“Fiziki tərbiyə müəllimləri cəmiyyətin ən önəmli işini yerinə yetirirlər
Icma.az, Qol.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir “Fiziki tərbiyə müəllimləri cəmiyyətin ən önəmli işini yerinə yetirirlər.
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 113 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Cabbar Yolçiyev oldu.
O, əvvəlcə özü haqqında geniş məlumat verərək bildirib ki, 2017-ci ildən fizki tərbiyə müəllimi kimi fəaliyyət göstərir: "2017-ci ildə pedaqoji fəaliyyətə başlamışam. Hazırda Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışıram. Bundan əlavə, fiziki tərbiyə üzrə metodik vəsaitlərin və dərsliklərin həmmüəllifiyəm. 5-ci və 6-cı siniflər üçün metodik vəsaitlər hazırlamışam. "Peşəkarlığa atılan ilk addım" və "Beynəlxalq müəllimlər günü" adlı kitabların müəlliflərindən biriyəm. Peşəkar fəaliyyətim ərzində qızların idmana cəlb edilməsi və təhsil sahəsində müxtəlif layihələrdə iştirak etmişəm. Məqsədim şagirdlərin sağlam həyat tərzi keçirməsinə dəstək olmaq, fiziki inkişaflarını təmin etmək və idmanın cəmiyyətimizdəki rolunu daha da gücləndirməkdir".
C.Yolçiyev fiziki tərbiyə müəllimi olmağın çətin tərəflərindən söz açıb: "Fiziki tərbiyə müəllimi olmağın çətin tərəflərindən biri, şagirdlərin fərqli fiziki vəziyyətləri və maraqları ilə bağlı olan problemlərdir. Hər bir şagirdin fiziki hazırlığı və maraqları fərqlidir. Buna görə də bəzən dərsləri hər kəsə uyğunlaşdırmaq və bütün şagirdləri eyni anda aktiv saxlamaq çətin olur.
Son illərdə texnologiyanın inkişafı, xüsusən də smartfonlar, kompüterlər və digər cihazların artan istifadəsi, uşaqların sağlam həyat tərzindən geriyə düşməsinə səbəb olur. Uşaqların oturaq həyat tərzinə meylləri, məktəbdə yalnız fiziki tərbiyə dərslərində idmanla məşğul olmaları ilə nəticələnir ki, bu da onların fiziki inkişaflarına mənfi təsir edir. Bu yalnız bizim ölkədə baş vermir, əksər ölkələrdə texnoloji cihazların uşaqların həyatına daha çox daxil olması və fiziki fəaliyyətin azalması ciddi bir problemə çevrilib. Bu vəziyyət Ümumdünya Səhiyyə Təşkilatının yaşa uyğun fiziki fəaliyyət normativlərinin dəyişməsi ilə əlaqədardır. Əvvəlki dövrlərlə müqayisədə ÜST-ün uşaqlara tövsiyyə etdiyi fiziki yük müasir günümüzdə daha da sərtləşdirilib və uşaqların gündəlik fiziki fəaliyyət müddətinin artırılması xüsusilə vurğulanır. Bu dəyişikliklər, texnoloji cihazların artan istifadəsi və oturaq həyat tərzinin yayılması ilə əlaqədar olaraq, uşaqların fiziki vəziyyətinin zəifləməsini önləmək məqsədi daşıyır. Bütün bunlara baxmayaraq, şagirdlərə fiziki tərbiyəni sevdirə bilmək və onların fiziki inkişaflarına kömək etmək bu işin ən böyük mükafatıdır".
C.Yolçiyev uşaqların fiziki tərbiyə fənninə yüksək səviyyədə maraq göstərdiyini, həmçinin bu marağı daha da artırmaq üçün müxtəlif layihələr həyata keçirildiyini deyib: "Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, Azərbaycanın əsgər və zabitlərinin fiziki inkişafının yüksək səviyyədə olmasında, bilavasitə fiziki tərbiyə fənninin də rolunun böyük olduğunu göstərir. Son illərdə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi qələbə xalqımızın mənəvi cəhətdən sağlam və güclü olduğunu göstərdiyi kimi fiziki cəhətdən də aktiv və sağlam bir millət olduğunu göstərdi. Bu həm də fiziki tərbiyə sahəsindəki inkişafın göstəricisidir. Ancaq bəzi çətinliklər hələ də mövcuddur.
Müasir təlim metodlarının tətbiqi ilə fiziki tərbiyə dərslərinin keyfiyyətini artırmaq mümkündür. Bu metodlar şagirdlərin fiziki fəaliyyətə marağını artırır və onların fiziki inkişafını dəstəkləyir. Ancaq dərs saatlarının artırılması və məktəblərdə idman dərnəklərinin sayının çoxaldılması da vacibdir. Bu addımlar şagirdlərin fiziki aktivliyini artıracaq və onların sağlam həyat tərzini təşviq edəcəkdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə "Bir məktəb, bir klub" layihəsini icra etmişik. Layihə məktəblərdə idman dərnəklərinin yaradılması və təkmilləşdirilməsi məqsədi güdürdü və layihə rəhbərlərindən biri də mən idim. Bu layihə, şagirdlərin idmanla məşğul olmalarını təmin etmək və onların fiziki inkişafını dəstəkləmək üçün müsbət rol oynadı".
O vurğulayıb ki, fiziki tərbiyə müəllimi çox məsuliyyətli peşədir: “Fiziki tərbiyə müəllimləri cəmiyyətin ən önəmli işini yerinə yetirirlər. Çünki onlar gənc nəsli sağlam bədənlə formalaşdırmaq, onların fiziki inkişafını təmin etmək və idmanla məşğul olmaq vərdişlərini aşılayaraq gələcəyin sağlam və güclü millətini yetişdirirlər. Müəllimlər bu məsuliyyəti çiyinlərinə alaraq, hər gün böyük fədakarlıqla dərsləri peşəkar və yüksək səviyyədə keçirirlər. Müəllimlərin dərsləri, şagirdlərin fiziki və əxlaqi inkişafını dəstəkləməyə yönəlir. Fiziki tərbiyə müəllimləri dərsləri müxtəlif yanaşmalarla aparırlar, amma ən önəmlisi, dərslərin praktiki hissəsinin önə çıxarılmasıdır. Müasir dövrün tələblərinə cavab verən fiziki tərbiyə dərsləri daha dinamik və interaktiv şəkildə keçirilməlidir. Müəllimlər şagirdlərin fiziki inkişafını dəstəkləyən təlim metodlarını tətbiq etməli, dərs prosesində hərəkətlilik və praktiki məşqlərə üstünlük verməlidirlər.
Fiziki tərbiyə dərsləri şagirdlərin psixoloji və fiziki inkişafına uyğun şəkildə hazırlanır. Məqsəd, yalnız fiziki gücü artırmaq deyil, eyni zamanda şagirdlərə komanda işi, əzmkarlıq, özünəinam və sağlam rəqabət kimi müsbət dəyərləri aşılamaqdır. Həmçinin, müasir dövrün tələblərinə cavab verən texnoloji alətlərdən, məsələn, idman nəticələrinin izlənməsi üçün proqramlardan istifadə edərək dərsləri daha da motivasiyaedici və effektiv etmək mümkündür. Müəllimlər şagirdləri daim həvəsləndirir və onların fiziki fəaliyyətə marağını artırmağa çalışırlar. Prezident İlham Əliyevin idmana olan yüksək marağı və qayğısı, ölkəmizdə keçirilən mötəbər idman yarışları ilə özünü göstərir. Məsələn, 2015-ci ildə Bakıda I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilib. Hazırda isə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri davam edir. Bu cür tədbirlər şagirdlər üçün əlavə stimul yaradır, onların idmana olan marağını artırır və fiziki fəaliyyətə təşviq edir".
Həmsöhbətimiz məktəblərdə idmanla məşğul olmaq üçün hər bir şəraitin yaradıldığını bildirib: "Son illərdə dövlətimiz idmana və təhsilə ayırdığı diqqət və qayğı sayəsində məktəblərin yenilənməsi istiqamətində böyük irəliləyişlər əldə edib. Müasir məktəblər, həm idman zalları, həm də meydançalar baxımından təkmilləşdirilməyə başlanıb. Bu, şagirdlərin fiziki inkişafını təmin etmək və onları sağlam həyat tərzinə yönəltmək məqsədilə atılan mühüm addımlardır. Bununla yanaşı, müasir idman zalları artıq bir çox məktəbdə mövcud olsa da, bəzi təklif və tövsiyə edərdim ki, meydançaların ölçüləri standartlara uyğunlaşdırılmalı və idman avadanlıqları müasir tələblərə uyğun şəkildə yenilənməlidir. Eyni zamanda, məktəb həyətində trenajorların olmaması və idman avadanlıqlarının məhdudluğu da fiziki fəaliyyətin artmasına mane olur. Bu məsələlərin həlli üçün dövlət və yerli təhsil orqanları tərəfindən məktəblərdə idman infrastrukturunun təkmilləşdirilməsinə daha çox diqqət ayrılmalıdır. Bu təkliflər şagirdlər üçün daha yaxşı şəraitin yaradılması və fiziki inkişaflarının dəstəklənməsi baxımından çox önəmlidir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, gələcəkdə daha sağlam gənclərin yetişməsinə xidmət edəcək".
C.Yolçiyev şagirdlərinin tez-tez yarışlara qatıldığını qeyd edib: "Məktəblilər, təhsil aldıqları müəssisələrdə həm daxili, həm də rayonlar arası yarışlarda iştirak edirlər. Məktəblərdə ən çox futbol, basketbol, voleybol və atletika kimi idman növlərində yarışlar təşkil olunur. Bu yarışlar şagirdlərin fiziki bacarıqlarını inkişaf etdirmək və onlara rəqabət, əzmkarlıq, komanda işi kimi dəyərləri aşılamaq məqsədi güdür. Dərs keçdiyim şagirdlər arasında istedadlı və fiziki cəhətdən inkişaf etmiş uşaqlar çoxdur. Bu uşaqların ən çox maraq göstərdiyi idman növləri arasında cüdo, güləş və idmanın təkmübarizlik növləri üstünlük təşkil edir. Bu növlər şagirdlərə həm fiziki güclərini sınama, həm də psixoloji cəhətdən dözümlülüyü artırma imkanı verir.
Bundan əlavə, futbol kimi komanda idman növü də şagirdlərin marağında yer alır. Amma idman oyunları arasında əsasən futbol ilə maraqlanırlar. Şagirdlər komanda oyunu və rəqabət sahəsində bacarıqlarını inkişaf etdirərək, həm fiziki hazırlıqlarını artırır, həm də şəxsi inkişaflarına kömək edirlər".
O, sonda şagirdlərə idmanla məşğul olmaq üçün motivasiya verməyin yollarından danışıb: "Şagirdlərə idmanla məşğul olmaq üçün motivasiya vermək çox vacibdir. Çünki sadəcə dərs keçməklə kifayətlənmək olmaz. Mən şagirdlərimi idmanla məşğul olmağa həvəsləndirərkən, onları şəxsi nümunə ilə və müsbət yanaşmalarla motivasiya etməyə çalışıram. Müəllimin özünün fiziki fəaliyyətdə iştirak etməsi onlara ən gözəl motivasiyadır. Özüm də gündəlik olaraq idmanla məşğul oluram, fiziki hazırlığımı artırıram və bu, şagirdlərimə örnək olur. Bununla yanaşı, şagirdlərin fərdi inkişafını izləmək, onların müsbət tərəflərini göstərərək həvəsləndirmək də çox önəmlidir. Motivasiyaedici oyunlar, müsabiqələr və maraqlarına uyğun idman növləri ilə onları fiziki fəaliyyətə cəlb edirəm. Müəllim olaraq məqsədim şagirdlərin idmanı həyatlarının bir hissəsi halına gətirmələrini təmin etməkdir. Sözümə Azərbaycan Respublikaslnın prezidenti cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanı gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına yönəldilməsi barədə dediyi fikirlərlə yekun vurmaq istəyirəm: “Bizim arzumuz budur ki, Azərbaycanın hər bir guşəsində idmanla məşğul olmaq üçün lazımi şərait yaradılsın. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyəyə qaldıra bilsin. Bizə sağlam gənclər, sağlam millət lazımdır...”
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub


