Cəfərqulu xan Qacar Vasif Quliyev yazır
Icma.az, 525.az saytına istinadən bildirir.
Vasif QULİYEV
Kərim xan Zəndin vəfatından sonra Ağa Məhəmməd xan Şirazdan qaçıb. Astrabada qardaşlarının yanına gəldi və Tehran üzərinə hücum etmək üçün təcili qoşun toplamağa başladı. Bu xəbər tezliklə Qəzvin, Kaşan, Tehran və İsfahana hakimlik edən Əlimurad xan Zəndin qulağına çatdı və o, Ağa Məhəmməd xanı qabaqlamaq üçün laricanlı Ağ Məhəmmədqulu xanı və Qara Məhəmmədqulu xanı öz ordusuna başçı təyin edərək qacar qoşunlarının üzərinə göndərdi.
Əlimurad xanın bu niyyətindən xəbər tutan Ağa Məhəmməd xan hamıdan çox etibar elədiyi kiçik qardaşı Cəfərqulu xanı yanına çağırtdırdı, yenicə topladığı qoşununa onun başçılığı barədə fərman verib, düşmən hücumlarının qarşısını almağa göndərdi. Qoşunlar Abbasabad adlanan bir qəsəbə yaxınlığında üzbəüz gəldilər və ilk həmlələrdən sonra qacar qoşunları üstün gəlməyə başladılar. Bir neçə gərgin döyüşdən sonra qacarlar zəndiyyələri darmadağın edib, qaçmağa məcbur etdilər. Xeyli əsir alındı, küllü miqdarda hərbi sursat ələ keçirildi. Zəndiyyə qoşunlarının başçıları canlarını birtəhər qurtarıb, geriyə baxmadan dabanlarına tüpürdülər. Və beləliklə, Tehrana gedən yollar Ağa Məhəmməd xanın üzünə açıldı, onun hərbi əməliyyatları artıq özünün gələcək paytaxtı ətrafında getməyə başladı. Və elə ilk hücumdaca şəhəri tutdu.
Qacarların qələbə xəbərini eşidən Xəmsə mahalının hakimi Zülfüqar xan dərhal Tehran üzərinə qoşun çəkdi. Ağa Məhəmməd xan şəhərin müdafiəsini Cəfərqulu xana tapşırdı, özü isə hərbi manevr edib, Vəraminə çəkildi, Tehran-Qəzvin yolunu tutaraq Zülfüqar xana arxadan zərbə vurmağa hazırlaşdı. Cəfərqulu xan isə Kərəc yaxınlığındakı döyüşdə Zülfüqar xanın qoşunlarını artıq məğlub edib, qələbə xəbərini sevinclə qardaşına çatdırdı. Ağa Məhəmməd xan da bu hərbi uğura görə Cəfərqulu xanı Laricana hakim təyin elədi...
Cəfərqulu xan Ağa Məhəmməd xana o biri qardaşlarından dah çox ehtiram göstərir və məhəbbət bəsləyirdi. Kiçik qardaşları Rzaqulu xan xəyanətkarcasına Ağa Məhəmməd xanı həbs edəndən sonra təsadüfi deyildi ki, Hacı xan Halalxor məhz Cəfərqulu xana məktub göndərib, kömək istəmişdi. Məktubun əvvəlində Ağa Məhəmməd xanın böyük qardaş kimi onların həyatında oynadığı rolu, üstlərində böyük haqq-sayı olduğunu xüsusilə vurğulamışdı. Cəfərqulu xanın nəzərinə çatdırmışdı ki, əgər Ağa Məhəmməd xan olmasaydı, Qacar qardaşları həmişəlik olaraq zəndiyyələrin əsiri kimi qalacaqdılar. Hacı xan məktubda onun böyük qardaşının başına gələnləri, hərbi köməyə ehtiyacı olduğunu da bildirmiş, kömək etməyin yollarını da göstərmişdi. Ağa Məhəmməd xanın məsləhəti ilə Cəfərqulu xan özününkülərdən - Aşağıbaş tayfasından qoşun toplamalı və bu işi görmək üçün o biri qardaşları Mustafaqulu xanı Astrabada göndərməli idi.
Həmin vaxtlar Cəfərqulu xanın Rzaqulu xanla arası bərk dəymişdi. Çünki qardaşından Gilanın hakimliyini ona verməsini xahiş eləmiş, lakin Rzaqulu xan bunu qulaqardına vurub, onun istəyini yerinə yetirməmişdi. Ona görə də Cəfərqulu xan yaranmış fürsətdən bicliklə istifadə edərək Rzaqulu xandan tayfanı almaq və gələcəkdə Ağa Məhəmməd xandan nəsə qopartmaq məqsədilə kiçik qardaşına qarşı çıxmaq və böyük qardaşına kömək etmək qərarına gəldi. Ağa Məhəmməd xanın məktubuna cavab yazıb bildirdi ki, arxayın olsun, ona kömək etməyə həmişə hazırdır. Ancaq o, iki daşın arasında öz şərtini də açıqca irəli sürdü: Rzaqulu xanı devirəndən sonra Ağa Məhəmməd xan təkcə Gilanın yox, Mazandaranın da hökmranlığını ona versin. Lakin Ağa Məhəmməd xan Mazandaranı yox, Gilanı və Talışı ona verməyə boyun oldu. Bununla razılaşan Cəfərqulu xan o biri qardaşı Mustafaqulu xanı yanına çağırtdırdı, bəzi məsələləri ona anlatdı, dedi ki, mənim də, sənin də, Murtuzqulu xanın köməyi ilə Ağa Məhəmməd xanı taxta çıxarmalıyıq. Bir neçə göstəriş verib, Mustafaqulu xanı Astrabada yolladı. Özü isə Laricanda qalıb, Mazandarana hücum etmək üçün sürətlə döyüşçü toplamağa başladı və az müddətdə kifayət qədər qoşun toplayıb, Murtuzqulu xanı başçı təyin elədi.
Bir sıra hazırlıqdan sonra Mustafaqulu xanın və Murtuzqulu xanın qoşunları Rzaqulu xanın üzərinə hücuma keçdilər. Cəfərqulu xan isə Laricanda qaldı və qardaşlarına bildirdi ki, lazım olsa, əlavə kömək göndərəcək. Lakin o özünü üzdə elə göstərdi, məqsədi isə başqa idi. Cəfərqulu xan gözləyirdi ki, qardaşların hansı qalib gəlsə, onun tərəfinə keçsin. Nəhayət, məlumat aldı ki, Mustafaqulu xanla Murtuzaqulu xan qalib gəliblər və Rzaqulu xan İsfahana qaçıb. Qardaşlar Ağa Məhəmməd xanı Mazandaranda təntənəli surətdə şahlıq taxtında oturtdular.
Bir neçə ildən sonra Ağa Məhəmməd xan Qacar Tehranı özünə paytaxt seçib, iqamətgahını ora köçürtdü. Cəfərqulu xan isə Gilanı və Talışı idarə etməklə məşğul idi. Lakin çox çəkmədən Ağa Məhəmməd xan qardaşı barədə pis-pis xəbərlər eşitdi və ondan şübhələnməyə başladı. Ona çatdırdılar ki, çoxları kimi Cəfərqulu xanın da ürəyindən şahlıq iddiası keçir. Yaxın adamları onun qulağını doldurmuşdular ki, İran səltənətinə böyük qardaşı yox, Cəfərqulu xanın özü layiqdir. Və o da belə qərara gəlmişdi ki, Ağa Məhəmməd xan hansı yolla olursa-olsun, taxt-tacdan uzaqlaşdırılsın. Ancaq yaxşı bilirdi ki, qazdan ayıq qardaşını sui-qəsd vasitəsilə aradan götürmək mümkün deyil, onu taxtdan yalnız müharibə yolu ilə salmaq olar. Ona görə də Cəfərqulu xan Gilanın və Xorasanın bir şox tayfa başçıları ilə əlaqəyə girərək onları Ağa Məhəmməd xana qarşı yönəltməyə və qoşun toplamağa başladı. Qardaşının bu pis niyyətindən agah olan Ağa Məhəmməd xan gizli olaraq Gilana cəsuslar göndərdi və onlar da gecə-gündüz Cəfərqulu xanı izləyərək bütün əməllərini Ağa Məhəmməd xana çatdırırdılar. Bundan isə Cəfərqulu xanın xəbəri olmurdu.
Cəfərqulu xan bir müddətdən sonra qardaşının ondan şübhələndiyini artıq yavaş-yavaş hiss eləməyə başladı. Yaxşı bilirdi ki, Ağa Məhəmməd xanın əlinə keçsə, sağ-salamat qurtarmayacaq. Bu tərəfdən də Ağa Məhəmməd xan qardaşı hücum eləyərsə, ona qarşı hazırlıq görürdü. Ağa Məhəmməd xan əvvəlcə istədi ki, özü Cəfərqulu xanın üstünə getsin, onu ya birdəfəlik aradan götürsün, ya da dünya işığından məhrum eləsin. Lakin sonra fikrindən daşındı, çünki o, ağır döyüşlərdən təzəcə çıxmışdı, həm də Lütfəli xan Zəndlə müharibəyə hazırlaşırdı. İndi isə havayı yerdən itki vermək istəmirdi. Ona görə də qardaşını hiylə ilə tutmaq qərarına gəldi. Belə bir fərman verdi ki, Cəfərqulu xanı öz qoşunlarına fərmandeh (baş komandan) qoyub. Carçılar bu xəbəri ölkənin hər yerinə yaydılar. Hətta o, Cəfərqulu xana məktubla bildirdi ki, guya, Lütfəli xanla vuruşmaq üçün fars əyalətinə getməyə hazırlıq görür və qoşununun başçılığını da ona etibar edir. Məsləhət gördü ki, Cəfərqulu xan özü qoşunu ilə gəlib, şah qoşunları ilə birləşsin və tezliklə düşmən üzərinə yerisin. Ağa Məhəmməd xan bunun daha da inandırıcı olması üçün, hətta qardaşına xeyli miqdarda pul və cəvahirlə bəzədilmiş qılınc da göndərdi. Cəfərqulu xan doğrudan da, inandı ki, qardaşının ona böyük ehtiyacı var və özünün də zəndiyyələrlə düşmənçiliyi olduğuna görə dərhal qoşunu ilə Tehrana yola düşdü.
Ağa Məhəmməd xan Cəfərqulu xanı "çox yaxşı" qəbul elədi. Özünü elə göstərdi ki, guya, xəstələnib və onu inandırdı ki, qardaşları içərisində ən ləyaqətlisi və etibarlısı odur, xətrini hamıdan üstün tutur. Və onu da qeyd elədi ki, Lütfəli xan Zəndə ancaq o, qalib gələ bilər. Böyük qardaşının bu tərifli sözlərindən qoltuğunun altı qarpızlanan Cəfərqulu xan söz verdi ki, düşməni tezliklə məğlub edəcək və Lütfəli xanın başını da gətirib, Ağa Məhəmməd xanın ayaqları altında atacaq.
Cəfərqulu xanı tam inandırandan sonra Ağa Məhəmməd xan dedi ki, bu zəhrimar xəstəlik məni döyüşə getməyə qoymur. Bütün ömrünü atın üstündə keçirən mən indi atlara minmirəm. Məcburam ki, Tehranda qalam. Bütün qoşunumu isə sənin ixtiyarına verirəm. Əlavə nə lazım olsa, deyərsən, Allah qoysa, bir həftədən sonra yola düşəcəksən.
Ağa Məhəmməd xan bu sözləri deyəndə Cəfərqulu xanın xəyalı göydə uçurdu, özünü şahlıq kürsüsündə hiss edirdi. Fikirləşirdi ki, Lütfəli xan Zəndi məhv edəndən sonra qoşunları qardaşının üstünə yönəldəcək və onu asanlıqla taxtdan salacaq. Elə düşünürdü ki, onunla taxt-tac arasında uzaqbaşı on-on beş gün vaxt var... Cəfərqulu xan bu fikirdə ikən bu biri otaqların birində cəlladlar hazır vəziyyətdə dayanmışdılar. Onunla o dünya arasında isə bir neçə dəqiqəlik vaxt qalmışdı.
Cəfərqulu xan Ağa Məhəmməd xanın qarşısında baş əyərək mürəxxəs oldu. Qapının arxasında onu gözləyən adamlardan biri təzim edərək bildirdi ki, bir tikə çörək yeməyib getsə, şah ondan inciyər. Cəfərqulu xan razılığını bildirib, həmin adamın müşayiəti ilə sarayın otaqlarından birinə keçdi. Və elə bu zaman bir neçə nəfər qəflətən onun üzərinə atıldı, əl-qolunu bağlayıb, başqa bir otağa apardılar. Dərhal ağzına dəsmal tıxayaraq nəfəs yolunu kəsdilər. Cəfərqulu xan xırıldamağa başladı və çox çəkmədən gözləri bərələ qaldı...
Ağa Məhəmməd xan nankor qardaşlarından birini də aradan belə götürdü. Ona çatdırıldı ki, verdiyi hökmü yerinə yetirilib. Ağa Məhəmməd xan cəlladlara əmr elədi ki, meyiti aparıb, Cəfərqulu xanın adamlarına versinlər və desinlər ki, o, ürək xəstəliyindən ölüb.
Bu hadisə 1790-cı ildə olmuşdu.
Ağa Məhəmməd xan Qacar tutduğu bu işdən peşman olmuş və demişdi ki, gərək Cəfərqulu xanı öldürməyib, o biri qardaşı Mustafaqulu xan kimi kor edərdi...

