Haqqında keçmiş zamanda danışa bilmədiyin İnsan...
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kərim TAHİROV
Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor
Dahi İnsanlar heç zaman ölmürlər, yalnız dünyalarını dəyişirlər. Onlar öz əməlləri, yaratdıqları, yaşatdıqları ilə bizimlə birgə ən azı xatirələrimizdə yaşayırlar! Belə insanlar "Ölməzliyə, əbədiyyətə qovuşurlar"! Onlar bu dünyada silinməz izlər, əbədiyaşar əsərlər qoyub gedirlər! Və mübaliğəsiz deyərdim ki, belə insanlar heç zaman unudulmurlar, əbədiyaşar insanlara çevrilirlər!
Sözün əsl mənasında əbədiyaşar insan olan, yalnız insanlara xeyirxahlıq etmək, gərəkli olmaq, "əl tutmaq" üçün yaranan və yaşayan insanlardan biridir Elçin müəllim! Mən bilərəkdən "biridir" ifadəsini işlədirəm, çünki Elçin müəllim kimi insanlar haqqında keçmiş zamanda danışmağı dilimə gətirə bilmirəm. Elçin müəllim mənim üçün, onu sevənlər üçün, doğmaları üçün, onun nazik qəlbinin və xeyirxahlıq missiyasının şəfəqlərilə qızınanların xatirində daimi yaşayacaqdır!
Elə bil Uca Tanrı Onu insanlara yaxşılıq etmək üçün, yaxşıların yaxşısı olmaq üçün və bütün bunlardan həzz almaq üçün xəlq etmişdi! Buna görə də bu gün onu xatırlayarkən hamı "heyif ondan, xalqın, elin, ədəbiyyatımızın, mədəniyyətimizin "kisəsindən getdi!" deyərək təəssüflənirlər. Bax budur insanları əbədiyyətə, ölməzliyə qovuşduran böyüklük, insanlığın zirvəsi!
Elçin müəllim böyük yazıçı, böyük dramaturq və böyük ədəbiyyatşünas alim idi. Onun yazdığı hər bir əsər - istər hekayə və povest olsun, istər dram əsəri, ya pyes olsun, istərsə də ədəbi tənqid və ədəbiyyatşünaslıq nümunəsi olsun, dərhal ədəbi aləmə səs salırdı və bu camiədə ədəbi hadisəyə çevrilirdi!
Ədəbi tənqiddə Elçin müəllimin bir kredosu var idi, heç vaxt xoşuna gəlməyən əsərlər barədə yazmazdı, onları yersiz tərifləməyi xoşlamazdı, amma ilk addımlarını atan, gələcəyə böyük ümidlər verən gənc yazarları ruhlandırmaq üçün onlar haqqında xoş sözlər söyləməkdən də "qalmırdı", xüsusilə gənclərə böyük rəğbətlə, ümidlərlə yanaşırdı.
Heç yadımdan çıxmaz, 2006-2007-ci illərdə bizim Milli Kitabxananın nəzdində Mədəniyyət Nazirliyinin, Yazıçılar Birliyinin və Milli Kitabxananın birgə layihəsi olan 2 illik "Gənc ədiblər Məktəbi" fəaliyyət göstərirdi və burada həmin dövrün görkəmli yazıçı və şairləri - Anar, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Musa Yaqub, Ramiz Rövşən, Mövlud Süleymanlı, Çingiz Abdullayev və digər görkəmli sənətkarlar gənclər üçün məşğələlər, "ustad dərsləri" aparırdılar. Bir gün Rəşad müəllimlə belə qərara gəldik ki, niyə Elçin müəllim də bu istedadlı gənclərə "ustad dərsi" keçməsin, məşğələlər aparmasın? Rəşad müəllim dedi ki, Elçin müəllimin işləri çoxdur, çətin ki bu iş baş tutsun. Mən dedim ki, o, mənə tez-tez zəng edib kitab və müxtəlif materialların surətlərini istəyir, bəlkə bir cəhd edək (belə hallarda Elçin müəllim Baş nazirin müavini olsa da, həmişə şəxsən müraciət edib nə isə istəyərdi, heç vaxt köməkçisi vasitəsilə müraciət etməzdi!). Belə də oldu, növbəti müraciəti zamanı istədiyi materialları özüm apardım və fürsətdən istifadə edərək fikrimizi ona çatdırdım. Çox alqışladı bu təklifi və dedi ki, bir həftə əvvəl mənə bildirin, mütləq gələrəm. İkinci məşğələdən sonra onu yola salanda dedi ki, Kərim, çox yaxşı bir iş başlamısınız, bunu mütləq davam etdirin, bu qrupda çox istedadlı gəncləri görürəm və vaxt gələcək bu gənclərin ilk addımlarını sizin Milli Kitabxanada atdıqları ilə fəxr edəcəksiniz!
Elçin müəllim çox böyük mütaliəçi idi, elə materiallar istəyirdi ki, onun mütaliə dairəsinə heyrətlənməyə bilmirdin! Hətta digər ölkələrdən də Ona materiallar gətirtdirməyi təmin edirdik, çünki çəkinirdim deyim ki, bu material bizdə yoxdur. Amma mənbəni çox dəqiq deyirdi və adam Elçin müəllimin yaddaşına, dəqiqliyinə heyran qalmaya bilmirdi! Bir dəfə məndən bir məqalə istədi. Tapa bilmirdim və tez-tez də soruşurdu ki, nə oldu tapa bilmədin? 2 həftədən sonra zəng etdi ki, "Kərim, mən o məqaləni Moskvada Literaturnu İnstitutda oxuyarkən Lenin Kitabxanasında oxumuşam, onlara yaz!" Dedim ki, Elçin müəllim, yazmışam tapa bilmirlər. Həmin kitabxana indi Rusiya Dövlət Kitabxanası adlanır və elə oldu ki, mən 3 gün sonra Moskvaya ezamiyyətə getməli oldum və həmin kitabxananın baş direktoru Fyodorov mənim dostum idi, ondan istədim həmin materialı və 2 gün sonra Elçin müəllimin istədiyi materialın surətini ondan alanda uşaq kimi sevindim və eyni zamanda bu böyük insanın yaddaşına valeh oldum!
Elçin müəllim çox xeyirxah insan idi, Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin və ədəbiyyatının elə bir görkəmli nümayəndəsi tapılmaz ki, bu gün desin ki, Elçin müəllim mənim xeyirxahım, yaxşı məsləhətçim olmayıb! Təmənnasız insan idi, insanlara yaxşılıq etməkdən zövq alırdı! 25 il Baş nazirin müavini işlədiyi dövrdə hamıya yaxşılıq etməyə çalışıb, xüsusilə yaradıcı adamlara daha böyük qayğı göstərib. Həmişə mənə deyirdi ki, "Kərim, çalış insanlara yaxşılıq elə, yaxşılıq edə bilmirsənsə, heç vaxt pislik eləmə!"
Böyük vətənpərvər insan idi, Vətəninə, xalqına çox bağlı idi, doğma Qarabağın itkisi ilə barışa bilmirdi. 2021-ci il idi, pandemiya dövründə biz "Qarabağa kitabla gedək" kitabtoplama kampaniyasına başlamışdıq və qəzetdə bu barədə elan vermişdik. 2 gün keçməmiş gördüm zəng edib: "Kərim, qəzetdə elanınızı oxudum, bəlkə elə məndən başlayasınız? Axı biz bu günü çox gözləmişik!" dedi. Və 3 gün sonra gözlərimə inanmadım: 300-dən çox kitabı maşına yığıb gətirmişdi bizə hədiyyə etməyə. Çox sevindik və bu münasibətlə bir mərasim də təşkil etdik, amma çox narahat idim, çünki kifayət qədər yaşı vardı, həm də bir az nasaz idi. Maskalarda, məsafə gözləməklə tədbiri keçirdik, şəkillərimiz bu gün də durur və onları Milli Kitabxanamızın 100 illik yubileyində nəşr etdiyimiz kitaba da daxil etmişik.
Dünyasını dəyişdiyi günədək həmişə Milli Kitabxananın qayğısını çəkib, həmişə bizim təəssübkeşimiz, dayağımız olub. Biz heç vaxt bunları unuda bilmərik! Təqaüdə çıxdıqdan sonra Kitabxanaya çox tez-tez gəlirdi və həmişə deyirdi ki, "Kərim, mən bu kitabxananı çox sevirəm və mənim gəncliyim burada keçib! Nə sözünüz olsa, mənə deyin, o kitabxanaya kömək etmək, dəstək göstərmək mənim mənəvi borcumdur! Axı biz hamımız bu kitabxananın "şinelindən çıxmışıq!"
Elçin müəllim, biz isə deyirik: "Elçin müəllim, qəlbi, ürəyi özü boyda olan insan! Uca Tanrı Sizin o dünyanızı versin, qəbriniz nurla dolsun! Siz əməllərinizlə, yaratdıqlarınızla sizi sevənlərin, doğmalarınızın və xeyirxahı olduğunuz bizlərin xatirində əbədi yaşayacaqsınız! Sizin kimi insanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar, əbədi yaşayırlar!"
29 iyul 2026-cı il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 31 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















