Icma.az
close
up
RU
Gələcək insanı gözləmədən gəlir

Gələcək insanı gözləmədən gəlir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bəşəriyyət yenə tarixi bir sərhədin astanasındadır. Ancaq bu dəfə dəyişən yalnız texnologiya deyil. Dəyişən dövlət modeli, iqtisadi sistem, əmək anlayışı, insanın gündəlik həyatı və hətta insanın özü haqqında təsəvvürdür. Tarixdə bəzi dövrlər olur ki, insan bunu dərhal anlamır. Sonradan isə həmin mərhələlərə baxıb deyirlər: dünya məhz burada dəyişdi. Biz indi məhz belə bir mərhələnin içindəyik.

Son dörd yüz ildə bəşəriyyət dörd böyük sənaye inqilabı yaşadı. Hər biri insan həyatını kökündən dəyişdirdi. Hər biri yeni dünya qurdu. Və hər dəfə insan əvvəlcə bunun miqyasını anlamadı.

Birinci Sənaye İnqilabı

XVIII əsrin sonlarında buxar maşını ilə başladı. Kömür, dəmir və mexaniki istehsal insanın əzələ gücünü ilk dəfə sistemli şəkildə maşınla əvəz etdi. Fabrik anlayışı doğuldu, kəndlər boşalmağa, şəhərlər şişməyə başladı. Tarixdə ilk dəfə zaman təbiətin ritmi ilə deyil, fabrikin sireni ilə ölçülməyə başladı.

İkinci Sənaye İnqilabı

XIX əsrin sonu – XX əsrin əvvəllərində elektrik enerjisi, daxiliyanma mühərriki və kütləvi istehsal üzərində quruldu. Henri Fordun konveyeri sadəcə avtomobil istehsal etmədi; insanı da istehsal xəttinin bir detalına çevirdi. Bu dövrdə teleqraf, telefon, dəmir yolları və neft iqtisadiyyatı dünyanı ilk dəfə həqiqi mənada qlobal sistemə bağladı.

Üçüncü Sənaye İnqilabı

XX əsrin ikinci yarısında başladı. Kompüterlər, mikroçiplər, internet və rəqəmsal texnologiyalar informasiyanı yeni neftə çevirdi. İnsan artıq təkcə fiziki əməyini deyil, hesablamanı və yaddaşı da maşınlara ötürməyə başladı. Banklar, universitetlər, media, dövlət idarəçiliyi – hamısı rəqəmsal sistemlərin üzərinə köçürüldü.

Dördüncü Sənaye İnqilabı

Bu inqilab XXI əsrin əvvəllərində formalaşmağa başladı. Süni intellekt, böyük məlumat bazaları (big data), robot texnologiyaları, bulud sistemləri və avtomatlaşdırılmış qərar mexanizmləri yeni dövrün əsasını təşkil etdi. Əgər əvvəlki sənaye inqilabları insanın fiziki əməyini dəyişdirirdisə, bu mərhələ ilk dəfə insanın zehni fəaliyyət sahəsinə daxil oldu. Maşın artıq yalnız işləyən deyil, analiz edən, öyrənən, qərar verən və hətta yaradan sistemə çevrilməyə başladı.

Dünya İqtisadi Forumunun (WEF) qurucusu Klaus Şvab yazırdı:

“Dördüncü sənaye inqilabının texnologiyaları təkcə nə etdiyimizi dəyişmir; onlar kim olduğumuzu dəyişir”.

Sanki ən təhlükəlisi budur: Bəşəriyyət artıq beşinci mərhələnin astanasına yaxınlaşır. Bu mərhələdə maşın sadəcə insanın əməyini deyil, insanın tarixi mərkəz rolunu da əlindən almağa başlayır. Əgər əvvəlki sənaye inqilabları insanın gücünü artırırdısa, yeni mərhələ ilk dəfə insanın özünü sistemin əvəzolunan elementi halına gətirə bilər.

Birinci sənaye inqilabı kəndlini fəhləyə çevirdi;

İkinci sənaye inqilabı fəhləni istehlakçıya çevirdi;

Üçüncü sənaye inqilabı istehlakçını rəqəmsal istifadəçiyə çevirdi;

Dördüncü sənaye inqilabı isə insanı məlumat istehsal edən bioloji platformaya çevirir.

Əgər əvvəlki əsrlərdə imperiyalar coğrafi əraziləri müstəmləkəyə çevirirdisə, bu gün texnologiya nəhəngləri insanın daxili dünyasını, onun diqqətini, hisslərini və davranışlarını müstəmləkələşdirir. İnsan artıq yalnız məhsul almır; onun davranışı proqnozlaşdırılaraq satılan əsas məhsula çevrilir.

Bu inqilabın əsas enerjisi neft deyil, məlumatdır.

Əsas fabrikləri zavodlar deyil, data mərkəzləridir.

Əsas xammalı dəmir deyil, insanın özüdür.

Bu dəfə ən böyük sərvət torpaq və ya zavod olmayacaq. Ən böyük sərvət məlumatı toplayan, emal edən və proqnozlaşdıran sistemlər olacaq. Buna görə də XXI əsrin əsas müharibələri artıq sərhədlər uğrunda deyil; yarımkeçiricilər, kvant hesablamaları, süni intellekt modelləri, enerjy şəbəkələri və rəqəmsal suverenlik uğrunda gedir.

Ən dramatik dəyişiklik isə əmək anlayışında baş verəcək. Tarix boyu iqtisadiyyat insan əməyinə söykənirdi. İnsan işləyirdi, maaş alırdı, sonra həmin maaşla bazardan məhsul alırdı və sistem dönürdü. Amma əgər maşın həm istehsal edir, həm hesablayır, həm sürür, həm diaqnoz qoyur, həm mətn yazır, həm də proqramlaşdırırsa, onda milyonlarla insanın iqtisadi sistemdə rolu nə olacaq?

Bax, yeni epoxanın ən təhlükəli sualı da elə budur. Əvvəlki sənaye inqilablarında yeni peşələr köhnələri əvəz edirdi. İndi isə ilk dəfə ola bilər ki, texnologiyanın yaratdığı yeni iş yerlərinin sayı məhv etdiyi iş yerlərindən az olsun. Bu isə tarixdə görünməmiş sosial gərginlik yarada bilər.

Bir tərəfdə hiperzəngin texnologiya elitaları,

o biri tərəfdə isə sistemdən kənarda qalan böyük insan kütlələri.

Bəzi futuristlər buna “texnoloji feodalizm” deyirlər.

Dövlətlər də dəyişəcək. Süni intellektə sahib olan ölkələr iqtisadi və hərbi üstünlük əldə edəcək. Atom bombası XX əsrin güc simvolu idisə, XXI əsrin real güc simvolu böyük süni intellekt modelləri, hesablama infrastrukturu və enerji olacaq. Çünki süni intellekt sadəcə proqram deyil, elektrik, server, çip, su və nəhəng enerji tələb edən sənaye sistemidir.

Kibernetikanın banilərindən Norbert Viner xəbərdarlıq edirdi:

“Maşına yüklədiyimiz məqsədin həqiqətən istədiyimiz məqsəd olduğuna əmin olmalıyıq”.

Bu inqilab insanın özünü də dəyişdirəcək. İnsan ilk dəfə tarixdə təkcə təbiətlə deyil, öz yaratdığı zəka ilə rəqabətə girəcək. Bu isə fəlsəfi sualları yenidən gündəmə gətirir:

İnsan nədir?

Şüur nədir?

Yaradıcılıq nədir?

Əgər maşın rəsm çəkirsə, musiqi yazırsa, məqalə hazırlayırsa insanın unikallığı harada başlayır və harada bitir?

İnsanın rolu tam yox olmayacaq. Amma radikal şəkildə dəyişəcək. Çünki tarix göstərir ki, texnologiya insanı məhv etməkdən çox, onu yenidən təyin edir. Problem ondadır ki, bu yenidənyazılma prosesi çox ağrılı olur. Orta əsr kəndlisi fabrik fəhləsinə çevriləndə də böyük travma yaşandı. İndi isə eyni proses zehni əmək sahəsində başlayır.

Məncə, gələcəyin insanı üç böyük istiqamətdə bölünəcək.

Birinci qrup – sistemi quranlar.

Bunlar süni intellekti yaradanlar, enerji infrastrukturlarını idarə edənlər, çip texnologiyalarına, kvant hesablamalarına, biotexnologiyaya sahib olan elitalar olacaq. Yeni aristokratiya artıq torpaq sahibləri yox, hesablama gücü sahibləri olacaq.

Bu yeni elita sadəcə varlı olmayacaq, onlar reallığın sərhədlərini çəkəcəklər. Çünki gələcəyin dünyasında qanunlar kağız üzərində deyil, kodların içində yazılacaq. Koda yazılmış qaydanı isə pozmaq mümkün deyil – sistem sənə sadəcə icazə verməyəcək. Bu, tarixin ən mütləq və ən səssiz hakimiyyət formasıdır.

İkinci qrup – sistemlə birləşənlər.

İnsan və maşın arasında sərhəd getdikcə zəifləyəcək. Neyrointerfeyslər, süni intellekt köməkçiləri, genetik modifikasiya, artırılmış yaddaş sistemləri adi hala çevrilə bilər. İnsan öz bioloji məhdudiyyətlərini texnologiya ilə kompensasiya etməyə başlayacaq. Əslində bu proses artıq başlayıb: smartfon insan yaddaşının xarici protezinə çevrilib.

Kommunikasiya tarixinin ən önəmli düşünürlərindən Marşall MakLüen deyirdi:

“Əvvəl biz alətlərimizi formalaşdırırıq, sonra isə alətlərimiz bizi formalaşdırır”.

Üçüncü və ən böyük qrup isə “lazımsızlaşan” insanlardır.

Bu qrup təhlükə altındadır. Tarixin ən çarpıcı sözü budur:

kapitalizm insanı sevmir, ehtiyacı olan funksiyasını sevir. Əgər sistem istehsal və xidmət üçün insana əvvəlki qədər ehtiyac duymursa, onda milyonlarla insanın sosial rolu bulanıqlaşacaq.

Tarix boyu kütlələr ən pis halda istismar olunurdular. Amma istismar olunmağın daxilində gizli bir güc var idi: sən sistemə lazım idin, sən işi dayandıranda dünya dayanırdı. Gələcəyin faciəsi isə istismar olunmaq deyil, struktur olaraq lazımsızlaşmaqdır. Sistem sənə qəzəb bəsləməyəcək; sistem sənə qarşı sadəcə tamamilə laqeyd olacaq.

Bu səbəbdən gələcəkdə universal baza gəliri, dövlət tərəfindən təmin olunan minimal həyat sistemi, avtomatlaşdırılmış iqtisadiyyat kimi modellər ciddi şəkildə müzakirə olunacaq. Çünki klassik “işlə – maaş al – istehlak et” modeli sarsılır.

Amma məsələ yalnız iqtisadi deyil. İnsan bəlkə də ilk dəfə “faydalılıq böhranı” yaşayacaq. Çünki min illər boyu insan özünü işi ilə tanıyırdı: müəllim, həkim, sürücü, yazıçı, mühəndis… Əgər maşın bunların böyük hissəsini daha sürətli və daha ucuz edə bilirsə, onda insan öz mənasını harada tapacaq?

Zənnimcə, gələcəyin ən böyük savaşı çörək savaşı yox, məna savaşı olacaq. Və burada paradoks yaranır: texnologiya insanı fiziki əməkdən azad etdikcə, insan ekzistensial boşluğa düşə bilər. Çünki insan yalnız rahatlığı sevmir. İnsan həm də məqsədlə yaşayır.

Gələcəyin ən dəyərli xüsusiyyətləri ehtimal ki, bunlar olacaq:

Dərin düşünmək,

Əxlaqi qərar vermək,

Məsuliyyət hiss etmək,

Empatiya qurmaq,

Gözəllik yaratmaq,

Və mənanı qorumaq.

Çünki maşın hesablaya bilər, amma “niyə yaşamaq lazımdır?” sualına cavab vermir. Ən azı hələlik verə bilmir.

Bəlkə də maşınların bu qədər qüsursuz hesabladığı və yanılmadığı bir dünyada insanın son unikal sığınacağı onun qüsurları olacaq. Səhv etmək, acı çəkmək, məntiqsiz sevmək və instinktlərə qarşı çıxmaq hüququ... Çünki maşın hər şeyi optimal və faydalı olmaq üçün edir; insan isə bəzən sadəcə daxili bir sızıntı, bir məna naminə bütün faydalardan imtina edə bilir.

Qarşıdakı onilliklərdə bəşəriyyətin əsas problemi texnoloji yox, mənəvi problem olacaq. Çünki maşınlar işləməyi öyrənir. İnsan isə hələ də yaşamağın mənasını axtarır.

Əvvəllər insan yaratdığı alətlərdən daha güclü, daha sürətli və daha dəqiq olmağa çalışırdı. İndi isə ilk dəfə vəziyyət dəyişir. İnsan öz yaratdığı sistemlərin qarşısında fiziki deyil, varlıq səviyyəsində bir sualla üz-üzə qalır:

“Əgər maşın düşünürsə, yazırsa, yaradırsa və qərar verirsə, onda insanı maşından fərqləndirən nədir?”

Və bəlkə də gələcəyin ən böyük sualı artıq budur:

“Gələcəyin içində insanın özü qalacaqmı?”

Mən illər əvvəl bir fikir söylemişdim, hətta kitablarımdan birinin adı da elə idi: “Gələcək çox tez gələcək”. O zaman bu cümlə bir çoxlarına sadəcə publisistik metafora kimi görünürdü. Bu gün isə anlayırıq ki, məsələ sürətdə deyilmiş. Məsələ ondadır ki, gələcək ilk dəfə insanı gözləmədən gəlir.

Və bəşəriyyət indi tarixinin ən qəribə astanasında dayanıb:

Öz zəkasının yaratdığı yeni dünyanın qarşısında.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyun 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri