Göydə “yükə” çevrilən azərbaycanlı rekordçu
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan bu torpaqlarda yolu kəsişmiş, taleyini bura bağlamış və azərbaycanlı kimliyi ilə tarixə düşmüş insanları ilə də fəxr edir.
“Cümhuriyyət”-in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasında bu dəfə hər bir kosmos aşiqinin qəlbində iz qoymuş bir şəxsdən -Musa Manarovdan bəhs edəcəyik. Bəlkə də çoxumuz uşaq ikən kosmonavt olmağı arzulamışıq. Ulduzlara uçmaq, yerin cazibəsindən xilas olub səmanın sonsuzluğunda süzülmək bir vaxtlar xəyallarımızın ən parlaq səhifəsi idi. Musa Manarov isə bu xəyalları gerçəyə çevirən nadir insanlardandır. Azərbaycanda dünyaya gəlmiş kosmonavt bizə göstərdi ki, ən yüksək zirvələr belə əzmkarlıq, zəhmət və inamla fəth edilə bilər.
Kosmosda ən çox vaxt keçirmiş 16-cı insan
Musa Manarovun kosmosda keçirdiyi ümumi vaxt 541 gün, 23 saat, 31 dəqiqə və 10 saniyədir. O, 7 dəfə açıq kosmosa çıxış edib və bu çıxışların ümumi müddəti 34 saat 23 dəqiqə təşkil edib. Bu nəticə ilə Musa Manarov kosmosda ən çox vaxt keçirmiş 16-cı insan olaraq adını tarixə yazdırıb.
Ulduzlara gedən yol
Musa Xiramoviç Manarov 1951-ci il martın 22-də Bakıda, hərbi qulluqçu Xiraman Manarov və evdar qadın Əsvat Manarovanın ailəsində dünyaya gəlib. Milliyyətcə lak olan Manarovlar əslən Dağıstanın Mərkəzi Dağlıq bölgəsi olan Lakiya rayonunun Kumux kəndindən olublar. Atası Xiraman Manarov İkinci Dünya müharibəsinin iştirakçısı, peşəkar artilleriyaçı olub. O, Moskva şəhərindəki Ali Artilleriya Akademiyasını bitirib və övladına hər zaman nümunə olan bir ata obrazı yaradıb.
Xidmət etdiyi hərbi hissələrdə tez-tez rotasiya olduğuna görə ailə dəfələrlə köçməyə məcbur olub. Musa Manarov doğma şəhəri Bakı ilə bağlı deyib:
“Bayılda, Krupskaya adına doğum evində doğulmuşam. Sonra ailəmiz köçdü. Atam hərbçi olduğu üçün biz tez-tez yaşayış yerimizi dəyişirdik. Maraqlı təsadüfdür ki, həyat yoldaşım da, qızım da həmin doğum evində dünyaya gəlib. Həyat yoldaşım Nailə xanım Azərbaycan Tibb İnstitutunu bitirib və uzun illər Bakıda yaşayıb. Biz Bakıda tanış olub ailə qurduq. Bakı mənim üçün sadəcə doğulduğum şəhər deyil. Burada ailə qurmuşam, xatirələrim var, bu şəhərin mənim üçün xüsusi yeri var”.
Manarovun məktəb həyatı Xarkovda başlayıb. Ailəsi onun doğulmasından az sonra Xarkova köçüb. Orada səkkizillik məktəbi bitirib, onuncu sinfi isə Çuvaş Respublikasının Alatır şəhərində oxuyub və qızıl medalla başa vurub. Gənclik illəri əsasən Alatırda keçib. Bu, atasının son xidmət yeri olub. Musa Manarov beşinci sinifdən etibarən radio mühəndisliyinə maraq göstərməyə başlayıb. Bir neçə radio qəbuledicisi yığıb və bu texniki bacarıqları gələcəkdəki peşəsinə doğru ilk addımlar kimi yadda qalıb. Məktəbdə ən sevdiyi fənn isə fizika olub, bu da onun gələcəkdə ulduzlara doğru yol alacağının ilk işarəsi idi.
1968-ci ildə ali təhsil almaq üçün Moskvaya üz tutub və Moskva Aviasiya İnstitutunun uçuş aparatlarının radioelektronika fakültəsinə qəbul olunub. O, tələbəlik illərində yalnız elmə yox, idmana da maraq göstərir, fəal həyat tərzi keçirib. 1974-cü ildə institutu fərqlənmə ilə bitirərək mühəndis ixtisası alır və dərhal əmək fəaliyyətinə başlayır. 1974-1978-ci illərdə “Energiya” Elmi-İstehsalat Birliyində mühəndis vəzifəsində çalışır. Bu dövrdə onun elmi-texniki bilikləri, diqqət və məsuliyyəti ilə seçilməsi gələcək kosmonavt karyerasına açılan qapı olur. 1978-ci ildən etibarən isə Manarov SSRİ-nin kosmonavtlar dəstəsinə qəbul olunur və 1992-ci ilə qədər bu komandada xidmət edir. Kosmik karyerası boyunca iki böyük uçuş həyata keçirir.
1979-1982-ci illərdə SSRİ-nin mühüm “Buran” proqramı çərçivəsində kosmonavt hazırlığı keçir və qapalı layihələrdə iştirak edir. 1987-ci il dekabrın 21-də isə onun həyatı və kosmik tarix üçün önəmli bir gün gəlir. Həmin tarixdə Musa Manarov “Soyuz TM-4” kosmik gəmisində, "Salyut" orbital kompleksi və “Mir” orbit stansiyası çərçivəsində ilk böyük uçuşuna başlayır. O, bu missiyada Vladimir Titov və Anatoli Leçenko ilə birlikdə bort mühəndisi kimi fəaliyyət göstərir.
Kosmosda dünya rekordu
Kosmosda keçirdiyi bu missiya düz bir il – 365 gün 23 saat davam edir. Yerə qayıdış isə “Soyuz TM-6” kosmik gəmisi ilə baş tutur. Bu uçuş zamanı Manarov tərəfindən kosmosda fasiləsiz qalma müddəti üzrə dünya rekordu müəyyən olunur. Təkcə texniki peşəkarlığı deyil, göstərdiyi yüksək iradə, soyuqqanlılıq və fədakarlığı ilə də seçilir. Elə buna görə də 1988-ci il dekabrın 21-də Musa Xiramoviç Manarov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülür.
Bu, təkcə onun deyil, həm də onun doğulub boya-başa çatdığı torpağın – Azərbaycanın da fəxri idi. 1988-ci il fevralın 26-da Musa Manarov və Vladimir Titov açıq kosmosa çıxaraq burada 4 saat 25 dəqiqə çalışırlar. Bu mühüm tapşırıq uğurla yerinə yetirilir və onların peşəkarlığı, fiziki və psixoloji hazırlığı bir daha sübut olunur. O dövrlərdə kosmik missiyaların arxasında dayanan, onların təhlükəsiz və müvəffəqiyyətli həyata keçirilməsində mühüm rol oynayan simalardan biri də azərbaycanlı general-leytenant Kərim Kərimov idi.
O, düz 25 il ərzində SSRİ-də həyata keçirilən bütün pilotlu kosmik uçuşlara rəhbərlik etmiş, Dövlət Komissiyasının sədri kimi hər bir kosmik ekipajı şəxsən kosmosa yola salmışdı. Kosmonavtlar uçuşdan əvvəl məhz ona raport verir, Yerə enişdən sonra isə hesabatlarını birbaşa ona təqdim edirdilər. Musa Manarov həmin illəri belə xatırlayıb:
"Kərim Kərimov çox mehriban, ziyalı və alicənab idi. Uçuşlar zamanı aramızda elə də yaxın ünsiyyət olmurdu, rütbələrimiz fərqli idi və bu sahədə səmimilik bir qədər qeyri-rəsmi sayılırdı. Amma uçuşdan əvvəl və Yerə qayıtdıqdan sonra gördüyümüz işləri ona məruzə edirdik. Daha sonra, rəsmi olmayan görüşlərdə onunla daha yaxından tanış olmaq fürsəti əldə etdim. Sözün əsl mənasında öz işinin ustası və kosmonavtikanın əsl vətənpərvəri idi. Bakı haqqında böyük sevgi ilə danışırdı".
1991-ci il yanvarın 7-də Musa Manarov və Viktor Afanasyev növbəti dəfə açıq kosmosa çıxırlar. Bu çıxış düz 5 saat 18 dəqiqə davam edir. Onlara kosmik modulun qapısında yaranmış problemi aradan qaldırmaq tapşırığı verilir. Əvvəlcə boltları sökərək zərbə nəticəsində yerindən çıxmış rulonu dəyişdirir, ardınca isə bütün kranşteyni yeniləri ilə əvəz edirlər.
İlk "yük" elə Musa Manarovun özü olur
Yanvarın 23-də isə bu ikili yenidən açıq kosmosa çıxır. Bu dəfə onların qarşısında daha yaradıcı bir vəzifə durur: yük kranını quraşdırmaq və onu sınaqdan keçirmək. Maraqlısı budur ki, sınaq zamanı ilk "yük" elə Musa Manarovun özü olur. Viktor Afanasyev təkərləri çevirərək onu "yerə" və geri "qaldırır" – kosmik ölçülərdə sadə görünən, amma mühəndislik baxımından son dərəcə vacib bir təcrübə idi. Ümumilikdə Musa Manarov kosmik missiyaları zamanı 7 dəfə açıq kosmosa çıxır. Bu çıxışların ümumi müddəti 34 saat 23 dəqiqəyə çatır – insanın öz fiziki və psixoloji imkanlarını aşdığı, əsl iradə və zəka mübarizəsi. Tarixdə ilk dəfə olaraq Yer kürəsinin orbitində eyni anda 12 nəfər insan olur.
Bu tarixi anın iştirakçıları arasında Musa Manarov da yer alır. SSRİ-dən G. Manakov, G. Strekalov, V. Afanasyev, M. Manarov; Yaponiyadan T. Akiyami; ABŞ-dan isə V. Brand, G. Gardner, D. Hoffman, D. Laundj, R. Parker, S. Darrans və R. Paris. İkinci kosmik missiyadan sonra Musa Manarovun bədəni yerin cazibəsinə uyğunlaşmaqda çətinlik çəkir. İki ay ərzində ayağa qalxa bilmir, uzun müddət müalicə alır. Bu səbəbdən kosmonavtlar dəstəsindən ayrılmaq qərarı verir, həm fiziki, həm də emosional baxımdan çətin, amma zəruri bir seçim:
"Ən çox yadımdan çıxmayan hiss çəkisizliyə qəfil keçidin yaratdığı duyğudur. Amma o anda əsas diqqət işdə olur: antenalar açılıb ya yox, onu yoxlayırsan. Hisslərə vaxt yoxdur. Ancaq iş bir az yüngülləşəndə düşünməyə vaxt tapırsan. Bir dəfə kosmosa çıxanda, elə bil özünü kurortda hiss edirdim.
Uçuşdan əvvəl son günə qədər həkim nəzarətində idim. Tək qorxum o idi ki, birdən məni əvəzləyərlər, ya da start zamanı texniki problem çıxar, uçuş ləğv olunar. Stansiyaya ilk dəfə daxil olanda, bədənim sanki hər şeyə qarşı müqavimət göstərirdi, elə bil stansiya yellənirdi. Amma sonra hər şey öz yerini tapdı. Stansiya indi mənə bu otaq qədər sabit görünür".
O, ilk kosmik missiyası zamanı bir il orbitdə qalmalı idi:
"Düzünü desəm, axıra qədər inanmırdım ki, bu qədər davam gətirə bilərəm. Amma stansiyaya daxil olan kimi elə bil içimdəki enerji artdı. Məndən əvvəl Yuri Romanenko uçmuşdu və 300 günə yaxın qalmağı bacarmışdı. Mən isə bunu keçdim".
Yerə qayıdış da elə bir sınaq olub:
"İlk hiss – nəhayət, yenidən Yer üzündəyəm! Amma cazibə qüvvəsi sanki məni yerə sıxırdı. Yeriyəndə ürəyim daha sürətlə döyünürdü. Həkimlər deyirdilər ki, mümkün qədər çox uzan, az hərəkət et. Bu hisslər uzun müddət keçmirdi".
Kosmonavtlıqdan sahibkarlığa
Bu xatirələr təkcə kosmik həyatın texniki tərəfini deyil, onun insani və hissi ölçüsünü də ortaya qoyur. Musa Manarovun sözlərində həm fədakarlıq, həm də böyük bir həyat təcrübəsinin izi var. 1992-ci ildə Musa Manarov kosmonavtlar dəstəsindən ayrıldıqdan sonra sahibkarlıq fəaliyyətinə başlayır. Cihazqayırma sahəsində ilk addımlarını atan Manarov 1992–1995-ci illərdə "MKOM" MMC-nin baş direktoru olur. 1995-ci ildə "Xüsusi inteqral şəbəkələr" ASC-nin direktoru vəzifəsinə təyin olunur.
Onun ictimai-siyasi fəaliyyəti də diqqət çəkicidir. 1990–1993-cü illərdə RSFSR-in xalq deputatı olur, 2007-ci ildə isə yenidən Rusiya Dövlət Dumasına seçilir. Parlamentdə Müdafiə Komitəsinin üzvü və Dövlət Dumasının Federasiya Büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri üzrə komissiyasının üzvü olub. O, həmçinin Rusiya Dövlət Dumasının V çağırış deputatı kimi fəaliyyət göstərib və Moskva Ciu-citsu və kobudo federasiyasının idarə heyətinə rəhbərlik edib.
Uzun fasilədən sonra yenə Bakı
2013-cü ilin dekabrında, uzun illərdən sonra Musa Manarov Bakıya gəlir. Bu dəfəki səfərin səbəbi ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” adlı sərgisinin dünya premyerasının açılışında iştirak etmək olur. Bakıya olan sevgisini belə ifadə edir: "Azərbaycanın inkişaf etməsi həmişə məni maraqlandırıb. Uzun müddət ərzində azərbaycanlı gənclərin baxışları yerin altına – neft qatlarına yönəlmişdi. Azərbaycanlı neftçilər artıq onilliklərdir ki, zəhmətləri ilə tanınırlar. Amma indi vəziyyət dəyişib. Azərbaycanın ilk peyki kosmosa buraxılıb. Mənə elə gəlir ki, indi bir çox gənclər baxışlarını yuxarıya – səmalara yönəldəcəklər. Bu sərgi də bu baxışın formalaşmasına yardım edəcək. Elə güman edirəm ki, uzaq olmayan gələcəkdə yanımızda bir çox azərbaycanlı kosmonavtlar olacaq". Manarov Bakı haqqında duyğularını da gizlətmirdi:
"Bakı mənim üçün bir mədəniyyətdir. Bu şəhərlə bağlı çox maraqlı xatirələrim var. Tələbə vaxtı tez-tez gəlirdim, qohumlarımız burada yaşayırdı. Biz Moskvada idik. 70-ci illərin sovet Bakısı ilə Moskva arasında böyük fərq hiss olunurdu. İndi isə sosializmlə kapitalizm arasındakı fərq kimi fərqlər var. Bakı indi daha da gözəlləşib, biznes üslubu əlavə olunub. Alov Qüllələri tikilirdi, möhtəşəm layihədir. Bayraq Meydanı da çox xoşuma gəldi".
Kosmonavt ailəsində Novruz bayramı xüsusi qeyd olunur, çünki onun doğum günü bu bayramla üst-üstə düşür. Musa Manarov Azərbaycan mədəniyyətinə, xüsusən də musiqisinə böyük sevgisini belə ifadə edir:
Hazırda 74 yaşında olan Musa Manorov yalnız kosmonavt olaraq deyil, eyni zamanda əzmkarlıq və iradə ilə həyatına yön verənlərin simvoluna çevrilib. Manarovun həyatı həm kosmosun sonsuzluğunu, həm də yerdəki dəyərləri qiymətləndirməyi öyrədir.
Səbinə Uğur
"Cebheinfo.az"


