Icma.az
close
up
RU
Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İranda 2025-ci ilin dekabrından etibarən təkrarlanaraq 2026-cı ilin yanvarında daha da kəskinləşən köhnə problemlərin yeni dalğası - etirazlar ölkənin bir sıra şəhər və əyalətlərinə yayılıb. Bahalaşma, milli valyutanın sürətlə dəyərdən düşməsi və sosial rifahın pisləşməsi fonunda küçələrə çıxan insanlar artıq təkcə iqtisadi deyil, açıq siyasi tələblər də irəli sürməyə başlayıblar. Vəziyyət o yerə gəlib çıxıb ki, etirazçılarla təhlükəsizlik qüvvələri arasında insidentlər yaşanır. Ötən günlərdə çoxlu sayda yaralı və saxlanılanlar olub, etirazçılarla təhlükəsizlik qüvvələri arasında artıq itkilər də qeydə alınıb.

İran küçələrində hətta şah rejimini tələb edən şüarlar belə səslənir. Halbuki mövcud iqtidar məhz devrilən şah rejiminin üzərində qurulmuşdu. Bəs etiraz aksiyalarının nəticəsi necə olacaq? Gedişatı necə qiymətləndirmək olar?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan komissiyasının keçmiş rəhbəri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz bildirib ki, İranda baş verən hazırkı prosesləri dərindən təhlil edəndə görərik ki, etirazlar mahiyyətcə keyfiyyət dəyişikliyinə keçib:

- İranda etirazlar artıq klassik "iqtisadi narazılıq" mərhələsini arxada qoyub. Son dalğada üç mühüm dönüş var.

Əvvəla, tələblərin siyasiləşməsi - maaş, inflyasiya, işsizlik kimi səbəblər hələ də var, amma əsas şüarlar artıq rejimin legitimliyini hədəfə alır. İkincisi, tarixi paradoks - şah rejiminin bərpasını istəyən şüarların səslənməsi İslam Respublikasının ideoloji əsasını birbaşa sarsıdır. Çünki bu rejim "şaha qarşı inqilab" üzərində qurulmuşdu. Üçüncüsü, qorxu baryerinin aşılması, etirazçılarla təhlükəsizlik qüvvələri arasında itkilərin olması, cəmiyyətin artıq "geri dönüş qorxusunu" itirdiyini göstərir. Bu isə çox kritik mərhələdir.

- "Şah istəyi" nə deməkdir?

- Burada bir incəliyi ayırmaq lazımdır. Bu şüarlar konkret Pəhləvi rejiminə sevgi deyil, daha çox, mövcud rejimə qarşı radikal etiraz forması, "indiki sistemdən istənilən alternativ daha yaxşıdır" düşüncəsi və dünyəvi, ideoloji olmayan dövlət arzusunun simvolik ifadəsidir. Yəni bu, nostalji yox, ümidsizliyin səsidir.

- İqtidarın imkanlarını necə dəyərləndirmək olar?

- İslam Respublikası hələlik üç dayağa söykənir. Təhlükəsizlik aparatı (SEPAH, "Bəsic", polis), institusional təcrübə (etirazları parçalamaq bacarığı) və müxalifətin təşkilatsızlığı. Amma zəif cəhətlər də dərinləşir. Məsələn, iqtisadi iflas, ideoloji inandırıcılığın itməsi, etnik və regional narazılıqların üst-üstə düşməsi (xüsusən Güney Azərbaycan, Kürd bölgələri, Bəlucistan) və gənc nəslin rejimlə heç bir emosional bağının olmaması.

- Qısa və ortamüddətli ssenariləri necə görürsünüz?

- Qısa müddətdə rejim sərt güc tətbiq etməklə etirazları fiziki olaraq zəiflədə bilər, amma bu, problemi həll etməyəcək, sadəcə, təxirə salacaq. Orta müddətdə isə (bir-üç il) etirazlar dalğavari şəkildə qayıdacaq, hər dəfə daha siyasi, daha radikal və daha koordinasiyalı olacaq, rejim daxilində parçalanma ehtimalı artacaq. Ümumiyyətlə, İranda baş verənlər artıq sadəcə, etiraz deyil, bu, legitimlik böhranıdır. İtkilərin qeydə alınması isə onu göstərir ki, proses ya sistem daxilində sərt avtoritarlaşmaya, ya da uzunmüddətli, ağrılı transformasiyaya aparacaq. Bu mənzərədə ən təhlükəli şey rejim üçün ümidsiz, qorxusuz və ideologiyasız gənclikdir.

- Bəs Güney Azərbaycanın hazırkı İran etiraz prosesində rolu nədir?

- Bu rol kənar və ya ikinci dərəcəli deyil, əksinə, bu prosesin strateji ağırlıq mərkəzlərindən biri olmağa doğru gedir. Bunu bir neçə əsas müstəvidə izah etmək olar. Birincisi, demoqrafik və coğrafi faktordur ki, Güney Azərbaycan İran əhalisinin ən azı 50-55 faizini təşkil edir, ölkənin şimal-qərb iqtisadi arteriyasını (Təbriz-Gilan-Ərdəbil-Urmiya-Həmədan-Zəncan-Qəzvin xətti) nəzarətdə saxlayır, Türkiyə, Azərbaycan Respublikası və dolayısı ilə Avropa ilə yeganə sabit quru bağlantı zonasına malikdir. Bu o deməkdir ki, Güney Azərbaycanın passiv qalması belə rejim üçün riskdir, aktivləşməsi isə oyunun qaydalarını dəyişir.

İkincisi isə etirazların milli məzmun qazanmasıdır. Son illərin etirazları göstərir ki, Güney Azərbaycanda narazılıq təkcə iqtisadi deyil, milli-linqvistik və kimlik əsaslıdır. Şüarlarda və aksiyalarda ana dili tələbi, yerli idarəçilik, mərkəziyyətçiliyə etiraz getdikcə daha açıq səslənir. Bu, İran rejimi üçün ən həssas xətdir, çünki sinfi etirazlar danışıqlar və subsidiyalarla zəiflədilə bilər, milli tələblər isə legitimlik problemini dərinləşdirir. Güney Azərbaycanda etirazlar, adətən, daha kollektiv, daha intizamlı və uzunmüddətli yaddaşa malik olur. Xüsusən də 2006-cı il "Karikatura hadisələri", 2018 və 2022-ci il aksiyaları milli səfərbərliyin potensialını göstərib.

Hakimiyyət yaxşı bilir ki, Təbriz qalxarsa, bu, sadəcə, bir şəhər aksiyası deyil, zəncirvari reaksiyadır. İllərlə tətbiq olunan model isə Güney Azərbaycanla Tehran mərkəzli müxalifəti bir-birindən ayırmaq idi. Amma hazırda iqtisadi böhran bütün ölkəni bürüyüb, mərkəzi müxalifət də rejimə inamını itirib, Güney Azərbaycan artıq tək qalmadığını hiss edir. Bu sinxronluq çox təhlükəli kombinasiyadır.

Nəticə olaraq deyə bilərəm ki, Güney Azərbaycan bu prosesdə nə "periferiya", nə də "əlavə faktor"dur. O, İranın gələcək siyasi xəritəsini müəyyən edə biləcək əsas subyektlərdən, bəlkə də, birincisidir. Əgər etirazlar uzunömürlü olarsa, Güney Azərbaycanın səsi ya yeni İran modelinin içində, ya da ondan kənarda öz yerini tapacaq.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri