Icma.az
close
up
RU
Gürcüstanın Müstəqillik Aktını imzalayan azərbaycanlı: Qamsaxurdiya etiraf etdi

Gürcüstanın Müstəqillik Aktını imzalayan azərbaycanlı: Qamsaxurdiya etiraf etdi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

9 aprel Gürcüstanın dövlət müstəqilliyi tarixinə həm faciəvi, həm də mühüm əhəmiyyətə malik gün kimi daxil olub. 1989-cu il aprelin 9-da sovet qoşunları Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıblar. Nəticədə əksəriyyəti qadın olmaqla 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Qanlı hadisələrdən düz iki il sonra 1991-ci il aprelin 9-da Gürcüstan SSR-nin Ali Şurası "Dövlət Müstəqilliyinin Bərpası Aktı"nı qəbul edib. Həmin il martın 31-də dövlət mütəqilliyi ilə bağlı keçirilən ümumxalq referendumunun nəticələrini əsas tutan sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və 1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub.

Aktı Gürcüstan Ali Şurasının deputatları və hökumət üzvləri imzalayıblar. Sənədi imzalayanlar arasında Ali Şuranın Marneulini təmsil edən üzvü Akif Həsənov da olub. O, mühüm sənədə "А.Гасанов" ("A.Həsənov") imzasını atmaqla Gürcüstanın müstəqilliyi tarixinə də adını yazmış olub.

Oxu.Az xəbər verir ki, "Teleqraf"ın yerli bürosunun əməkdaşı Marneulidə Akif Həsənovla görüşüb, ondan 34 il öncə Gürcüstanda baş verən proseslər və onun deputat kimi fəaliyyəti barədə ətraflı maraqlanıb.

Akif Həsənov 1952-ci ildə Marneulidə müəllim ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika fakültəsini bitirib. Təhsilini başa vurandan sonra Marneulidə müəllim kimi çalışıb, daha sonra yerli icra qurumlarında vəzifə tutub. Hazırda təqaüdçüdür, üç övladı və üç nəvəsi var.

Onunla müsahibəni təqdim edirik:

"Bütün Gürcüstanda dissident kimi tanınırdım"

- Akif müəllim, öncə Gürcüstan SSR-nin Ali Şurasına deputat seçilməyinizin qısa tarixçəsini danışmağınızı xahiş edirik.

- Azərbaycan Pedaqoji İnstitutunda yaxşı təhsil almışdım. Təyinatımı Ağcabədi rayonuna vermişdilər. Amma imtina etdim. Marneuliyə qayıtdım, beş-altı ay ərzində texniki-peşə məktəbində işlədim. Hərbi xidmətimi başa vurandan sonra qayıdıb yenə həmin məktəbdə 10 il çalışdım. Daha sonra icra strukturunda təlimatçı işlədim və mübarizəm də o zamandan başladı. Çünki haqsızlıqları yaxından görürdüm. Mən bütün Gürcüstanda dissident kimi tanınırdım. Marneulidə kiçikdən böyüyə hamı məni mübarizliyimə görə yaxşı tanıyırdı. Kəndləri bir-bir gəzirdim, tənqidi çıxışlar edirdim və ağacların arxasından məni izləyənlərin olduğunu görürdüm. Sonra məndən soruşurdular: "Birinci katibi necə tənqid edə bilirsən? Bəs sabah nə olacaq?". Mən çıxışlarımda tənqidlər edirdim, amma bütün tənqidlərim haqlı idi.

Ali Şuraya seçilməyim isə öz təşəbbüsümlə oldu. Həmin dövrdə haqsızlıqlar və qanunsuzluqlar baş alıb gedirdi. Sovet İttifaqının son illəri idi. Azərbaycanlıları, Borçalını parlamentdə təmsil edən olmalı idi. Sovet dövründə təmsil edən olsa da, bu, yalnız nomenklatura formasında idi. O zamanlar Marneuli rayonu üzrə doqquz seçki dairəsi var idi. Sonra qanunvericilik dəyişdirildi. Ali Şuraya seçkiləri 1990-cı il martın 25-nə təyin etmişdilər. Həmin qanunla parlamentə bizim bölgədən doqquz nəfər daxil olmalıydı. Lakin həmin qanuna dəyişiklik edildi və iki dairə saxladılar. Mənim partiya mənsubiyyətim yox idi, seçkiyə bitərəf namizəd kimi qatıldım. 21 namizəddən iki nəfər ikinci mərhələyə qaldı. O zaman gənc və enerjili idim. Sonadək mübarizə apardım və çox çətinliklə də olsa, 1990-cı ilin oktyabr seçkilərində qalib gələ bildim.

Hesablamalarıma görə, iki min səslə qalib gəlməli idim, amma 333 səs topladım. Bu da onunla bağlı idi ki, seçki məntəqələrinin birində mənim nümayəndəmi rəqibimin adamları ələ almışdı və o, səsvermə prosesinə nəzarət etməmişdi. Həmin kənd Kürtlər idi. Rəqibim o zaman "Sovet Gürcüstanı" qəzetinin redaktoru Süleyman Süleymanov idi. O, Kürtlər kəndindən idi. Mən nümayəndələrimə tapşırmışdım ki, məntəqədə səs-küy salınmasın. Kənddə səsverməyə 200-300 arası seçici qatılacaqdı. Siyahı üzrə 1600 seçici var idi. Hamısı yerliləri olan namizədə səs verdi.

Hələ namizəd olanda ən böyük müəssisə sayılan "Prodkombinat"ın direktoru milyonlarla pul təklif etdi ki, namizədliyimi geri götürüm. Bir epizod da danışım. Namizəd olduğum vaxtda bir həftəlik Moskvaya yollanmışdım. Bir gürcü mayoru məni izləməyə göndərmişdilər ki, bəlkə Moskvaya şikayətə getmişəm. Məni bundan xəbərdar etmişdilər. Mayoru çağırdım, gəldi. Onunla açıq danışdım, məni izlədiyi barədə məlumatlı olduğumu söylədim. Otaqdakı gənc təlimatçılar mayorla danışığıma çox təəccübləndilər, hətta mənə dedilər: "Siz nə etdiniz? KQB bizi uçuracaq".

Deputatlıq dövrüm 1990-1991-ci illəri əhatə edir. O dövrdə az iş görülmədi. Bir il ərzində respublikada dövlət müstəqilliyi ilə bağlı referendum keçirildi və seçicilərin böyük əksəriyyəti müstəqilliyin lehinə səs verdi. Daha sonra dövlət müstəqilliyi parlament səviyyəsində təsdiqləndi.

Qamsaxurdiyanın etirafı

- Müstəqillik aktının imzalandığı 9 aprel gününü necə xatırlayırsınız?

- Həmin gün hamıda yüksək əhval-ruhiyyə var idi. Müstəqilliyin əhəmiyyətini hamı yaxşı dərk edirdi. Çox məsuliyyəti gün idi. İmzalama gününün səhəri aktın nüsxəsini xatirə olaraq deputatlara təqdim etdilər.

- Akif müəllim, sənədə imzanızı rus dilində atmısınız.

- Özüm elə imza atdım ki, digərlərindən fərqlənsin. Gürcü dilini yaxşı bilmirəm. Ali Şuranın iclaslarında bütün qanun layihələri və sənədlər gürcü dili ilə yanaşı rus dilində də təqdim olunurdu. İclaslarda bütün çıxışların rus dilinə sinxron tərcüməsi təşkil edilirdi. Mən çıxışlarımı da bu dildə edirdim.

-1990-cı illərin əvvəllərində Gürcüstanda ağır vəziyyət hökm sürürdü. Siz həmin dövrü və Azərbaycanın dəstəyini necə xatırlayırsınız.

- Bəli, vəziyyət gərgin idi, Moskvanın hərbi nəzarəti var idi. Digər tərəfdən də Gürcüstanda kiçik millətçi təşkilatlar fəaliyyət göstərirdilər. Onlar da azərbaycanlılara qarşı idilər. Mən öz mühafizəmi də təşkil etmişdim. Nəinki özümün, əhalinin müdafiəsini də. Əhalini qorumaq üçün ov tüfəngləri ilə dəstələr yaradılmışdı. O dövrdə imkanlı şəxsləri qaçırırdılar, pul tələb edirdilər, fiziki təzyiqlər göstərirdilər. Dəstələr bütün kəndlərdə, rayon mərkəzində axşam düşəndən səhərə qədər əhalinin təhlükəsizliyinin keşiyində dururdular.

Azərbaycanın Gürcüstana dəstəyi əvəzsiz olub. Bu, Heydər Əliyevin sayəsində baş verdi. Baxmayaraq ki, Azərbaycanın özündə də vəziyyət ağır idi. Gürcüstanın da, Azərbaycanın da müstəqilliyi qan bahasına qazanıldı. Xatirimdədir, 20 Yanvar faciəsi törədilən zaman namizəd idim. Azərbaycana yardım göndərmək üçün təşkilatlandıq. Ərzaqdan tutmuş pal-paltarla dolu maşın karvanını Bakıya yolda saldıq. Topladığımız pulu da göndərdik.

-Akif müəllim, deputatlığınız Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın dövrünə düşüb. Onun azərbaycanlıların ölkəni kütləvi şəkildə tərk etməsinə gətirib çıxaran "Gürcüstan gürcülər üçündür" şüarını necə qarşılamışdınız?

- Mən hər həftə Qamsaxurdiya ilə görüşürdüm. Qapısı mənim üçün hər zaman açıq idi. Görüşü, tədbiri olsa belə, dayandırıb məni qəbul edirdi. O özü mənə etiraf etdi ki, millətçilik üzərindən hakimiyyətə gəlib, amma bu fikir onun fikri deyil. Onun azərbaycanlılara qarşı başqa bir çıxışı da olmuşdu. Mənə söylədi ki, xalqı ətrafında saxlamaq üçün mintinqlərdə belə fikirlər səsləndirir, azərbaycanlılara qarşı hər hansı bir ədavəti yoxdur. Qamsaxurdiya siyasət adamı deyildi və özü də bunu etiraf edirdi.

Azərbaycanlıların Gürcüstanı tərk etmələrinə gəlincə, bu proses daha əvvəl, kommunistlərin dövründə başlamışdı. Silahlı quldur dəstələri var idi. Vəziyyət gərgin idi və bir kibrit çöpü lazım idi ki, alovlansın. Bir az imkanı olanlar Azərbaycana getdilər. Dmanisidə, Bolnisidə dağlıq bölgələrdə yaşayanlar, təzyiqlərlə üzləşənlər ölkəni tərk etdilər. Öz istəyi ilə də gedənlər oldu. Geri qayıdanları da var.

Azərbaycanlıların yaşadıqları kəndlərin adlarının dəyişdirilməsi prosesi də elə həmin dövrdən başladı. 1989-cu ildə millətçi hərəkatı baş qaldıranda adları qeyri-qanuni yollarla gürcüləşdirdilər. Bizimkilərin əli, "sapı özümüzdən olan baltalar"ın köməyi də oldu. Proses heç bir sənəd olmadan baş verirdi. Deyirdilər, guya kənd toplantısının protokolları əsas götürülür.

"İcra orqanına nə göstəriş verirdimsə, yerinə yetirilirdi"

-Deputat kimi seçicilərinizdən aldığınız şikayətlər və müraciətlər əsasən hansı məsələlərlə bağlı olurdu?

- Müraciətlərin əksəriyyəti qanun pozuntuları ilə bağlı olurdu. Çoxu da millətçilik məsələlərindən irəli gəlirdi. İcra orqanlarına qanuna əsasən göstəriş verəndə itaətlə əməl edirdilər. İcra orqanına nə göstəriş verirdimsə, yerinə yetirilirdi. Haqsızlığı bərpa edirdilər, çünki məni yaxşı tanıyırdılar ki, məsələ həll olunana qədər əl çəkməyəcəyəm. Bilirsiniz, həmin vaxtlar problemli məsələləri həll etmək asan idi. İndi isə çox çətindir. Bizim bələdiyyənin binasına hələ ayaq basmamışam. Çünki həmin quruma etimadım yoxdur. Komministləri tənqid etsələr də, onların dövründə icra orqanında çalışanların 70 faizi iş qabiliyyətli olanlar idi. Keçid dövründən sonra bu, müəyyən səviyyədə saxlanılmışdı, amma sonradan pozula-pozula getdi. İcra orqanlarında müqəvva kimi oturanlar var. Gürcüstanın bir çox rayonlarında da vəziyyət bu cürdür, amma təəssüflər ki, bizim bölgədə daha eybəcər formadadır.

-Azərbaycanlı deputat olaraq Ali Şurada həmkarlarınızla münasibətləriniz necə idi?

- Hamı ilə normal münasibətim var idi. Erməniləri Ali Şurada iki deputat təmsil edirdi. Biri Kommunist partiyasından idi, digəri isə müstəqil namizəd olaraq seçilmişdi. Onlarla təmaslarım olurdu, çünki bizim sakinlərə məxsus yaylaq sahələri ermənilərin sıx yaşadığı Samtsxe Cavaxeti bölgəsinin ərazisinə düşürdü. Erməni həmkarlarımla ünsiyyət həmişə var idi. Onlarla münaqişəli münasibətim olmayıb.

O da xatirimdədir ki, Kommunist partiyası ləğv olunanda 70-ə yaxın deputatın mandatı alındı. O zaman məni də o siyahıya daxil etmişdilər. Çıxış edib bildirdim ki, müstəqil majoritar deputatam və siyahıya daxil edilməyim səhvdir. Buna görə məndən üzr istədilər. Deputat vəsiqəmi bu günədək saxlayıram.

-Ali Şuranın son günləri xatirinizdə necə qalıb?

- Sonuncu dəfə parlamentə 1991-ci il dekabrın 16-da getmişəm. İclası keçirmək mümkün olmadı. Qamsaxurdiyaya qarşı qiyam qaldırılmışdı. Daxildə də hərc-mərclik hökm sürürdü. Qamsaxurdiya tərəfdarları ilə birgə dekabrın 22-də bunkerə qapandılar və yanvarın 6-da oradan çıxdılar. Qamsaxurdiya Azərbaycana qaçmağa məcbur oldu, Gəncəyə qədər getdi, daha sonra Qazaxdan Ermənistana yollandı. Gürcüstana dönüb, daha sonra Çeçenistana getdi.

"Keçmiş baş nazir evimə gəldi"

- Qamsaxurdiyanın devrilməsindən sonra, Şevardnadzenin hakimiyyətə gəldiyi dövrdə və daha sonrakı illərdə yenidən parlamentə seçilmək istəyiniz yaranmadı?

-Deputatlıqdan sonra Marneulidə icra qurumunda müavin kimi çalışdım. Məndən sonra parlamentdə üç il azərbaycanlı deputat olmadı. 1995-ci ildə elə namizədlər irəli sürülmüşdü ki, sürülməməsi daha yaxşı olardı. Deputat seçilən olmadı. Mən iştirak etsəydim, seçilərdim. 1998-ci ildə isə Azər Süleymanov deputat oldu. Amma siyasi fəaliyyət göstərmədi, xalqın səsi ola bilmədi.

Siyasətdən gedəndən sonra təsərrüfat yaratdım və hamısını övadlarımın xeyir işlərinə xərclədim. Bir də siyasətə qoşulmaq üçün gərək yaxşı maddi bazan olsun. O da məndə heç vaxt olmayıb.

2016-cı ildə Vahid Milli Hərəkat Partiyasından parlament seçkilərində iştirak etmişəm. Qalib gəlsək də, mandat qazana bilmədik.

Onu da deyim ki, Gürcüstanda elə partiya olmayıb ki, mənə seçkilərə qatılmağı təklif etməsin. Keçmiş baş nazir, "Gürcüstan naminə" partiyasının sədri Giorgi Qaxariya ötən ilin martında gəlib məni evimdə ziyarət etdi. Partiyasından namizəd olmağımı təklif etdi. Ona dedim ki, artıq yaşım 70-i ötüb, seçkilərə qatıla bimərəm.

Amma mən ona Əhməd İmamquliyevi təklif etdim. Əhməd hazırlıqlı, savadlı və mərifətli insandır. Siyasətə atılmaq üçün gərək millətini düşünən, təhsilli, savadlı və hazırlıqlı olasan. Onu dəvət etdim, görüşdülər. Qaxariyaya təklif etdim ki, Əhməd İmamquliyev namizəd kimi partiya siyahısında ilk yerlərdə olsun. Amma onu siyahının aşağı yerlərinə saldılar. Ona görə də köməklik göstərmədim. Sonradan məlum oldu ki, bunun heç bir fərqi olmayacaqdı. Belə ki, partiya əldə etdiyi mandatlardan seçkilərin nəticələrini tanımadığına görə imtina etdi.

"Heç kəs mənə risk edib rüşvət təklif edə bilmirdi"

- Maraqlıdır, Ali Şuranın üzvü kimi maaşınız nə qədər idi? Yəqin keçmiş deputat kimi təqaüdünüz adi təqaüddən çoxdur.

-Deputat kimi 600 rubl maaş alırdım. Həmin dövrdə dolanmaq üçün normal məbləğ idi. Təqaüd ilk dəfə təyin olunanda Şevardnadzenin dövrü idi, məbləği 495 lari təşkil edirdi. O vaxt üçün az pul deyildi. Bir inək almaq olardı (gülür). İldən-ilə təqaüd artırıldı və 750 lari oldu. Saakaşvilinin dövründə isə 560 lariyə qədər azaldıldı. Artıq təxminən bir il olar ki, 1 000 (617 AZN) lari təqaüd alıram. Yalnız bu pulla dolanıram, ayrı yerdən qazancım olmayıb və yoxdur. Mən heç vaxt rüşvət almamışam. Heç kəs mənə risk edib rüşvət təklif edə bilmirdi.

"Marneulidə muzeyimizi idman zalına çevirdilər"

- Akif müəllim, Sizdən bir məsələni maraqlanmaya bilmirəm. Marneulidə azərbaycanlıların mədəniyyətinə aid muzey mövcud deyil. Belə bir muzey nə vaxtsa olubmu?

- Belə muzey sovet dövründə olub, rəhbəri də erməni idi. Muzeydə hətta 1987-ci ilin fevralında Gürcüstanın Çaladidi kəndində öz həyatı bahasına 28 sakini güclü daşqından xilas etmiş Rahib Məmmədovun büstü də var idi. Sonradan ləğv edib, idman zalı etdilər. Keçmiş muzeyin binası bu gün də durur. Nəriman Nərimanov abidəsinin olduğu parkın yaxınlığında yerləşdir. Muzeydə xalçalar və digər nümunələr də sərgilənirdi. Muzey ləğv olunandan sonra eksponatların taleyi naməlum qalıb. Kitabxanamız da belə yox edildi. Təmir adı ilə boşaldıldı, sonra ləğv edildi. Muzeyi də, kitabxananı da itirmişik, çünki sahib çıxan olmadı.

Bir neçə il öncə Marneulidə Nəriman Nərimanovun abidəsini götürməklə bağlı kampaniya başladı. Mən etiraz edirdim, bununla bağlı müsahibələr verirdim. Hətta Türkiyə səfirliyini də məlumatlandırmışdım. Nərimanov xalqımızın simvoludur. O, yalnız qırmızı kommunist olmayıb axı. Həkim, publisist olub, Marneulinin Qızılhacılı kəndində müəllim və həkim kimi çalışıb. Mən işləyən dövrdə də abidənin yerini dəyişdirib Nərimanov küçəsində qoyulmasını tələb edirdilər. Məsələ qaldırılanda etiraz etdim. Dedim ki, abidə rayonun mərkəzində, ucaldıldığı yerdə də qalmalıdır. Əvvəllər Nərimanovun Marneulidə indiki bazarın yaxınlığında barelyefi var idi. Sonradan Şevardnadze və Heydər Əliyevin göstərişi ilə Marneulinin mərkəzində Nəriman Nərimanovun abidəsi ucaldıldı.

- Sonda Marneuli sakini kimi rayonda ümumi vəziyyəti necə dəyərləndirə bilərsiniz?

- Kommunistlərin dövründə icra qurumunda çalışanların 90 faizi yerli əhalidən idi. Doğrudur, işini bilənlər də var idi, bilməyənlər də. Amma əsas bacarıqlı, işinin öhdəsindən gələnlər üstünlük təşkil edirdi. İndi isə təəssüflər ki, xalqın qayğısına qalan bir nəfər belə tapa bilməzsiniz. Milli təəssübkeşlik yoxdur. Yerli hakimiyyət orqanlarına bir ərizə ilə müraciət etmək üçün gərək kimdənsə xahiş edəsən ki, gürcü dilində yazsın. Mən yaşda olanlar çətinlik çəkirlər. Bizi milli azlıq kimi tanıyıblarsa, sənədləri ana dilimizdə qəbul etməlidirlər. Samtsxe Cavaxetidə ermənilərin bu hüquqları isə təmin olunub, bütün yazışmalar erməni dilində də aparılır. Azərbaycanlıların ən böyük problemi seçki hüququ ilə bağlıdır. Bu hüququmuz tapdalanmamalıdır.

- Akif müəllim, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürümüzü bildiririk.

P.S. Müsahibədən sonra Akif müəllimin işarə verdiyi vaxtilə muzey olmuş bina tərəfə yollandıq. Mərkəzi Rustaveli küçəsində yerləşən binada Tengiz Naveriani adına Cüdo idman məktəbi fəaliyyət göstərir. T.Naveriani Kvemo Kartli bölgəsində cüdonun əsasını qoyanlardan biridir. O, Gürcüstanın əməkdar məşqçisi və idman ustası, Marneulidə idman məktəbinin təsisçisi olub. Həmin binanın fotoşəkillərini təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see172

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see109

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see109

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see109

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see107

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri