Icma.az
close
up
RU
“Gəlin, Zəngəzuru da alaq, bu yolu axıra qədər davam etdirək…” ELÇİBƏYİN KÖMƏKÇİSİ İLƏ ÖZƏL MÜSAHİBƏ

“Gəlin, Zəngəzuru da alaq, bu yolu axıra qədər davam etdirək…” ELÇİBƏYİN KÖMƏKÇİSİ İLƏ ÖZƏL MÜSAHİBƏ

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Yaxın Şərqdə baş verən hadisələr Güney Azərbaycan məsələsini yenidən gündəmə gətirib. Tarixi ədalətsizlik üzündən iki hissəyə parçalanmış Azərbaycanımızın bir hissəsi hazırda İran dövlətinin tərkibindədir. Ölkəmizin də daxil olduğu regionda baş verən hadisələr Güney Azərbaycan məsələsinə hər zaman həssas yanaşmış çağdaş Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum gününə təsadüf etdi. Bəyin doğum günündə uzun müddət köməkçisi olmuş, əksər hərəkatçıların sevimlisi Əli Mürsəloğlu ilə söhbətləşdik. Əli bəy təmirsiz, o qədər də geniş olmayan evində bizi Bəyə layiq ağayanalıqla, olduqca mehriban və isti qarşıladı, suallarımızı həvəslə cavabladı.

Əli bəy otaqların, dəhlizin divarlarına Bəyin, onun sevdiyi siyasi liderlərin fotolarını asıb. Hər biri haqqında da usanmadan və böyük həvəslə saatlarla danışmağa hazırdır. Ürəyi böyük insanın yaşadığı bu balaca otaqlarda qəribə bir ruh hakimdir. Söhbətdə iştirak edən hərəkatçılardan biri maraqlı bir ifadə işlətdi. Dedi ki, sanki bir zamanlar Bəyin gəzdiyi dəhlizlərin, işlədiyi kabinetlərin aurası bu balaca otağa hopub. Söhbətimizə elə Bəyli xatirələrlə körpü salırıq.

 

— Əli bəy, uzun müddət mərhum Elçibəyin köməkçisi olmusuz. Hazırda nə işlə məşğulsuz? Bəyin digər köməkçiləri ictimai-siyasi fəaliyyətlə məşğuldurlar. Siz niyə kənara çəkildiniz?

 

Hazırda yaşadığım həyətdə yönətmən (komendant) işləyirəm və yenə də xalqa xidmət edirik. Hərə bir işlə məşğuldur. Hər şeyin Allahın iznilə olur. Biz bütün işlərimizi və sistemimizi Allah Təalanın iradəsi üzərində qurmalıyıq. Çünki bu gün baş verən hər şey Allahdan gəlir. Bəydən sonra çox düşündüm və başa düşdüm ki, bu işlər mənə uyğun deyil. Ən gözəli danışan çoban olmaqdan daha yaxşı susan alim olmaqdır. Yəni, hər kəs öz işini görsə, daha yaxşı olar.

İldə iki dəfə — Bəyin doğum və anım günlərində onun məzarını ziyarət edir, həyatı və düşüncələri barədə insanlara məlumat veririk. O, bütün arzularını xalqına xidmətə yönəltmişdi. Azadlıq çox önəmlidir. Əgər insan azad deyilsə, ondan böyük uğurlar gözləmək olmaz. Azad düşünməyən insan həm dinini, həm də dünyasını düzgün anlaya bilməz. Bəy deyirdi ki, atalar sözləri xalqın ruhudur, çünki xalqın dilindən çıxan hər söz gec-tez gerçəkləşir. İnsan nə etsə də, sonunda cəmiyyət onun dəyərini verəcək. Yəni, hər bir işin əsası xalq olmalıdır.

— Bəyin ölümündən 25 il ötür. Bu müddətdə mühacirətə getmək imkanınız oldumu? Çünki bəyin ətrafındakı bəzi şəxslər, məsələn, mühafizəçisi Xəlil bəy xaricdə yaşayır. Maraqlıdır, siz niyə getmədiniz?

Heç vaxt olmayıb, alınmayıb. Kənddə yaşayanların uşaqları böyüyüb, tanıyırlar ki, bu muxtarın oğludur. Amma xaricdə yaşayan adam haqqında heç nə bilinmir. Bura mənim doğma məmləkətimdir. İnsan vətəndən ayrı necə yaşaya bilər axı?.. (kövrəlir) Məmləkətim mənim üçün o qədər əzizdir ki, onun həsrəti ilə yaşamaq çox ağırdır. Qürbətdə olan insanın taleyi isə həmişə müəmmalı və çətindir.

— Siz çox məlumatlı insansınız. Ona görə siyasi partiyalar və araşdırma mərkəzlər də həmişə belə insanlara maraqlıdır. Sizə siyasi partiyalardan müavin və ya müşavir kimi işləmək təklifi olubmu?

Bilirsiniz, azad insana yaxın olmaq çətindir. Mən – Mürsəloğlu – ona aid olmayan yolla aparıla bilmərəm, çünki mən azad adamam. Bayraq və vətən uğrunda canımı vermişəm və bundan sonra da verməyə hazıram. Həmişə Azərbaycanın bütövlüyünü və birliyini qorumağa çalışmışam. Amma bu gün mühit tamamilə fərqlidir.

Bir misal deyim: Birinin atasını öldürürlər, sonra həmin adamın balasına kömək edirlər və deyirlər ki, filankəs kiməsə yaxşılıq edib. Bu necə olar? İnsan kiminsə qarşısında üzü kölgəli olmamalıdır.

İndi belə bir sistem var ki, ata övladına nəsə etdikdə deyir: “Mən sənə bunu etmişəm,” amma unudur ki, bu borcdur. Yad adam etsə, başqa. Bu isə uşağın gözü kölgəli böyüməsinə səbəb olur.

— Bəyin dəstək verdiyi, iş qurmasına kömək etdiyi və onun adı ilə siyasi karyera quran adamlardan sizə dəstək təklifi gəlibmi?

Mənə yalnız Türkiyəli siyasətçilərdən Dövlət Bağçalı və Mehmet Ceylandan belə təklif gördüm. Azərbaycandan isə heç kəsdən gəlməyib. Bəziləri ilə ancaq salamlaşırdıq, bəzilərinə isə heç salam belə verməmişəm, üzümü çevirmişəm.

— 2020-ci il Vətən müharibəsindən, 2023-cü ilin sentyabr antiterror hadisələrindən sonra ölkədə yeni ictimai-siyasi situasiya yaranıb. Bir çoxları “siyasətə Qarabağa görə gəlmişdim, artıq bu problem yoxdur” deyib siyasətdən gedib, mövqeyini dəyişib. Bəy sağ olsaydı, sizcə nə edərdi? Məsələn, Şuşanı almış ali baş komandanı təbrik edərdimi?

Əlbəttə, təşəkkür edərdi və buna çox sevinərdi. O, hər zaman Qarabağın azadlığı uğrunda çalışan, bu məsələdə prinsipial mövqe nümayiş etdirən bir şəxsiyyət olub. Şuşanın, ümumilikdə isə Qarabağın azad olunması Elçibəyin ömür boyu arzuladığı və uğrunda mübarizə apardığı böyük bir amal idi.

Əgər sağ olsaydı, Ali Baş Komandanı təbrik edər, bu tarixi qələbənin dövlətçilik tariximizdə və xalqımızın ruhunda yaratdığı dönüşü yüksək qiymətləndirərdi. Elçibəyin ən böyük arzusu Azərbaycanın azad, müstəqil və demokratik bir dövlət kimi möhkəmlənməsi idi. O, milli kimliyə, ana dilinə və mədəniyyətə xüsusi önəm verirdi. Həyatı və mübarizəsi bu günün gəncləri üçün örnək, bir ilham mənbəyidir.

Elçibəy xalqını sonsuz dərəcədə sevirdi və daim Bütöv Azərbaycan ideyasına inanırdı. Onun üçün Azərbaycan hər zaman vahid, bölünməz və bütöv bir dövlət olmalı idi. Əgər bu gün sağ olsaydı, Qarabağın azad olunmasını böyük sevinc və qürurla qarşılayardı. Biz isə bu gün onun qoyub getdiyi yolun davamçılarıyıq və ideyalarını yaşatmağa çalışırıq. Harada bir millətin, bir xalqın dərdi-səri, söhbəti varsa, orada duyğu da var, haqq da var.

Əgər bir insan kövrəlirsə, deməli, onun qəlbində ədalət də var, vicdan da var, insanlıq da. Mən şəxsən İlham Əliyevin əlini sıxıb deyərdim: “Allah kömək olsun!” Ardınca da əlavə edərdim: “Gəlin, Zəngəzuru da alaq, digər torpaqlarımızı da qaytaraq və bu yolu axıra qədər davam etdirək.”

Lazım gələrsə, Təbrizə də gedək, orada oturub çay içək. Yetər ki, millətimiz bir olsun, yolumuz aydın və açıq olsun.

Təbriz demişkən, yadıma düşdü. Bəydən tez-tez soruşurdular: “Təbrizə niyə getmirsən? İrana niyə səfər etmirsən?” O isə cavab verirdi: “Mən o vaxt Təbrizə gedəcəyəm ki, ora azad olacaq.” Və doğrudan da getmədi. Dünyanın bir çox ölkəsində oldu, amma nə Təbrizə, nə də İrana ayaq basdı. Mən də bir çox ölkələrdə olmuşam, amma nə Təbrizə, nə də İrana getmişəm. İnanıram ki, bir gün Təbriz azad olacaq.

— Bəyin aruzladığı Azərbaycanı qura bilmişikmi?

Bəyin arzuladığı Azərbaycan hələ tam formalaşmasa da, onun ideyaları bizə yol göstərir və o istiqamətdə irəliləyirik.

— Fazil Mustafa deyir ki, Elçibəyin “Bütöv Azərbaycan” ideyası özünü doğrulmadı. Sizcə doğru deyirmi?

Ümumiyyətlə, elə bir adam tanımıram. Çoxlarının, o cümlədən Cəmil Həsənlinin də xəbəri yoxdur ki, Bəy Kələkidə “Bütöv Azərbaycan” kitabını yazmışdı. Mən bunu canlı şahid kimi deyirəm. Hətta həmin kitabı yazarkən Nadir şah haqqında olan kitablardan da müəyyən detallardan istifadə etmişdi. Yəni, Bəy o zaman Azərbaycanın kitabını yazırdı.

Kitab Türkiyədə çap olundu, amma imkan vermədilər ki, Azərbaycana gətirilsin. Bir dəfə Bəy Türkiyəyə səfər etmişdi. Asim Mollazadə isə deyirdi ki, Bəy sadəcə gəzməyə gedib. Bəy isə bu sözlərə cavab vermişdi: “Asimin başa düşdüyü şey deyil mənim Türkiyəyə niyə getdiyim. Hələ o, bunu anlamayacaq.”

— Bəziləri “Bütöv Azərbaycan” ideologiyasını yanlış sayır, hətta “Bütöv Azərbaycan yolu” kitabını cəfəngiyyat adlandırır və tariximizin təhrif olunduğunu iddia edirdilər. Bu fikirlərə münasibətiniz necədir?

Onlar yalnız bu gün üçün yaşayan, maddiyyatla düşünən adamlardır. Tarix təhqir və böhtanların cəzasını verəcək, cəmiyyət isə hər kəsin əsl qiymətini verəcək. Elçibəyin “Qarabağın yolu Təbrizdən keçir” deməsi zamanla öz təsdiqini tapdı. Təbrizlilər ayağa qalxmadımı? Qalxdılar, əlbəttə! Bunu da hər kəs gördü.

— Bəy “Çox yaxın vaxtlarda Güney Azərbaycan azad olacaq” deyirdi. Bu, niyə reallaşmadı?

Olacaq, inşallah. Bəlkə də üç il çəkməz. Hər şeyin zamanı var.

— Bu gün yaranan gərginlik fonunda İranın vurulması daha məqsədəuyğundur, yoxsa vurulmaması?

Elə məsələlər var ki, onlar bizim daxili siyasətimizə aid deyil. Bu gün İran Prezidenti Məsud Pezeşkian şeir deyir, amma diqqətlə baxanda görürsən ki, bu şeirlərin içində xalqın fəryadı var. Səhriyar bu misraları təsadüfən yazmayıb, xalqı oyatmaq üçün yazıb. Burada söhbət təkcə İrandan getmir. Şimali Koreyada, Çində və başqa ölkələrdə də bu cür hallar müşahidə olunur. Belə rejimlər gec-tez dağılacaq. İran özünü İslam dövləti adlandırır, amma qanunsuz edamlar həyata keçirir. Bu necə ola bilər? Bu, həm ədalət anlayışı ilə ziddiyyət təşkil edir, həm də gülünc görünür. Zülm üzərində qurulan heç bir sistem sonda davamlı olmur – zülmlə abad olan, sonda bərbad olar.

-Bəy yaşasaydı, Təbrizə bomba atan İsraili müdafiə edərdi, yoxsa İsraili yerlə yeksan edən İranı?

-Bəy ümumiyyətlə zülmün əleyhinə idi, çünki ortada günahsız insanlar var. Onun üçün kimsənin kimliyi önəmli deyildi. Türkiyəli siyasətçi Ümid Özdağ bir dəfə demişdi: “Fələstinlilər bizdən deyil.” Allah rəhmət eləsin, Möhsün Yazıçıoğlu bəyin dəfinə də gəlmişdi. Xəstəxanada demişdi: “Təkcə türk olduğum üçün yox, harada bir məzlum varsa, mən onun yanındayam.”

— Hazırda hökumətin Elçibəyə münasibətinu necə qiymətləndirirsiniz? Əvvəllər deyəsən, sərt idi, ancaq “Eks-prezidentlərin statusu haqqında” yeni qanun qəbul edildi. Bundan sonra necə, sizcə, müsbət bir dəyişiklik oldumu?

Hökumətin Elçibəyə münasibəti əvvəlki illərlə müqayisədə müəyyən qədər dəyişib. Əvvəllər bu münasibət daha sərt və soyuq idisə, “Eks-prezidentlərin statusu haqqında” qanunun qəbulu dönüş nöqtəsi oldu. Bu, müsbət addımdır və Elçibəyin dövlətçilikdəki rolunun rəsmi tanınması baxımından önəmlidir. Bəy artıq liderdir və çox işlərin möhürünü vurub.

Amma məncə, hələ görüləsi işlər çoxdur. Onun ideyalarının və xidmətlərinin daha geniş şəkildə dəyərləndirilməsinə ehtiyac var.

Bəzən elə məsələlər olur ki, deməmək daha yaxşıdır. Hələ bu işlər görülməyib, amma zaman gələcək və yoluna düşəcək. Bu gün bizim torpaqlar azad olunub, dəhlizlər açılır və Azərbaycan dünya arenasında tanınır. Necə ki, Bəy deyirdi, Azərbaycan strateji əhəmiyyətə malik “göbək zonasıdır.”

“Elçibəylə bağlı xatirələrimi yazacam”

— Uzun müddət Bəyin köməkçisi olmusunuz? Nə zamansa Bəyin yanında gördüyünüz insanlarla bağlı maraqlı hadisələri qələmə almaq fikriniz varmı?

İnşallah, tezliklə bu barədə yazmaq fikrindəyik. Bu cür hadisələr çox olub və illər keçsə də unudulmayan xatirələr var. Onları sözlə tam ifadə etmək çətindir, sadəcə indi zamanı deyil.

— Niyə Elçibəyin adını daşıyan bir təşkilat, araşdırma mərkəzi qurmadınız?

-Bəy rəhmətə gedəndən sonra biz Türkiyədən bir qədər dəstək istədik. Dedik ki, bəyin kirayədə qaldığı evi alaq və oranı “Elçibəy Ocağı”na çevirək.

Orada müxtəlif insanları da cəlb etmək istəyirdik. Məsələn, rəhmətlik Miryəhya, mən, bacım, Səadət xanım və digər yaxınlar — kimlər var idisə.

Fikir belə idi ki, hər kəs oturub müəyyən materialları, sənədləri, xatirələri toplayaraq xalq üçün bir töhfə yaratsın. Məqsədimiz bu irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək idi. Təəssüf ki, buna icazə vermədilər, qoymadılar…

“Həkim dedi ki, vaxtında gətirsəydiniz, bəlkə də on il daha yaşayardı”

— Təxminən 6 il qabaq bir müsahibənizdə demişdiniz ki, Bəy xəstəlik aşkarlanan vaxt imkansızlıq ucbatından Almaniyaya gedə bilmədi. Səfər və müalicə üçün lazım olan 40 min avro tapılmadı. Amma bəy ölümündən sonra MHP başqanı Devlet Bahçeli tərəfindən Bəyin 150 min dollarlıq borcunu bağladığı bildirildi. 40 min avro üçün niyə Türkiyəyə, Bəyin dostlarına müraciət etmədiniz?

Bəyin Türkiyədə dostu olmayıb və onun borcunu bağlayan da olmayıb. Bəyin necə dostları vardı ki, onu Gülhanə Xəstəxanasına qoymadılar? Niyə qoymadılar? Vəli Küçük Paşanın gözündən yaş tökülürdü, “Niyə qoymursunuz xəstəxanaya?” deyirdi. Həmin vaxt bu qərarı indiki CHP verirdi…

Heç kəsə borcu olmayıb, yüngül məsələ idi, özləri həll etdilər.

Biz Türkiyədə olanda bəy dedi ki, mən Adnan Menderesin oğlu Aydın Menderesi görməyə gedirəm. O, qəzada beli qırılmışdı. İnanırsınız, ora getmək üçün yalnız üç nəfər – bəy, mən və mühafizəçi – getdik, başqa heç kim tapılmadı.

Gülhanə xəstəxanasında bir həkim demişdi ki, bəyi vaxtında gətirsəydiniz, onu müalicə edə bilərdik və bəlkə də on il daha yaşayardı. Əgər o vaxt Ərdoğan hakimiyyətdə olsaydı, Elçibəy gözəl şəkildə müalicə olunub Azərbaycana qayıdardı.

— Yəni, bəyə heç bir dəstək olmadı?
— Qətiyyən, heç bir dəstək olmadı.

— Bəs orada kimlərəsə müraciət olunmadımı?
— Yaxşı məqama toxunduz. 2000-ci ildə bəy Türkiyəyə müalicəyə getmək istəyirdi. Mənə dedi ki, orada eks-prezident kimi qəbul olunmaq istəyir və səfir ilə əlaqə saxlayım, gəlsinlər və bəyə dəvət göndərsinlər. Amma səfir özü gəlmədi, sadəcə rəsmi cavab göndərdi. Sonra Məhmət Ceylan gəldi və bəyi apardı. O vaxt Türkiyə dəstək vermədi, həmçinin dostları da kömək etmədi. Müxtəlif səfirliklərdən bəyə dəvətnamələr gəlirdi, amma onları belə bəyə vermirdilər. Biz Amerikaya getmişdik. Bəyə çıxış üçün əvvəlcə 20 dəqiqə vaxt verdilər, sonra uzadaraq 40 dəqiqəyə çatdırdılar. Hamı təəccüb içində deyirdi: “Biz necə belə bir insanı itirmişik?” O vaxt bəy Türkiyə konqresində demişdi: “Siz bu fürsəti buraxsaz, bir daha belə şansınız olmaz.”

— Axı kim edirdi?
— Bilmirəm… Burada da, orada da vardı. Bəyi istəməyən o qədər adam vardı ki… Burada bir qısqanclıq da mövcud idi. Bəyin arasını çox adamlar vurmuşdular, hətta Dövlət Bağçalı ilə də. Halbuki Bağçalı ona “liderim” deyərdi və hörmətini saxlayardı. Bəzən yanında siqaret belə çəkmirdi. Ancaq bəziləri bəyə bu hörməti göstərmirdi. Bəy rəhmətə gedən gün elə həmin gün onu helikopterlə yola saldılar, bir gün belə qalmasına imkan vermədilər.

— Bundan sonra Azərbaycanda bəyin qiymətini və hörmətini necə görmək istərdiniz?
— Mən o mühiti səbirsizliklə gözləyirəm. Çox istərdim ki, tez-tez gənclərlə görüşüb onların fikirlərini dinləyim. Gənclərin bəyin ideyalarına hörmətlə yanaşmasını və onun dəyərini anlayıb gələcəyə daşıyacaqlarına inanıram.

Elçibəy hər zaman millətin azad olmasını istəyirdi. Bu günün siyasəti də onun uğurlarının davamıdır. O, qoyduğu təməl və ideyalarla bu gün də bizə yol göstərir.

— Xəstəxanada olarkən onu kimlər ziyarət edirdi?

Demək olar ki, xəstəxanada çox az adamlar ziyarətə gəlirdi. Yalnız yaxınları və ən sadiq dostları yanında olurdular.

        “Bəyin qohumlarının rəsmi qurumlarda işləməsi…”

— Bəziləri Bəyin qohumlarının rəsmi qurumlarında işləməsini, Elçibəyə yaxın təşkilatlarla əlaqələri kəsməsini qınayır. Sizcə qınaq haqlıdırmı? Bəyin qohumları onun siyasi xəttində olmalı idi?

Bəyin qohumlarının rəsmi qurumlarda işləməsi təbii haldır və bu, onun siyasi xəttindən uzaqlaşma demək deyil. Hər kəs öz yolu ilə irəliləyə bilər, amma bəyin əsas ideyaları və prinsipləri dəyişməz olaraq qalır. Qohumların siyasi xəttə bağlılığı şəxsi seçimdir, lakin bəyin ideyaları həmişə dəyərlidir.

— Elçibəyin yaratdığı təşkilatlar niyə dağıldı və o ideyaların üzərində yenidən nələrsə yaranacaqmı?

Bu, müxtəlif səbəblərlə bağlıdır: daxili parçalanmalar, lider çatışmazlığı, zamanın tələblərinə uyğunlaşa bilməmək və bəzən ideyaların düzgün daşıyıcılarının olmaması.

Amma bu o demək deyil ki, ideyalar ölüb. Əksinə, bu ideyalar bir düşüncə tərzi, yol xəritəsidir. Zamanı gəldikdə, mühit yetişdikdə, o ideyaların üzərində yenidən nələrsə cücərəcək.

Tarix göstərir ki, saf və xalqdan doğan ideyalar heç vaxt tam unudulmur. Gələcək nəsil mütləq öz sözünü deyəcək.

— Elçibəy dövründə mətbuatın sərbəstliyi və qəzetlərin tərəfsizliyi hansı səviyyədə idi? Bu yanaşma Azərbaycan mediasına nə dərəcədə təsir etdi?

Mətbuatın azadlığı və müstəqil fəaliyyəti demokratik cəmiyyətin əsas sütunlarından biridir.

Elçibəy daim mətbuata açıq bir insan idi. Hakimiyyəti dövründə mətbuat mövcud iqtidarı sərbəst şəkildə tənqid edə bilirdi. Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət göstərirdi və onun rəhbəri Sabir Rüstəmxanlı idi.

AXC sədri olduğu vaxtda isə “Azadlıq” qəzetini AXC-nin orqanı olmaqdan imtina etdirmişdi. Məqsəd, Azadlıq qəzetinin sərbəst və tərəfsiz mətbu orqan kimi fəaliyyət göstərməsini təmin etmək idi.

— Sonda yenə də bəydən danışaq…

Son günlərində ağrıları olsa da, yenə də Azərbaycan üçün yanırdı. Həmişə deyirdi ki, görülən işlər yarımçıq qaldı.

Dünyanın neçə prezidentini mənimlə görüşdürsələr, onlara bir saat, mənə isə beş dəqiqə vaxt versinlər — bu qısa müddətdə bəyin kim olduğunu xalqa və dünyaya sübut edə bilərəm. Çünki Bəy elə bir insan olub.

O, heç vaxt kiminsə sifarişi ilə iş görməzdi. Bəy mənə “Mürsəlin oğlu” deyirdi və çox alicənab insan idi.

Bəy həm demokrat, həm də çox kübar insan idi. Yanında olan hər kəsə hörmətlə yanaşırdı. Sözünü elə deyirdi ki, nə kəskin alınırdı, nə də yerə düşürdü. Çox gözəl danışırdı və onu dinləməkdən heç vaxt doymurdum.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyun 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see352

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see158

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see123

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see122

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see122

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see121

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see118

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

23 İyun 2025 19:02see117

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see116

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see115

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see114

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see114

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see113

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see113

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see113

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see113

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

23 İyun 2025 19:15see112

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see112

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri