabağ xanlıqlarına çatdırıldı. İyun ayında Murtuzaqulu xan Peterburqdan Astraxana, ordan da dəniz yolu ilə Kür çayı yaxınlığında dayanan Xəzər korpusuna gəldi və məktublar da öz ünvanlarına vaxtlı-vaxtında çatdırıldı. Valerian Zubov danışıqlar aparmaq üçün dərhal Murtuzaqulu xanı hədiyyələrlə Manqışlağa türkmənlərin yanına göndərdi. Türkmənlərin qoşun başçısı rusların ordugahına gəldi və hər iki tərəf Ağa Məhəmməd şah Qacara qarşı müharibəyə hazırlaşdı.
Qarabağ hakimi İbrahimxəlil xan da Murtuzaqulu xanın tərəfdarı idi və İranda onun hakimiyyətə gəlməsini istəyirdi. Çünki Ağa Məhəmməd şah Qacar bir il əvvəl Şuşanı tuta bilməsə də, iranlıların təhlükəsi hələ sovuşmamışdı. Qarabağ xanı 1795-ci ilin sentyabrında Rusiya imperatoruna göndərdiyi məktubunda Murtuzaqulu xanı lazımi qoşunla təchiz edib, Astrabada yola salmağı xahiş edirdi. Və deyirdi ki, əgər ruslar Murtuzaqulu xana kömək etsələr, o, Naxçıvan yolunu, çap II İrakli isə İrəvan yolunu tutacaq və bununla da Ağa Məhəmməd şah Qacarın hakimiyyətinin devrilməsinə kömək edəcəklər.
Lakin 1796-cı ilin noyabrında II Yekaterinanın qəflətən vəfat etməsi və rus qoşunlarının Azərbaycandan geri çəkilməsi bəzi xanlar kimi Murtuzaqulu xanın da bütün ümidlərini boşa çıxartdı və planlarını alt-üst elədi. Elə həmin gündən də onun adı siyasi tarix səhnəsindən silindi. Ömrünün sonlarına yaxın Murtuzaqulu xan Astraxanda yaşadı və 1800-cü il oktyabr ayının 18-də orda da vəfat elədi. Onun rus hökuməti qarşısındakı xidmətlərini və özünün vəsiyyətini nəzərə alaraq Rusiya imperatoru I Pavel Murtuzaqulu xanın cənazəsini Dərbənd vasitəsilə Bağdada yola salmağı general-leytenant Knorrinqə əmr elədi...


