Icma.az
close
up
RU
Gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsinə böyük ehtiyac var

Gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsinə böyük ehtiyac var

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 fevral, AZƏRTAC

Müasir dövrdə qloballaşma və informasiya cəmiyyəti quruculuğu fonunda hər bir ölkənin qarşısında bir sıra strateji vəzifə və tələblər durur. İnkişafın strateji məqsəd kimi müəyyənləşdirilməsi isə ayrı-ayrı sahələrin paralel tərəqqisini və XXI əsrin çağırışlarına adekvat cavab verməyi zəruri edir. Buna görə də milli dövlətlərin inkişaf konsepsiyasında milli tərəqqini təmin edən əsas faktor kimi strateji əhəmiyyətli sahələrə xüsusi diqqət yetirilməsi müəyyən olunur. Bu baxımdan təhsil və elm sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev AZƏRTAC-a Azərbaycan elmində mövcud vəziyyətdən, inkişaf istiqamətlərindən danışıb.

-Elnur müəllim bu gün elmdə gənclərin iştirakı bir alim kimi sizi qane edirmi?

-Gənclik cəmiyyətin enerjisini və dinamikasını təmin edən əsas qüvvədir. Bu gün gənclər orduda, dövlət idarəetməsində, elmdə, iqtisadiyyatda, o cümlədən elm sahəsində fəal şəkildə iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində ölkə gəncləri ilə bağlı belə qeyd edirdi: “Bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün ölkəmizi gücləndirir. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan gəncləri ölkəmizin taleyüklü məsələlərində aparıcı qüvvə kimi çıxış edirlər. Bu taleyüklü və strateji istiqamətlərdən biri də heç şübhəsiz ki, elm sahəsidir. Tam əminliklə qeyd etmək olar ki, gənclərimiz elm sahəsində istər respublika səviyyəsində, istər beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edirlər. Bu məqamda, istərdim əməkdaşı olduğum Şərqşünaslıq İnstitutunun gənclərlə bağlı gördüyü işlər haqqında bir neçə söz deyim.

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə ölkədə yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük işlər görür. İnstitut ötən onilliklərdə böyük inkişaf yolu keçmiş, zəngin ənənələri olan elm müəssisəsi kimi tanınmışdır. Çoxillik fəaliyyəti dövründə Şərqşünaslıq İnstitutu yalnız respublikamız üçün deyil, qonşu Gürcüstan, İran, Körfəz ölkələri, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla başa vurub.

Şərqşünaslıq İnstitutunun gənc alimlərinin elmi və ictimai fəaliyyətdə xüsusi seçildiklərini, institutun Gənc Alim və Mütəxəssislər Şurasının 5 üzvünün fəlsəfə doktoru olduğunu, bir neçə gəncin də yaxınlarda müdafiə etdiklərini və ya müdafiə ərəfəsində olduğunu xüsusilə qeyd etmək lazımdır.

Bu gün institutumuzda Azərbaycan Respublikasının elm siyasətinin sistemli şəkildə həyata keçirilməsində, səmərəli, aktual və ölkəmiz üçün əhəmiyyət kəsb edən elmi tədqiqatların aparılmasında, eyni zamanda, gənc elmi kadrların hazırlanmasında böyük işlər görülür. Burada gənc əməkdaşların püxtələşməsi, təcrübə toplaması və inkişafı üçün böyük imkanlar yaradılır.

-Xarici ölkələrə gedən alimlərimiz dünyaya elmi potensialımızı nümayiş etdirə bilirlərmi?

-Sirr deyil ki, istənilən ölkənin inkişafı həm də onun elmi-texniki tərəqqisinin səviyyəsi ilə ölçülür. Artıq dünyada get-gedə daha çox insan zehni əməklə məşğuldur. Ölkədə elmin müxtəlif istiqamətlərdə inkişafı sayəsində əhalinin rifahı yüksəlir. Elm ocaqları iqtisadi inkişaf meyillərini nəzərə almaqla, zəmanənin çağırışlarına adekvat fəaliyyət göstərmək iqtidarında olanda ölkə dünya arenasında aparıcı mövqelərini daha əminliklə qoruyub saxlaya bilir.

Bu gün müxtəlif sahələri təmsil edən alimlərimiz beynəlxalq elmi konfranslarda və tədbirlərdə iştirak edirlər. Son beş ildə bu fəaliyyət daha aktiv fazaya keçib. Amma bu sahədə müəyyən nöqsanlara da rast gəlmək mümkündür. Əlbəttə, bu gün ölkədə həyata keçirilən uzaqgörən, məqsədyönlü, milli maraqların qorunmasına və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində respublikada iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər sahələrdə yüksək inkişafa nail olunub. Azərbaycanda elmin inkişafına da kifayət qədər dövlət qayğısı var. Buna baxmayaraq, yüksək reytinqli elmi nəşrlər və istinadlar sahəsində, xaricdə patentləşmiş və tətbiq olunmuş nəticələr istiqamətində ciddi çatışmazlıqlar mövcuddur. Fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin qarşısında dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq aləmdə tanınmaq kimi vacib məsələlər durur. Elmi tədqiqatlar Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni-mənəvi sahələrdəki vəzifələri ilə səsləşməli, elmi biliklərin cəmiyyətin təkamülündə rolu, yeri əsas strateji hədəfə çevrilməlidir. Azərbaycan alimləri həm də elmimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyətə üstünlük verməlidirlər.

-Əməkhaqqının azlığı və mənzillə təmin olunmamaları gənc alimlərin ən böyük problemləridir, bu istiqamətdə nə kimi işlər görülür?

-Son illərdə ölkəmizdə müxtəlif sahələrin, xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir, vətəndaşların sosial şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı müəyyən addımlar atılır.

Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu nəzərə alaraq deyə bilərik ki, dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlılıq təşkil edir. Alim və mütəxəssislərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mədəni-kütləvi və populyar elmi-praktik tədbirlərinin təşkili nəinki mühüm, hətta strateji əhəmiyyətə malikdir.

Bəli, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsinə böyük ehtiyac var. Doğrudur, alimlərin, xüsusən də gənc alimlərin əməkhaqlarının artırılması büdcə ilə bağlı məsələdir. Amma istənilən halda, bu sahədə nə qədər stimullaşdırıcı tədbirlər həyata keçirilsə bir o qədər elmimiz inkişaf edər. Stimullaşdırıcı tədbir kimi gənc alimlərin mənzillə təmin olunmasını qeyd etmək olar. Bundan başqa, göstərdiyi fəaliyyətin miqyasına və dərəcəsinə görə mükafatların verilməsi və əlavə maddi təminatların ödənilməsi də gənclər arasında elmə marağı artıra bilər.

Azərbaycan elminin inkişafı və akademiyanın fəaliyyətinin daha səmərəli təşkilində vacib rola malik olan əməkdaşların, alim və mütəxəssislərin əməyini qiymətləndirmək, maddi-sosial problemlərini həll etmək, o cümlədən asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə onların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməsi məqsədəmüvafiqdir.

-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

-Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsi olduqca vacib bir məsələdir. Düzdür, dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir. Bu proqramlar çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və biliklərini paylaşması zəruridir. Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiyanın vacibliyini də xüsusi ilə qeyd etmək lazımdır. Xaricdə yaşayan alimlərimizdən gözləntilər çoxdur. Bundan əlavə, gənc doktorantların 1 və ya 2 illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmalarında da fayda var. Nəzərə almaq lazımdır ki, xaricdə yaşayan soydaşlarımızın hər birinin uğuru bizi sevindirir. Onlara əsas tövsiyəm isə dövlətə töhfə vermələri və əldə etdikləri beynəlxalq təcrübələrini bölüşmələridir.

-Gənc alimlərin beynəlxalq jurnallarda çap olunması istiqamətində nə kimi dəstək göstərilir?

-Müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri nüfuzlu beynəlxalq elmi bazalarda (Web of Science və Scopus) indekslənən jurnallarda məqalələrin nəşri hesab olunur. Ona görə də hazırda AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın sürətləndirilməsi ilə bağlı mühüm tədbirlər təşkil edir.

Akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə AMEA Rəyasət Heyəti “AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” 2024-cü il 22 fevral tarixli qərar qəbul edib. Qərara əsasən, AMEA əməkdaşları üçün nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən nəşrlərdə dərc olunmuş elmi işlərə görə, həmçinin il ərzində ən çox məqalə nəşr etdirilən ilk üç yer üzrə mükafatlar təsis edilib, elmi müəssisə və təşkilat rəhbərlərinə müvafiq materialların ildə iki dəfə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinə təqdim edilməsi tapşırılıb. Xüsusilə gənc alim və tədqiqatçıların məqalələrinin nüfuzlu beynəlxalq bazalarda indekslənən jurnallarda nəşrinə böyük diqqət və dəstək göstərilir.

-Gənc alimlərimiz xarici ölkələrin elmi-tədqiqat müəssisələrində tədqiqat apara bilirlərmi?

-Bu gün Azərbaycanın gənc alim və tədqiqatçıları dünyanın istənilən qabaqcıl ölkələrində tədqiqat aparmaq iqtidarındadır. Azərbaycanın ölkə xaricində uğurlu elmi tədqiqatlar aparan bir çox təmsilçiləri var. Hazırda əksəriyyəti yaşadıqları ölkədə professor kimi tanınan bu alimlər müəyyən səbəblərdən xaricə üz tutsalar da, bu gün də Azərbaycanla əlaqəni kəsməyiblər. Onlar yaşadıqları ölkələrdə dünya miqyaslı elmi uğurlara imza atmaqla yanaşı, bununla həm də dövlətimizi xaricdə daha da yaxşı tanıda biliblər.

Buna misal olaraq ABŞ-ın Mərkəzi Florida Universitetinin professoru, kimyaçı Nazim Muradovu qeyd etmək olar. ABŞ-da öz elmi sahəsi istiqamətində tanınan alimlərdən hesab olunur. 50 patentləşdirilmiş ixtiranın müəllifi və həmmüəlliflərindəndir. İxtiralar əsasən dövrün ən prioritet mövzularından sayılan “Alternativ yanacaq” və ətraf mühitin təmizlənməsi ilə bağlıdır. Məsələn, dəniz səthinin neftdən təmizlənməsini, çirkli zavod tullantılarının zərərsizləşdirilməsi üçün Günəş enerjisindən istifadəni, dəniz suyundan hidrogen yanacağının, yaxud kənd təsərrüfatı tullantılarından bioyanacağın alınması metodları və sairə. Bəzi patentlər ABŞ və Yaponiya şirkətləri tərəfindən lisenziyalaşdırılıb.

Azərbaycanlı alim Nazim Muradovun rəhbərlik etdiyi alimlər qrupu NASA kosmik proqram çərçivəsində hidrogeninin alınması və istifadə olunması ilə bağlı bir sıra elmi-araşdırma layihələri üzrə mühüm nailiyyətlər əldə edib. Bu qrupun iştirakı ilə kiçik hidrogen (hidrogendən ABŞ kosmik proqramında geniş şəkildə istifadə olunur) sızıntılarının aşkarlanması üçün yeni sensor hazırlanıb.

Bu siyahıya Ukraynada fəaliyyət göstərən tibb elmləri doktoru, professor Vaqif Rəhmanov, qardaş Türkiyədə çalışan bioloq Tərlan Məmmədov, hazırda Almaniyada yaşayan doktor-mühəndis Rezo Əliyev və digərlərini əlavə etmək mümkündür.

-Elm sahəsinə qızlar çox gəlir, yoxsa oğlanlar? Bu nə ilə bağlıdır?

-Son 25 ildə elmdə xanımların sayı kifayət qədər artıb ki, bu bir tərəfdən müsbət, digər tərəfdən isə zərərli tendensiyadır. Elm sahəsində çalışanların 65 faizdən çoxu qadındır. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri vardır. Elm sahəsində maaşların digər sahələrlə müqayisədə nisbətən az olması gender balansını pozur. Daha dəqiq desək kişilər pul qazanmaq üçün başqa işlərə gedirlər və boş qalan yerlərə xanımlar gəlir. Daha sonra onlar ailə qurub, uşaq dünyaya gətirdikdən sonra elmdən soyuyurlar və zəncir qırılır. Elmdə bu qırılma olanda nəticələr aşağı düşür.

Elmi fəaliyyət kişilər üçün gəlirli, nüfuzlu fəaliyyət sahəsi hesab olunmadığı üçün qadınların orada çoxluq təşkil etməsi heç də müasir dövrdə elmi nailiyyətlərə söykənməli olan fəaliyyət sahələrinin, eləcə də bütünlüklə elmimizin inkişafında uğur sayıla bilməz.

Elmdə gender bərabərliyinin təmin edilməsi, elmi fəaliyyətlə məşğul olan kişilərin maddi-sosial rifahının yüksəldilməsi, tədqiqatların dərinliyinin və davamlılığının formalaşması üçün ciddi sosial-siyasi, elmi-strateji, iqtisadi və mənəvi stimullaşmaya ehtiyac var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri