“Hadisələr elə dəyişə bilər ki, Anar yenə sədr seçilər” Qəşəm Nəcəfzadə ilə GÜNDƏM MÜSAHİBƏ
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Onunla nədən danışılsa da, söhbət hərlənib-fırlanıb oğluna yönəlir. Özü demiş, Kəramət soaial mediada məşhurdur: “Onun adı çəkilən yazını oxuyurlar”.
Söhbətin tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadədən getdiyinin fərqinə vardınız yəqin.
Müsahibəmizdə ədəbiyyatımızın bugünündən, gələcəyindən danışdıq, Təbii ki, Kəramətlə bağlı da suallarımız oldu, aldığımız cavablar da...
Bakıvaxtı.az Qəşəm Nəcəfzadə ilə müsahibəni təqdim edir.
Ədəbiyyat nümayəndələri əslində bu dili yaradanlardır
- Öncə sizin “Tərəkəmə” və “Və ya” televiziya verilişlərinin ərsəyə gəlmə zərurətindən danışaq...
- Əvvəlcə AzTV-nin “Mədəniyyət” kanalında “Tərəkəmə” verilişi apardım. Bu veriliş tərəkəmə həyatından, onun adət-ənənəsi, folkloru, şifahi xalq ədəbiyyatı, etnoqrafiyasından bəhs edirdi. Verilişlərimizi Kəlbəcər, Laçın və Zaqatalada çəkdik. Zaqatalanın dağlıq yerlərində yaşayan Qarapapaq tərəkəmləri, onların adət-ənənələri haqqında verilişlər hazırladıq. Bu verilişlər yaxşı qarşılandı. Həmin verilişdə unudulmaqda olan sözlərimiz, yer-yurd adlarımızı, tərəkəmələrin məişəti, folkloru, qoyun adları, atların adların adları, yəhər, tafqır, uşqun, sinəbənd, alıntrax, buruntrax, qolbənd, qarıntrax, qantarğa kimi sözləri Azərbaycan dilinə yenidən qazandırdıq. Onlar unudulmaqda olan sözlərdir. İstədik ki, bu sözlərə yeni nəfəs verək. Tərəkəmələrin çadırları, əl ağacları, çomaqları, gərməşoy ağacı, dəvələri və başqaları haqqında gözəl verilişlər çəkdik. AzTV-nin sədri Rövşən Məmmədov bizə bu işdə çox dəstək verdi. Bu veriliş iki il davam etdi...
- İndi isə “Və ya” adlı veriliş aparırsınız...
- Düzdür, indi “Və ya...” ya keçdik. “Və ya” iştirak bağlayıcısıdır. Yəni burada bir nəfər yaşlı, bir nəfər isə gənc nəslin nümayəndəsini efirə dəvət edirik. Yaşlı nəslin dövründə ədəbiyyat necə idi, indi necədir? Hansı dəyişikliklər var? O dövrün nöqsanları nələr idi, indiki nöqsanlar hansılardır? Verilişdə bu kimi suallara cavab axtarılır. Hər iki dövrün uğurlu və uğursuz cəhətləri, bir növ atalar və oğulların problemi çözülür. Məsələn, deyək ki, “Və” yazıçı Anardırsa, “Ya” başqa bir gənc şairdir. “Və” Baba Vəziroğludursa, “Ya” ədəbiyyata yeni gəlmiş gənc bir şairdir. Cavan nəsillə yaşlı nəslin arasında bir aparıcı olaraq “Və” bağlayıcısıyam. Hər kəs öz dövrünün problemlərindən danışır. Sonra biz mözuları bir az inkişaf etdirdik. “Və Ya...” təkcə atalar və oğullar deyil, həm də “Və” mətndir, “Ya” onun alt qatıdır. Yəni “Və” mən belə düşünürəm, “Ya” sən necə düşünürsən? Dünyanın hər yerindən - Amerika və Almaniyadan, Təbrizdən, Dərbənddən, Borçalıdan bizə videoşeirlər göndərirlər. Biz onları monitorda nümayiş etdiririk, qonaqlarımız o şeirlər haqqında fikirlərini bildirirlər. Dəvət etdiyimiz qonaqların şeirlərini demələri üçün qirayətçilər dəvət edirik. Bununla da qirayətçilər nəslini yetişdiririk ki, onlar da şairlərini tanısınlar. Qonaqlar öz şeilərini oxuyurlar. Həmin şeirlər haqqında fikirlər irəli sürülür. Bu da tamaşaçılarımız üçün maraqlıdır. Verilişə baxanlar da bilirlər ki, şeirin hansı tərəfi müzakirə edilir. Elə bir zamana gəlib çıxmışıq ki, adamlar şeir haqqında fikir bildirə bilmirlər. Bizim veriliş onlara fikir, münasibət bildirmək vərdişini aşılayır.
Verilişlərimizdə Azərbaycan dilinin saflığının qorunmasından danışırıq. “Dilimizi necə inkişaf etdirməliyik” sualı ətraflnda fikir mübadilələri aparırıq. Süni intellekt, elektron ədəbiyyat və kağız ədəbiyyatının problemlərindən bəhs olunur. “Dram əsərləri və aktyorlar nəsli necə yetişməlidir” sualına müfəssəl cavab axtarılır. Rejissorlarla bunları da müzakirə etmişik.
Cavanşir Quliyev qonağımız olub, musiqilərin də mətnini şairlər yazırlar. Onlar mətnləri necə seçirlər? Nitqin problemləri, bir sözlə, ədəbiyyata aid hər bir detal ətrafında müzakirə aparılır.
-AMEA-nın 80 illik yubileyindəki çıxışı və yerli telekanallara müsahibə zamanı prezident İlham Əliyev dilin saflığının qorunmasına diqət çəkdi. Sizcə, bu istiqamətdə nələr edilməlidir?
- Prezidentin həmin çıxışlarında verdiyi tövsiyələr əsnasında verilişlər hazırladıq. Ölkə başçısının yerli telekanllara verdiyi müsahibə zamanı Azərbaycan dilinin qorunması istiqamətində irəli sürdüyü fikirlər qarşımızda bir məqsəd kimi dayanır.
- Yeri gəlmişkən soruşum, ədəbiyyat adamları yaratdıqları mətnlərdə dil normalarına əməl edə bilirlərmi?
- Ədəbiyyat nümayəndələri əslində bu dili yaradanlardır. Prezidentin sözü təkcə şair və yazıçılara aid deyil, müəyyən vəzifələrdə çalışanlara da bir mesaj idi həm də. Yəni ki, onlar da ədəbiyyat oxumalıdırlar. Bizim də vəzifəli şəxslərimiz yerli ədəbiyyatları oxusalar, onların da dilində, nitqində nöqsanlar olmaz. Dili şair və yazıçı yaradır.
Çingiz Abdullayevin nitqində Azərbaycan sözləri azdır, amma...
- Qəşəm müəllim, yaxşı məqama gəldiniz. Sizin də təmsil olunduğunuz AYB-də uzun illərdir vəzifə tutan, Azərbaycanın Xalqı yazıçısı Çingiz Abdullayevin ana dilimizdə səlis danışa bilməməsi qınaq obyektinə çevrilib...
- Azərbaycan dilində danışmaq, bu dilin fonetika, morfologiya və sintaksisini bilmək anlamına gəlmir. Həmişə səmimi şəkildə bildirmişəm ki, Çingiz Abdullayevin nitqində Azərbaycan dilinin sözləri azdır, amma nə danışırsa, o, bütövdür.
- Çingiz Abdullayevin bu qüsurunu malalamaq istəyirsiniz...
- Bizim mövzumuz başqa idi, istəməzdim ki, bu barədə müzakirə açaq. Çingiz Abdullayevin nitqində bir dənə də olsun alınma söz görməmişəm. O hesabla gərək Çingiz Aytmatovu daha çox qınayaq ki, o, rus dilində yazıb. Oljas Süleymenovu qınayaq ki, qazax şairi olsa da, rus dilində yazıb. Onlar dil etibarilə rusdilli olsalar da, təfəkkür etibarilə türk yazıçılardır. Çingiz Abdullayev də böyük romanlar müəllifidir və Azərbaycanı dünyada tanıdır. 44 günlük Vətən savaşında Rusiya telekanalında Ermənistanı müdafiə edənləri susdurdu. Çingiz Abdullayev bu addımı ilə bir ordunun işini gördü. Biz bunu unutmamalıyıq. Təkrar edirəm, Çingiz Abdullayevin nitqində Azərbaycan sözləri az olsa da, nə deyirsə, Azərbaycan dilində deyir. Aksentində fərq ola bilər. Bu da belə olmalı idi, o dövrün adamıdır. Bizim yazıçımızdır, dilimizin yazarıdır.
- Bu gün mediada da dilin saflığının qorunmasına dair məsələ ürəkaçan deyil.
- Bəli, verilişimizdə buna da diqqət çəkmişik. Elektron ədəbiyyat və saytlarda gedən başlıqlarla bağlı da fikir mübadiləsi aparmışıq. Bəzən mətni oxutmaq məqsədilə elə başlıqlar seçilir ki, bu da dil normalarını pozur. “Filan yazıçı və ya şair küçədə ölü tapıldı” başlığını seçirlər. Bu, doğru deyil. Onu “Şair vəfat etdi” formasında da yazmaq olar. Biz dilimizi inkişaf etdirməliyik.
Ən çox yorğunluğu publisistikamızda görürəm. Publisistikamız sovet dövrünün rayon qəzetlərinin səviyyəsindədir. Bəzi saytlar və qəzetlərin dili bu səviyyəyə enib. Onlara bədiilik qatmalıyıq. Dilə enerji qatıb inkişaf etdirməliyik. Dilin özündə immunitet formalaşmalıdır ki, alınma sözləri rədd etsin. Belinski deyir ki, dil yazıçıdan da, dilçidən də ağıllıdır. Müəyyən müddət söz orada dövr edir və sonra dil onu kənara atır. O gəlmə sözlər lüğətin təkibinə keçə bilmir. Dil özü bunu qoruyur.
- Son illər gənc yazarlar, belə deyək, əlinə “qamçı” alıb, “nənəm mənə kor deyib, gələni-gedəni vur deyib” intonasiyası ilə gözünə görünən, ağlına gələn adamlara “dişlərinin dibindən çıxanları” yazırlar, deyirlər. Bu işdə istedadlı yazar Orxan Saffari sələflərini üstələyib...
- Bu, Orxan Saffarinin yazı üslubudur. Onun tənqidləri ötəridir. Dostumdur, amma məni də tənqid edib. Onun yazdığı mətndə mənim adımı götürüb, yerinə Murad da yazılsa, heç nə dəyişmir. Onun fikirləri mənə yapışmır. Bu, orijinal üslub deyil. Onun tənqidi dərində deyil, ədəbiyyatın üz qabığındadır. O, ümumi tənqid edir. Qəşəm Nəcəfzadəni tənqid edəndə elə xarakterik fikirlər deyə bilərdi ki, o ancaq mənə aid ola bilərdi. Orxanın digər yazıları da belədir.
Nizami Cəfərov Kəramətin və onunkimilərin qeydinə qalır
- Bu günlərdə akademik Nizami Cəfərov belə bir açıqlama vermişdi ki, ədəbiyyatı, kitabı küçədə satmaq olmaz. Kirtablarını küçədə satan oğlunuz, yazçısı Kəramət Böyükçöl də cavab verdi ki, küçələr kreslolardan daha təmizdir...
- Prezident “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası izmalayıb. Nizami Cəfərov ona uyğun deyib və haqlıdır. Kəramətin kitab satmağı bizə şirin gəlir, amma Nizami Cəfərov Kəramətin və onunkimilərin qeydinə qalır ki, onların kitabları dövlət səviyyəsində satılsın. Kəramət də özünəuyğun cavab yazıb. Nə olsun Kəramət oğlumdur, əslində Nizami müəllimin sözündə böyük həqiqət var. Kəramət “küçələr təmizdir” deyə bilər, amma Kəramətdən başqa nə qədər gənc şair, yazıçı var axı? Bu gün Kəramət kitab sata bilir, digərləri sata bilmir. Onların ümumi dərdini həll etmək üçün bir konsepsiya, yol olmalıdır. Dövlət onların kitablarını almalıdır. Düzdür, Mədəniyyət Nazirliyi kitablar alır, bunu inkişaf etdirmək olar.
- Çalışırdım ki, bu müsahibədə sizə Kəramətdən sual verməyim, amma adam ədəbiyyatdadır, maraqlı personajdır, yazıçıdır. İstər -istəməz sözümüzün, sualımızın “bir ucu” ona da toxunur. Mədəniyyət Nazirliyi Kəramətin də kitablarını aldı. Bundan sonra o da qınandı. Kimi dedi, artıq Kəramət də “verbovka” olunub, kimi də ona haqq qazandırdı...
- Bəli, belə xəbərlər oxudum. Bunu ona görə edirlər ki, saytları çox oxunsun. Kəramət sosial mediada məşhurdur. Onun adı çəkilən yazını oxuyurlar.
Süni intellektin yazdığı şeiri 100 ağac uzaqdan tanıyıram
- Süni intellektin ədəbiyyata təsirləri varmı? Bu gün redaksiyalarda mövzuları bəzi hallarda süni zəka ilə müəyyən edirlər. Səs yazısını belə süni zəka ilə mətnə çevirirlər. Düzdür, söz, mətn olaraq, hər şey qaydasında olur, amma o mətndə nəfəs, can qalmır. Sizcə, bu “quruluq” ədəbiyyata da nüfuz edibmi?
- Əslində, müəyyən informasiyaları öyrənmək üçün süni intellekt cəmiyyət üçün lazımlıdır. Amma bizim insanlar elədir ki, süni intellekti hər yerə - şerə, mətnə, tərcüməyə şamil edirlər. Süni intellektin yazdığı şeir, mətn və etdiyi tərcüməni 100 ağac uzaqdan tanıyıram. Baxan kimi, bilirəm ki, burada insan nəfəsi yoxdur. Amma süni zəkanın üstünlüyü budur ki, hər hansı bir məsələ ilə bağlı sual verirsən, adama dolğun cavablar verə bilir. Bu, insanlara dəstək olur, bunun qarşısını almaq mümkün deyil. Bu, inkişafın tələbidir. Süni intellekt həm də qarşısındakı adamı yetişdirir. Buna rəğmən, insan süni intellektə məğlub olmamalıdır.
- Bugünlərdə yazıçı Şərif Ağayar gözlənilməz bir status yazdı. Feysbukda söyüş dolu bir post paylaşmaq hansı rakursdan baxsaq, düzgün, etik deyil. Sizcə, ədəbiyyat adamları niyə belə edir? Nədir onların “səbir kasasını daşıran”?
- Şərif istedadlı adamdır, yaxşı yazıçıdır, amma onun addımı məni təəccübləndirdi. Rəşid Beybudovun ailəsindən üzr istədi. Bunların hamısı unudulacaq, Şərifin “Komandir” romanı qalacaq. Oğlum Kəramətə də deyirəm ki, belə şeylər etmək, yazmaq yaxşı deyil. Əsər yazmaq lazımdır. Gələcək nəsillər bizdə əsər istəyəcək.
İndiki şagirdlər dərsliklərdən hansı şairləri tanıyacaqlar?
- Dərsliklərlə bağlı da bir davanız vardı. İTV-nin efirində konkret faktlarla çıxş etdiniz. Nəyə nail ola bildiniz?
- Çıxışım çox paylaşıldı, rezonans doğurdu, amma nəticə olmadı. Dərslik yazanların bir məqsədi var. Onlar uşaqlara teslərlə bacarıq vərdişləri öyrədirlər. Onlar şeirə əhəmiyyət vermirlər, amma şeir də dili formalaşdırır axı. Şairi oxucuya, məktəbliyə tanıdır. Məktəbli öz şairini tanıyır, oxuyur, sevir. Dərsliklərimiz belə mənasız, bayağı şeirlərlə dolmamalıdır. Biz bütün klassikləri ədəbiyyatdan, şeirlərdən tanımışıq. Bəs indiki şagirdlər dərsliklərdən hansı şairləri tanıyacaqlar? Sən onlara hansı şairləri təqdim edirsən? Özlərindən qondarma şair adları quraşdırırlar. Bu, belə olmamalıdır, uşağın dili dolaşmamalıdır.Saxta obrazlar yaratmaq olmaz. Şeirdə uşağın düşüncəsini vermək lazımdır. Dərslik yazan və təcümə edən Azərbaycan dilini yaxşı bilməlidir.
Özümü AYB sədrliyində görmürəm, amma...
- AYB sədri Anar müsahibılərinin birində belə bir fikir söylədi ki, bu, onun qurum sədrliyinə dair keçirilən seçkilərdə son namizədliyidir. Bundan sonra növbəti AYB sədrliyi üçün 3 namizədin - Rəşad Məcid, Qəşəm Nəcəfzadə və Çingiz Abullayev - adı çəkilir. Sizcə, ən real namizəd kimdir, özünüzü sədr kimi görürsünüzmü?
- Rəşad müəllimə, Çingiz müəllimə böyük hörmətim var. Anar müəllimə də böyük rəğbətim var, o, böyük yazıçıdır. Elə gənc yazıçı var, artıq qocalıb, elə yaşlı yazıçı var, hələ daha müasirdir. Gənclər var ki, əksəriyyəti despot, qəddardır. Münasibət qura bilmirlər. “Mən-mən” deməklə məşğuldurlar. Amma elə yaşlı yazıçı var ki, yumşaq, həlim xarakterlidir, ədəbiyyat adamıdır. Gənclik yaşdan asılı olmayaraq, kimin nə qədər müasir olmağıdır. Gənclik müasirliyiklə ölçülür. Sən müasirsənsə, gəncsən. Hər halda AYB-nin növbəti sədrinin kimliyini qurultay göstərəcək. Hadisələr elə dəyişə bilər ki, Anar müəllim yenə AYB sədri seçilə bilər. Burada bir çox məsələlər var. Əslində AYB-nin qalmağı Anarın nüfuzu ilə bağlıdır.
Mən özümü AYB sədrliyində görmürəm, amma Anar müəllim kimi məsləhət biləcəksə və ya özü namizəd olcaqsa, mən razılaşacağam. Mənim müqavimətim yoxdur. Müqavimətim yazılarımla, şeirlərimlədir. Bəzən məni bu mövqeyimə görə, tənqid edirlər, amma mənim yazılarımı tənqid etsinlər ki, Qəşəm Nəcəfzadənin bu şeiri zəifdir.
- Şair Emil Rasimoğlu da sizi tənqid etmişdi...
- Emili dəfələrlə verilişimə dəvət etmişəm, gəlmək istəmir, gəlmir. Bilgisayarın qarşısında oturub qəhrəmanlıq etməklə deyil. Müzakirə üzbəüz olmalıdır. Gəl mənə ədəbi gücünü efirdə sübut elə. Özünə də demişəm ki, heç bir fikrini kəsməyəcəyəm. Xalq şairi Sabir Rüstəmxanlını da dəvət edirəm, səni də gəl efirdə Sabir Rüstəmxanlını tənqid elə, o, sənin tənqidlərinə cavab versin. Gələ bilmirsən axı. Mətni “amma”, “ancaq”, “lakin”lə doldurmaqla deyil. Emil də istedadlı oğlandır. Olur da, başqa cür düşünə bilər.
- Oxuduğum qədəri ilə siz də cavanlığınızda bəzi vaxtlar “axının əksinə üzmüsünüz”...
- Cavanlıqda qəribə şeirlərim çap olunmuşdu. Yazmışdım ki,mən şeirdə bütün qaydaları pozuram.Bu qaydaları pozmaq odur ki, cızığımdan, xəttimdən çıxıram. Hecanı söküb, təzədən yığıram. Bəlkə heca 11 deyil, 16 hecadan ibarətdir. Bəlkə qoşma sərbəst şeirdir. Bəlkə qoşma arxı ağaca qoşmaq, ağacı yuvaya qoşmaq, yuvanı quşa qoşmaq, quşu buluda qoşmaqdır. O zaman “Natəvan”da müzakirə edib, məni tənqid etdilər. Bildirdilər ki, Qəşəm ədəbiyyat nəzəriyyəsinin qaydalarını pozur. Yaxşı edirəm pozuram. Hanı sizin ədəbiyyat nəzəriyyəniz? 1974-cü ildə bir ədəbiyyat nəzəriyyəsi yazmısınız, o da orada qalıb. Müasir dövrün şairlərinin şeirlərinə baxıb, yeni ədəbiyyat nəzəriyyəsi yazılmalıdır.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 02 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















