Icma.az
close
up
RU
Hansı hallarda şəxsə daha yüngül cəza təyin edilə bilər?

Hansı hallarda şəxsə daha yüngül cəza təyin edilə bilər?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində konkret iş üzrə qəbul etdiyi qərarında aşağı instansiya məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin (CM) 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilə biləcəyi halları açıqlayıb.

Oxu.Az xəbər verir ki, Ali Məhkəmənin Cinayət kollegiyası hesab edib ki, şəxsə onun təqsirli bilindiyi maddənin və ya maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza təyin edən məhkəmə yekun məhkəmə aktında Cinayət Prosessual Məcəlləsinin (CPM) 139.0.5-ci (cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) maddəsinin tələbinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan və baxdığı iş üzrə təqsirləndirilən şəxsin törətdiyi əməllərə və onun şəxsiyyətinə və ailə vəziyyətinə münasibətdə müstəsna xarakter daşıyan halları müəyyən edərək onlara, habelə CM-in 62-ci maddəsinə istinad etməli və bu nəticəni qanuna müvafiq qaydada əsaslandırmalıdır.

Bunu həm cinayət qanunvericiliyin yuxarıda göstərilən normaları və CM-in 62-ci maddəsinin müddəaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqeləri tələb edir. Belə ki, CM-in 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həmdə bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir:

- cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu;

- cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;

- cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;

- iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi.

Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir.

CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir.

Həmçinin məhkəmə kollegiyası qeyd edib ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər.

Buna görə də məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır.

Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun.

Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri